Birincilərin bayram sevinci

 

Bakıdakı 160 saylı klassik gimnaziyada birincilər üçün unudulmaz Əlifba bayramı münasibətilə təşkil edilmiş musiqili-ədəbi gecə uşaqlara əsl bahar sevinci yaşatdı. Məktəbin Azərbaycan bölməsinin birinci sinif şagirdlərinin iştirakı ilə düzənlənən tədbirində bayram əhval-ruhiyyəsi hakim idi.

Al-əlvan geyimlər, divarları bəzəyən rəsmlər, bayram təbrikləri, şən musiqi sədalarının yaratdığı xoş aura təkcə körpələri deyil, valideyinləri, müəllimləri, tədbirin digər qonaqlarını da öz sehirli ağuşuna almışdı.

Birincilərin sinif rəhbəri Ulduz müəllimə isə sevinclə yanaşı, qürur hissi də keçirirdi. Bəs necə, axı növbəti birincilərə qələm tutmağı öyrətmiş, onlara əlifbanı tanıtmışdı. Artıq bu uşaqlar yazıb-oxumağı bacarır, təhsildə ilk addımlarını atırdılar. Şübhəsiz ki, gələcəkdə onların hər biri şəxsiyyət kimi formalaşacaq, cəmiyyətə layiqli vətəndaşlar olacaqlar. Bu yolda onlara ilk addımları atmağı öyrədən müəllimənin iftixar hissi keçirməyə haqqı var.

Uşaqlar səhnədə bir-birindən maraqlı nömrələr göstərir, gözəl avazla şeirlər deyir, milli və müasir rəqsləri məharətlə ifa edirdilər.

Musiqidən dərs deyən Pərvanə müəllimənin, balacalara rəqs etməyi öyrədən Lalə müəllimənin səyləri hədər getməmişdi. Leylanın, Əlinin, Nəzrinin, Faiqin, Aytacın, Dənizin ifasında milli rəqslərimiz, bal rəqsi, Şərq rəqsi, müasir Qərb rəqsləri tamaşaçıların zövqünü oxşadı. Məşhur filmlərdən götürülmüş musiqi nömrələri isə alqışla qarşılandı. Sevinclərinin həddi-hüdudu olmayan körpələr ilk dərs illərini başa vurmalarını beləcə coşğuyla qeyd etdilər.

 

 

Aida AYSA

 

Xalq qəzeti.- 2009.- 1 may.- S.7.