Həssaslığın poetik vüsəti

 

Televiziya rejissoru Vaqif Ağayevin sənətkarlıq xüsusiyyətləri haqqında düşüncələr

 

Peşəkar teatr və kino xadimləri ilə müqayisədə televiziya rejissoru sənəti gəncdir. Çünki bütövlükdə milli televiziyamızın təşəkkül tarixi özü teatr və kino ilə müqayisədə cavandır və yaşı yarım əsri üç ildir adlayıb. Tarix üçün bu qısa müddətdə Azərbaycan televiziyasında peşəkar teleoperatorlar, telerəssamlar, telessenariçilər, telemontajçılar... və həm də telerejissorlar yetişiblər.

Həmin rejissorların kimisinin yaradıcılığı bədii verilişlər, kimisininki siyasi-ictimai, kimisininki uşaq, kimisininki maarifçilik, kimisininki kənd təsərrüfatı... verilişləri istiqamətində formalaşıb. Elə rejissorlar da olub və var ki, istedadı bir neçə istiqamətdə təcəssüm tapıb. Belə yaradıcı şəxslərdən biri də həyatını və yaradıcılığını Azərbaycan Televiziyasına bağlamış, əməkdar incəsənət xadimi Vaqif Ağayevdir.

Rejissor, o cümlədən də televiziya rejissoru üçün vacib yaradıcılıq keyfiyyətlərindən biri dəqiq və həssas müşahidə qabiliyyətinin formalaşmasıdır. Vaqif Ağayev hələ Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alarkən səriştəli pedaqoqlar onun bu keyfiyyətinə xüsusi diqqət yetirirdilər və tövsiyə edirdilər ki, məhz istedadının bu yönümünü daha da formalaşdırsın. Vaqif Ağayev müşahidə itiliyini, gözlə baxdıqlarını eyni anda iri, orta və ümumi planlarda “kadrlarda görmək” vərdişini qətiyyətlə formalaşdırdı. Bu iş prinsipinin nəzəri əsaslarını səbr və təmkinlə, qətiyyətli inadkarlıqla oxuduğu kitablardan, dinlədiyi mühazirələrdən mənimsədi. Klassik dünya sənətkarlarının iş təcrübələrinin üslub səciyyələrini, bədii-estetik məziyyətlərini dərindən öyrəndi. Bununla da özünün fərdi rejissor üslubunun xarakterik prinsiplərini təkmilləşdirdi.

Azərbaycan Dövlət Televiziyasında (bugünkü Azərbaycan Televiziya və Radio Verilişləri QSC) təkmilləşib cilalanan, cilalanıb formalaşan rejissor dəsti-xətti Vaqif Ağayevi öz həmkarlarından fərqləndirir. Bu gün böyük kompozisiyalı bədii verilişlərdə, əzəmətli dövlət tədbirlərində çəkiliş aparan Vaqif Ağayev rejissor pultu arxasında 5, 7 bəzən daha çox kamera ilə eyni anda işləməli olur. Bu zaman kameradan kameraya keçidləri, kadr əvəzlənmələrini dəyişməyi həssaslıqla ardıcıllığa düzür. Həmin ardıcıllıq, həmin nizam ən azı üç cəhətdən təqdirəlayiqdir.

Birincisi. Tədbirin siyasi və ya sosial, bədii və ya estetik məziyyətləri, fəlsəfi dərinliyi, poetik füsunkarlığı rejissorun seçdiyi kadrların təqdimində həssaslıqla qorunur. Vaqif Ağayev operatorlara dəqiq əməl-fəaliyyət xətti müəyyənləşdirir, onlara aydın məram bəyan edir. Nəticədə çəkilən kadrların bədii keyfiyyətləri ilə yanaşı, onun tarixilik səciyyələri, mədəniyyət hadisəsinə çevrilmə prosesi qabarıq nəzərə çarpır.

İkincisi. Rejissorun hər verilişin öz xarakterinə uyğun müəyyənləşdirdiyi və ona estetik don biçdiyi sürət-ritm ahəngdar şəkildə əvvəldən sonadək qorunub saxlanılır. Yenə də verilişin mahiyyətinə, məram və məqsədinə, forma prinsiplərinə uyğun olaraq bu sürət-ritm karvan ləngərində əzəmətli də verilə bilər. Ya da romantik çalarlı həzin lirizmlə yoğrulan sürət-ritm planların seçimində həssaslıqla gözlənilir, epizodların ardıcıl təqdimində ahəngdar parlaqlıqla təcəssüm tapır. Və yaxud rejissorun seçdiyi sürət-ritmi şən, dramatik-psixoloji ovqat özü tənzimləyir.

