Mənəvi dəyərlərimizin xilaskarı

 

Dünya xalqları xəritəsində cüzi bir yer tutan Azərbaycan torpağı milli-mənəvi dəyərləri ilə bəşər mədəniyyətini xeyli zənginləşdirmişdir. Azərbaycan qədim mədəniyyətə malik olan bir xalq kimi tanınmış, onun malik olduğu mənəvi dəyərlər minilliklər adlayaraq dövrümüzə qədər gəlib çatmışdır. Ancaq dövr olub ki, milli-mənəvi dəyərlərimiz laqeydlik ucbatından qismən basqılara məruz qalıb, hətta bəzilərinin unudulmaq təhlükəsi yaranıb. Amma ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda mənəvi dəyərlərin qorunması istiqamətində ciddi tədbirlər həyata keçirilməyə başlandı.

Anadan olmasının 86-cı ildönümünü qeyd etməyə hazırlaşdığımız ulu öndər mənəvi dəyərlərimizin əsl xilaskarı idi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də Heydər Əliyev mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəyinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Ulu öndər mədəniyyətimizin, mənəviyyatımızın zənginləşməsinə xidmət göstərən sənət adamlarını həmişə yüksək qiymətləndirmiş, hakimiyyətdə olduğu dövrdə onların yaradıcılığı üçün geniş imkanlar yaratmışdır. Heydər Əliyevin bu insanlara qayğısı və məhəbbəti, əslində öz Vətəninə, Azərbaycanımıza sevgidən yaranırdı. Ulu öndər deyirdi ki, “azərbaycanlı olmağımla fəxr edirəm”.

Ulu öndərin ədəbiyyata, incəsənətə hədsiz sevgisi ölkəmizdə bu sahələrin inkişafına böyük zəmin yaratmışdı. Hələ sovetlər dövründə məhz bu böyük dövlət xadiminin səyi ilə nə qədər yazıçı, şair, bəstəkar, rəssam SSRİ-nin ən yüksək fəxri adlarına — SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüşlər. Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm və başqaları Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif olunmuşlar.

Ümummilli liderin ilk dəfə hakimiyyətdə olduğu dövrdə neçə-neçə yeni teatr müəssisələri, mədəniyyət sarayları, kinoteatrlar inşa edilib xalqın istifadəsinə verilmişdir. Məhz o dövrdə Azərbaycanda incəsənətin bütün sahələri geniş inkişaf tapdı. Rəssamlarımızın əsərləri dünyanın nüfuzlu sərgilərində nümayiş etdirildi. Təsadüfi deyil ki, ölkəmizdə bir neçə rəsm qalereyası məhz ulu öndərin birinci hakimiyyəti dövründə açılmış və bu gün də fəaliyyət göstərir.

Ancaq ümummilli lider ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra mədəniyyətə dövlət qayğısı daha da gücləndi. Ən əsası bu idi ki, Mədəniyyət Nazirliyində ölkənin mədəniyyət siyasəti müəyyənləşdi, hətta nazirliyin nəzdində mədəniyyət siyasəti şöbəsi də açıldı. Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr elə bir dövr idi ki, ölkədə mədəniyyətə diqqət tamamilə zəifləmiş, mədəniyyət abidələri baxımsız vəziyyətə düşmüş, mədəniyyət xadimlərinin bir qismi ölkəni tərk etmişdi. Mənəvi dəyərlərimiz diqqətdən kənarda qalmışdı. Teatrlarımız, kino nümayişi müəssisələrimiz tamamilə fəaliyyətsiz hala düşmüşdü. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət tamamilə dəyişdi. Azərbaycan musiqisi, teatrı, rəssamlığı və digər incəsənət sahələri tədricən dirçəlməyə başladı. Biz bütün bunların şahidiyik. Musiqi sahəsində 24 bəstəkara və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir qismi “Şöhrət” ordeninə layiq görüldü.

18 dekabr 2000-ci il tarixdə ulu öndərin sərəncamı ilə 2 avqust “Kino günü”, kino işçilərinin peşə bayramı oldu. Həmin ildən dövlət sifarişi ilə film istehsalı genişləndi.

