Heydər
Əliyev xalqın ürəyində yaşayır
Ümummilli liderimiz Heydər
Əliyevin zəngin dövlətçilik irsi
xalqımızın inkişaf yoluna daim nur çiləyir. Heç
şübhəsiz ki, gələcək nəsillər də
bu dühanın aydın, parlaq ideyalarından qidalanaraq Azərbaycan
Respublikasının müstəqilliyini əbədi edəcək,
dünya birliyində dövlətimizin mövqeyini daha da
möhkəmləndirəcəklər.
Heydər Əliyevin rəhbərliyi
altında işləmək, onun yaratdığı idarəetmə
məktəbinin müdavimi olmaq böyük səadətdir. Belə
səadətə nəsib olduğum üçün
Tanrıya minnətdaram. Həyatımızın elə bir sahəsi
yox idi ki, bu dahi insan onunla maraqlanıb, ortaya çıxan
problemləri yoluna qoymasın. Elə götürək,
meliorasiya və irriqasiya işlərini. Ölkəmizdə bu
sahəyə maraq hələ XIX əsrin ikinci
yarısından başlanmasına baxmayaraq, meliorasiya və
irriqasiya işlərinin inkişaf edərək, geniş
miqyasda vüsət tapması 1969 – 1982-ci illərə, yəni
unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
ilk dövrə təsadüf edir.
Həmin illərdə cənab
Heydər Əliyevin şəxsi təşəbbüsü və
yaxından köməkliyi ilə meliorasiya və su təsərrüfatında
böyük quruculuq işləri aparılmış,
güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına,
elmi-tədqiqat, layihə-axtarış institutlarına malik
ixtisaslaşmış meliorasiya və su təsərrüfatı
sahəsi, su axımını bölüşdürən, tənzimləyən
suvarma sistemləri, kollektor-drenaj şəbəkələri,
nasos stansiyaları və çoxsaylı su tutar anbarlardan ibarət
etibarlı meliorasiya və su təsərrüfatı kompleksi yaradılmış,
ölkədə suvarılan torpaqların ümumi sahəsi
1,5 dəfə artmışdır.
Ötən əsrin
70-80-ci illərində meliorasiya və su təsərrüfatı
sahəsinə 2 dəfədən çox vəsait
qoyulmuş, min kilometrlərlə suvarma kanalları,
kollektor-drenaj sistemləri, geniş həcmli nasos
stansiyaları, hidroqovşaqlar, ümumi tutumu 3 milyard kubmetr
olan su anbarları və sair tikilib istifadəyə verilmiş,
meliorativ fondların həcmi 2 dəfədən çox
artmış və bütün bunların hesabına
torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş,
suvarma əkinçiliyinin mədəniyyəti daha da səlisləşmiş,
onun səmərəsi nəzərə çarpacaq dərəcədə
artmışdır.
Böyük öndərin
uzaqgörən siyasəti sayəsində ölkədə elə
təsərrüfat sistemi yaradılmışdır ki, orada
su çatışmazlığından gileylənmək bəhanədən
başqa bir şey deyildi. Meliorasiya və su təsərrüfatının
inkişaf etdirilməsi sahəsində 1970-ci ildən
başlayaraq cənab Heydər Əliyevin göstərişləri
əsasında həyata keçirilən tədbirlər
respublikada kənd təsərrüfatı məhsullarının
istehsalında böyük nailiyyətlərin əsasını
təşkil etmişdir. 1983-cü ildə Azərbaycanda kənd
təsərrüfatı məhsullarının ümumi dəyəri
1970-ci ildəkinə nisbətən 2,2 dəfə
artmışdır. Bitkiçilik üzrə bu göstərici
2,6 dəfə, heyvanlarlıq sahəsində isə 1,7 dəfə
olmuşdur.
Heydər Əliyev
Moskvada, İttifaq rəhbərliyində işləyərkən
belə respublikanın meliorasiya və su təsərrüfatı
sahəsinə öz qayğısını əsirgəməmiş,
bu yöndə işlərin gedişinə daim nəzarət
etmiş və dəyərli köməklik göstərmişdir.
