Heydər Əliyev və azərbaycançılıq

 

Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: yaraşıqlı boy-buxun, təbəssüm və sərtliyi sintez edən sima, gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, qüdrətli siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Azərbaycanın dünyadakı nüfuzlu, vüsətli siyasi və iqtisadi yüksəlişi sübut edir ki, İlham Əliyev qalibiyyət əzmini dövlət idarəçiliyinin sarsılmaz baş xətti kimi inadkar bir inamla qoruyub saxlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri — müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Akademik Ramiz Mehdiyevin sözləri ilə desək, “Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfindən irəli sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında, beynəlxalq miqyasda artıq qərarlaşmış olan başlıca ideoloji kurslarla müqayisəli şəkildə təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır”.

Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. Bu zaman iki cəhət əsas götürüldü: Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik ənənələrinə tarixən düzgün yanaşıldı; Azərbaycan ziyalılarının ana dili uğrunda əsrin önlərindəki fikir mücadilələri əxz olundu.

Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyev Azərbaycan dilini milli mənliyin baş məsələsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Sonralar o, bu təhlükəli tarixi məqamı belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri səylə nəzərə alınır. Bununla belə, onun konsepsiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur ki, bu da həmin təlimin gələcəyə yönəlməsini təmin edir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi (10 noyabr 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.

Azərbaycançılıq ideologiyası ittihadçılığın əsas prinsiplərindən biri olaraq ünsiyyət birliyini nəzərdə tutur. Belə birlik isə ana dili, Azərbaycan dili vasitəsi ilə baş tutur. Elə buna görə də Heydər Əliyev dönə-dönə deyirdi: “Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərabycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyatlarına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik".

Göründüyü kimi, ümummilli lider “Azərbaycan dili” sözlərini təkrar etməkdən doymur, əksinə, onu dilə gətirməkdən dərin zövq alır, milli qürur duyurdu. Bu, hər şeydən öncə onun dilimizə məhəbbətindən irəli gəlirdi. O, dünya azərbaycanlılarına üzünü tutub deyirdi ki, siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma bununla belə harada yaşamağınızdan asılı olmayaraq Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz. Heydər Əliyev nəinki dilimizi sevir, həmçinin daim onun tərəqqisi üçün, bütün dünyada nüfuzunun qorunması üçün səylə çalışırdı.

Qüdrətli şəxsiyyət Azərbaycan dilinin, tarixinin ədəbiyyat və mədəniyyətinin yeni — azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli fərmanı və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi. Bu tarixi sənədlər artıq yeni əsrin və üçüncü minilliyin əvvəllərində ana dili uğrunda mübarizənin dövlət səviyyəsində milli müstəqillik uğrunda mübarizənin — azərbaycançılığın tərkib hissəsi kimi əks etdirən dövlət proqramaları — böyük strategiyanın təməl faktları idi.

Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Göründüyü kimi, burada ideologiyanın tarixi-siyasi funksiyası ilə dilin rolu arasında uyğunluq öz əksini tapır. İdeologiyanın vəzifəsi gələcəyi yaratmaqdır. Prezidentin fərmanında xalqın gələcəyi həm də onun dili, zəngin dil mədəniyyəti ilə əlaqələndirilir. Burada böyük tarixilik duyğusu ilə qeyd olunur ki, “XX yüzillik Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi hələ əsrin əvvəllərindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur”. Heydər Əliyevin milli ideologiya konsepsiyasında da XX əsrin məhz bu tarixi ənənəsi əsas yer tuturdu. Dil yalnız bir mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemi idi. O, dilin taleyinə millətin və dövlətin taleyi kimi baxır, böyük inamla belə qənaətə gəlirdi ki, “Müstəqil Azərbaycan Respublikasının gələcəyi üçün ən əsas vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.

