Tarixşünaslığa layiqli töhfə

 

Elmin hər hansı sahəsinə siyasət donu geydirdikdə subyektiv metodlar tədqiqatın obyektivliyini kölgə altında qoyur. Hadisələr cəmiyyətə olduğu kimi yox, təsəvvür edildiyi kimi çatdırılır. Tarixşünaslıq elmi də məhz elə bir tədqiqat sahəsidir ki, onun siyasətlə, ideologiya ilə bağlılıq meyilləri daha güclüdür. Buna görə də müxtəlif zaman mərhələlərində Azərbaycan tarixinə dair aparılan tədqiqatlarda mövcud quruluşun ictimai, siyasi, ideoloji təsirləri xüsusilə üstünlük təşkil etmişdir. Bu elm sahəsi mövcud siyasi, ictimai və ideoloji sistemin tabeçiliyində olduqda isə əlbəttə, tədqiqatların milli-mənəvi keyfiyyətləri çox da nəzərə alınmır.

Odur ki, istərsə çar Rusiyası, istərsə də sovet dövründə Azərbaycan tarixşünaslığına dair aparılan tədqiqatlarda Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin mövqeyindən və maraqlarından daha artıq dövrün hakim dairələrinin siyasi, ictimai və ideoloji maraqları nəzərə alınmışdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan tarixinə dair bir çox məqamlar hələ də kölgə altında qalmaqdadır.

Bütün sahələrdə olduğu kimi, bu sahədə də ulu öndər, ümummilli lider Heydər Əliyev özünün ictimai, siyasi və ideoloji fəaliyyətinin nümunəsində heç bir elm sahəsini siyasətləşdirməmişdir. Əksinə, siyasətin düzgün qurulması üçün, onun ümumxalq mənafeyinə xidmət göstərməsi üçün siyasətin özünü elmiləşdirmişdir. Buna görə də həqiqətlərin üzə çıxarılmasında elmi arqumentləşdirmə, hadisələrə qərəzsiz, obyektiv yanaşma ən düzgün yol hesab edilməlidir.

Azərbaycan tarixşünaslığında, daha çox müstəqillik, milli azadlıq və müstəqil dövlət quruculuğu ilə bağlı formalaşmış ideyalar mövcud hakimiyyətin siyasi iradəsinə tabe edilməklə tədqiq olunmuşdur. Məlumdur ki, xalqın milli azadlıq ideyaları Azərbaycanın Rusiyaya ilhaq olunduğu XIX əsrdən sonra daha da canlanmışdır. XX əsrin əvvəllərindən ictimai-siyasi hadisələr ictimai şüurun formalaşmasına güclü təsir göstərmişdir. Azərbaycan xalqının etnik bir vahid kimi çar imperiyası və onun əlaltıları olan erməni şovinistləri tərəfindən sıxışdırılması müqabilində milli azadlıq ideyaları müstəqil, azad, demokratik dövlət quruculuğu ideyaları ilə qovuşmağa başlayırdı.

Təsadüfi deyildir ki, XIX əsrin ikinci yarısından sonra başlamış maarifçilik hərəkatı XX əsrin əvvəllərində bir sıra ictimai-siyasi təşkilatların yaranmasına öz təsirini göstərmişdir. Həmin təşkilat və qurumların fəaliyyəti bilavasitə milli maraqların həyata keçməsi ilə bağlı idi. Bu dövrdə yaranmış ictimai siyasi təşkilatlardan biri də Difai partiyası idi. Milli azadlıq ideyalarının həyata keçməsində Difai partiyasının müstəsna tarixi rolu olmuşdur. Lakin sovet tarixşünaslığı bu partiyanın fəaliyyətinə elə bir qara ləkə yaxmışdır ki, hələ indiyədək həmin partiyanın milli azadlıq ideyalarına xidmət göstərməsi şübhələrdən xilas ola bilməmişdir.