Məhz həmin dövrdə onun fəal müdaxiləsi
hesabına ölkəmiz üçün son dərəcə
vacib sayılan Baş Mil-Muğan kollektorunun yenidən
qurulmasının, Naxçıvan Muxtar Respublikasında
Vayxır su anbarının, Şəmkir magistral
kanalının və onlarla digər vacib obyektlərin
tikintisinin taleyi müsbət həll edilmişdir.
Lakin bu dahi insanın vəzifədən
kənarlaşdırılması nəinki Azərbaycana, o
cümlədən keçmiş SSRİ-yə böyük bəlalar
gətirmişdir. Milli zəmində başlanan qanlı
münaqişələr bütün dünyada söz sahibi
sayılan nəhəng bir dövlətin əsaslarını
laxlatmış, iqtisadiyyatını tənəzzülə
sürükləmişdir. Bunu biz respublikamızda daha
çox hiss etmişik. O vaxtkı respublika rəhbərliyinin
səriştəsizliyi və şəxsən bizim sahəyə
laqeyd münasibəti aparılan işlərin sürətinə
və həcminə mənfi təsir göstərmiş,
meliorasiya və su təsərrüfatına qoyulan kapital
heçə endirilmiş, irriqasiya sistemlərinin
istismarına ayrılan büdcə vəsaiti ildən-ilə
azaldılmışdır.
Nəticədə
mühüm dövlət əhəmiyyətli meliorasiya və
su təsərrüfatı obyektlərinin saxlanılması,
istismarı, təmir-bərpası xeyli çətinləşmiş,
daxili təsərrüfat subyektlərinin əksəriyyəti
yararsız hala düşmüş, unikal şəkildə
qurulmuş qapalı drenaj sistemləri və dəmir-beton
növlü suvarma kanalları baxımsızlıq
üzündən sökülüb
dağılmışdı. Xoşbəxtlikdən, belə vəziyyət
çox uzun sürmədi. 1993-cü ilin iyun ayında
xalqımızın böyük oğlu Heydər Əliyev
ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə
qayıtdı.
Cəmi iki il əvvəl
müstəqillik qazanmış Azərbaycan Respublikası həmin
vaxt çox təhlükəli bir vəziyyətlə
üz-üzə dayanmışdı. Ölkədə, demək
olar ki, vətəndaş müharibəsi
başlanmışdı. Separatçı qüvvələr
hərəkətə gəlmiş, respublikanın şimal və
cənub bölgələrində, sözün əsl mənasında,
hərki-hərkilik, özbaşınalıq
yaranmışdı. İqtisadiyyat tam iflasa uğramış,
Vətənimizin varı-dövləti hərraca qoyulmuşdu.
Bax, belə bir gərgin, müşkül vəziyyətdə
hakimiyyətə qayıdan Heydər Əliyev bütün
dünyaya bəyan etdi ki, həyatının qalan hissəsini
xalqına qurban verir.
Müstəqil Azərbaycan
dövlətinin xilaskarı missiyasını şərəflə
həyata keçirən Heydər Əliyev fəaliyyətə
başlayanda bütün sahələrdə olduğu kimi,
meliorasiya və su təsərrüfatı kompleksində də
böhranlı vəziyyət hökm sürürdü,
böyük zəhmət və küllü miqdarda vəsait
hesabına yaradılmış qurğular, suvarma sistemləri
qəza halına düşmüşdü, sahənin fəaliyyətinə
ayrılan sərmayənin həcmi heçə
endirilmişdi. Bizim böyük xoşbəxtliyimizdir ki,
dövlətçiliyin bütün incəliklərini dərindən
bilən bu əvəzsiz insan ölkənin ağır məqamında
imdadımıza çatdı.
Ümummilli liderimizin
ikinci dəfə respublika rəhbərliyinə gəlişi
meliorasiya və su təsərrüfatını məhv
olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə
qədəm qoydu, ona diqqət və dövlət
qayğısı bərpa olundu, meliorasiyanın
potensialından daha səmərəli istifadə olunması
yolları və onun gələcək inkişaf istiqamətləri
müəyyənləşdirildi. Sahənin əhəmiyyətini
yaxşı bilən Heydər Əliyevin göstərişləri
əsasında respublikaya gələn xarici investisiyaların
müəyyən hissəsi meliorasiya və su təsərrüfatının
inkişafına yönəldildi.
