Azərbaycan regionlarının sosial-iqtisadi inkişafında yeni mərhələ

 

AMEA-nın İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş “dəyirmi masa” ətrafında söhbət

 

Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu cür imkanı isə heç şübhəsiz, dövlət başçısı cənab İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaradır. Belə ki, adı çəkilən sənəddə ölkə regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur.

Ölkənin növbəti beş ildə davamlı və tarazlı inkişafını nəzərdə tutan yeni Dövlət Proqramı iqtisadiyyatı şaxələndirmək yolu ilə onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsinə nail olmaq məqsədi daşıyır. Bütün bu məqsədlərə çatmaq, gözlənilən nəticələri əldə etmək üçün, ilk növbədə, hansı işlər görülməlidir?

Ümumiyyətlə, yeni regional inkişaf proqramının reallaşdırılması Azərbaycanın sosial-iqtisadi tərəqqisinə nə kimi töhfələr verə bilər, adı çəkilən sənədin ölkənin qeyri-neft sektorunun inkişafına təsiri hansı səviyyədə olacaq? Bu və digər suallara “dəyirmi masa” zamanı aydınlıq gətirildi. “Dəyirmi masa” ətrafında söhbətdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsini icra edən, iqtisad elmləri doktoru Vilayət Vəliyev, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisad elmləri namizədi Allahyar Muradov, institutun elmi katibi, iqtisad elmləri namizədi Rəsmiyyə Abdullayeva, şöbə müdiri, iqtisad elmləri doktoru Rəna Sultanova, institutun baş elmi işçisi, iqtisad elmləri doktoru Gülşən Yüzbaşıyeva, böyük elmi işçi Qurban Qurbanov, aparıcı elmi işçi, iqtisad elmləri namizədi Aqil Əsədov, iqtisad elmləri namizədi Tofiq Hüseynov və institutun əməkdaşı İlkin Sultanlı iştirak edirdilər.

 

İsa ALIYEV, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru:

 

– Hörmətli “dəyirmi masa” iştirakçıları, hər birimizə məlumdur ki, bu gün inamla həyata keçirilən Heydər Əliyev strategiyasının nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə tarazlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımları və inanılmaz iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulur. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti uğurlu iqtisadi nailiyyətləri ilə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmlətmişdir.

Yada salmaq istərdim ki, hələ 2003-cü ildə prezident seçkiləri zamanı cənab İlham Əliyev Azərbaycanın gələcək inkişafını regionların müəyyən edəcəyini, bölgələrdə güclü insan potensialının olduğunu və iqtisadi potensialın da yaradılacağını bəyan edərək, regionların inkişafının sürətləndirilməsini özünün sosial-iqtisadi platformasının başlıca hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri yaratmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə, regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax və digər iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndırilməsinə dair əlavə sərəncamlar da imzalamışdır.

Bütün bunlarla yanaşı, təbii ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın icrasının yekunlarına dair konfransda da vurğulandığı kimi, 2004-cü ildə qəbul edilən regional inkişaf proqramına hər şeyi daxil etmək mümkün deyildi. Bu gün isə məhz regional proqramın uğurla həyata keçirilməsi nəticəsində ciddi regional iqtisadi potensial formalaşmış və artıq Azərbaycanda əksər sahələrin, bir çox bölgələrin konkret inkişaf proqramları işlənib hazırlanmış, eləcə də müvəffəqiyyətlə icra olunmaqdadır. Bu proqramların üstün cəhətləri ondan ibarətdir ki, burada bütün qarşıya qoyulmuş vəzifələr, onların icra dövrü, maliyyələşmə mənbələri və s. daha konkret xarakter daşıyır. Bütün bunlar isə əminliklə deməyə əsas verir ki, artıq Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edən vahid bir sistem kimi formalaşaraq, beynəlxalq iqtisadi arenada baş verən yenilikləri sürətlə mənimsəməkdədir. Bu mənimsəmə istər yeni texnika və texnologiyanın tətbiq edilməsi, istərsə də idarəetmə qərarlarının qəbulu, struktur yeniləşdirmələri və s. formada özünü büruzə verməkdədir.

Beş il ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılmışdır. Təkcə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilmişdir ki, bunun da 87 faizi, kreditlərin isə 70 faizi məhz regionların payına düşür. Regional inkişaf proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilmişdir.