Üçüncüsü. Vaqif Ağayev kranla, panoram təsvirlərə üstünlük verən kameralarla, iri və orta planları çəkən operatorlarla lütfkarlıqla və həssaslıqla işləyir. Əvvəlcədən hər operatorun məqsəd və funksiyasını dəqiq müəyyənləşdirməklə onların yaradıcılıq potensiallarını verilişin ali məqsədinə kökləyir. Bununla da təcrübəli rejissor çəkilişlə paralel olaraq montaj prinsiplərini də həyata keçirir. Bu, həm sonradan montaj otağında vaxt itkisinin qarşısını alır, həm də verilişin kompoziya qurumu, hərəkət dinamikası, janr xarakterinin incəlikləri ilk andan vahid bir konsepsiyaya, vahid bir poetika estetikasına tabe edilir.

Bütün bu keyfiyyətlər Vaqif Ağayev rejissurasının fərdi üslub səciyyələridir; Vaqif Ağayev estetikasının poetika göstəriciləridir; Vaqif Ağayevin iş prinsipinin fərdi və təbii ki, qiymətli dəyərləridir.

Vaqif Ağayevin yüksək sənətkar zövqünü formalaşdıran cəhətlərdən biri rejissorun həssas rəng duyumu ilə bağlıdır. İstənilən rəngləri televiziya ekranında almaq üçün isə tədbirin xarakterini dəqiq müəyynləşdirmək və çəkiliş aparılan məkanın işıq qurumuna təsir göstərən texniki prinsiplərinə dərindən bələd olmaq lazımdır. Bəzən bu məkan bir neçə saatın içərisində də seçilə bilər və həmin təqdirdə ətraflı düşünməyə vaxt qalmır. Çox şeyi rejissorun çevik düşüncəsi, qətiyyətli qərar çıxarmaq səriştəsi və bir də milyonların zövqünü oxşaya bilən həssas duyumu həll edir. Əlbəttə, ölkə prezidentləri çərçivəsində olan siyası görüşlərin, beynəlxalq tədbirlərin peşəkar təqdiminin nə qədər ciddi olduğunu xatırlatmağa əlavə ehtiyac yoxdur. Yaxud, YUNESKO iqamətgahında Azərbaycan mədəniyyətinin səviyyəsini və bəşəri dəyərlərini özündə ehtiva edən tədbirlərin çəkilişinin və dünyanın ən inkişaf etmiş ölkələrinə teleyayımının nə qədər məsuliyyətli olduğu da hər bir televiziya işçisinə məlumdur. Həmin məsul verilişlərin böyük əksəriyyətinin rejissorluğu və ya bədii rəhbərliyi Vaqif Ağayevə məxsusdur.

Vaqif Ağayevi həmkarlarına örnək edən cəhətlərdən biri də budur ki, o, hətta çox ekstremal vəziyyətlərdə belə sənətkar ciddiyyətini, rejissor məsuliyyətini heyrətamiz təmkinlə qoruyub saxlamağı bacarır. Məhz Vaqif Ağayevin sənət sevgisi, peşəkarlıq qüdrəti, qanadlı istedadı, zəngin təxəyyülü sayəsində Bakıdan əlavə, Vaşinqtonda, Parisdə, Londonda, Moskvada, Sankt-Peterburqda, Kiyevdə, Doxada (Qətər Respublikası), Buxarestdə, Budapeştdə, Sidneydə, Pekində, Tokioda, Seulda, Helsinkidə, Stokholmda, Kopenhagendə... və neçə-neçə paytaxt və böyük şəhərlərdə keçirilmiş siyasi-ictimai, etno-mədəni sərvətimizlə bağlı beynəlxalq səviyyəli tədbirlər öz möhtəşəmliyi və füsunkarlığı ilə lent çəkilişlərində Ana Televiziyamızın zəngin xəzinəsinə xüsusi dolğunluq gətirib.

Vaqif Ağayev kiçik, lakin mənalı və tutumlu işıq, səs, montaj (kompyuter dizaynı) effektlərindən verilişin xarakterinə və mövzusuna uyğun şəkildə, yerli-yerində və bacarıqla istifadə etməyi xoşlayır. Bu işdə onun başlıca meyarı peşəkarlıq səriştəsi, ölçü hissini həssaslıqla gözləməsi və könüloxşayan incə zövqüdür. Elə buradaca onu da qeyd edim ki, Vaqif Ağayev gərgin işləmək vərdişinə də ustalıqla yiyələnib. Bəzən 14 – 16 saat montaj otağından çıxmır. Əlbəttə, bu da işgüzarlığın, peşə məsuliyyətinin göstəricisidir. Amma əsas göstərici odur ki, həmin vaxt ağırlığı müxtəlif məqam və məkanlarda aparılmış çəkilişlərin yüksək və bədii televiziya materialına çevrilməsində əriyb gedir. Vaqif Ağayevin rejissurasının, gördüyü işin sənətkarlıq dəyərləri də məhz elə bu göstərici ilə müəyyənləşir.

