Azərbaycan dili və
onun tədrisi metodikası elminin inkişafında böyük
xidmətləri olan görkəmli alim - pedaqoq, Azərbaycan
Respublikasının əməkdar müəllimi, Pedaqoji
Universitetin kafedra müdiri, ən başlıcası isə
gözəl insan olan professor Həsən Balıyevin vəfatından
40 gün keçir. Yazın gəlişinə baxmayaraq, sanki
kafedramızın pəncərəsinə payız qonub, pərişan
saçlı payız. Bu günlərdə onun iş
masasının üstündən əskik olmayan qərənfillər
də günahkarmış kimi başlarını
aşağı dikiblər. İnana bilmirik, inanmaq da istəmirik
onun yoxluğuna. Hara baxırıqsa, onun nurlu çöhrəsini
görür, mehriban səsini eşidirik.
Həsən müəllim
haqqında keçmiş zamanda danışmaq çox çətindir.
Eh... Bu necə
dünyadır, necə dünyadır?
Ölümü həqiqət,
həyatı röya?!.
Sirrini heç kəsə
verməyən bu gəlimli-gedimli dünyaya kimlər gəlib
– kimlər gedib bu dünyadan?
...Düşündüm,
bir-iki vərəq xatirə yazım Həsən müəllim
haqqında. Ancaq bilmirəm, xatirəmi, ya bir ömrün səsini,
sözünümü yazım? Axı bir ömürdən
yazmağa bir-iki vərəq söz çox azdır...
Hüqonun bir
sözü yadıma düşür: “Ölərkən surətində
təcəssüm edən zülmətdən başqa bir
şey qoymayıb gedənlərə ar olsun.”
Həsən müəllim
isə özündən sonra böyük bir müəllim
ordusu, 200-dən çox elmi və publisistik məqalə, 50-yə
yaxın kitab qoyub bizlər üçün.
Bütün həyatını
millətin gələcəyi olan gəncliyin təlim-tərbiyəsinə
həsr etmiş Həsən müəllim orta məktəb
müəllimliyindən başlayan mənalı və şərəfli
həyat yolu keçərək elmi əsərlər
yazmış, proqram və dərsliklər
hazırlamış, hələ sağlığında ikən
özünə mənəvi abidə ucaltmışdır.
1959-cu ildə
bünövrəsi professor Ağamməd Abdullayev tərəfindən
qoyulan Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasının aspirantı olan Həsən Balıyev 1962-ci
ildə “Səkkizillik məktəb şagirdlərinin nitqinin
üslubca zənginləşdirilməsi yolları”
mövzusunda namizədlik dissertasiyası müdafiə edir və
həmin vaxtdan kafedranın müəllimi olur.
1960-cı ildən
başlayaraq təlim işinə aid çoxlu kitab və kitabçalar
yazıb çap etdirən professor H.Balıyevin
yaradıcılığı əsasən iki istiqamətdə
olmuşdur. Elmi yaradıcılığı və
publisistikası.
Yaradıcı, zəhmətkeş
və yorulmaq bilmədən çalışan Həsən
Balıyevin elmi kitablarının mövzu dairəsi və
istiqaməti çox genişdir. Onları təxminən belə
qruplaşdırmaq olar.
- Morfologiya tədrisinin
üslubi itmkanları, sintaksis və onun tədrisi məsələləri,
dil təliminin qanunları, üslubiyyat işləri, tələbənin
fərdi işlərinə nəzarətin yoxlanması məsələlərini
əhatə edən kitablar.
- Filologiya fakültəsinin
tələbələri üçün “Orta məktəbdə
Azərbaycan dilinin tədrisi”, Pedaqogika və ibtidai təhsilin
metodikası fakültəsi tələbələri
üçün “Ana dilinin tədrisi”, savad təlimi, oxu təlimi
və nitq inkişafı ilə bağlı məsələləri
əhatə edən kitablar.
- Respublikamızın təhsil
sistemində ilk dəfə tətbiq olunan test proqramları
(Onu da qeyd edim ki, test imtahan üslubu təhsil sistemimizə
90-cı illərin əvvəllərində Türkiyədən
gətirilib. Həsən müəllim isə hələ
1979-1981-ci illərdə proqramlaşdırılmış
yoxlama testlərini müəllimlərimizə təqdim
etmişdi. Bu öyrədici və yoxlayıcı proqramlar
“fonetika”, ”morfologiya” və “sintaksis” bölmələri
üçün ayrı-ayrılıqda hazırlanmış
və ayrıca kitabçalar şəklində nəşr
etdirmişdir).
- Ali məktəblərin
rus qruplarında dərs aparan müəllimlər
üçün, qeyri-azərbaycanlı təhsillilər və
azəri türkcəsini öyrətmək məqsədilə
yazılmış kitablar.
- Azərbaycan dili və
ədəbiyyat dərslərində texniki vasitələrdən
istifadə, pedaqoji təcrübənin keçirilməsinin təşkili
ilə bağlı və Azərbaycan dilindən yoxlama işlərinin
təşkilinə aid metodik göstərişlər.
- Professor H.Balıyevin
elmi yaradıcılığının son nümunəsi
2008-ci ildə hazırladığı “Azərbaycan dilini
müstəqil öyrənənlər üçün
elektron dərslik” idi.
- “Azərbaycan dilinin tədrisi
metodikasından mühazirələrə aid istinad
materialları” və ”Azərbaycan dili” (hazırlıq
şöbəsində oxuyan türk dinləyiciləri
üçün dərslik) kitabları isə hələ
çapdan çıxmamışdı.