Sovet tarixşünaslığı Difainin fəaliyyəti barədə ya çox qaranlıq məlumat vermiş, ya da onun barəsində millətçi, xalqa zidd, beynəlmiləlçilik ideyalarının düşməni kimi bir fikir formalaşdırmışdı. Əlbəttə, bu fikir beynəlxalq aləmdə də Azərbaycanın nüfuzuna ciddi xələl gətirməkdə davam edirdi. Difainin ictimai-siyasi, ideoloji bir partiya kimi fəaliyyət göstərməsi, onun ümumxalq mənafeyinin araşdırılması, milli azadlıq və demokratizm ideyalarının həyata keçməsindəki rolunun qiymətləndirilməsi sahəsində tarixşünaslıq elmimiz indiyədək öz tədqiqatçısını gözləməli olmuşdur. Bu mənada Difainin bir partiya kimi fəaliyyətinin işıqlandırılmasında Eldar Əzizovun “Difai” adlı monoqorafiyasını tarixşünaslığımız üçün uğurlu bir nailiyyət kimi qiymətləndirmək olar. Monoqrafiyada Difainin ictimai-siyasi bir partiya kimi fəaliyyəti konkret faktlarla dəqiq və aydın şəkildə işıqlandırılır. Tədqiqata cəlb edilən tarixi faktların analitik təhlili təkcə Difainin fəaliyyəti ilə məhdudlaşmır. Əsərdə Difainin fəaliyyəti əsasında həmçinin XX əsrin əvvəllərində baş vermiş hadisələrin geniş salnaməsi işıqlandırılır.

Difai haqqında yazılan bu tədqiqat işi həqiqətən öz aktuallığı baxımından xüsusi maraq doğurur.

Difai tarixin qısa bir mərhələsində fəaliyyət göstərməsinə baxmayaraq, milli azadlıq ideyalarının formalaşmasındakı roluna görə, ictimai şüurun milli şüura çevrilməsindəki əhəmiyyətinə görə azərbaycançılıq ideyalarının canlandırılmasına görə, tarixi yaddaşımızda silinməz izlər qoymuşdur. Difainin fəaliyyətində indiyə qədər bu məqamlar gizlədilmiş və ictimaiyyətin diqqətindən yayındırılmışdır. Müəllif bu əsərdə həmin məqamlara aydınlıq gətirərək Difainin fəaliyyətinin illərə, əsrlərə nümunə olduğunu sübuta yetirmişdir. Bunun üçün, əlbəttə ki, tarixin qaranlıq məqamlarını işıqlandırmaq bacarığı başlıca şərtdir. Çox diqqətəlayiqdir ki, müəllif hər hansı məqamı təhlil edərkən əvvəl qaranlıq yerlərə işıq salır, həmin işıqda isə hadisələri saf-çürük edib təhlil aparır. Müəllif tarixin qaranlıq məqamlarını işıqlandırmaq üçün müxtəlif mənbələrdən, Azərbaycan tarixinə aid yazılmış tədqiqatlardan, rus və xarici ölkə tədqiqatçılarının əsərlərindən bəhrələnir, beynəlxalq informasiya mənbələrinə müraciət edir.

Müəllif bu sahədə, eyni zamanda, erməni müəlliflərinin yazdıqları əsərləri də istisna etmir. Müqayisələr, qarşılaşdırmalar,aparılan analitik təhlil maraqlı, inandırıcı nəticələrə gəlməyə imkan verir. Odur ki, bu əsərdən irəli gələn nəticələr təkcə Azərbaycan cəmiyyətində tariximiz üçün aydın təsəvvür yaratmaqla bitmir. Bu nəticələr həm də beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətlərinin inandırıcılığına təminat verir. Ona görə də bu əsər təkcə dövrün təsviri ilə məhdudlaşmayıb həm də ictimai fikir tariximizin gələcək nəsillərə çatdırılması baxımından, milli-mənəvi təfəkkürümüzün zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Əsər giriş, altı başlıq, nəticə, əlavə və ədəbiyyat hissələrindən ibarətdir. Giriş hissəsi əsər haqqında müxtəsər informasiya verilməsi ilə məhdudlaşmır. Burada dövrün bütövlükdə ictimai-siyasi və ideoloji şəraiti aydınlaşdırılır. Dövrün hadisələri XIX əsrə məxsus maarifçilik ideyaları ilə tipoloji əlaqə baxımından təhlil olunur. Eyni zamanda, burada XX əsrin əvvələrində baş vermiş erməni-azərbaycanlı münaqişələrinin şəraiti və səbəbləri təhlil edilir. Kitabın sonrakı bölmələrində Difainin yaranması şəraiti, “Qarabağ Birlik Məclisi”nin təşkilati strukturu və proqramı, 1906-1908-ci illərdə “Qarabağ Birlik Məclisi” – “Difai”nin fəaliyyəti məsələləri işıqlandırılır. Əsərin özünün daxili strukturunda maraqlı bir məntiqi məzmununu, siyasi, ictimai və ideoloji mahiyyətini mənimsəmək üçün bilavasitə, əvvəlki başlıqda verilən təhlili materialla tanışlıq tələb olunur. Əks halda, tarixi hadisələrin ardıcıllığının, onların ictimai-siyasi və ideoloji əhəmiyyətinin düzgün qiymətləndirilməsində çətinlik baş verə bilər.

