Azərbaycan dövləti torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır

 

Dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır

 

Dünya qlobal maliyə və iqtisadi böhran burulğanındadır. Bu burulğan öz acı fəsadlarını artıq büruzə verib. İnkişaf etmiş bir sıra ölkələrin şirkətləri, iri istehsal müəssisələri böhrandan əziyyət çəkir, bəzi müəssisələr öz fəaliyyətlərini dayandırır, digərlərində işçilər kütləvi surətdə ixtisar edilir, işsizlərin sayı artır. Bir sözlə, maliyyə böhranı iqtisadiyyatda diqqəti cəlb edəcək dərəcədə tənəzzül yaradıb. İndi tanınmış iqtisadçılar dünyanı bürüyən qlobal maliyyə və iqtisadi böhranın qarşısını almaq üçün yollar arayır, müxtəlif konsepsiyalar hazırlayırlar.

Azərbaycanın uzunmüddətli və davamlı inkişaf strategiyası uğurla davam etdirilir, bu strategiya dünyanı ağuşuna almış maliyyə və iqtisadi böhranın qarşısında aciz qalmamış, ötən illərdə olduğu kimi, 2009-cu ildə də ölkəmiz həm siyasi, həm də iqtisadi cəhətdən uğurla inkişaf etməkdədir. Bunu ölkəmizə səfərə gələn dünyanın tanınmış iqtisadçıları da təsdiqləyirlər. Ümumdünya Ticarət Təşkilatı katibliyinin rəsmisi professor Con Hankok demişdir ki, mən Azərbaycandakı bütün sahələr üzrə inkişafı gördükcə bir daha yəqin etdim ki, dünyanı bürüyən maliyyə və iqtisadi böhran bu ölkəyə ciddi mənfi təsir göstərməyib. Burada həyat öz axarındadır və iqtisadiyyatın inkişafı uğurla davam etdirilir.

Bu ilin əvvəlində Azərbaycan Prezidentinin sərəncamı ilə əmək pensiyalarının sığorta hissəsinin artırılması da ölkəmizin iqtisadi qüdrətindən xəbər verir. Dünya qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əmək pensiyalarının sığorta hissəsi artırılır. Sosial cəhətdən ən az təmin olunmuş ailələrə verilən ünvanlı sosial yardımların məbləğinin daha da artırılması, həmçinin nəzərdə tutulmuş işlərin uğurla icra olunması da diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə bu il aprelin 6-da keçirilən Təhlükəsizlik Şurasının iclasında da bu məsələ xüsusi olaraq vurğulandı. Dövlətimizin başçısı öz çıxışında dedi: “2009-cu ildə qarşıda duran bütün vəzifələr icra olunmalıdır, konkret proqramlar icra edilməli, nəzərdə tutduğumuz bütün məsələlər həyatda öz əksini tapmalıdır. Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət mövcuddur. Uzun illərdir ki, ölkədə sabitlik, əmin-amanlıq hökm sürür və bu amillər hər bir ölkə, o cümlədən Azərbaycan üçün, hər bir ölkənin inkişafı üçün başlıca şərtdir... Yəni nə siyasi, nə hərbi, nə iqtisadi böhran müstəqil Azərbaycan dövlətinə təsir etmir və biz çalışmalıyıq ki, mümkün olan təsiri maksimum dərəcədə azaldaq. Əlbəttə ki, bu müddət ərzində biz müəyyən çətinliklər çəkən müəssisələrə əlavə yardımlar etməliyik, o cümlədən onları maliyə resursları ilə təmin etməliyik. Sosial cəhətdən az təmin olunmuş insanlara ünvanlı sosial yardımın məbləği gələcəkdə daha da artırılmalıdır. Sosial müdafiə məsələləri həmişəki kimi diqqət mərkəzində olacaqdır. Beləliklə, mən əminəm ki, Azərbaycan bu çətin, qlobal maliyyə və iqtisadi böhrandan şərəflə, üzüağ çıxacaqdır”.

Göründüyü kimi, müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirir, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Artıq həyat göstərir ki, Azərbaycanın iştirakı olmadan böyük geosiyasi əhəmiyyətə malik olan təşəbbüslər, nəhəng transmilli enerji, nəqliyyat layihələri həyata keçirilə bilməz. Ölkəmizin yeritdiyi siyasət də bölgənin bütün ölkələrinə fayda verən, xeyir gətirən siyasət olub. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi dünyanın inkişaf etmiş ölkələri və nüfuzlu beynəlxalq qurumların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur. Dövlətimizin başçısı münaqişənin nizamlanmasında ilk növbədə sülh variantına üstünlük verir. Əgər Ermənistan tərəfi bu reallıqla hesablaşmasa, o zaman torpaqlarımızın işğaldan azad edilməsi üçün digər variantlardan istifadə oluna bilər.