1993-cü ildə,
ölkədə mürəkkəb siyasi durum, iqtisadi
böhran, müharibə şəraiti, qaçqınlar
problemi və üstəlik vətəndaş
qarşıdurması təhlükəsi hökm sürən
bir dövrdə ulu öndər bir çox maneələrə
baxmadan, heç nədən çəkinmədən, cəsarətlə
xalq təsərrüfatında islahatların
aparılmasını təkidlə tələb etdi və onun
həyata keçirilməsinə rəhbərliyi bilavasitə
öz üzərinə götürdü. Ölkəmizin
bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi bəyan
olundu. Bununla əlaqədar aqrar sahədə başlanan
islahatlarla paralel meliorasiya və su təsərrüfatında
da bazar münasibətlərinə uyğun işlərə
start verildi. İlk növbədə, islahatların
normativ-hüquqi bazası yaradıldı. Bir-birini təkrarlayan
səmərəsiz strukturlar ləğv olundu, bazar
iqtisadiyyatının tələblərinə uyğun daha
çevik fəaliyyət göstərə biləcək yeni
qurumlar yaradıldı. Xalqın təkidli tələbi ilə
yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin
qısa bir müddətdə həyata keçirdiyi titanik
işlər bütün dünyanı heyran qoydu. Daxildən və
xaricdən törədilən əngəllərə baxmayaraq
az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas
sərvətimiz sayılan yanacaq ehtiyatları hərəkətə
gətirildi, dünyanın aparıcı ölkələrinin
güclü maliyyə ikanlarına malik şirkətləri ilə
30 il müddətinə “Əsrin müqaviləsi”
bağlandı və beləliklə, iqtisadiyyatın
bütün sahələrində islahatlara geniş meydan
açıldı.
MDB ölkələri
arasında ilk dəfə Azərbaycanda 1996-cı ildə
“Meliorasiya və irriqasiya haqqında” Qanun qəbul edildi. Bundan
iki il sonra “Azərbaycan Respublikasının Su Məcəlləsi”,
daha sonra isə “Hidrotexniki qurğuların təhlükəsizliyi
haqqında” Qanun qüvvəyə mindi. Həmin qanunlar əsasında
müvafiq normativ-hüquqi sənədlər hazırlanıb
təsdiq edildi. Bunu xüsusi vurğulamaq istəyirəm ki,
şəxsən cənab Heydər Əliyevin təşəbbüsü
ilə qəbul edilmiş “Azərbaycan Respublikasının Su
Məcəlləsi” ölkəmizdə su münasibətlərinin
tənzimlənməsi yolunda uğurlu bir addım olmuşdur.
Meliorasiya və irriqasiya
sahəsində islahatların aparılması, onun gələcək
inkişafının təmin olunması üçün
ümdə əhəmiyyətə malik həmin qanunlar və
onların əsasında qəbul edilmiş 30-a yaxın
normativ-hüquqi sənəd meliorasiya və su təsərrüfatında
işlərin istiqamətlərini, prinsiplərini, habelə
belə obyektlərdə mülkiyyət formalarını
müəyyənləşdirdi. Ulu öndərin idarəetmə
işinin təkmilləşdirilməsi ilə bağlı
göstəriş və tövsiyələrini rəhbər
tutaraq, meliorasiya və su təsərrüfatında idarəetmə
orqanlarının strukturu və fəaliyyət istiqamətləri
yeni şəraitə uyğunlaşdırıldı.
Keçmiş kolxoz və
sovxozların balansında olmuş daxili təsərrüfat
obyektlərinin yenicə yaradılan fermerlər tərəfindən
saxlanılmasının və istismarının
mümkünsüzlüyünü nəzərə alaraq,
onların Meliorasiya və Su Təsərrüfatı Komitəsinin
balansına verilməsi barədə qəbul edilən qərar
ulu öndər Heydər Əliyevin respublikada
sahibkarlığın inkişafına göstərdiyi diqqət
və qayğının bariz nümunəsidir. Təsərrüfatdaxili
suvarma sistemlərinin dövlət himayəsinə
götürülməsi onların tamamilə məhv
olunması təhlükəsini aradan qaldırdı.
