Məktəbəqədər təhsil müəssisələrinə diqqət artır

 

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat verir ki, ölkədə təhsilə, o cümlədən, məktəbəqədər təhsilə hökumət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində bu sahəyə dövlət büdcəsindən çəkilən xərclərin həcmi ilbəil artır. Cari ilin əvvəlində ölkədə fəaliyyət göstərən 1607 dövlət və 5 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 103,6 min uşaq təlim və tərbiyə almışdır. Məktəbəqədər təhsil müəssisələrinin 96 faizi Təhsil Nazirliyinin tabeliyindədir və onların 23 faizi Bakı şəhərində yerləşir.

Bu gün Azərbaycanda 1-5 yaşlarında olan uşaqların təhsilin ilk pilləsi ilə əhatə olunma əmsalı 15,8 faiz təşkil edir. Bununla belə, fəaliyyət göstərən məktəbəqədər müəssisələr tam gücü ilə işləmir və ölkə üzrə hər 100 yerə 81 uşaq düşür.

Məktəbəqədər təhsil müəssisələrinin 1094-ü körpələr evi-uşaq bağçası, 484-ü uşaq bağçası, 32-si körpələr evi və 2-si məktəb-uşaq bağçası kimi fəaliyyət göstərir. Müəssisələrin ümumi sayından 1602-si və ya 99,4 faizi ümumi təyinatlı, 10-u sanatoriya və xüsusi təyinatlıdır və hamısı şəhər yerlərində fəaliyyət göstərir.

Məktəbəqədər müəssisələrin 1002-si və yaxud 62 faizi altıgünlük, 610-u və ya 38 faizi beşgünlük iş rejimi ilə işləyir. Bu müəssisələrə gələn uşaqların 93,2 faizi Azərbaycan dilində, 6,5 faizi rus dilində, 0,3 faizi gürcü dilində təlim və tərbiyə alır.

Məktəbəqədər təhsilin keyfiyyəinə təsir edən əsas amillərdən biri də onların pedaqoji kadrlarla təmin olunmasıdır. Cari ilin əvvəlinə həmin müəssisələrdə uşaqların təlim və tərbiyəsi ilə məşğul olmuş 13,5 min pedaqoji işçinin 10 min nəfərini və ya 74 faizini tərbiyəçilər təşkil etmişdir. Pedaqoji işçilərin hər dörd nəfərindən biri ali, 64 faizi orta ixtisas təhsillidir. Ali təhsillilərin 82 və orta ixtisas təhsillilərin 78 faizinin pedaqoji təhsili vardır. Pedaqoji işçilərin 77 faizinin iş stajı 10 ildən artıqdır.

Məktəbəqədər müəssisələrin 99,3 faizi kadrlarla tam təmin olunmuşdur və bir tərbiyəçiyə orta hesabla 10 uşaq düşür.

Ölkədə hər il məktəbəqədər müəssisələr üçün yeni binalar tikilir və son 5 il ərzində 6749 yerlik 65 belə müəssisə istifadəyə verilmişdir.

Azərbaycanda məktəbəqədər təhsilin sürətlə inkişaf etdirilməsi və onun beynəlxalq standartlara tam uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli, 2089 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı” (2007-2010-cu illər) təsdiq edilmiş və hazırda proqramın yerinə yetirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir.

 

 

T.ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 5 may.- S. 7.