Əbədi nəğmə

 

Onun uca boyu Azərbaycan tarixinin bütün yüksəkliklərindən görünəcək.

Heydər Əliyev bu millətin və dövlətin tarixində çoxlu silinməz izlər qoyub. O, böyük qurucu idi.

O, böyük Vətənçi və Dövlətçi idi.

Yurdun dörd bucağında tikib-ucaltdıqları həmişə Azərbaycan insanında minnətdarlıq duyğusu oyadacaq, daim göz önündəki bu yaşayan əməlləri onun özünü də yaşadacaq.

Onun ömrü özünün ən müxtəlif əsərlərində, eləcə də ekranlarda zaman-zaman nümayiş etdirilən və hər yeni vaxta uyğun gələn müdrikliklə dolu nitqlərində, doyulmaz söhbətlərində, çeşidli görüntülərində davam edəcək.

Azərbaycanlıların bütün yeni nəsilləri onu canlı müasiri kimi qavrayacaq, müdam əbədi öndərinə salamlar göndərəcək.

Heydər Əliyev canından artıq sevdiyi millətinə çox yadigarlar qoyub gedib.

Lakin bu yadigarların zirvəsi onun fırtınalı əyyamlar içində hifz edib dikəltdiyi müstəqillik, memarı olduğu çağdaş Azərbaycan dövlətidir.

XX yüzildə biz istiqlalı iki dəfə əldə etdik.

1918-ci ilin 28 mayında yüksəlmiş müstəqillik bayrağımız, nə acı ki, heç 2 ilə çatmamış endirildi.

O ilk müstəqil dövlətin qurucularının hər biri yüksək bilikli, fədakar vətənpərvər, millət üçün yanan qiymətli şəxsiyyətlər idi. Lakin onların hamısı birlikdə istiqlalımızı cəmi 23 ay qoruya bildi.

1993-cü ildə tarixin və taleyin kədərli kinayəsi ilə Azərbaycan 1991-ci ildə həmin əsr içində ikinci dəfə qazandığı müstəqilliyi yenə 2 yaşa çatmamış itirə bilərdi.

Millətin və dövlətin xoşbəxtliyi idi ki, müqəddəratımızın həll edildiyi, Vətənin parçalanma təhlükəsi qarşısında dayandığı bu uçurumlu anlarda tarix səhnəsində böyük Heydər Əliyev göründü.

O, müqtədir əlləriylə istiqlal bayrağımızdan yapışdı, XX yüzilin bitəcəyinin bir-birindən çətin illərinin daşlı-kəsəkli yollarından xalqını da, dövlətini də salamat çıxardı, ildən-ilə güclənən, zənginləşən, müasir dünyanın qəbul etdiyi və hörmət bəslədiyi Azərbaycanı üçüncü minilliyə çatdırdı.

İstiqlalımızın yaşının üstünə gələn hər yeni il bu ali sərvətimizi, ulu öndərin arzuladığı kimi, daha dönməz, daha sarsılmaz, daha qayıdışsız edirdi.

Və Heydər Əliyev xoşbəxt bir insandır.

Xoşbəxtdir, ona görə ki, başladığı yol yarımçıq qalmadı, xoşbəxtdir, ona görə ki, möhkəm təməlini yaratdığı müasir Azərbaycan dövləti etibarlı əllərə qismət oldu, xoşbəxtdir, ona görə ki, vaxt okeanında möhtəşəm Azərbaycan gəmisinin sükançısı olmaq şərəfi onun özü qədər inandığı, qəlbinin bir parçası İlham Əliyevə qismət oldu.

Bütün Azərbaycan boyu ulu öndərin heykəlləri ucalır.

O, sanki canlı kimi, hər an tərəqqi edən, daha artıq rifaha qovuşan Vətəni seyr edir, qürrələnir.

Müasir Azərbaycan dövləti Heydər Əliyevin əsəridir.

Rifah içində yüksələn, qüdrətlənən, durmadan müasirləşən ən yeni firavan Azərbaycan isə Prezident İlham Əliyevin əsəridir.

Heydər Əliyev haqqında çoxlu şeirlər, nəğmələr, filmlər, ən müxtəlif bədii əsərlər yaranıb, bundan sonra da yaranacaq.

Bəlkə də onun haqqında ən yaxşı əsərlərin doğulacağı günlər hələ qarşıdadır. Çünki Heydər Əliyev kimi müstəsna şəxsiyyətlərin əsl böyüklüyü zaman ötdükcə daha artıq duyulur.
Böyük AZƏRBAYCANLI Heydər Əliyevin haqqında yaranan ilk ən böyük musiqi əsərini xalq artisti Oqtay Rəcəbov bəstələyib. Sözlərini yazdığım həmin oratoriyanı ulu öndərin növbəti ad gününü bayram etdiyimiz bu günlərdə və sabahlarda dəfələrlə eşidəcəksiniz.

Oratoriya Azərbaycan musiqisində az işlənmiş, amma vaxtaşırı müraciət edilməsi gərək olan janrlardandır.

Bu əsərdə ölməz rəhbərin millət və dövlət quruculuğuna həsr edilmiş şərəfli ömrünün hər zaman öyrəniləsi və ibrət götürüləsi nurlu səhifələrinin əks-sədası var.

Azərbaycan Milli Televiziyasının simfonik orkestri və xoru bu əsəri məharətlə ifa edərək lentə yazdırıb. Olsun ki, bu dəyərli musiqi əsərinə daxil olan ayrı-ayrı parçalar ayrı-ayrı müğənnilərimizin ifasında da bundan sonra dönə-dönə səslənəcək.

Həqiqətsə budur ki, “Heydər oratoriyası” unudulmaz Heydər Əliyevin parlaq yolunu vəsf edən yeni əsərlərdən sadəcə növbətisidir.

İllər ötdükcə bir simfoniyaya bənzəyən bu mübariz həyatın misilsiz səhifələri, əlbəttə ki, başqa yeni əsərlərdə də əksini tapacaq.

Bu gün “Xalq qəzeti”nin oxucuları “Heydər oratoriyası”nı ilk dəfə oxuyacaqlar.

Amma ölməz Heydər Əliyevin əbədi nəğmə olan, millətimizin varlığı qədər davam edəcək bitəcəksiz ömrünü tərənnüm edən, ilk dəfə oxuyacağımız, ilk dəfə dinləyəcəyimiz, ilk dəfə seyr edəcəyimiz çox-çox sənət inciləri hələ qarşıdadır!

 

 

Rafael HÜSEYNOV,

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2009.- 8 may.- S. 4.