Ulu öndərin
göstərişləri əsasında meliorasiya və su təsərrüfatına
yönəldilən xarici investisiyaların səmərəliliyini
təmin etmək məqsədilə tikintisi
yarımçıq qalmış 150 obyektdən respublika
üçün mühüm əhəmiyyət kəsb edən
11 obyekt seçilərək onlardan üçünün –
Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma
sisteminin yenidən qurulmasının və Naxçıvan
MR-də Vayxır su anbarının inşasının birinci
növbədə maliyyələşdirilməsi qərara
alındı. İslam dünyasının Heydər Əliyevə
böyük hörmətinin və ehtiramının təzahürü
kimi İslam İnkişaf Bankının rəhbərliyi
Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə
güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin
yenidən qurulması layihəsinin hazırlanmasına əvəzsiz
olaraq vəsait (qrant) ayırdı.
Mən bu yazıda ulu
öndərimizin şəxsi təşəbbüsü,
yaxından köməkliyi ilə Samur-Abşeron suvarma
sisteminin qurulması, ölkə ərazisindəki
çaylarda sel və daşqın sularının
axıdılması istiqamətində geniş miqyaslı
mühafizə tədbirlərinin həyata keçirilməsi,
eləcə də meliorasiya və su təsərrüfatında
bir sıra iri həcmli işlərin reallaşması ilə
bağlı çoxsaylı faktlar sadalaya bilərəm.
Ümumiyyətlə, Azərbaycanda
meliorasiya və su təsərrüfatı sistemində son dərəcə
vacib olan nəhəng, dəyərli layihələrin
reallaşdırılması ilə məşğuluq. Bütün
bu işlər müdrik və uzaqgörən rəhbər,
qüdrətli tarixi şəxsiyyət, dünya miqyaslı
siyasətçi, xalqımızın unudulmaz oğlu Heydər
Əliyevin diqqət və qayğısı sayəsində
mümkün olmuşdur. Biz iftixarla deyirik ki, Azərbaycanda su
təsərrüfatı kompleksinin yaradıcısı, onun
inkişaf konsepsiyasının, meliorasiya və su təsərrüfatı
sahəsində həyata keçirilmiş əzəmətli
işlərin və əldə edilmiş diqqətəlayiq
nailiyyətlərin müəllifi, həm də təşkilatçısı
möhtərəm Heydər Əliyevdir.
Azərbaycan
Respublikasının tərəqqisinə ömrünün 34
ilini həsr etmiş Heydər Əliyev demişdir: “Meliorasiya
və su təsərrüfatı obyektləri bizim sərvətimizdir
və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Ümummilli liderimizin bu tövsiyəsi meliorasiya və su təsərrüfatı
kompleksi kollektivlərinin başlıca fəaliyyət
proqramıdır. Biz həmin proqrama daim sadiq qalacağıq.
Heydər Əliyev ideyalarının, bu müqəddəs
insanın bizə miras qoyub getdiyi siyasət kursunun
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev
əmin ola bilər ki, respublikanın melioratorları və su
təsərrüfatı işçiləri bundan sonra daha səylə
çalışacaq, yeni ildə qarşıda duran vəzifələrin
həyata keçirilməsi üçün var qüvvələrini
əsirgəməyəcəklər.
Unudulmaz öndərimiz
Heydər Əliyevin həyata keçirdiyi möhtəşəm
işlər xalqımıza həmişə xeyir-bərəkət
gətirmişdir. Onun qurub-yaratdığı müstəqil
Azərbaycan Respublikası etibarlı əllərdədir.
Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab
İlham Əliyev sübuta yetirdi ki, o, ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursunun ən layiqli
davamçısıdır. Bunu möhtərəm dövlət
başçımızın son beş ildəki fəaliyyəti
də aydın göstərir.
