Həyatı gözəlləşdirməyə çalışan sənətkar
Azərbaycan teatr və
kino sənətinin inkişafı həyatını
bütünlükdə bu sənətə həsr etmiş
insanların fədakarlığı ilə
bağlıdır. Belə sənətkarlarımızdan biri
də Azərbaycan teatr və kino sənətində müstəsna
xidmətləri olmuş xalq artisti Məhəmməd Bürcəliyevdir.
Məhəmməd
Bürcəliyevin teatr sənətinə gəlişi təsadüfi
olmamışdır. Onun müqtədir sənətkar kimi
yetişməsində Azərbaycan ədəbi həyatında
mühüm rolu olmuş Mikayıl Müşfiqin, Süleyman
Rüstəmin, Sabit Rəhmanın böyük təsiri
olmuşdur. Söz ustadları ilə mütəmadi
görüşləri, ədəbi mühiti istedadlı
aktyorun bu sənəti seçib, onu həyatı boyu yüksək
səviyyədə cəmiyyətə təqdim etməsinə
səbəb yaradan meyarlardandır.
Məhəmməd
Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki
şəhərində fəhlə ailəsində anadan olub. O,
Şəkidə beşillik orta təhsilini bitirdikdən sonra
Bakıda Karl Libkinext adına fabrik-zavod məktəbinə
daxil olub. Bu məktəb neft mədənləri
üçün fəhlələr hazırlayırdı. Həmin
məktəbdə Mikayıl Müşfiqdən ədəbiyyat
dərsi alan Məhəmməd Bürcəliyev
yazdığı şerlərdən bir neçəsini
müəlliminə oxuyur. Onun şerlərini diqqətlə
dinləyən Mikayıl Müşfiq ertəsi gün həvəskar
şairi “Gənc işçi” qəzetinin redaksiyasına
aparıb onu Süleyman Rüstəmlə tanış edərək,
ədəbiyyat dərnəyinə yazdırır. Ədəbi
janrın sirlərini öyrənən gənc Bürcəliyevin
yaradıcılıq şövqü məhz buradan
qaynaqlanır.
Məhəmməd
Bürcəliyev 1932-ci ildə fabrik-zavod məktəbini
bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikumuna daxil olur və
burada da Sabit Rəhmanla yaxından tanış olur. Məktəbi
bitirməkləri münasibətilə hazırlanan konsert
proqramında Məhəmməd Bürcəliyev də
tamaşalardan parçalar ifa edir, göstərilən
kiçik səhnəciklərdə ona həvalə olunan
müəyyən obrazlar yaradır. Konsert qurtardıqdan sonra
Bürcəliyevin ifası ilə maraqlanan Sabit Rəhman: “Məktəbi
qurtarıb hara gedəcəksən?” – deyə soruşur.
“Bizi inşaat məktəbinə
göndərməlidirlər” – deyərək gənc,
yaraşıqlı, ucaboylu Məhəmməd cavab verir.
Sabit Rəhman bir qədər
güldükdən sonra deyir ki, bura bax, sənsiz də ev tikən
tapılar, gəl səni aparım təzə təşkil
edilmiş teatra.
— Teatrda nə iş
görəcəm?
— Biz sizin kimi gənclər
tapıb aktyor yetişdirmək istəyirik. Səhər gəl
teatra, gözləyəcəm.
Ertəsi gün baş
rejissor Əlihüseyn Rzayev Sabit Rəhmanla mədəniyyət
ocağına gələn Məhəmməd Bürcəliyevi
bir aktyor kimi teatra qəbul edir. 1932-ci ildə Şəki
Dövlət Dram teatrında ədəbi hissə müdiri
işləyən Sabit Rəhman dramaturgiya janrının
növlərindən aktyorlara tədris edir, onların sənət
yollarının qaranlıq cığırlarını
aydınlaşdırırdı.
Sonralar Məhəmməd
Bürcəliyev bu sənətin dərinliklərinə varmaq
üçün Krupskaya adına Moskva Dövlət İncəsənət
Universitetinin aktyorluq və rejissorluq fakültələrinə
qəbul olur. 1948- 1950-ci illərdə Gəncə mədəni
həyatının formalaşmasında mərhum bəstəkar
Fikrət Əmirovla birgə müstəsna xidmətləri
olmuş Məhəmməd Bürcəliyev burada Dövlət
Filarmoniyasının yaradılmasında böyük səy
göstərmişdir. O, 1950- 1955-ci illər ərzində Gəncə
Dövlət Dram Teatrının bədii rəhbəri və
direktoru olmuş, uzun illər Gəncəbasar zonasının
Teatr Xadimləri İttifaqının sədri kimi
çalışmışdır.
1948-ci ildə M. Bürcəliyev
“ Yadigar” adlı dram əsərini qələmə alıb. Həmin
ildə də “Yadigar” pyesi Gəncə Dövlət Dram
Teatrında tamaşaya qoyulub. Xalq artisti M. Bürcəliyevin
“Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də
keçirilmiş “Müasir dramaturqların əsərlərinə
baxış” festivalında 3-cü dərəcəli
mükafata layiq görülmüşdür. Həmçinin
M. Bürcəliyev respublika qəzet və jurnallarında 75-dən
artıq məqalə, resenziya və oçerklərin müəllifi
kimi də tanınmışdır. Gəncə
teatrının səhnəsində M.Bürcəliyev 11 pyesin
quruluşçu rejissoru olmuşdur. Məhəmməd
Bürcəliyev 1955-ci ildə respublikanın əməkdar
artisti, 1958- ci ildə isə xalq artisti fəxri adlarına
layiq görülmüşdür.
