Hərbi xidmətə çağırışla bağlı yeni qaydalar ictimaiyyət tərəfindən razılıqla qarşılanıb

 

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu KİV nümayəndələri ilə növbəti görüşünü keçirdi.

Dünən Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu nazirliyin Təlim-Tədris Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri ilə növbəti görüşünü keçirdi. Əvvəlcə bu günlərdə Neft Akademiyasında baş vermiş faciəli hadisə ilə əlaqədar özünün və təmsil etdiyi qurum rəhbərliyinin dərin kədər hissini ifadə edən Eldar Sabiroğlu həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılmasını təklif etdi. Son bir neçə ay ərzində ordumuzun həyatında baş vermiş yeniliklərə toxunan nazirlik sözçüsü bildirdi ki, bu il Azərbaycanın NATO ilə əlaqələrinin 15 ili tamam olur. Onun sözlərinə görə, müstəqillik əldə etmiş ölkəmizin Şimali Atlantika Alyansı ilə əlaqələri ilk dəfə 1994-cü ildə qurulub və təşkilatın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığını nəzərdə tutan sənəd mərhum Prezidentimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanıb. O vaxtdan keçən müddət ərzində başqa beynəlxalq qurumlar kimi, NATO ilə də əlaqələr dərinləşib, Azərbaycan müasir hərbi təcrübəyə yiyələnməkdə bu təşkilatın imkanlarından yetərincə istifadə edib.

Eldar Sabiroğlu bildirdi ki, xüsusən sülhyaratma əməliyyatları ilə bağlı daha böyük təcrübə toplamaq mümkün olub. Azərbaycan hazırda BMT-nin sülhməramlı missiyasında fəal iştirak edir. Sülhməramlı hərbçilərimiz Kosovoda sülhün qorunmasına öz töhfələrini verib. İraqda bu cür əməliyyatlarda iştirak edib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin mavidəbilqəliləri Əfqanıstanda öz missiyasını uğurla davam etdirir. Son vaxtlar isə onların sayının iki dəfə artırılması qərara alınıb. Beləliklə, bu ölkədəki sülhyaratma əməliyyatlarında iştirak edən əsgərlərimizin sayı 90 nəfərə çatdırılıb. Müdafiə Nazirliyi rəsmisinin dediyinə görə, Azərbaycan əsgərlərinin nümunəvi xidmətləri barədə ölkəmizə dəfələrlə təşəkkür məktubları daxil olub.

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Brüsseldə yenidən NATO- nun baş katibi Yaap de Xoop Skefferlə görüşdüyünü bildirən Eldar Sabiroğlu əlavə etdi ki, bu da ölkəmizin təşkilatla əlaqələrinin get-gedə daha da möhkəmləndiyini göstərir. Dövlətimizin başçısının həmin görüşdə dediyi kimi, Azərbaycan son vaxtlar NATO-nun 200-dən çox tədbirində iştirak edib, bu tədbirlərə 1000 nəfər hərbçimiz cəlb edilib. Eyni zamanda, təşkilatın baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini söyləyib. Bütün bunlar Azərbaycan-NATO əlaqələrinin yüksək səviyyədə olduğunun göstəricisidir. Eldar Sabiroğlunun sözlərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi inanır ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək və yeni keyfiyyət kəsb edəcək. Bununla yanaşı, Azərbaycanın Amerika Birləşmiş Ştatları, bir sıra Avropa və Şərq ölkələri ilə hərbi sahədə ikitərəfli əməkdaşlıq haqqında sazişləri də mövcuddur. Belə ölkələrin sayı 30-a qədərdir. 20-yə qədər ölkədə isə bu cür danışıqlar davam etdirilir. Bunlar müstəqil respublikamızın güclü orduya malik olduğunu göstərir. Artıq bir çox beynəlxalq qurum təmsilçiləri Azərbaycan ordusunun Cənubi Qafqazda ən hazırlıqlı ordu olduğunu söyləyib. Silahlı Qüvvələrimizin döyüş və mənəvi hazırlığının gücləndirilməsi Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədir.

