Azərbaycan Gimnastika
Federasiyasının vitse-prezidenti, əməkdar bədən tərbiyəsi
və idman xadimi, Prezident təqaüdçüsü,
“Şöhrət” ordenli Bəhram Nərimanov həyatında
çox əlamətdar bir hadisə ərəfəsindədir.
Respublikamızda idmanın inkişafında böyük xidmətləri
olmuş bu təcrübəli mütəxəssis 75
yaşının tamam olması münasibətilə tezliklə,
mayn 6-da yaxınlarından, dostlarından, həmkarlarından
və tələbələrindən təbrikləri qəbul
edəcək.
İdman ictimaiyyətimiz B.Nərimanovu Azərbaycanda idman
akrobatikasının ən məşhur yetirmələrindən
biri kimi tanıyır. Təkcə onu demək kifayətdir ki,
Bəhram müəllim respublikamızın tarixində bu
növ üzrə ilk SSRİ idman ustasıdır. Bu yüksək
ada 1958-ci ildə layiq görülmüşdür. Elə həmin
il SSRİ çempionatının, bundan bir il əvvəl isə
ölkə həmkarlar ittifaqları spartakiadasının
mükafatçısı olmuşdur. Onun 16 dəfə Azərbaycan
çempionu adını qazandığını, “Neftyanik”
Könüllü İdman Cəmiyyəti Mərkəzi
Şurasının Ümumittifaq birinciliklərində dəfələrlə
fəxri kürsünün ən yüksək pilləsinə
qalxdığını da xatırlamaq olar.
Bəhram Nərimanov 15
ilə yaxın bir müddət ərzində (1959-1972-ci illərdə)
Azərbaycan yığma komandasının baş məşqçisi
kimi də səmərəli fəaliyyət göstərmiş,
neçə-neçə idman ustası, respublika
çempionu, SSRİ birincilikləri və
çempionatlarının mükafatçılarını
hazırlamışdır. Təsadüfi deyil ki, bu nailiyyətlərə
görə 1962-ci ildə respublikamızın əməkdar məşqçisi,
iki il sonra isə SSRİ bədən tərbiyəsi və
idman əlaçısı fəxri adlarına layiq
görülmüşdür.
Azərbaycan Dövlət
Bədən Tərbiyəsi İnstitutunun məzunu B.Nərimanov
əmək fəaliyyətinə 1957-ci ildə elə həmin
ali məktəbin “Gimnastika və onun metodikası”
kafedrasında müəllim kimi başlamış, sonra
baş müəllim işləmiş, 1973-cü ildən isə
bu günə qədər kafedra müdiri vəzifəsində
çalışır.
1981-ci ildə Moskvada
dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi olan,
1984-cü ildən dosent adı daşıyan Bəhram müəllim
80-dən çox elmi əsərin, o cümlədən
gimnastika üzrə dərsliklərin, tədris vəsaitlərinin
və metodiki tövsiyələrin müəllifidir. Bir
çox il ərzində Azərbaycan İdman Akrobatikası
Federasiyasının sədri işləmiş professor B.Nərimanov
hazırda ölkə Gimnastika Federasiyasının
vitse-prezidentidir.
Beynəlxalq dərəcəli
hakim, Azərbaycan Respublikası Olimpiya Akademiyasının
üzvü Bəhram Nərimanovun xidmətləri Beynəlxalq
İdman Akrobatikası Federasiyası rəhbərliyinin də
diqqətini cəlb etmişdir. Federasiya dünyada
akrobatikanın inkişafında azərbaycanlı mütəxəssisin
böyük xidmətlərini nəzərə alaraq,
1993-cü ildə onu medal və diplomla təltif etmişdir.
Azərbaycan
Respublikası Prezidentinin sərəncamları ilə Bəhram
Nərimanovun vətənin yüksək mükafatı —
“Şöhrət” ordeninə və Prezident təqaüdünə
layiq görülməsi də bu tanınmış əmək
və idman veteranının ölkəmizdə idmanın
inkişafında zəngin və şərəfli bir yol
keçdiyini təsdiq edir.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2009.- 3 may.- S. 8.