Əbədi müstəqillik tarixi yazan lider

 

Dünya ölkələrinin tarixində olduğu kimi, Azərbaycan dövlətçiliyinin tarixi də göstərir ki, şəxsiyyətlərin gücü, ağlı və siyasi müdrikliyi bütün ölkənin həyatında taleyüklü rol oynayır. Bu şəxsiyyətlər içində hər zaman bir boy uca görünəcək bir zirvədə müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsi ucalacaq. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox dövlət başçıları, siyasi xadimlər gələcək, amma ulu öndər Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə ucalmaq kimsəyə nəsib olmayacaq.

Türk xalqının böyük oğlu, tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin xidmətlərini qiymətləndirərkən böyük fəxarətlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”. Haqlı olaraq bu gün Heydər Əliyevin adı XX əsrin siyasət nəhənglərinin panteonunda Şarl de Qoll, Uinston Çerçil, Konrad Adenaur, Ruzvelt kimi dahilərlə yanaşı çəkilir.

Heydər Əliyevin 30 illik siyasət epoxası xalqımızın yüz illərlə həsrətində olduğu Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Bu epoxanı araşdırmaq, tarixi qələbələrin dəyərini vermək təbii ki, alimlərin, politoloqların və tədqiqatçıların işidir. Amma bu siyasət nəhənginin, böyük dahinin müasiri, onun komandasının üzvlərindən biri olmaq şərəfi taleyimizə yazıldığı üçün ulu öndərdən danışmağı da özümüzə şərəf və qürur hesab edirik.

Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala yarıdan çoxu Sovet dönəminə təsadüf edir. Nə qədər qəribə olsa da, əslində Heydər Əliyev elə bu illərdə, Sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətlərilə adını tarixə yazmışdı. Amma nadir istedad sahibi olan bu dahinin təyinatı başqa idi və Tanrı onu məhz öz missiyasını yerinə yetirmək üçün ən sərt və amansız mübarizələrdən belə qalib çıxarır, qoruyur və irəli aparırdı.

Ulu öndər həmin illəri xatırlayaraq müsahibələrinin birində deyirdi: “Bütün həyatım boyu mənə qarşı paxıllıq hissləri ilə üzləşmişəm. Amma tale elə gətirib ki, mən həmişə uğur qazanmışam. Mən çox ağır və mürəkkəb həyat yaşamışam. Gənclik illərində də, sonra da mənim çətin işim olub. Yaşıma uyğun olmayaraq, vəzifə pillələrində sürətlə qalxmışam. Ona görə də həyatımın bütün mərhələlərində həmişə özümə qarşı paxıllıq hiss etmişm”.

Bu parlaq şəxsiyyətin məhz həmin illərdəki fəaliyyətini izləyəndə onun — təpədən dırnağa böyük azərbaycanlının, Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, keçmişinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və sayğı ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Onun həyatının hər hansı dövrünü araşdırıb, xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ Dövlət Təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir müəssisədə çalışanda belə, içində Azərbaycanın müstəqillik arzuları alışıb yanırmış. Bu arzular onun bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir. Artıq müstəqillik illərində ulu öndər mətbuat orqanlarına verdiyi müsahibələrinin birində bunu etiraf etdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Moskvada məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır. Mən onlara demirdim nə üçün bu lazımdır...

Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin".

“Tarix göstərir ki, şəxsiyyətin gücü bütün ölkənin taleyində mühüm rol oynayır. Əgər müəyyən məqamlarda SSRİ-nin başında daha güclü xarakterə malik insan, məsələn, Heydər Əliyev qalmış olsaydı, bəlli deyil ki, ölkənin taleyi necə olacaqdı”. Bu, artıq Sovet imperiyası süquta uğrayandan sonra bütün postsovet məkanında tez-tez səslənən ən populyar fikirlərdən biridir. Çünki bu şəxsiyyətin nüfuzu, gücü və xalq arasındakı məhəbbəti hamıya məlum idi. Əslində Qorbaçova qədər onun SSRİ-yə rəhbər olacağı fikri bütün dünya mətbuatında geniş müzakirə olunurdu.

