Mətbuat
Şurasında anım mərasimi
Azərbaycan Mətbuat
Şurasında “Yeri görünən jurnalistlər” silsiləsindən
professional jurnalistikamızın daha bir unudulmaz nümayəndəsinin
– istedadlı yazar Sona Bağırovanın 80 illik yubileyi ilə
bağlı anım mərasimi keçirildi.
Mətbuat
Şurasının sədri Əflatun Amaşov bildirdi ki, mətbuata
ötən əsrin 50-60-cı illərində gəlmiş
yazarlar nəsli milli jurnalistikamızı mövzu, janr,
üslub və sənətkarlıq baxımından xeyli zənginləşdirmişdir.
Bu nəslin tanınmış nümayəndələrindən
biri bu günlərdə 80 yaşı tamam olan mərhum
jurnalist Sona Bağırova idi.
Sona xanım
Bakının Bülbülə qəsəbəsində
dünyaya göz açmışdı. Sevib-seçdiyi jurnalist peşəsi onu Bakı Dövlət
Universitetinin jurnalistika
şöbəsinə gətirmişdi. 1952-ci ildə
ali jurnalist təhsili almış ilk yazarlar dəstəsinin istedadlı, çevik nümayəndəsi kimi Sona Bağırova o dövrün populyar “Azərbaycan gəncləri”
qəzetində işə
başlamış, 40 il
müddətində burada
jurnalistik fəaliyyətinin
zirvəsinə yüksəlmişdi.
Qələmini
jurnalistikanın əksər janrlarında sınamış
Sona xanım daha çox tərbiyə, milli-mənəvi dəyərlər
və sosial problemlər mövzusunda yazıları ilə
tanınmışdı. Çoxillik səmərəli fəaliyyətinə
görə əməkdar jurnalist adına layiq
görülmüşdü. Onun
yaradıcılığı, parlaq şəxsiyyəti
bugünkü yazarlar nəsli üçün bir çox cəhətdən
nümunədir. Vaxtilə Sona Bağırova ilə birlikdə
çalışmış yazarların hasilə gətirdikləri
“Pozulmaz izlər” kitabında onun bu keyfiyyətləri barədə
ətraflı söz açılmışdır.
Milli mətbuat tariximizdə
özünəməxsus yeri olmuş “Azərbaycan gəncləri”
qəzetində Sona Bağırovanın redaktoru olmuş
yazıçı-jurnalistlər Cəmil Əlibəyov və
Yusif Kərimov mərasim iştirakçılarına mərhum
jurnalist barədə xatirələrini çatdırdılar,
onu yurdsevər yazar, gözəl insan, xanım-xatın
ziyalı kimi səciyyələndirdilər.
Sona Bağırovanı
yaxından tanıyan, onunla birgə çalışan və
sıx ünsiyyətdə olmuş jurnalistlərdən Əlirza
Balayev, Arif Hüseynov, Hafiz Hüseynxanlı, Şəmsiyyə
Kərimova, İldırım Dəmirli, Zakir Abbas unudulmaz həmkarlarının
insanpərvərliyindən, xeyirxahlığından, qələmi
ilə xalqa göstərdiyi xidmətdən söz
açdılar.
Tanınmış
jurnalistin həmyerlisi şair Teyyub Qurban, qohumu Solmaz
Hüseynova Sona xanımın öz yaradıcılığı,
insani keyfiyyətləri ilə həmişə
doğulduğu məkana, yaxınlarına
başucalığı gətirdiyini vurğuladılar. Gənc
yazar Səidə Hüseynova Sona Bağırovanın həm
jurnalist, həm də şəxsiyyət kimi həmyaşıdları
üçün ustad və örnək olduğunu bildirdi.
Yubilyarın qızı
Sevda Xanbutayeva anasının xatirəsinə göstərilən
hörmət və ehtirama görə toplaşanlara minnətdarlığını
bildirdi, Sona Bağırovanın ailədə, cəmiyyətdə
də cəfakeş ana və qadın olduğunu qeyd etdi.
Mərasimdə Mətbuat
Şurasının ahıl və dünyadan
köçmüş jurnalistlərə göstərdiyi diqqətdən,
yubiley və anım mərasimləri keçirməsindən
də böyük razılıqla söz açıldı. Belə
bir təklif səsləndi ki, birgə səylərlə
ölkə jurnalistlərinin müxtəlif nəsillərini əhatə
edən ensiklopediya hazırlanması mətbuat tariximizin zənginləşdirilməsinə
töhfə olardı.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 1 may.-
S. 7.