Yeni Dövlət
Proqramı turizmin inkişafını sürətləndirəcək
Müasir dövrün ən
gəlirli sahələrindən sayılan turizmin
inkişafına maraq getdikcə artır. Yer kürəsində
mövcud on bir iqlim qurşağının doqquzuna təsadüf
edilən Azərbaycan Respublikasında da adı çəkilən
sahənin inkişafı üçün hər cür şərait
vardır. Mütəxəssislərin qənaətinə
görə, ölkəmizin turizm potensialını hərəkətə
gətirməklə çox yüksək gəlir əldə
etmək olar. Son illər bu istiqamətdə mühüm tədbirlərin
həyata keçirilməsi böyük səmərə
vermiş, ölkəyə turist axını xeyli sürətlənmişdir.
Ölkəmizin turizm
potensialının hərəkətə gətirilməsində,
bu imkanlardan səmərəli surətdə istifadə
olunmasında Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
müstəsna rol oynamışdır. Təkcə onu demək
kifayətdir ki, adı çəkilən sənəddə
turizmlə əlaqədar 31 bəndin öz əksini
tapması dövlətin bu vacib sahəyə yetirdiyi diqqətdən
xəbər verir. Bundan əlavə, turizmlə bağlı
müvafiq qanunun qəbul edilməsi, eləcə də
sözügedən sahənin inkişaf perspektivləri
haqqında dörd illik proqramın uğurla icra edilməsi
ölkənin turizm potensialından səmərəli istifadə
edilməsinə və bu sahədə iqtisadi fəallığın
xeyli artmasına imkan yaratmışdır.
Rəngarəng, təbii
landşaft, zəngin sərvətlər, əlverişli iqlim
şəraiti, inkişaf etmiş nəqliyyat şəbəkəsi,
yol və digər vacib infrastrukturun yaradılması ölkənin
turizm sektoruna marağı xeyli artırmışdır. Bundan
əlavə, son illər əlverişli biznes mühiti adı
çəkilən sahənin cəlbediciliyinə gətirib
çıxarmışdır. Təkcə bir faktı qeyd etmək
yetərlidir ki, 2008-ci ilin yekunlarına görə, aparılan
təhlillər göstərmişdir ki, son illər Azərbaycana
gələn turistlərin sayı getdikcə artmaqdadır. Belə
ki, ötən il dünyada baş verən ciddi maliyyə
böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin
sayı 2007-ci ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400
mini ötmüşdür. Heç şübhəsiz, bu amil
ölkəmizə, onun təbii şəraitinə, zəngin
turizm potensialına olan maraqdan irəli gəlir.
Son illər ölkəmizin
sosial-iqtisadi inkişafının sürətlənməsi bir
çox sahələr kimi, turizm sektorunda da infrastruktur
imkanlarının xeyli yaxşılaşmasına, zənginləşməsinə
səbəb olmuşdur. Hazırda Azərbaycanda turizm fəaliyyəti
ilə məşğul olan 230 şirkət, 370 mehmanxana və
mehmanxana tipli obyekt fəaliyyət göstərir. 2008-ci ildə
ölkədə mehmanxanaların sayı əvvəlki illə
müqayisədə 16,9 faiz artmışdır. Onu da qeyd etmək
lazımdır ki, turizm sektoruna getdikcə artmaqda olan
marağın nəticəsidir ki, hazırda Azərbaycanda daha
35 mehmanxana binası inşa edilməkdədir.
Azərbaycanın turizm
potensialı, ölkəmizdə bu sahənin ilbəil sürətlə
inkişaf etməsi bir sıra beynəlxalq təşkilatların
da diqqətini cəlb etmişdir. Belə ki, Birləşmiş
Millətlər Təşkilatının, Dünya Turizm Təşkilatının
Avropa üzrə Komissiyasının Bakı şəhərində
keçirilmiş 49-cu iclası zamanı təşkilatın
təmsilçiləri ilə yanaşı, tədbirdə
iştirak edən 32 ölkənin nümayəndələri də
Azərbaycanda turizmin sürətli inkişafını
xüsusi vurğulamışlar. Hazırda Azərbaycanın
turizm imkanlarını bütün dünyada təbliğ etmək,
turistlərin ölkəmizə axınının daha da
sürətləndirilməsi məqsədilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən mühüm işlər
görülür. Təkcə onu demək kifayətdir ki,
2009-cu ilin birinci rübü ərzində nazirliyin əməkdaşları
7 beynəlxalq turizm sərgisində iştirak etmişlər.