Məhəmməd
Bürcəliyevin istər aktyorluq, istərsə də Gəncə
Dövlət Dram Teatrına rəhbərlik etdiyi müddətdə
teatrın repertuarında komik tamaşalar üstünlük təşkil
edirdi. O, tamaşaların, demək olar ki, heç birində
ifrat mizanlara və yersiz, şablon təqdimata yer verməyib.
İmprovizator aktyor kimi
Bürcəliyevin obrazlar qalereyasında mənfi- müsbət
obrazlar paralellik təşkil edir. O, heç bir vaxt rollarına
tipaj və yaxud personaj kimi yanaşmayıb. Epizodik rollarını belə, xarakterik obraz səviyyəsində tamaşaçısına
çatdırıb. “Mən ki, gözəl
deyildim” filmində aktyora çox kiçik, epizodik rol verilib. Lakin ifa orijinal manera
baxımından yaddaqalandır.
Film çox pessimist notlar üzərində başlayaraq, haqlı olaraq müharibənin ağır yükünü
ilk kadrlardan tamaşaçının
çiyinlərinə yükləyir.
Kadrlar gərginliklə izlənilir.
Filmin qəhrəmanı Səidə
atasını cəbhəyə
yola saldıqdan sonra şəklə baxır. Onun kimi bizi də Əsgərin (M. Bürcəliyev) alman faşistini ələ salan nikbin əhval-ruhiyyəli
səsi silkələyir.
Və yaxud da ki, Cəlil
Məmmədquluzadənin “Ölülər”
pyesi əsasında ekranlaşdırılmış “O, dünyadan salam”
(Rejissor və ssenari müəllifi T. Tağızadə) filmindəki
Hacı Baxşəli
obrazını götürək.
Aktyor öz monoloqlarında bu obraz vasitəsilə
mövhumatçılığın çirkin nüanslarını
elə məharətlə
xarakterizə edir ki, biz tamaşaçılar
çox asanlıqla həmin dövrün müasirinə çevrilir,
savadsızlığın, avamlığın törədə
biləcəyi təhlükəli
məqamları dərindən
dərk edirik. Obraz, sanki, “baxın, mənə yaxşı baxın, bizə heç cür oxşamayın!” – deyərək hayqırırdı.
O, heç
vaxt istər teatr, istərsə də kino yaradıcılığında
rol seçimi etməzdi. İstədiyi yalnız canlandıracağı
obrazları yaddaqalan personaj səviyyəsində
təqdim edib, milyonların yaddaşına
həkk etdirmək idi. Elə “Dəli kür”
filmindəki Allahyar obrazı kimi. Hamımızın nəzərində Allahyar filmin qəhrəmanına zidd gedən bir tipajdır. Əslində isə o, arvadı
zorla qaçırılmış
bir azərbaycanlı kişisidir. Obrazın haqlılığını
personaj sözsüz kadrlarda belə, at çapıb, tüfəng
oynatmaq timsalında çox gözəl əks etdirir. Sovet dövründə müəyyən
qadağalar əsasında
çəkilmiş filmdə
Allahyar obrazı ilk baxışda tamaşaçıda
quldurbaşı təəssüratı
yaratsa da, nəticədə namus davası edən bir personajdır. O, öz məninə çevirdiyi mənfi obrazı belə aktyor strategiyası ilə qorumağı, müdafiə etməyi bacarırdı.
Yazıçı Anarın
ssenarisi əsasında
ekranlaşdırılan “Qəm
pəncərəsi” filmində
Məhəmməd Bürcəliyevə
həvalə olunan Rəşid bəy obrazı isə aktyorun xarici görünüşü, xarakterik
siması, qürurlu davranışı mənasında
əsl tapıntı idi. Aktyor bu rolun xarakterik keyfiyyətlərini
böyük istedadla ifa etməklə əsl Azərbaycan ziyalısının heykəlini
yaradıb. O, əsl
ziyalı aktyor idi.
Məhəmməd Bürcəliyev kino fəaliyyəti ilə bərabər, ömrünün
sonuna qədər sadiq qaldığı teatr sənətində də yüzlərlə obraz yaratdı. Aktyorun ifasında
dramatizm daha güclü alınsa da o, daim komik
janra üstünlük
verərdi. Məhəmməd Bürcəliyevi tanıyan
sənət dostları
və müasirləri
də xatırlayırlar
ki, o özü, sözün əsl mənasında, həyatın
müsbət obrazı
idi.
Bu gün aktyorluq sənətinin ölməzliyini
sübut edən meyarlar onun ifasında
özünü təsdiqləyir.
Şəhla BÜRCƏLİYEVA,
kinoşünas
Xalq qəzeti.- 2009.- 3 may.- S. 8.