Müəllif təhlil etdiyi bütün məqamlara diqqətlə, həssaslıqla və peşəkarlıq tələbi baxımından yanaşır. Buna görə də hər bir xırda görünən detalın təhlilində stereo baxış nümayiş etdirilir. Müəllif özündən əvvəl deyilən fikirlərə tədqiqatçı etikası ilə münasibət bildirərək öz mülahizələrini məntiqi inandırıcılıqla sübuta yetirir. Məsələn, Difainin yaranma tarixinin indiyə qədərki 1905-ci ilə aid olduğunu təkcə faktiki materialla yox, həm də məntiqi dəlillərlə əsaslandırır.

Eldar Əzizovun “Difai” adlı monoqrafiyasının mühüm elmi əhəmiyyəti vardır. Əsərin elmi əhəmiyyəti, hər şeydən əvvəl, onun inandırıcı məntiqi və inkaredilməz dəlilləri ilə bağlıdır. Monoqrafiyanın elmi nəticələri, hər şeydən əvvəl, Azərbaycanda ictimai şüurun yaranması ictimai təfəkkürün məhsuludur. Azərbaycan ictimai təfəkkürü isə qədim tarixi köklərə bağlıdır. Eyni zamanda, ictimai şüurun zənginləşməsi milli şüurun formalaşmasına təsir göstərir. Milli şüur isə milli ideologiyaya keçdikdə cəmiyyət üçün daimi əhəmiyyətli olur. Milli ideologiyanın inkişafı və fəaliyyəti müstəqil dövlətçilik şəraitində mümkündür. Burada belə bir məntiqi nəticə alınır ki, Azərbaycanda müstəqil milli dövlətçilik təfəkkürünün formalaşmasında Difainin müstəsna tarixi rolu olmuşdur. Digər tərəfdən, bu əsərin elmi nəticələri əsasında beynəlxalq ictimaiyyətdə Difai haqqındakı neqativ fikirlərin aradan qaldırılmasına təminat verilir.

Monoqrafiyanın çox mühüm elmi yenilikləri də vardır. Əvvəla, onu qeyd etmək lazımdır ki, müəllif Difai haqqında hər hansı bir ictimai-siyasi təşkilat mənasında yox, ictimai, siyasi və ideoloji vəzifələri yerinə yetirən bir partiya kimi bəhs edir. İkincisi, müəllif sübut edir ki, Difai partiyası ictima-siyasi və ideoloji vəzifə yerinə yetirdiyi üçün onun fəaliyyətində radikal terrorçuluq mövcud deyildir. Digər tərəfdən, son dövrün ədəbiyyatında Difainin maarifçilik funksiyası Difai barədə düzgün informasiyaların yayılması baxımından maraqlıdır. Bu monoqrafiya tarixçilər, sosioloqlar, politoloqlar, ideoloji işçilər və təbliğatçılar üçün əvəzsiz material mənbəyidir. Monoqrafiyanın dili yüksək elmi üslub nümayiş etdirir. Mətndə ardıcıllıq, məntiqilik və arqumentlilik güclüdür. Əsərin yazılmasında zəngin nəzəri ədəbiyyatdan və ən müasir informasiya texnologiyalarına məxsus məlumatlardan istifadə olunmuşdur. Səmimiyyətlə demək lazımdır ki, analitik təfəkkürün məhsulu olan bu monoqrafiya doktorluq dissertasiyası kimi nəzərdə tutulmuş olsaydı, Ali Attestasiya Komissiyasında yüksək səviyyəli işlərdən biri kimi nəzərə alına bilərdi.

 

 

Mübariz YUSİFOV,

filologiya elmləri doktoru,

professor

 

Ramiz MƏMMƏDOV,

fizika-riyaziyyat elmləri

doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 1 may.- S. 7.