Hər birimizə məlumdur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ən ümdə məqsədi məhz regionların mövcud potensialından maksimum qənaətlə və səmərəli istifadəni təmin etməklə dinamik regional inkişafa nail olmaqdan ibarətdir. Bu gün regionların sosial vəziyyətinə, iqtisadi durumuna, eləcə də bu mənzərəni daha əyani şəkildə canlandıran statistik rəqəmlərə nəzər saldıqda bir daha şahidi oluruq ki, 2003-2008-ci illəri əhatə edən proqram nə dərəcədə zəngin potensial formalaşdırmışdır. Belə ki, son beş ildə Azərbaycanda 2,6 dəfə iqtisadi artıma nail olunmuş, adambaşına düşən gəlir 5500 dollara çatmış və sənaye istehsalı 2,5 dəfə artmışdır. Bu dövrdə ölkə ərazisində yüzlərlə yeni müəssisə açılmış, SSRİ-nin süqutundan sonra fəaliyyətini dayandırmış və ya məhdudlaşdırmış bir çox müəssisənin tam fəaliyyəti bərpa edilmişdir. Bütün bunların nəticəsində isə ölkə üzrə 547 mini daimi olmaqla 766 min yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 49 faizdən 13,2 faizə qədər azalmışdır. Bu müddətdə Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri genişlənmişdir ki, bunun da nəticəsində xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır. Əlbəttə, bütün bunlar gələcəkdə daha inamlı və genişmiqyaslı regional proqram və layihələrin icrasına imkan yaradır.

Bugünkü “dəyirmi masa”nın keçirilməsində də məqsəd ölkə başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrin aktuallığının elmi cəhətdən əsaslandırılması və vəzifələrin uğurla icra edilməsində iqtisadçı alimlərin rolunun, eləcə də bu istiqamətdə İqtisadiyyat İnstitutunun qarşısında duran vəzifələrin müəyyənləşdırilməsidir.

 

Vilayət VƏLİYEV, İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru əvəzi, iqtisad elmləri doktoru:

 

– Hazırda Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi orta və uzunmüddətli inkişaf prioritetlərinə uyğun olaraq ölkə əhalisinin həyat səviyyəsinin davamlı şəkildə yüksəldilməsindən, yoxsulluğun daha da azaldılmasından, əldə edilmiş iqtisadi artım tempinin dayanıqlığını saxlamaqla respublikamızın dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada yer almasının təmin olunmasından ibarətdir. Bu məqsədlərdən irəli gələrək qarşıda duran və dinamik inkişafın əldə edilməsinə xidmət edən vəzifələr ciddi əsaslandırılmış, müəyyən mərhələni əhatə edən, icrası daimi olaraq ölkə rəhbərliyinin nəzarəti ilə müşayiət olunan, zamanın tələbləri nəzərə alınmaqla müntəzəm yeniləşən, geniş əhatəli dövlət proqramları əsasında həyata keçirilir. Bu baxımdan ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox dövlət proqramları təsdiq edilmişdir ki, bunların içərisində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkışafı Dövlət Proqramı (2004-2008-ci illər)” xüsusi yer tutur. Əldə edilmiş neft gəlirlərindən səmərəli istifadə etməklə proqramda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində son beş ildə büdcə xərcləri 12 dəfə, minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyalar 4 dəfə artırılmış, yoxsulluğun səviyyəsi isə 35,8 faiz aşağı düşmüşdür. Ölkəyə investisiya qoyuluşlarının cəlb olunması və işgüzar fəallığın yüksəldilməsində başlıca şərtlərdən biri kimi ictimai xidmətlər sektorunda müasir infrastruktur formalaşdırılmışdır. Belə ki, dövrün tələblərinə cavab verən yollar çəkilmiş, kommunal xidmətlərin əhatə şəbəkəsi genişləndirilmiş, xidmətlərin keyfiyyəti artırılmış, eləcə də bank, rabitə, nəqliyyat və digər sosial obyektlər beynəlxalq standartlara cavab verə biləcək səviyyədə yeniləşdirilmişdir.