Nazirlik rəsmisi son vaxtlar ordumuzda təlimlər keçirilməsinə xüsusi əhəmiyyət verildiyini də qeyd etdi. Artıq iki korpusda yüksək səviyyəli təlimlər baş tutub və onların gedişini nazirliyin yüksək rütbəli rəhbərləri də izləyib. Bunlar ordumuzda təlim-tədris prosesinin də yüksələn xətlə inkişafda olduğuna dəlalət edir. “Əvvəllər milli ordumuz üçün kadr hazırlamaq üçün hərbçilərimizi xarici ölkələrə göndərirdiksə, indi bir sıra ölkələrin hərbi kadrları Azərbaycanın hərbi təhsil müəssisələrinə müraciət edirlər. Bu sırada Qazaxıstan, Qırğızıstan, Özbəkistan və s. kimi ölkələrin adlarını çəkmək olar” - deyə Eldar Sabiroğlu bildirdi. Onun sözlərinə görə, son vaxtlar nazirlikdə həyata keçirilmiş səmərəli tədbirlərdən biri də hərbi çağırışın təkmilləşdirilməsi haqqında qərardır. Bu barədə müdafiə naziri Səfər Əbiyevin xüsusi əmri olub. Əmrlə ordu hissələrinin komplektləşdirilməsi üçün vacib əhəmiyyət kəsb edən bu prosesin təşkili hərbi komissarlıqlardan alınaraq nazirliyin Təşkilat və Səfərbərlik İdarəsinə həvalə edilib.

Prezident İlham Əliyevin fərmanı ilə aprelin 1-30-da həyata keçirilən hərbi xidmətə çağırış məhz bu qurum tərəfindən icra olunub. Hərbi komissarlıqlar əsasən hərbi xidmətə çağırılanların siyahılarının hazırlanması, onların tibbi müayinədən keçirilməsi kimi məsələləri həll ediblər. Gənclərin hərbi hissələrə bölünməsi prosesini isə Təşkilat və Səfərbərlik İdarəsi həyata keçirib. Təcrübə göstərib ki, bu qayda hərbi çağırışın ədalətli və şəffaf keçirilməsində özünü daha yaxşı doğruldur. Eyni zamanda, çağırış müddətində nazirlikdə qaynar xətt və Tərbiyəvi İşlər İdarəsində işçi qrup yaradılıb, bura ay ərzində 9 minə qədər zəng gəlib. Əlaqə saxlayan valideynlər əsasən övladlarının hansı hərbi hissələrə düşmələri ilə bağlı dəqiq məlumat almaq istəyiblər və onlara müvafiq qaneedici cavablar verilib. Valideynlər həm də tətbiq olunan qaydadan razı qaldıqlarını bildiriblər. Bunu daxil olmuş təşəkkür məktubları da sübut edir.

Eldar Sabiroğlu son 4 ay ərzində cəbhə zonalarında, qoşunların təmas xəttində keçirilmiş monitorinqlər haqqında məlumat verərək bildirdi ki, 9 dəfə belə tədbir keçirilib, atəşkəs rejiminin pozulması məsələsinə nəzarət edilib. Tədbirlər əksər hallarda insidentsiz başa çatsa da, fevralın 26-da keçirilmiş monitorinq erməni tərəfinin atəşkəsi pozması nəticəsində baş tutmayıb. Bu hadisə ilə əlaqədr ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Ermənistandan izahat tələb edib və təmsil etdiyi təşkilata məlumat verib. Nazirlik rəsmisinin sözlərinə görə, son 4 ayda Ermənistan tərəfdən 236 dəfə atəşkəs pozuntusu qeydə alınıb, hər iki tərəfdən itkilər, yaralananlar olub. Amma erməni tərəfinin itkiləri iki dəfə çox olub. Atəşkəs əsasən cəbhənin Ağdam, Füzuli, Tərtər, Goranboy, Qazax, Tovuz rayonlarında pozulub. Eldar Sabiroğlu sonra KİV nümayəndələrinin suallarına cavab verdi.

 

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2009.- 2 may.- S. 6.