Ulu öndər təkcə dövlətçiliyə, milli ideologiyaya deyil, ümumən mənəvi mədəniyyətin tarixi taleyinə dil prizmasından nəzər salırdı. Çünki dil milli-mənəvi varlığın ifadəsidir, dilin inkişafı milli şüurun dirçəlişini əks etdirir, milli-mənəvi özünüdərk ana dilinə münasibətdən başlanır. “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Bu sözlərdə böyük dövlət xadimi və mütəfəkkirin mənəvi mədəniyyətə — ədəbiyyata, incəsənətə münasibəti ifadə olunub. Heydər Əliyev çox gözəl bilirdi ki, Şərqin, türk-islam dünyasının, xüsusən də Azərbaycanın bütün fəlsəfi təlimləri əsasən bədii ədəbiyyata bağlı olub onun bətnindən boy atmışdır. Ona görə də azərbaycançılıq fəlsəfəsini formalaşdırarkən o, Azərbaycan ədəbiyyatına sistemli şəkildə istinad edirdi. Əvvəla, budur ki, Azərbaycanda hakimiyyətin ilk günlərindən (1969), hələ bundan əvvəl DTK-nın rəhbəri olarkən Heydər Əliyev ədəbiyyatı, mədəniyyəti, hər şeyi dövlətçiliyə tabe etməyə nail oldu. Başqa sözlə desək, Azərbaycanın tarixi taleyi ilə bağlı bütün fikirlərə dövlətçilik mənafelərindən nəzər salmağa başladı. Dövlət rəhbərləri arasında ilk dəfə məhz ümummilli lider ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Yazıçının tarixi qiymətini verməyin dövlət mexanizmini hazırladı və şəxsi təcrübədə əyaniləşdirdi.

Müdrik şəxsiyyət “Kitabi Dədə Qorqud”, M.Füzuli və “Manas” haqqında fərmanları və fikirləri ilə ədəbiyyat vasitəsilə türk birliyini yaratmağın yolunu göstərdi...

Azərbaycançılıq fəlsəfəsinin tərkib hissəsi kimi Heydər Əliyevin ədəbiyyat konsepsiyasının əsasında tarixilik və müasirliyin vəhdəti dayanır. Azərbaycan yazıçılarının VII qurultayındakı (12 iyun 1981) “Ədəbiyyatın yüksək borcu və amalı” adlı tarixi nitqində deyirdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir... Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir... tarixi simaların obrazları yaradılan və tariximizin çox mühüm dövrləri tərənnüm olunan ədəbi əsərlər ən yüksək səviyyədə yazılmalıdır. Bunlar çox mühüm, artıq deyək ki, mürəkkəb mövzulardır. Belə mövzuların öhdəsindən yalnız yüksək istedadlı, dərin bilikli sənətkarlar gələ bilərlər. Buna görə də tarixi mövzuda əsər yaratmağa girişməzdən əvvəl ədib öz qüvvə və imkanlarını götür-qoy etməli, böyük və ciddi hazırlıq işi aparmalıdır”.

Qüdrətli şəxsiyyət təkcə ədəbiyyatı, mədəniyyəti izah və şərh etmir, ədəbiyyata, mədəniyyətə təsir edir, onu yeni ideyalara, milli və dövlətçilik taleyi ilə bağlı istiqamətə yönəldirdi. Onun ədəbiyyat konsepsiyasında istedada böyük önəm, ədəbiyyatın əbədiyyətinə qüdrətli inam var. Hələ 1975-ci ildə Azərbaycanda sovet ədəbiyyatı günləri münasibətilə söylədiyi nitqdə ədəbi irsi hər şeydən uca tutaraq deyirdi: “Tarixin bir-birinə qovuşduğu əsrlər bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairləri təravətdən düşməyən misraları ilə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər”.

Göründüyü kimi, bu konseptual fikirdə də bədii ədəbiyyat milli istiqlalın, xalqın azadlıq və səadətinin fikir carçısı kimi dəyərləndirilir. Çünki Heydər Əliyevin azərbaycançılıq ideologiyası milli istiqlal nəzəriyyəsi idi. Bu ideologiyanın formalaşmasında mədəniyyətin roluna da ilk növbədə məhz istiqlalçılıq kontekstində nəzər salırdı. Belə hesab edirik ki, mədəniyyət və ideologiya eyni məqsəddə — gələcəyi formalaşdırmaq kimi tarixi bir məqamda birləşir. Əgər təhsil ideologiyanın təbliğ funksiyasını ifadə edirsə, mədəniyyət təlqin vəzifəsini öz üzərinə götürür. Mədəniyyətin başlıca vəzifəsi xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycan kimi polietnik cəmiyyət üçün bu, xüsusilə vacibdir.

Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərəkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: “Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir”. O, mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Mədəniyyətə bir körpə kimi atalıq qayğısı göstərir, onu insanlığın mənəvi varlığı üçün qorumağı lazım bilirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.