Amma belə olmadı və Sovet İttifaqı dağıldı. Sovet respublikalarından ən çox zərər çəkəni isə məhz Azərbaycan oldu. Bu da səbəbsiz deyildi.

İmperiyanın baş şəhəri Moskvada böyük türkün nüfuzu Qorbaçova və onun erməni əlaltılarına öz çirkin planlarını həyata keçirməyə mane olurdu. Heydər Əliyev Qorbaçovun haqsız təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı milli siyasəti kəskin şəkildə tənqid edir, yetişməkdə olan Qarabağ problemi haqqında həyəcan təbili çalırdı. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sonralar qeyd etdiyi kimi, bu da “onun istefaya göndərilməsinə” əsas təkan oldu. DTK generalı V.Medvedev sonralar bu fakta toxunaraq yazırdı: “Məncə, o Heydər Əliyevin rəqabətindən qorxurdu. Qorbaçov belə adamlarla yanaşı durmaqdan çəkinirdi”.

Məhz Heydər Əliyevin bu gedişindən sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd- yuvalarından qovuldu. Bu mərhələli deportasiya ilə, eyni zamanda, Azərbaycanda da siyasi vəziyyət gərginləşirdi. Hətta belə məqamlarda da siyasi hakimiyyətdən uzaqlaşmasına baxmayaraq, Heydər Əliyev öz xalqını qarşılaşacağı təhlükələrdən qorumaq üçün Moskvada Siyasi Büro üzvləri, dövlət rəhbərləri ilə görüşmək, onlara doğru yolda olmadıqlarını və bu yolun faciələrə gətirib çıxaracağını başa salmaq istəyirdi. Lakin dar düşüncələri ilə burunlarından uzağı görməyən, bu naşı insanlar onu eşitmək belə istəmirdilər. Onların ağlına belə gəlmirdi ki, Heydər Əliyevi — təkcə sovet məkanında deyil, bütün dünyada hələ də diqqət mərkəzində olan bu siyasət nəhəngini “hesabdan silmək” böyük səhvdir.

Heydər Əliyevin həmişə ehtiyat etdiyi faciə isə baş verdi. 1990-cı il yanvarın 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insana divan tutdular. Ağır və faciəli günlərin sırası gəldi. Kimsəsizlikdən, əlacsızlıqdan nə edəcəyini bilməyən məzlum insan kütlələrinin aciz görkəmi adamı için-için göynədirdi. Məhz bu anlarda, xalqın bu vəziyyətini görəndə anlamağa başlayırdım ki, Heydər Əliyevi siyasi səhnədən uzaqlaşdırmağın kökündə iblis düşmənin hansı hiyləsi dururmuş.

Bu ağır faciənin, xalqının başına açılan müsibətlərin ağrısına, acısına dözməyən Heydər Əliyev imperiya ağalarının heç bir təzyiq, təqib və təhdidinə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi. Onun imperiya cəlladarını qorxuya salan sərt bəyanatı uzaq Moskvadan bütün Azərbaycana bir təskinlik, ümid və toxtaqlıq gətirdi...

Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Az bir zamandan sonra Qorbaçov siyasi səhnədən silindi. Azərbaycan xalqı isə öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz bir xalq etimadı, məhəbbət və inamı var idi və bu da Heydər Əliyevin qələbə əzmini birə beş artırırdı.

Təəssüflər olsun ki, onun gəlişi yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf etdi. Hakimiyyətsizliyin doğurduğu xaos Ermənistan silahlı birləşmələrinin Azərbaycana təcavüzünü genişləndirmiş, ölkə ərazilərinin böyük bir hissəsini itirmiş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr vətəndaş müharibəsi həddinə çatmışdı. “Ölüm yatağında” olan ölkənin son ümidi Heydər Əliyev idi. Ümummilli lider Azərbaycanın 1993-cü ildəki gerçək mənzərəsini mətbuata belə açıqlayırdı: “İndi Azərbaycanda vəziyyət belədir; iqtisadiyyat büsbütün dağılmışdır. O ki qaldı ictimai siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz”.