Vaqif Ağayev adi rejissor assistentliyindən başlayaraq rejissor, baş rejissor, bədii rəhbər, sədr müavini pillələrinə yüksəldikcə sənəti də püxtələşib, kamilləşib. Onda sənətkarlıqla yanaşı, idarəçilik və rəhbərlik keyfiyyətləri də formalaşıb. Rəhbər kimi kollektiv üzvlərinə həssaslığı daha da artıb. Yaradıcı, texniki, inzibatçı həmkarlarının həm yaradıcılıq, həm də məişət qayğılarına çıraq tutmaq onun insani keyfiyyətlərinin parlaq cəhətlərindən biridir.

Vaqif Ağayev işə münasibətdə nə qədər tələbkar və obektivdirsə, işdənkənar yaradıcılq söhbətlərində, sənət barədə düşüncələrində bir o qədər səmimi və dərin düşüncəlidir. Şəxsən mən otuz illik müşahidələrim sayəsində qəti əmin olmuşam ki, Vaqif Ağayev sənətilə bağlı həm nəzəri, həm də geniş mənada bədii mütaliəni çox sevir. Dünya məkanında gedən televiziya sənəti proseslərini həssaslıqla izləyir. Eyni zamanda, Azərbaycan teatrını, Azərbaycan kinosunu, Azərbaycan musiqisini, Azərbaycan təsviri sənətini dərindən bilir. Vaqif Ağayev hələ texnikanın az imkanlı vaxtlarında Azərbaycan televiziyasında canlı telekörpülərin yaradıcılarından biri olub. Respublika daxilində müxtəlif məkanlardan eyni vaxtda canlı verilişlər onun rejissorluğu ilə efirə verilib.

Vaqif Ağayev həm də çoxsaylı filimlər rejissorudur. Onlardan bədii televiziya filmi, bədii-sənədli televiziya filmi və musiqili televiziya filmi janrında çəkilmiş “Məhəbbət mahnıları”, “Dəniz xidməti”, “Kurs okeanadır”, “Havalansın tarın səsi”, “Azərbaycan üçün yaşanan tale”, “Abidə insan”, “Ümid yolu”, “Terror”, “Zirvəyə doğru”, “Sabaha inamla”, “Əsrin müqaviləsi” (3 seriya), “Ömür. Tale. Epoxa”, “Vətənə, xalqa həsr edilmiş ömür” əsərlərini xatırlamaq kifayətdir. Bu filmlərin əksəriyyəti ictimai-siyasi mövzuda olsa da yüksək bədii məziyyətləri ilə seçilir. Yeri gələndə janr əlvanlığına maraq göstərən rejissorun üslubunda bənzərsiz forma biçimləri xüsusi diqqətçəkəndir. Ən əsası isə odur ki, rejissorun tapdığı formalar poetik vüsəti ilə mövzunun fundamental təqdiminə geniş zəmin yaradır. Vaqif Ağayevin filmlərində xronotop (zaman-məkan vəhdəti) bütün estetik təravəti və fəlsəfi dərinliyi ilə möhtəşəmliklə nəzərə çarpır.

Vaqif Ağayev məntiqli təfəkkür tərzinə malikdir və həqiqəti ciddi əxlaq normaları prizmasından dəyərləndirir. Həm də rejissorda güclü obrazlı təfəkkür formalaşıb və bu keyfiyyət reallıqları emosional dərk etməkdə, sənətkar təxəyyülünü sənət dili ilə realizədə ona yardımçıdır.

İtalyan filosofu, şairi və siyasi xadimi Tommazo Kampanella yazır ki, talantlı adam elmsiz keçinə bilər, lakin alim və sənətkar talantsız keçinə bilməz. Rəhbər işçinin talantı həm də tabeçiliyində olanların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq bacarığında və onu xeyirxahlıqla istifadə etmək məharətində görünür. Vaqif Ağayev təcrübi talantı olan və elmi-nəzəri poetensiala malik rejissordur. İstedadlı gənc rejissorların, operatorların, jurnalistlərin püxtələşmələrində və daxili imkan potensiyalarını açmalarında qayğı və təcrübəsini səxavətlə sərf edir.

Vaqif Ağayev yaşının 55-i haqladığı ömür çağında daxili “məninə” yiyələnmiş və bu aləmin incəliklərini formalaşdırmış insandır. Onun daxili dünyasının düşüncə layları çoxqatlıdır və bu mürəkkəblikdə rejissor təxəyyülünün hüdudları daha geniş görünür.

 

 

Eldar QULİYEV,

kinorejissor, xalq artisti

 

Xalq qəzeti.- 2009.- 6 may.- S. 7.