2009-cu il aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ötən illər ərzində qazanılmış təcrübədən bəhrələnməklə ölkənin iqtisadi inkişafının struktur baxımından yeni bir mərhələsini əhatə edən kompleks məsələlərin həll edilməsini qarşıya qoyur. Dövlət Proqramında ümumilikdə 1066 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bunun da 58-i ölkə əhəmiyyətlidir. 968-i iqtisadi rayonları, 40-ı isə Bakı şəhərinin qəsəbələrini əhatə edən tədbirlərdən ibarətdir.

Göründüyü kimi, qəbul edilmiş Dövlət Proqramının əsas prioritetlərini iqtisadiyyatın diversifikasiyası fonunda qeyri-neft sektorunun inkişafı və sosial məsələlərin həlli təşkil edir. Bu isə bir daha təsdiq edir ki, artıq icra edilməsinə başlanılmış Dövlət Proqramında əhatə olunan məsələlər kompleksliliyi ilə səciyyələnir və ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin kifayət qədər mürəkkəb problemlərini özündə ehtiva edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli sosial-iqtisadi tərəqqisi aparılan elmi tədqiqatların qarşısında mövcud inkişafın xarakterindən irəli gələn və kifayət qədər mürəkkəbliyi ilə fərqlənən problemlərin həll edilməsi zərurətini qoyur. Lakin aparılan elmi-tədqiqatlar istər kadr potensialı, istər tədqiqat mövzularının seçilməsi və yerinə yetirilməsi, istərsə də elmi-tədqiqatların əlaqələndirilməsi və sahibkarlığın inkişafına istiqamətlənmiş maarifləndirmə işlərinin təşkili baxımından mövcud iqtisadi inkişaf tempi ilə heç də həmişə uzlaşmır. Vacib bir məqam xüsusi qeyd olunmalıdır ki, davamlı və dinamik iqtisadi inkişaf elmi-tədqiqat işlərinin tamamilə yeni keyfiyyət standartlarına uyğunlaşdırılmasını tələb edir. Elmi tədqiqatlar məhz Dövlət Proqramında nəzərdə tutulmuş imkanlardan yararlanmalı, tədqiqat işləri proqramda nəzərdə tutulmuş məsələlərlə sıx bağlı olmalı, proqramın icrası gedişində əldə edilən məlumatlar təhlil edilməli, inkişafa yönəldilmiş, elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlanmalıdır.

Regionların inkişafı baxımından yerlərdə sahibkarların maarifləndirilməsi işinin təşkili də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyinin tədris mərkəzinin regionlarda yaradılmış filialları müntəzəm olaraq investisiya layihələrinin tərtib edilməsi və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə qaydalarına dair təlimlər keçirir. Bununla yanaşı, sahibkarların sorğularının cavablandırılması üzrə telefon-məlumat mərkəzinin yaradılması istiqamətində də intensiv işlər aparılır. Bütün bu tədbirlər bir tərəfdən sahibkarların maarifləndirilməsini təmin edən məlumat bazasının formalaşdırılmasına, digər tərəfdən isə bu məlumat bazasından istifadə etməklə sahibkarlığın inkişafı istiqamətində mövcud problemlərin həllinə xidmət edən empirik tədqiqatların aparılmasına imkan verəcəkdir.

 

Tofiq HÜSEYNOV, iqtisad elmləri namizədi, dosent:

 

– Respublikamızda tətbiq edilən regional inkişaf dövlət proqramları iqtisadi idarəetmədə dövlət tənzimləməsinin bir forması olmaqla, ölkə iqtisadiyyatının diversifikasiyasını, sahəvi və regional strukturunun təkmilləşdirilməsini, əhalinin məşğulluq səviyyəsinin və regionların investisiya cəlbediciliyinin yüksəldilməsini təmin edir. İsa müəllimin qeyd etdiyi kimi, 2004-2008-ci illəri əhatə edən birinci regional Dövlət Proqramı uğurla yerinə yetirilmişdir. Bu uğuru təmin edən əsas amillərdən biri investisiya qoyuluşunun artması olmuşdur. Belə ki, 2003-2007-ci illərdə neft sektoru çıxılmaqla, ölkə üzrə əsas kapitala investisiyaların 42,3 faizi və ya 4 milyard 654 milyon manatı regionlarda istifadə edilmişdir. 2003-cü illə müqayisədə 2007-ci ildə belə investisiyalar 5 dəfə artmışdır. Bu dövrdə təkcə xalq istehlakı malları istehsal edən 42 yeni müəssisə və sex tikilib istifadəyə verilmişdir ki, onların da 39-u regionlarda yaradılmışdır. Nəticədə regionların sənayeləşdirilməsi istiqamətində irəliyə doğru ciddi addımlar atılmışdır. Neft sektorunu nəzərə almasaq, 2007-ci ildə ölkənin sənaye məhsulunun 53 faizi regionlarda istehsal edilmişdir. Bu müddətdə Şəki-Zaqatala, Dağlıq Şirvan və Naxçıvan iqtisadi rayonlarında sənaye məhsulu istehsalı 16 dəfədən çox artmışdır.