Bir çoxları kimi populist vədlər vermək son dərəcə praqmatik və realist bir siyasət ustası olan Heydər Əliyevin üslubunda deyildi. Əslində həmin mərhələdə Azərbaycanı düşdüyü bu vəziyyətdən çıxarmaq vədini verməyə cəsarəti çatan siyasət adamı da yox idi. Onu sevməyən bədxahlar isə güman edirdilər ki, “çətin Heydər Əliyev bunun öhdəsindən gəlsin”.

Zamanın dəyərini, dünyanın siyasi axarını, dünyanın söz sahibi olan dövlətlərinin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev öz dərin zəkası, siyasi uzaqgörənliyi və soyuq məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadimi görüləcək bütün işlərin təməlində ölkədə ictimai-siyasi sabitliyin durduğunu bildiyi üçün ilk növbədə məhz buna nail olmağa çalışırdı. O, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində hansı geosiyasi mövqelərə yiyələnəcəyini və ona olan maraqları görürdü. Həmçinin Azərbaycan bölgədə istər Qərb, istərsə Şimal qonşuları üçün bir çox sahələrdə mühüm strateji partnyora çevrilə bilərdi. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onu məhz bu müstəviyə gətirdi və onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.

“Dövlət — dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə bəyan edən Heydər Əliyev çox qəti və prinsipial addımlarla müstəqil dövlətçiliyin atributlarını yaratdı. “Milli inqilabın” gətirdiyi xaos və anarxiya arxada qaldı və dövlət çevrilişləri xronikasına birdəfəlik son verildi. Məhz onun polad iradəsi, siyasi ustalığı və müdrik rəhbərliyi sayəsində Azərbaycan dövləti ölkənin parçalanmasına ünvanlanmış çağırışların və cəhdlərin qarşısını vaxtında ala bildi və radikal islam təmayüllü təhlükəni demək olar ki, aradan qaldırdı.

Dünyada gedən prosesləri, böyük dövlətlərin milli maraqlarını, Azərbaycanın dünyanın ideoloji savaşında çox zəif olduğunu, 1993-94-cü illərdə Qarabağ probleminin hərbi yolla həllinin perspektivsizliyini və onun ölkənin iqtisadi dirçəlişini əngəllədiyini nəzərə alan Heydər Əliyev Azərbaycanın müharibədən çıxmasına və atəşkəs haqqında özünəməxsus razılaşma əldə edilməsinə nail oldu. Bu heç də Dağlıq Qarabağdan imtina etmək deyil, əksinə, ölkəni marginal vəziyyətdən çıxarıb, münaqişənin Bakıya münasib həllinə nail olmaq üçün qüvvələri sonrakı mərhələyə səfərbər etmək xarakteri daşıyırdı. Çünki məhz bu səbəbdən, təhlükəli sayılan regiona investisiya qoymağa cəsarət göstərən yox idi. Amma karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycan nəhəng dövlətlərin və şirkətlərin maraq dairəsində idi və bu maraq günü-gündən artırdı. Onu Azərbaycan dövlətinin xeyrinə yönəltmək lazım idi.

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük səylə özünün neft strategiyasının real konturlarını çəkirdi. O, böyük uzaqgörənliklə dünyada neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəsinin qazanacağı iqtisadi və siyasi dividenti yaxşı bilirdi. Dünyanın söz sahibi olan ölkələrinin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başladı. Heydər Əliyev dövlət quruculuğu işləri ilə yanaşı, danışıqlar prosesini də xüsusi diqqət mərkəzində saxlayırdı. İlk dövrlərdə ölkənin ağır iqtisadi-siyasi vəziyyətindən istifadə edən bəzi məmurlar xarici şirkətlərdən rüşvət tələb edir, ölkənin nüfuzunu və “Əsrin müqaviləsi”ni təhlükə altına qoyurdular. Belə bir məqamda ulu öndər Heydər Əliyev vəziyyətdən çıxış yolunu məhz bu sahəni özü kimi inandığı ən yaxın silahdaşı İlham Əliyevə tapşırmaqda gördü. Bundan sonra danışıqlarda əsas üslünlük “açıq qapılar” və “balanslaşdırılmış siyasət” prinsiplərinə verildi.

