Möcüzələr adası” – Neft Daşları yubileyə hazırlaşır

 

Ölkə iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesi əlamətdar bir hadisəni qeyd etməyə hazırlaşır. Məlum olduğu kimi, bu il dəniz neft sənayesinin 60 yaşı tamam olur. 1949-cu ilin noyabr ayının 7-də “möcüzələr adası” — Neft Daşlarında ilk neft quyusunun istismara daxil edilməsi ilə dünyada açıq dənizdə neftçıxarmanın əsası qoyuldu. Qəhrəman, fədakar Azərbaycan neftçilərinin bu müraciəti bütün dünyaya səs saldı. İnsan zəkasının şah əsəri sayılan “Neft Daşları” adlı bir məkanın sorağı, şöhrəti dünyaya yayıldı. Sonralar Azərbaycan neftçilərinin bu təcrübəsindən dünyanın neft istehsal edən digər ölkələrində də istifadə etməyə başladılar.

Çətin dəniz şəraitində çalışan, dalğalarla üz-üzə qalan qəhrəman neftçilərimiz bir neçə ildən sonra “Neft Daşları” yatağında, polad dirəklər üzərində əfsanəvi bir məkanın — yeni qəsəbənin bünövrəsini qoydular. Mavi Xəzərin köksündə salınan Neft Daşları adlı bu qəsəbə üstündən uzun illər keçməsinə baxmayaraq, bu gün də yaşayır, fəaliyyət göstərir. Burada infrasturktur imkanları getdikcə artırılır, yeni-yeni özüllər qoyulur, neftçilərin əmək şəraiti yaxşılaşdırılır, asudə vaxtlarının səmərəli keçirilməsi üçün hər cür şərait yaradılır. Bir sözlə, bu gün “möcüzələr adası”nda insan yaşayışı və fəaliyyəti üçün hər şey var. Ən başlıcası isə, çətin dəniz şəraitində çalışan neftçilər getdikcə artmaqda olan dövlət qayğısını daha çox hiss edirlər. Bütün bunlar şərəfli peşə sahiblərində ölkənin, onun neft sənayesinin gələcək inkişafına inamı artırır, onları yeni-yeni nailiyyətlərə ruhlandırır. Bir də ki, 2009-cu il Neft Daşları Neft və Qazçıxarma İdarəsi üçün əlamətdar bir dövr, yubiley ilidir. Görünür, elə buna görədir ki, ilin əvvəlindən uğurlu start götürən neftçilər bütün texniki-iqtisadi göstəricilər sahəsindəki nailiyyətləri günbəgün, aybaay artırırlar.

Cari ilin birinci rübünü uğurla başa vuran neftçilər nəzərdə tutulmuş 213 min 770 ton əvəzinə 214 min 318 ton “qara qızıl” hasil edərək tapşırığa 100,3 faiz əməl etmişlər. İdarənin 1 və 5 saylı neft və qazçıxarma sexlərinin kollektivlərinin hasilat göstəriciləri isə daha yüksək olmuşdur. Belə ki, rüb ərzində müvafiq olaraq 65 min 430 və 34 min 710 ton neft çıxaran hər iki sex üzrə hasilat tapşırığı 101 faiz yerinə yetirilmişdir. Digər üç mədən üzrə də hasilat göstəriciləri 100 faizdən yuxarı olmuşdur. Bundan əlavə, 2009-cu ilin yanvar-mart aylarında Neft Daşları NQÇİ üzrə 211 min 498 ton neft təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan 618 ton çoxdur. Hesabat dövründə “Neft Daşları” yatağında 16 milyon kubmetrdən artıq səmt qazı hasil olunaraq idarənin daxili tələbatının ödənilməsinə sərf olunmuşdur.

“Neft Daşları” yatağı 60 ildir istismarda olmasına baxmayaraq, buradakı ehtiyatlar hələ tükənməyib. Məhz buna görədir ki, son illər yataqda qazma işlərinə diqqət xeyli artırılıb. Bunun da hesabına bir-birinin ardınca yeni-yeni quyular qazılaraq neftçilərin sərəncamına verilir. Təkcə cari ilin birinci rübündə qazmadan nəzərdə tutulmuş iki əvəzinə dörd quyu alınmışdır ki, bunun da hesabına 870 tona qarşı 5733 ton əlavə neft hasil edilmişdir. Rüb ərzində qazmadan alınan yeni quyularla yanaşı, fəaliyyətsiz fonddan da 3 əvəzinə 10 quyu yenidən istismara qaytarılmışdır ki, bu da min tondan artıq əlavə neftin çıxarılmasına imkan yaratmışdır.

Neft hasilatında yüksək məhsuldarlığa nail olmaq geoloji və texniki tədbirlərin vaxtlı-vaxtında, özü də keyfiyyətlə aparılmasından çox asılıdır. Cari ilin ilk üç ayında bu vacib amilə xüsusi önəm verən neftçilər analoji tədbirlər zamanı yüksək səmərə əldə etməyə müvəffəq olmuşlar. Belə ki, hesabat dövründə “Neft Daşları” NQÇİ üzrə quyularda 20 əvəzinə 25 geoloji tədbir həyata keçirilərək 7780 ton əlavə neft hasil olunmuşdur ki, bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Bundan əlavə, ilin ilk rübündə quyularda aparılmış texniki tədbirlər də yüksək səmərə vermişdir. Daha dəqiq desək, yanvar-mart aylarında idarə üzrə 132 (nəzərdə tutulduğundan 47 tədbir çox) texniki tədbir həyata keçirilmişdir ki, bunun da hesabına 3125 ton əvəzinə 3821 ton neft hasil olunmuşdur.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev neftçilər qarşısında yaxın illərdə “Neft Daşları” yatağında hasilatı 1 milyon 200 min tonadək artırmaq kimi mühüm bir vəzifə qoymuşdur. Artıq bir neçə ildir ki, bu istiqamətdə konkret tədbirlər həyata keçirilir, “möcüzələr adası”nın infrastruktur imkanları genişləndirilir.