2003-cü ildən sonrakı dövrdə baş vermiş çox mühüm, prinsipial əhəmiyyətli dəyişikliklərdən biri də ondan ibarətdir ki, daxili investisiyalar həm ümumi həcminə, həm də xüsusi çəkisinə görə xarici investisiyaları üstələmişdir. Onların xüsusi çəkisi 2003-cü ildəki 25 faizdən 2008-ci ildə 75 faizə qədər artmışdır. Son iki ildə daxili investisiyaların 80 faizə qədəri dövlət vəsaiti hesabına maliyyələşdirilmişdir.

Ölkə Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaxın beş ildə respublikanın bütünlükdə iqtisadi inkişaf strategiyasını müəyyən etmişdir. Bu strategiya qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın diversifikasiyasını, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafını, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Proqramda iqtisadi siyasətin tərkib hissəsi kimi ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, daxili bazarın haqsız rəqabətdən qorunması, iqtisadiyyatın səmərəli tənzimlənməsi, daxili investisiya resurslarının payının artırılması, qeyri-neft, qeyri-xammal sahələrinin, turizmin inkişafının prioritetliyi öz əksini tapmışdır. Proqramda həmçinin sənayenin, aqrar sektorun, elmin, təhsilin və digər iqtisadi fəaliyyət sahələrinin inkişafını təmin edə bilən vəzifələr müəyyən edilmişdir. Ümumilikdə, bu proqramın yerinə yetirilməsi cəmiyyətdə orta təbəqənin payının çoxalmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və iqtisadi inkişafın davamlı artımını təmin edəcəkdir.

 

Allahyar MURADOV, iqtisad elmləri namizədi:

 

– Məndən öncə çıxış edən həmkarlarım proqramın əhəmiyyəti, nəzərdə tutulmuş tədbirlərin ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyması, qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verəcəyi, sahibkarlıq mühitinin daha da yaxşılaşması, iqtisadiyyata investisiya qoyuluşlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və yoxsulluğun azalmasında mühüm rol oynayacağı ilə bağlı öz fikirlərini bildirdilər. Mən isə bu mühüm sənəddə elmin inkişafı istiqamətində görüləcək tədbirlər haqqında danışmaq istəyirəm.

Ölkə Prezidentinin fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtısadi inkişafı Dövlət Proqramı” da regionlarda elmi-texniki potensialın inkişaf etdirilməsi istiqamətində nəzərdə tutulan aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və aqrar sahənin inkişafı üçün müasir tələblər səviyyəsində kadrların hazırlanmasının dəstəklənməsi, təhlükəli hidrometeoroloji hadisələrin erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsi, meliorasiya və su təsərrüfatı sahəsi üzrə elmi-tədqiqat və layihə institutlarının strukturunun təkmilləşdirilməsi, vahid institutun yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının, Şəki dayaq məntəqələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi və s. tədbirlər əvvəlki proqramın davamı olaraq regionların hərtərəfli inkişafında əhəmiyyətli rol oynayacaqdır.