Heydər Əliyev tərəfindən çox yaxşı düşünülmüş və ağıllı şəkildə reallaşdırılan neft strategiyasının ilk mərhələsində özünəməxsus bir “neft layihələri birjası” meydana çıxdı və hər bir layihədə iştirak payı uğrunda xarici şirkətlər arasında çox kəskin mübarizə başladı. Bu kəskin rəqabətdən isə Azərbaycan udurdu — həm iqtisadi, həm də siyasi cəhətdən.

Danışıqlar prosesində nümayəndə heyətinə rəhbərlik etmiş Prezident İlham Əliyev müsahiblərinin birində deyir: “Qısa vaxt ərzində dünyanın müxtəlif guşələrində aparıcı siyasətçilər, nazirlər, konqresmenlərlə görüşüb dünya neft biznesinin müxtəlif aspektəlrini, bizim regionun inkişaf perspektivlərini müzakirə edərkən, neft müqavilələrini imzalayarkən mən, ilk növbədə geosiyasi məsələləri qaldırır və yalnız müəyyən anlaşma əldə etdikdən sonra texniki-iqtisadi problemlərin təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə başlayırdım”.

Bir tərəfdən, təmkin və səbri, yüksək intellekti və insani keyfiyyətləri ilə mütənasib olan praqmatizmi, digər tərəfdən, böyük müəllimi Heydər Əliyev kimi fenomeninin qiymətli tövsiyə və məsləhətləri gənc Əliyevə bu mühüm tapşırığın öhdəsindən ləyaqətlə gəlməyə imkan verdi. 20 sentyabr 1994-cü ildə əsrin müqaviləsi imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti də onda idi ki, kiçik Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi.

Vaxtı ilə Neft daşlarının kəşfi Azərbaycanı Xəzərin hökmdarı etmişdisə, Heydər Əliyevin dərin zəkasının və qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” də müstəqil Azərbaycanı dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşına çevirdi.

“Əsrin müqaviləsi”nin mühüm əhəmiyyətlərindən biri də ondan ibarət idi ki, bu müqavilə respublikada çox güclü qanunvericilik bazası yaratdı, investorlar öz investisiyalarının etibarlı müdafiəsinə inandılar və bununla da Azərbaycan əlverişli və etibarlı investisiya mühiti olan sivil bir ölkəyə çevrildi. Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsi idi. Bəzi dövlətlərin qısqanclıqla yanaşdığı və hətta reallaşacağına şübhə etdikləri BTC 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: “BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi”. Əslində dünyanın enerji xəritəsini dəyişən BTC yox, onun yaradıcısı, Azərbaycanın dahi oğlu Heydər Əliyev oldu.

Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə yaxşı nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, infrastruktur layihələrin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Keçmiş postsovet məkanında ilk dəfə Azərbaycanda dövlət başçısı Heydər Əliyevin göstərişi ilə torpaq islahatına start verildi. Aqrar islahatın bu fazası ilə bərabər kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatlarına keçməsi kənd təsərrüfatına yeni həyat verdi. Onun təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəldir, ona yeni nəfəs verirdi. Az bir zaman içində bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Kommunist rejimindən yenicə ayrılmış Azərbaycanda sahibkarlığın inkişafına böyük maneələrin olacağını çox dəqiq bilən Heydər Əliyev, onları şəxsən himayə edir, vaxtaşırı görüşlər keçirir, problemlərini öyrənir və onlara dəstək olurdu. Məhz bu baxımdan bu gün Azərbaycan iqtisadiyyatının böyük bir yükünü çiynində aparan sahibkarlarımızı tərəddüd etmədən Heydər Əliyev siyasətinin yetirmələri adlandıra bilərik.