Belə ki, möhtərəm
dövlət başçımızın rəhbərliyi ilə
ötən beş ildə ölkəmizdə ardıcıl və
sistemli şəkildə atılan bütün addımlar
güclü iqtisadi potensialın yaradılmasına, dövlətin
möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik
və sabitlik şəraitində yaşamasına müsbət
təsir göstərmişdir. Regionların tarazlı
inkişafı, yoxsulluğun azaldılması, işsizliyin
aradan qaldırılması istiqamətində mühüm
uğurlar qazanılmışdır. Məsələn,
sözügedən dövrdə ölkə Prezidenti tərəfindən
söz verilmiş 600 min iş yerinin müqabilində 766 min
iş yeri açılmışdır ki, onlardan da 547 mini
daimi iş yerləridir. Cənab İlham Əliyevin
bütün digər məsələlərdə olduğu
kimi, bu məsələdə də tutduğu prinsipial
mövqe həm insanların rifah halının
yaxşılaşmasına xidmət göstərir, həm də
bölgələrdə gedən iqtisadi və sosial proseslərə
güclü təkan verir.
Diqqəti digər
uğurlu göstəricilərə də yönəlmək
istərdim. Son beş il ərzində minimum aylıq əməkhaqqı
3,5 dəfə artmışdır. Əhalinin sosial müdafiəsinin
təmin olunması, büdcə təşkilatlarında
çalışan işçilərin əməkhaqlarının
artırılması üçün cənab İlham Əliyev
tərəfindən silsilə sərəncamlar
imzalanmışdır.
İqtisadi
inkişafın əsas hədəflərindən biri də
yoxsulluğun azaldılmasıdır. 2003-cü ildən
icrasına başlanılan müvafiq dövlət
proqramının həyata keçirilməsi nəticəsində
yoxsulluğun səviyyəsi 3,4 dəfə azalaraq, ötən
il 13,2 faizə enmişdir.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, diqqəti eyni zamanda dövlət büdcəsində
nəzərə çarpan dinamikaya da yönəltmək istərdim.
Ölkə Prezidentinin xüsusi diqqəti və
qayğısı nəticəsində dövlət büdcəsi
investisiyayönümlü büdcəyə, inkişaf və
quruculuq büdcəsinə çevrilmişdir.
Budcənin gəlir və
xərclərinin səmərəli və şəffaf şəkildə
icrasında əhəmiyyətli irəliləyiş əldə
olunmuşdur. Belə ki, son beş ildə dövlət
büdcəsi on dəfədən çox
artmışdır. Əgər 2003-cü ildən Azərbaycanın
dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə,
2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin
xərclərində böyük əhəmiyyət kəsb
edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı
və meşə təsərrüfatı xərcləri 5,2 dəfə,
təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və
sosial təminat xərcləri 3,9 dəfə, müdafiə xərcləri
isə 9,7 dəfə artmışdır.
Bu ilin birinci
rübünün sosial-iqtisadi göstəriciləri də
uğurludur. Bir neçə statistik rəqəmə nəzər
salaq. 2009-cu ilin ilk üç ayı ərzində qlobal
iqtisadi böhran şəraitinə baxmayaraq, ümumi daxili məhsul
4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz
artmışdır. Bundan başqa, əhalinin gəlirləri
25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz,
orta aylıq əmək haqqı isə 26,5 faiz
artmışdır.
Son beş ildə
meliorasiya və su təsərrüfatı sistemində də
xeyli iş görülmüş, bir sıra mühüm layihələr
reallaşdırılmışdır. Cənab İlham Əliyevin
sahəyə diqqətinin nəticəsi olaraq sözügedən
dövrdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin
həcmi 4,3 dəfə, bütün maliyyə ənənələri
hesabına sahəyə əsaslı kapital qoyuluşu isə
22 dəfəyə yaxın artmışdır. Bunun nəticəsində
mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı
xeyli yaxşılaşmış, sistem üzrə
işçilərin əmək haqqı 5,7 dəfə
artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş,
800-dən artıq maşın və mexanizm
alınmış, 247 km təsərrüfatlararası suvarma
kanalları, 244 km kollektor-drenaj şəbəkələri
tikilib istifadəyə verilmiş, 201 min hektar suvarılan
torpaqların su təminatı və meliorativ vəziyyəti
yaxşılaşdırılmışdır. 479 ədəd
subartezian quyusu qazılmışdır.