Maraqlıdır ki,
H.Balıyev ilk yaradıcılığa elmi məqalə ilə
deyil, publisistika ilə başlamışdır. Onun ilk publisist
yazısı 1956-cı ildə “Sovet Ermənistanı” qəzetində
çap olunan ”Bahar günəşi" adlı məqaləsidir.
1988-ci ildən etibarən
ermənilərin xalqımıza qarşı törətdikləri
hərəkətlər təşəbbüskar və qeyrətli
vətəndaş olan Həsən müəllimi ictimai həyatımızın
fəal üzvünə çevirmişdi.
Respublikamızda
“Qaçqınlar” cəmiyyətinin yaradıcılarından
biri olan professor H.Balıyev tam yeddi il bu cəmiyyətin
işinə nəzarət komissiyasının sədri kimi fəaliyyət
göstərmiş və demək olar ki, düşmən tərəfindən
atılan bütün ideoloji həmlələrə
qarşı sinə gərmiş və onlara cavab vermişdir.
1996-cı ildə nəşr
olunmuş “Didərginlər” toplusunda dərc olunmuş
“Gördüklərim və düşündüklərim”
adlı publisist əsərində xalqın haqlı etiraz sədası
öz əksini tapmışdır. Bu materiallar H.Balıyevin vətəndaşlıq
cəsarətinin bariz nümunəsidir.
1990-cı il 20 yanvar
hadisələrini təhlil edən H.Balıyev cəsarətli,
kəskin mülahizələri ilə oxucusunu heyrətə gətirir.
Həmin kitab rus dilinə də tərcümə edilərək
nəşr etdirilmişdir.
Professor Həsən Balıyev müxtəlif illərdə dərc
etdirdiyi publisist məqalələrinin böyük qismini
1998-ci ildə çap olunmuş “Şəxsiyyət”
kitabında toplayıb nəşr etdirmişdir.
Professor H.Balıyevin istər
elmi, istərsə də publisistik yazıları həmişə
oxucular tərəfindən rəğbətlə
qarşılanmışdır. Onun yazdığı dərslik
və dərs vəsaitləri isə mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilmiş,
onların haqqında mətbuatda müsbət rəylər dərc
olunmuşdur.
Professor Ağamməd
Abdullayevin ölümündən sonra kafedramıza rəhbərlik
professor H.Balıyevə tapşırılmışdı. 1981-ci
ildən “Azərbaycan dili və onun tədrisi metodikası”
kafedrasına müdir təyin olunan H.Balıyev 28 il fasiləsiz
olaraq kafedranın dəyərli ənənənələrini
qoryub saxlayaraq bu kollektivə rəhbərlik etdi. Təbiətən
ədalətli bir insan olan Həsən müəllim işləməyi
və işlətməyi bacaran kafedra müdiri idi.
Bütün universitet
kollektivinin dərin hörmət və ehtiramını
qazanmış Həsən müəllim 1997-ci ildə
filologiya fakültəsinin dekanı seçilmiş və on
il bu vəzifədə çalışmışdı. Professor
H.Balıyevin elmi kadrların yetişdirilməsində də
böyük xidmətləri olmuşdur. Yüksək
ixtisaslı elmi kadrların yetişməsinə son dərəcə
qayğıkeşlik və tələbkarlıqla yanaşan Həsən
müəllim dəfələrlə dissertasiyaların
müdafiəsi üçün ixtisaslaşmış
müdafiə şurasının üzvü olmuş, öz
qayğı və köməyini heç kimdən əsirgəmədən
neçə-neçə aspiranta, dissertanta rəhbərlik
etmişdir.
Professorun elmi, pedaqoji və
ictimai fəaliyyəti respublika ictimaiyyətinin də nəzərindən
kənarda qalmamışdır. O, 2004- cü ildə
“Dirçəliş” qəzeti tərəfindən aparılan
rəy sorğusunun nəticələrinə görə
respublikanın tanınmış ziyalıları içərisində
“İlin ziyalısı” seçilmişdir.
2006-2007-ci tədris ilində
isə tədrisin keyfiyyətinin
yaxşılaşdırılması, tələbələrin
tədris prosesinə daha fəal cəlb edilməsi, tələbələrin
dərslik və dərs vəsaitləri ilə təminatı
və yeni təlim texnologiyalarının tətbiqi sahəsində
qazandığı nailiyyətlərə görə “İlin
müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
Deyirlər, insanı
bütün canlılardan fərqləndirən dörd əlamətdir:
hikmət, ağıl, təmkin və ədalət. Bu sifətlərin
hamısı kamil bir insanda toplandıqda dünyanın ən
böyük xoşbəxtliyi belə onun başını gicəlləndirə
bilməz. Həsən müəllim həqiqətən bu
dörd keyfiyyəti özündə birləşdirən hikmət
sahibi, gözəl insan idi. Hikmət isə bitməz-tükənməz
elə bir xəzinədir ki, xərclənməklə
qurtarmaz, paylamaqla azalmaz!
Ölüm heç də
sevinməsin. Gözəl insan, sadə, səmimi və
qayğıkeş müəllim, tələbkar və məsuliyyətli
alim olan professor Həsən Balıyevin xoş xatirəsi onu
tanıyanların qəlbində daim yaşayacaqdır.
Pəri PAŞAYEVA,
ADPU-nun Azərbaycan
dili və onun tədrisi metodikası
kafedrasının baş müəllimi,
pedaqoji elmlər namizədi
Xalq qəzeti.- 2009.- 7 may.- S. 7.