Ölkəmizdə
turizmin daha da inkişaf etdirilməsi, bu sahədə beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
növbəti illərdə prioritet istiqamətlərdən
biri kimi qarşıya qoyulmuşdur. Bu baxımdan ölkə
Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq
olunmuş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial iqtisadi inkişafı
Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb
edir. Adı çəkilən sənəddə turizmi
iqtisadiyyatın yüksək gəlirli sahəsinə
çevirmək, sosial və ekoloji tələblərə
cavab verəcək səmərəli və rəqabət
qabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə
yeni iş yerlərinin açılmasını təmin etmək
qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm vəzifə kimi göstərilmişdir. Proqramda
turizm sahəsinin inkişaf istiqamətləri də konkret
şəkildə müəyyənləşdirilmişdir.
Ölkədə rəqabət qabiliyyətli turizm
infrastrukturunun və turizm sənayesinin yaradılması
mövcud turizm obyektlərinin beynəlxalq standartlara
uyğunlaşdırılması, turizm xidməti üzrə
mütərəqqi üsulların və standartların
hazırlanıb tətbiq edilməsi, ölkədə turizm
zonalarının hüquqi statusunun, bu zonaların və onlarla
bağlı marşrutların müəyyən olunması
Dövlət Proqramında nəzərdə tutulan
başlıca istiqamətlərdəndir. Bundan əlavə,
proqramda turizm sahəsində zəngin təcrübəsi olan
ölkələrlə kadr hazırlığı sahəsində
beynəlxalq əməkdaşlığın genişləndirilməsi
də əsas istiqamətlərdən biri kimi nəzərdə
tutulmuşdur.
“Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda ölkənin
ayrı-ayrı şəhər və rayonlarında yerləşən
mədəniyyət obyektlərinin təmir-bərpası,
yenilərinin tikintisi və tarix-mədəniyyət obyektlərində
konservasiya işlərinin aparılması, eləcə də
dağ turizminin inkişaf etdirilməsinə dair 60-dək bənd
nəzərdə tutulmuşdur. Həmin tədbirlərin
icrası isə birbaşa Mədəniyyət və Turizm
Nazirliyinə həvalə olunmuşdur. Yeri gəlmişkən,
ölkənin nəqliyyat sektorunun inkişafı, yol
infrastrukturunun yaradılması zəngin turizm potensialından
daha səmərəli istifadə edilməsinə təkan verə
bilər. Bununla yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat
dəhlizlərinin kəsişdiyi əlverişli coğrafi
mövqedə yerləşməsi, son illər ölkəmizdə
istifadəyə verilən beynəlxalq səviyyəli
aeroportlar turizm sektorunu dövlət büdcəsinin əsas gəlir
mənbələrindən birinə çevirmək
üçün münbit şərait yaradır. Elə son
illər ölkəmizdə turizm xidmətlərinin kəmiyyət
və keyfiyyət etibarı ilə yüksəlməsi, həmçinin
beynəlxalq tələblərə cavab verən turizm
infrastrukturunun yaradılması da bu sahədə yüksək
nailiyyətlərin əldə olunmasına ümid verir. Birinci
regional inkişaf proqramında olduğu kimi, yeni sənəddə
də turizmin inkişafı istiqamətində konkret vəzifələrin
qoyuluşu bölgələrin tərəqqisi ilə
yanaşı, milli iqtisadiyyatımızın da davamlı inkişafına
təkan verəcək.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2009.- 3 may.- S. 5.