Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr daha da genişlənir

 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məntiqli daxili və xarici siyasət ölkəmizin beynəlxalq aləmdəki mövqelərini xeyli möhkəmləndirmiş, əlaqələrini daha da genişləndirmişdir. Son beş ildə müstəqil dövlətimizin xarici siyasət sahəsində qazandığı uğurlar dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən yüksək qiymətləndirilir. Məhz bu baxımdan inkişaf etmiş qüdrətli dövlətlərin Azərbaycanla ikitərəfli əməkdaşlıq etmələrinə marağı xeyli artmışdır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin reallaşmasından sonra dövlət başçımızın, həmçinin müstəqil Azərbaycanın diplomatik uğurları daha da qiymətləndirildi. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətlərdən birinə çevrilib.

Azərbaycan Prezidentinin xarici ölkələrə işgüzar səfərləri həmişə yüksək səviyyədə keçir. Bu da beynəlxalq miqyasda ölkəmizə olan böyük marağın nəticəsidir. Möhtərəm Prezidentimizin bu günlərdə Belçika Krallığında işgüzar səfərdə olması bu baxımdan böyük əhəmiyyət kəsb edir. Son illərin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Avropaya və dünya birliyinə müvəffəqiyyətlə inteqrasiya edir. Azərbaycan Avropada sülhsevər dövlət, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan bir ölkə kimi tanınıb. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələr üzrə əlaqələrin yüksələn xətt üzrə inkişafı da diqqət çəkən məqamlardan biridir.

Artıq nüfuzlu beynəlxalq qurumlar ölkəmizlə hərtərəfli əlaqələrin inkişafına xüsusi önəm verirlər. Ölkəmizin həm Avropada, həm də dünya birliyində enerji sahəsində qazandığı uğurlar və bu sahədə əhəmiyyətli dövlətə çevrilməsi Belçika Krallığına işgüzar səfər zamanı keçirilən görüşlərdə də xüsusi vurğulandı.

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu öz çıxışında Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin genişləndiyini diqqətə çatdıraraq dedi ki, Avropa İttifaqı Azərbaycanla digər sahələrdə olduğu kimi, enerji sahəsində də uğurla əməkdaşlıq edir. O qeyd etdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətdir. Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinin daha da genişlənməsi müstəqil dövlətimizin Avropa dəyərlərinə verdiyi önəmin göstəricisi kimi qiymətləndirildi. Bu da ondan irəli gəlir ki, Azərbaycan təkcə Avropada deyil, həm də dünya birliyində iri infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan ölkə kimi tanınıb. Təsadüfi deyildir ki, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu gələcəkdə Azərbaycanla Avropa Komissiyası arasında konkret layihələrin birgə həyata keçirilməsinin vacibliyini qeyd etdi və bunun əhəmiyyətli olduğunu bildirdi. Bununla yanaşı, ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması da yüksək qiymətləndirildi. Məhz belə iri infrastruktur layihələrin reallaşmasının nəticəsidir ki, Azərbaycanın böyük potensiala malik olması beynəlxalq aləmin də diqqətindən yayınmır. J. Manuel Barrozu dövlətimizin başçısının iştirakı ilə keçirilən görüşlərin birində Azərbaycanla Avropa Komissiyasının əlaqələrinin inkişafından böyük məmnunluq hissi keçirdiyini gizlətməyərək dedi: “Azərbaycan Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır. Əminəm ki, dialoq və əməkdaşlığımızın intensivləşdirilməsi hər iki tərəfə böyük fayda gətirəcəkdir. Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi möhkəm bünövrədir. Avropa İttifaqı Azərbaycanın ümumi xarici ticarətində təxminən 30 faiz təşkil edərək, bu ölkənin əsas ticari tərəfdaşıdır. Son illər Azərbaycan iqtisadiyyatı mühüm artım rəqəmlərini nümayiş etdirmişdir. 2008-ci ildə ölkənin iqtisadi artımı 10,8 səviyyəsində olmuşdur”.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iqtisadi inkişafını yüksək qiymətləndirən Avropa Komissiyasının sədrinə minnətdarlığını bildirərək onun dediklərinə əlavə edərək dedi: “Faktiki olaraq son beş il ərzində ölkəmizdə görünməmiş iqtisadi artım müşahidə olunmuşdur. Ümumi daxili məhsul 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə, büdcə xərcləri isə 10 dəfə artmışdır. Bu il iqtisadi böhrana və neftin qiymətlərinin gözəçarpan dərəcədə bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, biz artımı davam etdirəcəyik. Cari ilin birinci rübündə iqtisadiyyatımız 4 faizdən çox artmışdır. Ən vacibi isə ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatı 14 faiz artmışdır. Bu, aydın şəkildə onu göstərir ki, bizim iqtisadi inkişafın şaxələndirilməsi, sərmayələr və iqtisadi islahatlar siyasətimiz onunla nəticələnmişdir ki, biz artıq neft və qazdan asılı deyilik. Neft və qaz iqtisadiyyatımızda əvvəl olduğu kimi, həlledici rol oynamır”.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq dedi ki, bundan sonra da müstəqil dövlətimiz Avropaya inteqrasiyanı davam etdirəcək. Möhtərəm Prezidentimiz Avropa Siyasi Mərkəzinin nümayəndələri ilə keçirdiyi görüşdə də Azərbaycanın Avropa İttifaqı üçün getdikcə əhəmiyyəti artan tərəfdaş ölkə olduğunu qeyd etdi. İstər bu, istərsə də digər görüşlərdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması vacib məsələlərdən biri kimi müzakirə mövzusuna çevrilirdi. Dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də qətiyyətli mövqe nümayiş etdirərək Ermənistanın işğalçı dövlət olduğunu xüsusi vurğuladı. Möhtərəm Prezidentimiz dedi ki, Ermənistan təkcə Dağlıq Qarabağı yox, onun ətrafındakı 7 rayonu da işğal etmiş və həmin ərazilərdəki infrastrukturu məhv etmişdir. Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Münaqişənin yeganə həlli yolunun Ermənistanın işğal altında saxladığı torpaqları azad etməsinin olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz İlham Əliyev bundan sonra Azərbaycanın Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verə biləcəyini dedi. Dövlətimizin başçısı bununla da münaqişənin nizamlanmasında əvvəlki mövqeyinin üstündə dayandığını qətiyyətlə bildirdi və işğal siyasətinin sonunun olmadığını xüsusi vurğuladı.

Azərbaycan Prezidentinin Belçika Krallığına işğüzar səfəri zəngin və əhəmiyyətli olmuşdur. Dövlətimizin başçısı səfər zamanı NATO-nun baş katibi Yaap de Hoop Sxeffer, Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə görüşlərində, Şimali Atlantika Şurasında, habelə digər görüşlərində, həmçinin mətbuat konfranslarında dünyanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab verərkən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh variantına, beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verdiyini bildirdi. NATO-nun da ölkəmizin mövqeyini dəstəklədiyini diqqətə çatdıran Azərbaycan Prezidenti dedi: “Biz NATO-ya minnətdarlıq edirik ki, Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qətiyyətli mövqe tutur və bu mövqe ərazi bütövlüyü prinsiplərinə əsaslanır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişlənməsi və mövqelərinin möhkəmləndirilməsi yolunda irəliyə doğru atılmış daha bir qətiyyətli addım oldu.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 3 may.- S. 1.