Bilirsiniz ki, Azərbaycanın elmi potensialının təqribən 90 faizi Bakıda və onun ətraf rayonlarında cəmləşib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən 146 elmi-tədqiqat müəssisəsindən 116-sı, təqribən 80 faizi, tədqiqat və işləmələri yerinə yetirən işçilərin təqribən 84 faizi Bakı şəhərində yerləşir, 705 elmlər doktorunun 692-si (98 faizi), 3377 elmlər namizədinin 2915-i (təqribən 86 faizi) paytaxtda fəaliyyət göstərir. Bu da bir çox hallarda regionlarda elmi potensialın formalaşmasını inkişafını ləngidirdi. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda isə artıq təkcə sənayenin, təhsilin deyil, eyni zamanda, elmi-texniki potensialın da regionlarda inkişaf etdirilməsi, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, kadrların hazırlanması tədbirləri elmin inkişafına müsbət təsir göstərəcəkdir. Təcrübə göstərir ki, elm, təhsil istehsalat sferalarını birgə inkişaf etdirmədən gözlənilən iqtisadi nəticəni əldə etmək mümkün olmur.

Yeni Dövlət Proqramında da elm, təhsil istehsal komplekslərinin birgə inkişafı nəzərdə tutulur. Bu mənada Dövlət Proqramını regionların kompleks sosial-iqtisadi inkişafına yönəldilmiş mühüm əhəmiyyətli sənəd kimi qiymətləndirmək lazımdır. Çünki elmi-tədqiqat müəssisələrinin, laboratoriyaların maddi-texniki bazasının möhkəmlənməsi fermerlərin, sahibkarların işinin yaxşılaşdırılmasına, meydana çıxan problemlərin qarşısının vaxtında alınmasına kənd təsərrüfatında, ümumilikdə aqrar sektorda məhsuldarlığın artmasına müsbət təsir göstərə bilər.

 

Rəna SULTANOVA, iqtisad elmləri doktoru:

 

Hazırda qəbul olunmuşAzərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda əsas məqsəd ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası, tarazlı regional inkişafın təmin olunması əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasıdır. Bunun isə yerinə yetirilməsi bir sıra kompleks tədbirlərin həyata keçirilməsi ilə bilavasitə bağlıdır. Əsasən ölkənin təbii əmək potensialından səmərəli istifadə edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, əlverişli sahibkarlıq mühitinin yaradılması, iqtisadiyyata investisiyaların cəlb olunması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması yoxsulluğun azaldılmasıdır.

Ölkədə makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının təmin edilməsində orta illik inflyasiya tempinin milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Belə ki, büdcə-vergi siyasətində əsas məqsədlərdən biri ölkənin makroiqtisadi sabitliyinin təmin edilməsi, iqtisadiyyatın səmərəli tənzimlənməsi onun dinamik inkişafının stimullaşdırılmasıdır. Bu istiqamətdə vergi güzəştlərinin həyata keçirilməsinin labüdlüyü ortaya çıxır. Pul-kredit siyasətində isə manatın rəqabət qabiliyyətinin əlverişli səviyyədə saxlanılması mühüm sərvətlərdən biridir.

Ölkənin uzunmüddətli iqtisadi sosial inkişafında investisiyanın rolu böyükdür. Bu sahədə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, investorlar üçün əlverişli investisiya azad rəqabət mühitinin yaradılması, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi mühüm rol oynayır. Dövlətin investisiya siyasətinin isə ölkə regionlarında aparılması, öz növbəsində, yeni yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin istismarının təmin edilməsinə, insan kapitalının inkişafına əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təkan verəcəkdir.

Proqramda məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik orta sahibkarlığın inkişafına yönəldilmiş tədbirlər xüsusi yer tutur. Onu da qeyd etmək lazımdır ki, sahibkarlığın inkişaf etdirilməsi aparılan dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bu siyasət ölkə iqtisadiyyatının bütün sahələrində işgüzar fəaliyyətin normativ-hüquqi, təşkilati maliyyə təminatının yüksəldilməsinə yönəldilibdir. Eyni zamanda, davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Hazırda ölkədə qeyri-neft sektorunun inkişafına yönəldilən kompleks tədbirlərin həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalının sürətləndirilməsinə təkan verir. Respublikanın ixrac potensialının inkişaf etdirilməsi, onun mallarının xarici bazarlara çıxarılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya edilməsi prioritet istiqamətlərdən biri hesab olunur. Azərbaycanın ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşma metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, qeyd olunan bu kompleks tədbirlərin həyata keçirilməsi Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsinə zəmin yaradacaqdır.

 

 

Əlipənah Bayramov,

 

Vaqif Bayramov,

 

Mirbağır Yaqubzadə,

 

Xalq qəzeti.- 2009.- 6 may.- S. 4-5.