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik quruculuğunda ən böyük silahdaşı Azərbaycan xalqı idi. Azərbaycanın əbədi müstəqilliyini çox haqlı olaraq qarşılıqlı ittihamlara son qoymaqda, ədavət hissini unutmaqda, milli birlik və vətəndaş həmrəyliyinə nail olmaqda görən Heydər Əliyev hakimiyyətə qayıdışının elə ilk günündən xalqı məhz buna çağırırdı: “İndi Azərbaycan üçün bir amal var, bir məqsəd var: Azərbaycanı bu ağır vəziyyətdən xilas etmək, onun ərazi bütövlüyünün müdafiəsini təmin etmək. Kimin əlindən nə gəlirsə bu amal, bu məqsəd naminə etməlidir... Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”. Öz liderinə, dahi siyasi xadimə sonsuz məhəbbət bəsləyən xalq bu müraciətlərə biganə qalmadı və sonrakı proseslər də göstərdi ki, xalqın iradəsi qarşısında hər hansı silahlı qruplaşma, hər hansı siyasi qüvvə acizdir.

Heydər Əliyev müxtəlif ölkələr tərəfindən qızışdırılan separatizmə son verdi. Özünün azərbaycanlı olmağı ilə daim qürur duyan bu böyük Vətəndaş “müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” deyərək, bunu milli məfkurəyə çevirdi və təkcə respublikanı yox, bütün dünya azərbaycanlılarını bu məfkurə ətrafında birləşdirdi.

Alfred Nobelin XX əsrin əvvəllərində “burada neft, qan və siyasət çox sıx şəkildə bir-birinə qarışıb” deyə xarakterizə etdiyi Azərbaycan XX əsrin sonlarında da eynən belə olaraq qalırdı. Lakin böyük siyasət ustası Heydər Əliyev yüksək diplomatik səviyyə nümayiş etdirərək ölkəsini qan-qadadan zaman-zaman uzaqlaşdırır, öz şəxsi nüfuzu sayəsində Azərbaycanı beynəlxalq siyasətin diqqət mərkəzinə çəkir, tanıdır və ona inanmağa, hörmət etməyə, sözünü eşitməyə məcbur edirdi. Ermənilərin Azərbaycan ətrafında yaratdıqları informasiya blokadası dağılır, ideoloji savaşda Azərbaycan kiçik qələbələrlə böyük qələbəyə doğru gedirdi.

Zaman-zaman artan neft gəlirləri, investisiya axını ölkənin iqtisadi mənzərəsini dəyişir və Azərbaycanı regionun lider dövlətinə çevirirdi. Böyük İpək yolunun bərpası və onun mərkəzi kimi Azərbaycanın seçilməsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin reallaşmağa başlaması ölkənin bu mövqeyini günü-gündən möhkəmləndirirdi.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya aktı qəbul edildi. Bilavasitə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu.

Şübhəsiz, bir yazıda bu siyasət nəhənginin gördüyü misilsiz və hüdudsuz xidmətləri sadalamaqda və onların qiymətini verməkdə çox acizik. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu və bu fəlsəfə onun memarı olduğu gerçək müstəqil Azərbaycanda öz real əksini tapdı.

2003-cü ildə böyük dahinin qurduğu bu Azərbaycan tərəqqiyə və inkişafa istiqamət götürüb irəliləyirdi. Böyük realist və praqmat olan Heydər Əliyev isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı onu çox düşündürür və narahat edirdi. O bu məsələni həll etməli idi. Onun sözü hər şey idi. Bu Vətənə xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünə son müqəddəs borc bilirdi.

Onun analitik düşüncələrində bütün xırdalıqlara, qaranlıqlara və sual doğuran problemlərə aydınlıq gələndən sonra Heydər Əliyev uzaq Klivlenddən doğma xalqına müraciət ünvanladı: “O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir...

İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidər bəsləyirəm".

Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi. Çünki siyasi varis İlham Əliyev millət atasının missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyevin siyasi orientirlərinə, daxili və xarici siyasət prinsiplərinə, idarəçilik ənənələrinə sədaqət — müstəqil Azərbaycanın uğurlu idarəçiliyi və inkişafının əsas təminatları bunlar idi. Prezident İlham Əliyev beləcə başladı, uğurlara imza atdı və xalqın sonsuz rəğbət və hörmətini qazandı. O uğurlar böyük qələbələrin işartıları kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.

 

 

Miri QƏMBƏROV,

Milli Məclisin üzvü,

“Azərkontrakt” Səhmdar

Cəmiyyətinin sədri

 

Xalq qəzeti.- 2009.- 3 may.- S. 4.