3 May Ümumdünya Mətbuat Azadlığı
Günüdür
Azərbaycan mətbuat
azadlığı prinsiplərinə sadiqdir
Azərbaycan Mətbuat
Şurasında 3 May Ümumdünya Mətbuat
Azadlığı Günü"nə həsr olunmuş
toplantıda demokratik cəmiyyətin başlıca təsisatlarından
olan azad mətbuat prinsiplərinə ölkəmizin sadiqliyindən,
bu sahədə son illərdə əldə olunmuş
uğurlardan və göstərilən səylərdən ətraflı
söhbət açıldı.
Şuranın sədri Əflatun
Amaşov 1993-cü ildən dünyanın demokratik ölkələrində
hər il əlamətdar gün kimi qeyd olunan 3 May
Ümumdünya Mətbuat Azadlığı Gününün
yaranma tarixi — Parisdən Sofiyayadək keçilən yol barədə
məlumat verdi. O bildirdi ki, azad sözün şərəfinə
elan olunmuş bu gün dünyanın qütblərə
bölünməsinin, “soyuq müharibə” marafonunun başa
çatmasının, yer kürəsinin vahid informasiya məkanına
çevrilməsi məramının yekunu olaraq ərsəyə
gəlmişdir.
XX əsrin son onilliyində
dünyada yaranmış siyasi reallıqlar nəzərə
alınaraq, 1990-cı ilin fevralında Parisə toplaşan Qərb
və Şərq jurnalistləri azad mətbuat prinsiplərinin
maneəsiz yayılması, bəşəri bəlalara
qarşı birgə mübarizə lüzumunu təsdiqlədilər.
1991-ci il mayın 3-də bu məramı ifadə etmiş sənədi
— Namibiyanın Vinduk şəhərində qəbul olunmuş
Bəyannaməni YUNESKO dəstəklədi və həmin
günü “Ümumdünya Mətbuat Azadlığı
Günü” kimi qeyd etmək təklifini Birləşmiş
Millətlər Təşkilatına ünvanladı. BMT-nin
Baş Məclisinin qərarı ilə 1993-cü ildən həmin
tarix “Ümumdünya Mətbuat Azadlığı Günü”
elan olundu.
Azərbaycanın
dövlət müstəqilliyi qazanması və demokratik cəmiyyət
qurmağa başlaması ilə eyni vaxta düşən bu
proses ölkəmizdə də fəal dəstəklənmişdir.
Mətbuat azadlığı prinsiplərini rəsmən elan
edən Azərbaycan dövləti azad sözün cəmiyyət
həyatında üstün yer tutması, maneəsiz
yayılması üçün zəruri addımları
atmışdır. Kütləvi informasiya vasitələri
üzərindən dövlət nəzarəti
götürülmüş, mətbu sözə tətbiq
olunan senzura ləğv edilmişdir. Yeni tipli medianın
formalaşması və möhkəmlənməsi
üçün dəfələrlə ciddi tədbirlər həyata
keçirilmişdir.
Toplantıda
çıxış edən AMŞİ İdarə Heyətinin
üzvlərindən — “Azərbaycan” qəzetinin baş
redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, APA informasiya
agentliyinin rəhbəri Vüsalə Mahirqızı, “Turan”
informasiya agentliyinin direktoru Mehman Əliyev son dövrdə
ölkəmizdə mətbuat azadlığı ilə
bağlı əldə olunan irəliləyişdən,
KİV-in iqtisadi əsaslarının möhkəmləndirilməsi
yönündə zəruri tədbirlərdən söz
açdılar. Natiqlər jurnalistlərin həbsdən azad
edilməsini, Mətbuata Dövlət Yardımı Fondunun
yaradılmasını son 1 ilin mütləq uğuru kimi dəyərləndirdilər,
ilkin mənbədən informasiya əldə etmək, jurnalist
peşəkarlığını yüksəltmək
yönündə həlli vacib məsələlərə
toxundular.
“Xalq cəbhəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli və digər
çıxış edənlər azad mətbuat prinsiplərinə
məhəl qoymayan nəşrlərə, jurnalistlərin
peşə-əxlaq kodeksini pozan təsadüfü yazarlara
qarşı ictimai qınağı gücləndirməyin və
qanunun tələblərinin sərtləşdirməyin zəruri
olduğunu qeyd etdilər.
Azərbaycan
Respublikası Ombudsman aparatı ictimaiyyətlə əlaqə
şöbəsinin rəhbəri Zemfira Məhərrəmli mətbuat
azadlığının insan hüquqları
anlayışı ilə sıx
bağlılığını vurğuladı, bu sahədə
ölkə KİV-i ilə qurulan sıx əlaqədən
danışdı, mətbuat azadlığı günü
münasibətilə ombudsman Elmira Süleymanovanın təbrikini
media təmsilçilərinə çatdırdı.
Sonda Amerika Birləşmiş
Ştatlarının Azərbaycandakı səfirliyinin ictimaiyyətlə
əlaqə üzrə müşaviri Teris Devidson
ümumdünya mətbuat azadlığı günü ilə
bağlı ölkəsinin mövqeyini açıqladı,
demokratiyanın geniş mətbuat azadlığı olmadan
mümkünsüzlüyünü vurğuladı.
Müşavir 3 may münasibətilə səfir Ənn
Dersinin Azərbaycan jurnalistlərinə müraciətindəki
əsas mülahizələri də məclis
iştirakçılarının nəzərinə
çatdırdı.
Mərasimdə aprelin
30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş
terror aktının qurbanlarının xatirəsi ehtiramla
anıldı. Ekstermal şəraitdə, fövqəladə vəziyyətdə
jurnalistlərin çevik və operativ fəaliyyti ilə
bağlı məsələlərə də toxunuldu.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2009.- 2 may.- S. 3.