SƏDAQƏT DƏRSİ

 

Bu ömür bir nəğmədi ki,

Gərək hər zaman səslənə.

Bu ömür bir kitabdı ki,

Oxunmalı dönə-dönə.

 

Bu ömür bir məktəbdi ki,

Onda cəsarət dərsi var.

Bu ömür bir örnəkdi ki,

Onda mətanət dərsi var.

 

Bu ömür bir ümmandı ki,

Fırtınalı, qasırğalı.

Bu ömür bir ormandı ki,

Qucar yurdu min budağı.

 

Bu ömür bir nəsihət ki,

Onda ləyaqət dərsi var.

Bu ömür elə ibrət ki,

Onda fəxarət dərsi var.

 

Bu ömür bir qəhrəmanın,

Yenilməzlik hekayəti.

Sadədən-sadə insanın,

Dahi olmaq şücaəti.

 

Bu ömür bir aynadı ki,

Onda nəcabət dərsi var.

Bu ömür bir tamaşa ki,

Onda dəyanət dərsi var.

 

Onda sədaqət dərsi var!

Onda məhəbbət dərsi var!

 

 

 

ZƏRİFLİK

 

Çox istədi qoysun məni dövran sənə həsrət,

Bağlandısa yollar, daha çox artdı sədaqət.

 

Sən incə, zərif bir gül idin, bəxtimə düşdün,

Hər dürlü bəladan məni hifz etdi məhəbbət.

 

Sən ömrümə İlham gətirən bir çıraq oldun,

Sönməz o çıraq, getməz o ülfət, o lətafət.

 

İllər boyu ən məhrəm olan dost səni bildim,

Öz könlümü yalnız sənə mən etdim əmanət.

 

Hər an ki, səninlə bir idik, nəğmə kimiydi,

İstərdi ürək bitməsin əsla bu səadət.

Sən ömrümə İlham gətirən bir çıraq oldun,

Sönməz o çıraq, getməz o ülfət, o lətafət.

 

Sən gözlərə nur yaymağa gəlmiş mələk idin,

Nur səpdi mənim taleyimə səndəki şəfqət.

 

Gördük həyatın hər üzünü, tapdıq, itirdik,

Sevgiylə dolu gündən əziz olmadı nemət.

 

 

VƏFA

 

Gəldin, gəlişinlə həyatım növbahar oldu,

Mehrin mənə güc verdi, könül bəxtiyar oldu.

 

Min-min ürəyə sığmayacaq bir günəş ikən

Sığdın bu zərif qəlbə, ürək nura yar oldu.

 

Tale sınadı, keçdik onun çox yoxuşundan,

Səndə məni heyran eləyən etibar oldu.

 

Bir dağ kimi gərdin sinəni, haqqa tapındın,

Vaxt imtahan etdi, sənin əzmin açar oldu.

 

Sevginlə işıqlandı yuvam, qəm unuduldu,

Tutduq əl-ələ, sirdaşımız arzular oldu.

 

Sən zirvələrin zirvəsi, ulduz kimi parlaq,

Fikrin də, sözün də mənə bir iftixar oldu.

 

Min-min ürəyə sığmayacaq bir günəş ikən

Sığdın bu zərif qəlbə, ürək nura yar oldu.

 

Mən gözlədim hər gün yolunu ilk görüşümtək

Bizdən bu vəfa dərsi də bir yadigar oldu.

 

 

Arzun

 

Bu Vətən, bu torpaq,

Gözündə bir inci.

İstədin biz olaq,

Hər işdə birinci.

 

Sən yaydın hər yana,

Şöhrətin bu elin.

Göstərdin cahana,

Sehrini bu dilin.

 

İstədin bu Vətən,

Ulduztək parlasın.

Sevinsin ürəkdən,

Şimşəktək gurlasın.

 

İstədin vətənin,

Çevrilsin cənnətə.

Xalqını öyrətdin,

Torpağa hörmətə.

 

İstədin qovuşa,

Güc ola qardaşlar.

İstədin dünyada

Ucala soydaşlar.

 

İstədin yurdunun,

Gözləri dolmasın.

Köçkünü, qaçqını,

İtkini olmasın.

 

 

İstədin imzamız,

Qalmasın kənarda.

İmzalar içində,

Seçilsin bu imza.

 

Bu Vətən, bu torpaq,

Gözündə bir inci.

İstədin biz olaq,

Hər işdə birinci.

 

 

Türkiyəylə Azərbaycan

 

Türkiyəylə Azərbaycan,

Atatürklə Ata Heydər,

Bir-birinə bağlı candan,

İki qüdrət, iki öndər.

 

Hər ürəyə doğma gələr,

Nə deyibsə Ata Heydər.

Atatürkdən qalan sözlər,

Hikmət dolu, dildə əzbər:

 

“Azərbaycan sevinəndə

Sevinərik biz ürəkdən.

Azərbaycan qəmə dalsa,

Üzülərik biz də qəlbən”.

 

 

Atatürkdən qalan sözlər,

Hikmət dolu, dildə əzbər.

