Heydər Əliyev siyasəti xalqı daim xoşbəxtliyə aparacaq

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlər davam etdirilir. İndi elə bir idarə, müəssisə, təşkilat yoxdur ki, orada ulu öndərin xatirəsi anılmasın. Xalq bugünkü əmin-amanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin sürətli inkişafına və beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasına görə ümummilli lider Heydər Əliyevə və onun siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə borcludur. Bu günlər keçirilən anım mərasimlərində də bu fikirlər daha əhatəli şəkildə səslənir.

Yasamal Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının mayın 5-də Bakı Biznes Universitetində birlikdə keçirdikləri ümummilli liderin anım mərasimi qüdrətli şəxsiyyətin Fəxri Xiyabanda məzarını ziyarət etməklə başlandı. Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri professor Fikrət İsmayılov açdı. Sonra dövlət himni səsləndirildi.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ümummilli liderlə birlikdə işlədiyi vaxtları xatırlayaraq dahi şəxsiyyətin dövlət idarəçiliyindəki zəngin təcrübəsindən, uzaqgörənlik siyasətindən, müstəqiliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi yolunda gərgin əməyindən söhbət açdı. E.İbrahimov ulu öndərin hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olarkən ermənilər tərəfindən əsir götürlmüş soydaşlarımızın azad edilməsi zamanı atdığı qətiyyətli addımlardan, siyasi uzaqgörənlik nümayiş etdirməsindən danışdı. Qeyd olundu ki, ölkənin o vaxtkı rəhbərliyi bu işlərdə qətiyyətsizlik, cəsarətsizlik nümayiş etdirdikləri vaxtda ulu öndər bütün vasitələrlə ermənilərin torpaqlarımızı işğal etməsinin qarşısını cəsarətlə alırdı.

Komitə sədri ulu öndərin daxili və xarici siyasətinin onun ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi məmnunluq hissi keçirdiyini xüsusi vurğuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycanın bu gün bütün sahələr üzrə qazandığı uğurların əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırdı. O dedi ki, tarixi şəxsiyyətin böyüklüyü illər keçdikcə daha aydın görünür. Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irs misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Heydər Əliyevin dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır. Ulu öndərin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir. Böyük rəhbərin şərəfli ömür yoluna nəzər saldıqda, onun öz gücünü xalqına və Vətəninə olan məhəbbətindən aldığını, özünün bütün istedad və qabiliyyətini səfərbər edərək bu yolda ən çətin maneələri dəf etdiyini görürük. Dahi şəxsiyyət ölkəmizin hərtərəfli inkişafını, uzunömürlüyünü təmin edən mükəmməl irs, dövlətçilik xətti, siyasi məktəb yaratmışdır. Nailiyyətlərin, zəfərlərin özündən sonrakı illərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasından gələcək nəsillərin də faydalanması qayğısına qalmışdır.

İ.Mehdiyev sözünə davam edərək bildirdi ki, müstəqil dövlətimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini bu gün uğurla davam etdirən yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlaq fəaliyyəti buna bariz nümunədir. Ölkəmizin hər yerində olduğu kimi, Yasamal rayonunun sakinləri də ölkə Prezidenti tərəfindən həyata keçirilən bu siyasətin alternativi olmadığını birmənalı başa düşür və onun davamlı olması üçün var qüvvəsi ilə çalışırlar.

Natiq dedi ki, ötən ilin dekabr ayının 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev rayonumuzda yeni inşa olunmuş istirahət parkının, rayon icra hakimiyyətinin yeni inzibati binasının və Heydər Əliyev məktəb-muzeyinin açılışında iştirak etmişdir. Həmin gündən də Prezidentimizin xeyir-duası ilə Heydər Əliyev məktəb-muzeyi fəaliyyətə başlamışdır. Heydər Əliyev məktəb-muzeyinin əsas məqsədi görkəmli siyasi xadim, ulu öndərimizin zəngin irsini bugünkü və gələcək nəsillərə öyrətmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, muzeyə gələn qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Bu bilik xəzinəsində yerləşən kompyuter sinfi və zəngin kitabxana, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotosənədlər və eksponatlar Heydər Əliyev irsinin gənclərimiz tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir, məktəbli və tələbələrdə böyük maraq doğurur. Məktəb-muzeydə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb, hər gün yüzlərlə məktəbli və tələbə muzeydə olur, ulu öndərimizin zəngin irsini öyrənirlər. Heydər Əliyev irsi bizim milli sərvətimizdir. Onu qoruyub saxlamaq, nəsildən nəslə ötürmək bizim tarixi vəzifəmizdir. Bu baxımdan Heydər Əliyev məktəb-muzeyinin gördüyü işlər misilsizdir.

Bütün şüurlu həyatını xalqın xoşbəxt gələcəyinə həsr etmiş, nadir dövlətçilik təcrübəsinə malik Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə öz xalqı tərəfindən verilən qiymətin ifadəsi olaraq, 1969-cu ildən başlayaraq bu günə qədər davam edən illər “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Bu gün Heydər Əliyevin ideyaları, onun siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır. Yaratdığı müasir Azərbaycan yaşayır və onun müəyyən etdiyi yolla inkişaf edir. Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Milli Məclisin deputatı Gülər Əhmədova, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov ulu öndərin siyasi fəaliyyətindən, onunla olan görüşlərindən söhbət açdılar. Qeyd olundu ki, ümummilli liderin siyasi kursu xalqı daim xoşbəxtliyə aparacaq Azərbaycanın adını daha uca zirvələrə qaldıracaq.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 7 may.- S. 5.