Prezident kuboku. Azərbaycandünyanın yığma komandası

 

Üç gün ərzində bütün şahmat aləminin diqqətini Bakıya cəlb edəcək bu tarixi matç ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmişdir

 

Onlar — Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov 11 il əvvəl yeniyetmə şahmatçılar kimi bu qədim və müdrik oyunun incəliklərinə hələ yenicə yiyələnməyə başlayırdılar. Bu gün isə Rəcəbov-Həşimov-Məmmədyarov üçlüyü planetin ən hörmətli, sayılıb-seçilən qrossmeysterlərindəndir. Elə Hüseynovla Məmmədov da müxtəlif səviyyəli turnirlərdə inamlı çıxışları ilə özləri haqqında xoş rəy yaratmışlar.

Bilməyənlərin diqqətinə çatdıraq ki, indi Azərbaycanın qüdrətli bir şahmat ölkəsi kimi tanınmasına, qrossmeysterlərimizin yüksək nüfuz qazanmasına məhz 11 il əvvəl, 1998-ci ilin fevralında və yenə həmin ilin axırlarında Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” iki sərəncam güclü təkan vermişdir. Respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində idmanın, o cümlədən şahmatın inkişafına xüsusi qayğı göstərmiş ulu öndərin həmin şah gedişləri Azərbaycanda bu oyuna marağın daha da artmasına, onunla məşğul olanların sıralarının genişlənməsinə, şahmatımızın ən yaxşı nümayəndələrinin öz bacarıqlarından tam istifadə etmələrinə hər cür şərait yaratmışdır. Bu gün qrossmeysterlərimizin beynəlxalq şahmat dairələrində yekdilliklə etiraf olunan yüksək ustalığı idman təşkilatlarımıza dünyanın yığma komandasını Bakıya, ölkəmizin milli komandası ilə matça dəvət etmək və bu tarixi görüşü ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr etmək imkanı yaratmışdır.

Qonaqlarımız isə haqlı olaraq dünya şahmatının gül-çiçəyi sayılan hindistanlı dahi, hazırkı dünya çempionu Vişvanatan Anand, görkəmli qrossmeyster, rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik, Dünya kuboku uğrunda sonuncu yarışın finalçısı, İspaniya təmsilçisi Aleksey Şirov və bu ilin yanvarında Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş superturnirin qalibi, hələ çox gənc olmasına baxmayaraq, daha böyük qələbələr, gözəl gələcək vəd edən ukraynalı Sergey Karyakindir.

Azərbaycanın şahmat ictimaiyyəti üçün gözəl imkan yaranmışdır. Dünya şahmatının ulduzlarını lap yaxından görmək, onların oyunundan böyük zövq almaq fürsəti qazanmışıq. Belə imkan heç də hər ölkəyə, hər şəhərə qismət olmur.

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransı da qarşıdakı matça həsr olunmuşdu. Konfrans barədə danışmazdan əvvəl qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi barədə yenicə imzaladığı 5 may 2009-cu il tarixli sərəncam da ölkəmizdə qədim oyuna göstərilən daimi dövlət qayğısının daha bir parlaq təzahürüdür və şübhəsiz, bu sənəd Azərbaycanda şahmatın yeni zirvələr fəth etməsində mühüm rol oynayacaqdır.

Elə indiki məşhur qrossmeysterlərimizin daha gənc davamçılarının müxtəlif yaş qrupları üzrə tez-tez beynəlxalq yarışların qalib və mükafatçıları olması da usta şahmatçılara layiqli ehtiyat qüvvə yetişdiyini inamla təsdiq edir. Növbəti xoş xəbər bu günlərdə Yunanıstanın Saloniki şəhərindən alınmışdır. Orada məktəblilər arasında dünya birinciliyində iki təmsilçimiz fərqlənmişdir: Zaur Məmmədov 15 yaşlı oğlanların çempionatında qızıl medal qazanmış, Elxan Bayramov isə 13 yaşlı rəqiblərlə mübarizədə bürünc mükafatçı olmuşdur.

Azərbaycanda şahmatın inkişafına dövlət qayğısı mətbuat konfransında da xüsusi vurğulandı. Milli Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov öz çıxışında Prezident İlham Əliyevin bir gün əvəl imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirərək qeyd etdi ki, ölkəmizdə şahmatın inkişafı daim diqqət mərkəzindədir, şahmatçılarımız da bu qayğıya layiqli qələbələrlə cavab verirlər. Sonra E.Rüstəmov dəvəti qəbul edib matça gəldiklərinə görə qonaqlarımıza təşəkkür etdi, bu əlamətdar hadisə münasibətilə şahmat həvəskarlarını təbrik edib, əmin olduğunu bildirdi ki, dünya çempionu Anandın, keçmiş dünya çempionu Kramnikin, eləcə də Şirov və Karyakin kimi güclü qrossmeysterlərin Bakıya gəlmələri Azərbaycanda şahmatın daha da inkişafına müsbət təsir göstərəcəkdir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının vitse-prezidentləri, beynəlxalq dərəcəli hakim, matçın baş hakimi Faiq Həsənov və Mahir Məmmədovun da iştirak etdikləri mətbuat konfransında jurnalistlər qrossmeysterləri darıxmağa qoymadılar. Onların suallarını cavablandıran Kramnik matçı çox ciddi hadisə adlandırıb, onun keçirilməsinə şad olduğunu, şahmat həvəskarlarını yaxşı oyunla sevindirməyə çalışacaqlarını söylədi, Karyakin Bakıya səfərindən və burada gördüklərindən məmnun olduğunu diqqətə çatdırdı (Anandla Şirov paytaxtımıza bu səhər gəlirlər), Rəcəbov çox güclü rəqiblə qarşılaşacaqlarını, amma özlərinin də zəif olmadıqlarını qeyd edib, bu bayramın hamıda böyük maraq doğuracağına əminliyini ifadə etdi, Həşimov Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə həsr edilmiş matçda yaxşı oyun göstərmək əzmində olduqlarını bildirdi. Hamının yekdil fikrincə isə, qüvvələrin təxminən bərabər olduğu bu yarış necə nəticələnəcəyindən asılı olmayaraq, əsl şahmat bayramına çevriləcək.

Axırda əlavə edək ki, matçın açılış mərasimi bu gün saat 17-də “ÜNS” yaradıcılıq səhnəsində olacaq və mərasimdə FİDE prezidenti Kirsan İlumjinovun da iştirakı gözlənilir.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 7 may.- S. 6.