Hər ürəyə doğma gələr,

Nə deyibsə Ata Heydər:

 

 

“Bir millətik, iki dövlət,

Dilimiz bir, qanımız bir.

Sevgimizə yoxdu sərhəd,

Ruhumuz bir, canımız bir”.

 

Türkiyəylə Azərbaycan,

Atatürklə Ata Heydər,

Bir-birinə bağlı candan,

İki qüdrət, iki öndər.

 

 

Sən tarixi yaradan

 

Zaman sonsuz bir dənizsə,

Gəmidir Azərbaycan.

Sən millətin bələdçisi,

Ən nurlu bir mayaksan.

 

Tarix tale töhfəsidir,

O, hamının qisməti.

Hər oğula nəsib olmaz,

Onu qurmaq qüdrəti.

 

Tarix bizim yolumuzdur,

Gedirik zaman-zaman.

Sən tarixi seyr etmədin,

Sən - tarixi yaradan!

 

Sınaqlara çəkər xalqı,

Tarix haqsızdı hərdən.

Çox düyünü aça bildin,

Sən - tarixi yönəldən!

 

Sən - sabahın qurucusu,

Uzağı görən memar.

Dövləti elə yüksəltdin,

Dünya durduqca durar.

 

Qalib gəldin, qalib getdin,

Zəfər sənin yaşıdın.

Sən millətin qeyrətini,

Ürəyində daşıdın.

 

 

Sən tarixi yaza-yaza,

Özün də tarix oldun.

Xalqın könül dəftərində,

Başda dayanar adın.

 

 

Zirvələrdən baxan öndər

 

Torpaqları vətən edən

Ona qurban gedənlərdir.

Yerə-yurda həyat verən,

 

Onu gülşən edənlərdir,

Tumar çəkib sevənlərdir.

 

Millətləri millət edən

Ürəyi od olanlardır.

Məmləkətə dayaq duran,

 

Elindən od alanlardır,

Bu eşqlə odlananlardır.

 

Millətləri dönməz edər,

Dövlətləri yenməz edər,

Amalları sönməz edər,

 

Yurda əsgər olan rəhbər

Zirvələrdən baxan öndər.

 

Ömürləri dastan edər,

Ruhunda güc qaynayanlar.

Əməliylə nağıllaşar,

 

Yollar açan qəhrəmanlar,

Özü də bir yol olanlar.

 

 

Bahar kimi qayıtdın

 

Nə qədər ki sönməyibdi ümidlər,

Nə qədər ki ürəklərdə güman var.

Könül susmaz, ağ günləri gözləyər,

Arzularla, xəyallarla yaşayar.

 

Nə qədər ki sönməyibdi ümidlər,

Könül susmaz, ağ günləri gözləyər.

 

                ***

 

 

Bahar kimi, səhər kimi qayıtdın,

Solan ümid, sönən inam gül açdı.

Sən qüruru, iftixarı oyatdın,

Azərbaycan günəş olub nur saçdı.

 

 

Bahar kimi, səhər kimi qayıtdın,

Sən qüruru, iftixarı oyatdın.

Bu millətin son ümidi sən idin,

Çətin günçün qoruyubmuş səni Vaxt.

 

Sən dözmədin dar günündə millətin,

Gəlməyinçün qapısını açdı Baxt.

 

Gəldin, sənin gəlişinlə bu yurda,

Nizam gəldi, sahman gəldi, güc gəldi.

Təlatümlər sarsıtmışdı xalqı da,

Gəldin, bu el hünərinlə dikəldi.

 

Bahar kimi, səhər kimi qayıtdın,

Solan ümid, sönən inam gül açdı.

Sən qüruru, iftixarı oyatdın,

Azərbaycan günəş olub nur saçdı.

 

Bahar kimi, səhər kimi qayıtdın,

Sən qüruru, iftixarı oyatdın.

 

 

Davamçın var

 

Həyatını sən yurduna,

Millətinə bağışladın.

Ürək-ürək, dodaq-dodaq,

Qanadlanar əziz adın.

 

Nə xoşbəxtdir Azərbaycan,

Zirvə olan Heydəri var.

Tarixlərə möhür vuran,

Əbədi bir öndəri var.

 

Qəlbin idi Azərbaycan,

Onu müqəddəs sanırdın.

“Xalq” deyəndə sayğı ilə,

Sən farağat dayanırdın.

 

Heykəlləşib qayıtmısan,

Vətən boyu yüksəlirsən.

O vüqarlı duruşunla

Bizimləsən yenə də sən!

Çiçəklənən Azərbaycan,

Səndən bizə bir yadigar.

Ruhun şaddır, bəxtiyarsan,

Özün kimi davamçın var!

 

Nə xoşbəxtdir Azərbaycan,

Zirvə olan Heydəri var.

Tarixlərə möhür vuran,

Əbədi bir öndəri var.

 

 

Rəfael Hüseynov

 

Xalq qəzeti.- 2009.- 8 may.- S. 4.