Türk dünyasının lideri Heydər Əliyev fenomenal yaddaşa, parlaq nitq qabiliyyətinə, dərin zəkaya malik bir şəxsiyyət idi. O, hansı sahədən danışırsa danışsın, həmin sahəni qaldırır, əhəmiyyətini yüksəldir, onun tarixi dəyərini güclü məntiqlə əsaslandırırdı. O, neftdən danışanda deyirdi ki, Azərbaycanın tarixi taleyi üçün neftdən önəmli bir şey yoxdur, tarixdən elə danışırdı ki, bu fikri tarix haqqında söyləməli olurdun. Mədəniyyətlə bağlı ulu öndərin fikirlərini oxuyanda da belə nəticəyə gəlirsən ki, onun azərbaycançılıq təlimi, dövlət ideologiyası və siyasəti üçün mədəniyyətdən vacib amil yoxdur. Bu, hər şeydən əvvəl onun mədəniyyətə, ədəbiyyata, dilə, xalqın mənəvi varlığını əks etdirən sənətə məhəbbətindən irəli gəlirdi. Məsələn, o, teatr sənəti haqqında deyirdi: “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəsini yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan keçirir. Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”.

Heydər Əliyev özü bu ecazkar qüvvədən, sənətin kütlə psixologiyasına təsir imkanlarından öz dövlət siyasətini həyata keçirərkən bacarıqla istifadə edirdi. Ümumiyyətlə, bir xalqı dünyada tanıtmaq üçün incəsənət və idmandan yaxşı vasitə yoxdur. Xüsusilə musiqi, teatr, kino və idmanın çevik növləri xalq haqqında, ölkə haqqında başqa xalqlarda çox fəal təsəvvür yaradır, müxtəlif rejimli, müxtəlif dilli millətləri və ölkələri siyasətsiz belə bir-birinə yaxınlaşdırır.

Tarixdə bir çox liderlər kino sənətindən siyasi-ideoloji məqsədlərlə, ən çevik və kütləvi təsir vasitəsi kimi istifadə etmişlər. Azərbaycan kino sənətinə münasibətində müdrik şəxsiyyətin böyük bir qayğıkeşliyi var. Sovet imperiyası çökdükdən sonra həmişə Moskvadan asılı olmuş kino sənətimiz böhrana düşmüş, iqtisadi çətinliklər ucbatından “Azərbaycanfilm” bağlanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Belə bir dövrdə — 2000-ci il avqust ayının 18-də ümummilli lider 1898-ci il avqustun 2-də ilk kinoseansın nümayiş etdirildiyi günü Azərbaycan kinosu günü — kino işçilərinin peşə bayramı olaraq, Azərbaycan kinosu gününün təsis edilməsi haqqında sərəncam imzaladı.

Bu sərəncamla bərabər onun inamla dediyi fikirlər milli kino sənətimizi öz məcrasına qaytardı: “Kino bizim xalqımızın salnaməsidir. Azərbaycan kinosunda dəyərli əsərlər yaradılıb. Bunu heç cürə unutmaq olmaz. Kinomuzun tarixi və bu sahədə əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir. Biz bu sərvəti qoruyub saxlamalıyıq. Tariximizdir, ədəbiyyatımızdır — kinomuz. Bunlar bir-biri ilə sıx surətdə bağlıdırlar. Kinonu, kinematoqrafiyanı, kino sənətimizi yaşatmaq lazımdır. Şübhəsiz ki, bizim kino sənətinin on illərlə yaranmış böyük bir kollektivinin dağıdılmasına imkan vermək olmaz. Eyni zamanda, gərək hər birimiz bu ağır dövrə dözək. İnanıram ki, bu ağır dövrün də ömrü uzun olmayacaqdır. Biz bu dövrü keçib gedəcəyik, mən gələcəyə nikbin baxıram”.

Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Bəyanatlarından birində ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu bizi narahat etməlidir. ...Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır”.