Azərbaycanın çox güclü, qüdrətli milli ordusu formalaşıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində getdikcə daha da qüdrətli olan milli ordumuz artıq NATO standartlarına uyğunlaşdırılır. Bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons da təsdiqləyib. Öncə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirən R.Simmons münaqişənin həllində Azərbaycan Prezidentinin mövqeyini dəstəkləyərək dinc yola, sülh variantına üstünlük verib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sülh və sabitlik yolunda əsas maneədir. Bu maneə aradan qaldırılmalıdır. Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətindən söhbət açarkən NATO rəsmisi bu sahədə irəliləyişin olduğunu qeyd edib. O, Azərbaycan hərbçilərinin NATO rəhbərliyi altında beynəlxalq terrorizmə qarşı mübarizədə Əfqanıstanda uğurlu xidmət keçdiyini yüksək qiymətləndirib. R.Simmons deyib ki, Azərbaycan Silahlı Qüvvələri NATO-ya üzv ölkələrin standartlarına uyğunlaşmağa çalışır və buna nail olur. O əminliklə bildirib ki, Azərbaycan Silahlı Qüvvələri həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf yolundadır. Onun fikrincə, NATO bundan sonra da Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
Təbii ki, belə bir qüdrətli və nizami ordu ilə işğal altında olan ərazilərimizi hər an azad edə bilərik. Qeyd etdiyimiz kimi, dövlətimizin başçısı ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, habelə sülh variantına üstünlük verir. Müstəqil dövlətimiz bu sahədə daim konstruktiv mövqe nümayiş etdirib. Möhtərəm Prezidentimiz Təhlükəsizlik Şurasının iclasındakı nitqində bu məsələni xüsusi vurğulayaraq dedi: “Əlbəttə, biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Biz bunun tərəfdarıyıq, atəşkəs rejimi başlanandan sonra 15 il ərzində konstruktiv mövqe nümayiş etdiririk. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı, Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir. Bu yaxınlarda beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də müzakirə olunan və qəbul edilmiş qərarlar bir daha bizim haqlı olduğumuzu göstərir”.

Azərbaycanın uğurlu diplomatik fəaliyyəti nəticəsində artıq demək olar ki, dünyanın bütün dövlətləri, həmçinin beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu rəsmən bəyan edirlər. Bunu ATƏT- in Minsk qrupu həmsədrlərindən olan Amerika və Rusiya dövlətlərinin nümayəndələri də açıq şəkildə bildiriblər. Özü də bir dəfə yox, dəfələrlə. Münaqişənin nizamlanmasından söhbət düşərkən həmsədrlər bu məsələnin Azərbaycanın ərazi prinsiplərinin toxunulmazlığı çərçivəsində həlli variantını ən real yol hesab ediblər. Hətta Amerika tərəfi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və buna hörmətlə yanaşmağa çağırıb və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışmağın vacibliyi qeyd olunub. Demək, Ermənistan ilk növbədə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu qəbul etməli, sonra münaqişənin nizamlanması variantları barədə düşünməlidir. Elə 2008-ci ilin sonunda Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı imzalanmış birgə bəyannamənin də əsas məğzi bundan ibarət idi. Yəni, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu birdəfəlik dərk etməli, işğalçılıq siyasətinə, digər dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, ondan sonra münaqişənin nizamlanması istiqamətində təklif olunan variantlara beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində razılıq verməlidir.

Təbii ki, Ermənistan tərəfi bu reallıqlarla barışmalıdır. Ayrı yolu da yoxdur. Hələ dünyanı bürümüş maliyyə və iqtisadi böhranın “soyuq küləkləri”nin mənfi təsirləri özünü göstərməzdən əvvəl də Ermənistanın iqtisadiyyatı ağır vəziyyətə düşmüşdü. İndi dövr başqadır. İnkişaf etmiş dövlətlər, habelə iri şirkətlər ictimai-siyasi sabitliyin davamlı olduğu ölkələrə sərmayə qoyur, iri infrastruktur layihələri məhz iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə birlikdə həyata keçirirlər. Bunların isə heç biri Ermənistanda yoxdur. Ona görə də regionda həyata keçirilən iri infrastruktur layihələrdən kənarda qalıb. Ümumiyyətlə, indiki şəraitdə işğalçı, qəsbkar dövlətlə əməkdaşlıq etməyə meyl göstərmək yox dərəcəsindədir. Ona görə də Ermənistanla ikitərəfli əməkdaşlıq, iqtisadi əlaqələr qurmaq istəyən nə dövlət, nə də şirkət var. Bunu yerli iqtisadçılar və siyasi şərhçilər, həmçinin dövlət rəsmiləri də təsdiqləyiblər. Hətta bir sıra tanınmış yerli politoloqlar dəfələrlə qeyd ediblər ki, son illər Azərbaycanın apardığı uğurlu diplomatik fəaliyyət nəticəsində Ermənistan beynəlxalq aləmdən təcrid olunmaq üzrədir. Bunun nəticəsi olaraq yerli sakinlərin yarıdan çoxu iş axtarmaq, habelə sağlamlıqlarını qorumaq üçün ölkəni tərk edərək xarici ölkələrə üz tutub. Onlar da Ermənistanın işğalçılıq siyasətindən təngə gəldiklərini bildirir və buna son qoymağı tələb edirlər. Artıq Ermənistan əhalisi də çox yaxşı dərk edir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 3 may.- S. 3.