Qızıl kəlməilk sahiblərini tapdı

 

Mayın 6-da Mədəniyyət və Turizm Nazirliyinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş tədbirlər planı çərçivəsində Rəşid Behbudov adına Mahnı Teatrında “Qızıl kəlmə” ədəbi mükafatının təqdimetmə mərasimi keçirilmişdir.

Tədbir “Qızıl kəlmə” ədəbi mükafatı komissiyasının sədri və üzvlərinin iştirakçılara təqdim edilməsi ilə başlandı və qeyd olundu ki, respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədri olduğu mükafat komissiyası 2008-ci ilin iyulundan fəaliyyətə başlayıb. Müsabiqəyə dörd nominasiya üzrə 38 əsər təqdim edilib. Onlardan 12-si nəsr, 12-si poeziya, 11-i publisistika və ədəbi tənqid, 3-ü isə bədii tərcümə əsəri olub. Yeddi müəllif mükafata layiq görülüb, 2 müəllifə isə “Şans ödülü” həvəsləndirici mükafatı verilib.

Mükafat komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdimat mərasimində çıxış edərək bildirdi ki, “Qızıl kəlmə” ədəbi mükafatının təqdimat mərasiminin bu gün — ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi heç də təsadüfi deyil. Bu böyük düha Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ədəbiyyata və mədəniyyətə çox böyük diqqət yetirmiş və xalqımızın dünya xalqları içərisində öz layiqli yerini tutmasında adı çəkilən sahələrin əvəzsiz rol oynadığını nəzərə almağı tövsiyə etmişdir.

Natiq Heydər Əliyevin, müstəqilliyin ilk illərində iqtisadi vəziyyətin ağır olmasına baxmayaraq, ədəbiyyat və incəsənət sahəsində çalışan insanlara daim qayğı göstərdiyini və onun bu siyasətinin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.

Sonra nazir yeni “Qızıl kəlmə” mükafatının bu ilk təqdimatında komissiya üzvlərinin çox böyük iş gördüklərini, obyektivlik nümayiş etdirdiklərini və yalnız əksər səs çoxluğu ilə qalibləri müəyyənləşdirdiklərini qeyd etdi.

Tədbirdə Milli Məclisin üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da mükafat komissiyasının üzvləri adından çıxış etdi. O, ölkədə aparılan əzəmətli quruculuq işləri ilə yanaşı, dövlət başçısı İlham Əliyevin mədəniyyət, ədəbiyyat və incəsənət adamlarına xüsusi diqqət ayırdığını ulu öndər Heydər Əliyev siyasətinin davamı və təntənəsi kimi qiymətləndirdi. N.Cəfərov bugünki “Qızıl kəlmə” ədəbi mükafatının təqdimat mərasiminin də məhz bu siyasi xəttə xidmət edən ədəbi hadisə kimi tarixə düşdüyünü vurğuladı.

Sonra mükafatların təqdimat mərasimi başladı. Publisistika sahəsində “Qızıl kəlmə” mükafatının ilk qalibi “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” əsərinə görə müəllif, Milli Məclisin üzvü, yazıçı-dramaturq Hüseynbala Mirələmov oldu. Mükafatı qalibə komissiyasının sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim etdi.

Məhz bu əsərinə görə aldığı “Qızıl kəlmə” mükafatının onun həyatında çox əlamətdar bir hadisə olduğunu vurğulayan yazıçı Hüseynbala Mirələmov, ümummilli lider Heydər Əliyevin onun taleyində həmişə böyük rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Mən bu mükafatı da ulu öndər Heydər Əliyevdən yazdığım əsərə görə aldığım üçün böyük qürur hissi keçirirəm”, – deyə H.Mirələmov çıxışını tamamladı.

Nəsr sahəsində yazıçı, Milli Məclisin üzvü, Aqil Abbasa “Dolu” romanına, yazıçı- dramaturq Elçin Hüseynbəyliyə “On üçüncü həvari — Don Juan” romanına, poeziya sahəsində şair Zakir Fəxriyə “Qalmaz belə, qalmaz dünya” əsərinə, Taleh Həmidə dördcildliyinə, bədii tərcümə sahəsində Saday Budaqlıya M.Bulqakovun “Master i Marqarita” romanına, Məmməd Oruca G.Lətifxanovun “Azər və Aida” romanının tərcüməsinə görə “Qızıl kəlmə” mükafatı təqdim olundu.

Yunis Oğuz “Nadir şah”, Səlim Babullaoğlu isə “İlyas Göçmənin şəkil dəftəri” əsərlərinə görə həvəsləndirici “Şans ödülü” mükafatına layiq görüldülər. Beləcə, ədəbiyyat aləminə yenicə gəlmiş “Qızıl kəlmə” ədəbi mükafatı öz ilk sahiblərini tapdı.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 7 may.- S. 6.