Son illər “Neft Daşları” yatağında üç dərin dəniz stasionar özülü quraşdırılmışdır. 34 quyu üçün layihələndirilmiş 1887 saylı özüldən artıq 14 quyu qazılaraq istismara daxil edilmişdir.

Bundan əlavə, 2387 saylı özüldən qazılmış 4 quyu da artıq istismardadır. Gələcəkdə isə buradan daha 8 quyunun qazılması nəzərdə tutulur. Ötən il istismara verilmiş və 12 quyu üçün layihələndirilmiş 2415 saylı özüldən isə ilk quyunun qazıntısı başa çatdırılıb. Hazırda isə “Neft Daşları” yatağında daha bir özülün təməli qoyulub. Məlumat üçün bildiririk ki, “möcüzələr adası”nın 60 illiyi ərəfəsində istismara daxil edilməsi nəzərdə tutulan 2521 saylı özüldən gələcəkdə 12 quyunun qazılması planlaşdırılır.

Yaxın illərdə “Neft Daşları” yatağında hasilatın artması ilə əlaqədar neft həcmlərinin yığılıb sahilə nəql edilməsi üçün adadakı 6 saylı əmtəə çənləri parkı genişləndirilir, yeni nasosxana tikilir. Artıq hər iki obyektdə tikinti-quraşdırma işləri sona çatmaq üzrədir. Yaxın vaxtlarda istifadəyə veriləcək əmtəə çənləri parkında hər birinin tutumu 2 min kubmetr olan 6 çən inşa olunacaq. Bundan əlavə, hazırda Neft Daşlarında yeni bioloji təmizləmə qurğusunun tikintisi sürətlə davam etdirilir. Xatırladaq ki, yeni qurğunun köməyi ilə buradakı bütün çirkab suları təmizlənəcək. Bununla yanaşı, Neft Daşlarının ekoloji mühitini sağlamlaşdırmaq məqsədilə özüllərdən havaya atılan təqribən 350 min kubmetr alçaq təzyiqli qaz yığılaraq qaz-lift quyularının istismarına yönəldiləcək. Bunun da çox böyük iqtisadi səmərəsi olacaq. Adada aparılan nəhəng tikinti-quraşdırma işlərindən biri də buradakı 2 saylı qaz-kompressor stansiyasının ikinci hissəsinin inşası ilə bağlıdır.

“28 May” NQÇİ-nin sifarişi əsasında “Neftqaztikinti” Trestinin 7 saylı tikinti-quraşdırma idarəsi tərəfindən inşa olunan bu nəhəng qurğuda “Günəşli” yatağından qəbul edilən qaz yüksək təzyiq altında sıxılaraq Neft Daşları — Qaradağ sualtı boru kəməri ilə sahilə nəql ediləcək. Xatırladaq ki, Neft Daşlarının 60 illik yubileyi ərəfəsində istismara veriləcək stansiya gələcəkdə sahilə nəql edilən sutkalıq qazın həcmini 11 milyon kubmetrədək artırmağa imkan yaradacaq.
Hazırda Neft Daşlarında 60 illik yubileyə hazırlıqla bağlı digər mühüm tikinti-quruculuq və abadlıq işləri də yüksək səviyyədə yerinə yetirilir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin “Neft Daşları” yatağının 60 illik yubleyi ilə əlaqədar təsdiq etdiyi tədbirlər planında nəzərdə tutulmuş işlərin bəziləri başa çatdırılıb, digərləri isə sürətlə və keyfiyyətlə davam etdirilir. Belə ki, qəsəbədə yüksək memarlıq üslubunda inşa edilmiş məscid artıq dindarların ixtiyarına verilib.

Bu yaxınlarda istifadəyə verilmiş idman qurğusunda isə müxtəlif oyunların keçirilməsi üçün hər cür şərait yaradılıb. Tikintisi yenicə başa çatdırılan və ən müasir tələblərə cavab verən çörəkbişirmə sexində avadanlıqların quraşdırılması tamamlanmaq üzrədir. Buradakı müasir memarlıq üslubunda inşa edilən çay evi isə neftçilər üçün əsl yubiley töhfəsi olacaqdır. Bundan əlavə, hazırda qəsəbədəki istirahət parkı tamamilə yenidən qurulur. Qəsəbənin mərkəzində ulu öndər Heydər Əliyev adına muzeyin və “Azərbaycan bayrağı” meydanının tikintisi də sürətlə davam etdirilir.

Adı çəkilən tədbirlər planına əsasən, qəsəbədəki 19 saylı yataqxana korpusunda son tamamlama işləri görülür, yeməkxana, klub və tibb məntəqəsinin yerləşdiyi 18-ci korpusda tikinti işləri davam etdirlir. Neft Daşları NQÇİ-nin inzibati binasında isə təmir işlərinə başlanılıb. Bundan əlavə, hazırda qəsəbədə sahilbərkitmə işləri görülür, istismardan silinmiş qurğular sökülür. Bütün bu tədbirlər “möcüzələr adası”nın simasına əlavə yaraşıq gətirəcək, Neft Daşları qəsəbəsinin daha da abadlaşdırılmasına, müasirləşməsinə gətirib çıxaracaq.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 5 may.- S. 6.