Ümumiyyətlə, ulu öndər dinin tarixdə və cəmiyyətdəki mənəvi- saflaşdırıcı roluna, insanlarda inam, iman və əqidə formalaşdırmaq imkanlarına xüsusi diqqət yetirir, dəyişməz ehkamlar sistemi olan dini ideologiyadakı yerini həssaslıqla təyin edir. Hələ 1993-cü ildə fəlsəfi-ictimai fikirdə belə bir qənaət formalaşmışdı ki, “Azərbaycançılıq” xalqımızın çox əzab-əziyyətlərdən sonra yaratdığı tarixi dəyərdir, real müstəqilliyə nail olmaq, vahid, bölünməz, unitar Azərbaycanı qoruyub saxlamaq vasitəsidir. Bu gün “azərbaycançılıq” milli həyatın ahəngdarlığının çoxəsrlik ənənəsi, diyarımızda yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, birgə fəaliyyəti və qarşılıqlı təsirinin tarixi, ümumi taleyi, Azərbaycanın bütövlüyünü qorumaq uğrunda onların birgə mübarizəsinin tarixi təcrübəsidir" (Ramiz Mehdiyev.Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi. Bakı, 2001, s.208).

Heydər Əliyevin tarixi şəxsiyyət kimi möhtəşəmliyi bunda idi ki, o, təkcə müstəqil Azərbaycan dövlətini deyil, həm də real tarixin özünü idarə etməli oldu. Tarixi hərəkətə gətirmək, onu idarə etməklə o, tarixdə şəxsiyyətin həlledici rol oynadığını, marksist fəlsəfənin iddia etdiyi kimi, tarixi kütlələrin deyil, liderlərin yaratdığını öz fəaliyyəti ilə əyaniləşdirməyə nail oldu. Onun azərbaycançılıq nəzəriyyəsi nadir tarixi şəxsiyyətlərə məxsus belə bir imkana istinad edir.

Ümumiyyətlə, ideologiya tarixin gedişi ilə meydana çıxaraq, həmin gedişi təsdiq edən və bu gedişin sonrakı istiqamətlərini müəyyənləşdirən, həmin prosesdə xalqın rolunu təyin edən, ona tarixi bəraət qazandıran ən parlaq və obyektiv ideyaların sistemi və məntiqi məcmusudur.

Azərbaycançılıq ideologiyasının fəlsəfi təlim kimi sistemə salınması və müstəqil Azərbaycan dövlətçiliyinə tətbiqi dövlət idarəçiliyində zəngin təcrübəsi olan böyük şəxsiyyətin tarixi xidmətidir. Böyük nəzəri-tarixi ənənələri olsa da, azərbaycançılıq yeni siyasi dövrün ifadəsi, yeni təfəkkür mərhələsinin fəlsəfəsi kimi formalaşmışdır.

Heydər Əliyevin yeni tarixi dövrdə — 15 iyun 1993-cü ildən etibarən apardığı müstəqil Azərbaycanın dövlət siyasətinin əsasında məhz azərbaycançılıq ideologiyası dayanırdı. Müdrik şəxsiyyətin ideyalarının əzmkar davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin tarixi rolundan bəhs edərkən demişdir: “Azərbaycan rəhbərliyinin apardığı siyasət yeganə düzgün siyasətdir. Bunu həyat da sübut etmişdir. Azərbaycan çox böhranlardan şərəflə çıxmışdır. Vətəndaş müharibəsi və cəmiyyətin parçalanması təhlükəsindən qurtarmışdır. İndi Azərbaycanda sabitlikdir, güclü iqtisadiyyat vardır, demokratikləşdirmə yolunda çox işlər görülür. Buna görə də mən qəti əminəm ki, hazırda yeridilən xətt davam etdirilməlidir... İndiki siyasət bir çox onilliklər üçün nəzərdə tutulmuş siyasət olmalıdır. Əks halda, Azərbaycan yenə də hansısa hərc-mərcliyə məruz qala bilər”. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, onun ideologiyasına qüvvətli inam və İlham Əliyevin qalibiyyət əzmi ifadə olunur. Bu gün bütün dünyada azərbaycançılığın ən böyük qarantı Azərbaycanın və hər bir azərbaycanlının Prezidenti İlham Əliyevdir.

Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində — daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Zaman keçdikcə ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daha möhtəşəm görünür, qoca tarix inadkar bir inamla onun cahanşümul əməllərini, dövlətçilik ideallarını və azərbaycançılıq nəzəriyyəsini təsbiq edir.

 

 

Nizaməddin ŞƏMSİZADƏ,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2009.- 5 may.- S. 4.