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmityyəti
tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal
istismarının təşkili, tələb olunan həcmlərdə
təmir-bərpa işlərinin görülməsi,
suvarılan torpaqların su təchizatının və
onların meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sel və daşqın
sularına qarşı mübarizə tədbirlərinin davam
etdirilməsi sahəsində konkret tədbirlər işlənib
həyata keçirilmişdir.
2008-ci ilin mürəkkəb
təbii iqlim şəraitinə baxmayaraq öz daxili
imkanlarını səfərbər edərək cəmiyyət
üzərinə düşən vəzifələri yerinə
yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin,
hidrotexniki qurğuların mövcud normativlərə uyğun
istismarını və qəzasız fəaliyyətini təmin
etmiş, müvafiq təmir-bərpa işlərini həyata
keçirmişdir.
Ötən il 155,3 milyon
manat dəyərində, 2007-ci ilin müvafiq dövründəkindən
12,5 milyon manat çox istismar tədbirləri və əsaslı
təmir işləri yerinə yetirilmişdir. Suvarma sistemlərində
və kollektor-drenaj şəbəkələrində 34 milyon
kubmetr həcmində lildən təmizləmə işləri
görülmüş, 3498 hidrotexniki qurğu, 657 hidropost, 2182
subartezian nasosu, 371 stasionar nasosu, 458 elektrik və dizel mühərriki,
278 transformator, 5 üzən nasos stansiyası təmir edilib
işlək vəziyyətə gətirilmişdir.
Çay məcralarında
9,5 milyon kubmetr həcmində məcratəmizləmə
işləri aparılmış, 11,8 min kubmetr şax-daş və
faşin, 2,9 min kubmetr qabion və 16,5 min kubmetr daş-beton bəndlər
quraşdırılmışdır.
Kür-Araz və onlara
qovuşan çaylardan sel sularını təhlükəsiz
axıtmaq məqsədilə 246,8 kilometr uzunluğunda
mövcud torpaq mühafizə bəndlərində
hündürləndirmə və möhkəmləndirmə
işləri həyata keçirilmiş, 5185 kilometr həcmində
betonitlərlə sahilbərkitmə işləri
görülmüşdür.
Cəmiyyətin sənaye
müəssisələrində 2008-ci ildə 2600 min manat dəyərində,
2007-ci ildəkindən 715 min manat çox məhsul istehsal
olunmuşdur. Hidrotexniki qurğuların təmrində və
yenidən qurulmasında istifadə olunan müxtəlif adda 160
ton metal konstruksiya, 32 ədəd nasos aqreqatı, 165 min
manatlıq nasoslar üçün ehtiyat hissələri
hazırlanmış, müxtəlif sazlama-quraşdırma və
servis xidmətləri həyata keçirilmişdir. 2003-cü
il ilə müqayisədə sənaye məhsulları
istehsalı 3,2 dəfə artmışdır. Bütün
maliyyə mənbələri hesabına 284897,86 min manat dəyərində
əsaslı kapital qoyuluşu yerinə yetirilmişdir ki, bu da
2007-ci ildəkindən 1,8 dəfə çox olmuşdur.
Ölkəmizin son illərdəki
uğurları barədə çox danışmaq olar. Bir qəzet materialında isə buna imkan yoxdur.
Amma onu deyə bilərəm ki, bu yüksək sosial-iqtisadi
göstəricilər göstərir ki, Heydər Əliyevin
ideyaları bu gün də yaşayır, sabah
da ölkəmizin yoluna işıq salacaqdır. Azərbaycanın gələcəyi daha xoşbəxt,
firavan olacaqdır.
Əhməd ƏHMƏDZADƏ,
Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri
Xalq qəzeti.- 2009.- 8 may.- S. 5.