2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyasının yaradılması və İncəsənət Kollecinin də onun tərkibində fəaliyyətə başlaması yeni rəssam nəslinin yetişdirilməsində əhəmiyyətli hadisə oldu.

Xarici ölkələrlə mədəni əlaqələrimiz getdikcə genişləndi. Azərbaycan filmləri beynəlxalq festivallarda göstərildi, rəssamlarımızın əsərləri dünyanın məşhur sərgi salonlarında nümayiş etdirildi.

Artıq mədəniyyət və incəsənət xadimlərində daxili bir inam yarandı. Ölkəmizdə aparılan mədəniyyət sahəsindəki davamlı islahat onları daha ciddi yaradıcılıq axtarışları aparmağa sövq edirdi.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycan mədəniyyəti dünya şöhrəti qazanmış, xalqımızı ləyaqətlə təmsil etmişdir. Ulu öndərin mədəniyyət sahəsindəki tarixi xidmətləri xalqımız tərəfindən heç zaman unudulmur. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çapdan buraxılmış üç cildlik “Heydər Əliyev və mədəniyyət” adlı topluda ümummilli liderin bu sahədəki fəaliyyəti əhatəli şəkildə əks olunmuşdur.

Ulu öndərin mədəniyyət sahəsindəki islahatları bu böyük dövlət xadiminin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir. Möhtərəm Prezidentimiz xalqın milli xüsusiyyətlərinin qorunub saxlanılmasında ədəbiyyatın, mədəniyyətin böyük rolu olduğunu xüsusi vurğulayaraq demişdir: “Azərbaycan xalqının, bizim hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün əlbəttə ki, ədəbiyyatımız, mədəniyyətimizin böyük rolu olmuşdur. Xalqın iftixar mənbəyi olan mədəniyyətin çiçəklənməsi, yeniləşməsi prosesi get-gedə daha böyük vüsət alır”.

Cənab Prezident hakimiyyətə gəldiyi dövrdən teatr, kino, muzey və kitabxana işi, tarixi abidələrin qorunması və s. sahələrdə uzunmüddətli dövlət proqramları imzalamışdır. Təsadüfi deyil ki, bu sahədə Heydər Əliyev siyasətinə sadiq qalaraq mədəniyyətimizin sürətli inkişafının təmin olunması üçün cənab Prezidentimiz çox əhəmiyyətli tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Neçə-neçə mədəniyyət və incəsənət xadimi fəxri adlara layiq görülmüş, Prezident təqaüdü almışdır.

Möhtərəm Prezidentimizin dövründə teatrlarımız təmir olunmuş, Muğam Mərkəzi tikilib istifadəyə verilmiş, Xalça muzeyinin tikintisi hazırda tamamlanmaq üzrədir.
Azərbaycan rəssamlıq sənəti də cənab Prezidentin diqqətindən kənarda qalmamışdır. Rəssamlar İttifaqının yubileyində iştirak edən Prezident bu sahənin inkişafının vacib olduğunu bildirmişdir. Bu yaxınlarda Müasir İncəsənət Muzeyinin açılması da Prezidentimizin rəssamlığa göstərdiyi qayğının bariz nümunəsidir.

Heydər Əliyev adına Sarayın, Gənc Tamaşaçılar Teatrının təmirdən sonra tamaşaçıların istifadəsinə verilməsi mədəni həyatımızda əlamətdar hadisə oldu.

Ümumiyyətlə, mədəniyyət sahəsində Heydər Əliyev ideyaları getdikcə reallaşır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın son illər muğam sənətinin inkişafına göstərdiyi diqqət xüsusi qeyd edilməlidir. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.

Bizim mədəni nailiyyətlərimiz dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən konfransı bunu əyani sübut etdi. 2009-cu ildə bu təşkilatın Bakını İslam Mədəniyyətinin Paytaxtı elan etməsi də sevindirici haldır.

Azərbaycanda mədəniyyət getdikcə inkişaf etməkdədir və bu inkişafın mənbəyində Heydər Əliyevin ölməz ideyaları dayanır.

 

 

Elçin ORUCOV,

rəssam

 

Xalq qəzeti.- 2009.- 3 may.- S. 3.