Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir

 

Azərbaycan Sosial Rifah Partiyasının təşəbbüsü ilə Atatürk Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda konfrans keçirilmişdir. Milli Məclis deputatlarının, siyasi partiya təmsilçilərinin, QHT nümayəndələrinin, paytaxt ziyalılarının və digər qonaqların iştirak etdiyi məclisdə Heydər Əliyev Fondunun yaranmasının 5 illiyi də natiqlərin diqqət mərkəzində olmuşdur.

Konfransı giriş sözü ilə açan ASRP-nin sədri, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı bildirdi ki, ümummilli lider Heydər Əliyev istər sovet dövründə, istərsə də 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsini milli varlığımızı yaşatmağın və təsdiq etməyin ən önəmli məsələsi kimi daim diqqətdə saxlamışdır. Ulu öndər respublikamız suverenlik qazandıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının ideya təməli olan konsepsiyanı – azərbaycançılığı da nəzəri və təcrübi yönlərdə yüksək səviyyəyə qaldırmışdır.

Bu baxımdan millət atasının 2001-ci il noyabrın 10-da Dünya azərbaycanlılarının I Qurultayındakı nitqi azərbaycançılığın məramını idarə edən düstur sayıla bilər: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Konfransda məruzə ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Buludxan Xəlilov qədim dövrlərdən başlayaraq bugünümüzə qədər xalqımızın adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyasının təşəkkül tapmasında ulu öndərin misilsiz xidmətlərindən söz açdı. O, qeyd etdi ki, Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən azərbaycançılığı milli dövlətçilik ideologiyası kimi sistemləşdirmiş, onu ümummilli məfkurə, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırmışdır.

Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin yaratdığı və onun ideyalarını uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının ideya-siyasi işinin təməlində azərbaycançılıq məfkurəsinin dayandığını vurğuladı. Millət vəkili bildirdi ki, gündəlik fəaliyyətində aparıcı yer tutan azərbaycançılığı müstəqillik dövrü konstitusiyamızın ruhuna hopduran ulu öndər onu dövlətçilik təliminin guşə daşına çevirmişdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, azərbaycançılıq mövzusunun fəal tədqiqatçısı Nizaməddin Şəmsizadə bildirdi ki, Heydər Əliyevin azərbaycançılıq təlimində dövlətçiliyimizin və ideoloji düşüncəmizin tarixi ənənələri geniş nəzərə alınmış, bu konsepsiyada tarixiliklə müasirliyin nəzəri-təcrübi vəhdəti əsas yer tutmuşdur. Bu isə azərbaycançılıq məfkurəsinin gələcəyə yönəlməsini, uğurlar qazanmasını təmin edir.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızda milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Azərbaycan ədəbiyyatında, müsiqisində, kinosunda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Bu proses ulu öndər tərəfindən daim təşviq edilmiş və dəstəklənmişdir. Bununla yanaşı, məclisdə Heydər Əliyevin azərbaycançılıq təliminin təməlində dayanan amillərdən birinin Azərbaycan dili olmasına təkrar-təkrar toxundu. Ulu öndərin Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə etməsi, onu xalqı irəli aparan, tarixdə yaşadan qüdrətli vasitə kimi dəyərləndirməsi də çıxışlarda xüsusi qeyd olundu.

Konfransda birmənalı olaraq təsdiqləndi ki, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. O, azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik əlamətlər əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdur.

Məruzə və çıxışlarda qeyd olundu ki, azərbaycançılığın qorunması və gələcək nəsillərə ötürülməsi missiyasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük məsuliyyətlə və layiqincə həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında bütün sahələrdə azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl davam etdirilməsini konfrans iştirakçıları yüksək qiymətləndirdilər.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2009.- 8 may.- S. 5.