Heydər Əliyev dühası yüksəliş yollarına işıq salır

 

Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə, milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxlaq hüquq normalarının və s. inkişaf etdirilməsi, böyük dövlətlər və qonşularla münasibətlərin qurulmasında tarazlığın qorunması, — bütün bunlar Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.

Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, öz dövlətçilik siması, öz inkişaf yolu vardır. Artıq on altı ildir ki, Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş vahid inkişaf strategiyası, siyasi-iqtisadi və mədəni-mənəvi təkamül konsepsiyası, vahid milli ideologiya formalaşmaqdadır. Dövlətimizin öz milli maraqlarına söykənən beynəlxalq siyasi kursu da, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də göz qabağındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu, sadəcə, qoruyub-saxlamaqla kifayətlənməyərək, onu yeni şəraitin tələblərinə uyğun surətdə, yaradıcılıqla inkişaf etdirməkdədir. Belə ki, “kursun saxlanması” heç də hər hansı bir dəyişikliyin olmasını istisna etmir. Əksinə, başqa bir şərait, başqa bir zaman, başqa bir siyasi və iqtisadi situasiya üçün səmərəli olan idarəçilik üsulları vaxtaşırı olaraq yeni zamanın, yeni situasiyanın tələblərinə uyğun surətdə dəyişdirilməsə, inkişafa nail olmaq mümkün deyil.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan bir sıra strateji layihələr XXI əsrin ilk illərindən başlayaraq uğurla həyata keçirilmiş və yeni layihələr işlənib-hazırlanmışdır. Bu sırada ilk növbədə Bakı-Tbilisi-Ceyhan neft kəməri qeyd edilməlidir. Bu kəmərin istifadəyə verilməsi böyük iqtisadi əhəmiyyətə malik olmaqla bərabər, regionun coğrafi-siyasi mənzərəsinə də təsir göstərir və Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi, habelə bu yaxınlarda icrası planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə yeni bir vəziyyət yaradacaqdır. “Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu vasitəsilə birləşdirən ölkəyə çevrilir və əlbəttə ki, regional işlərdə bizim önəmimiz artır” (İlham Əliyev).

Azərbaycan hökümətinin strukturundakı dəyişikliklər, xüsusən, Hərbi Sənaye Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yaradılması da bu sahədə uzunmüddətli planlardan xəbər verir. Prezident İlham Əliyev Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı nitqində bu kursun növbəti illərdə də davam etdiriləcəyini vurğulamışdır: “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və gələn il biz buna nail olacağıq. Biz bu təzyiqləri davam etdirməliyik. Əgər Ermənistan tərəfi bu təzyiqləri görməsə və bu təzyiqlərdən ehtiyatlanmasa, Azərbaycanın artan imkanlarından narahat olmasa, onlar işğal olunmuş torpaqlardan çətin ki, öz xoşları ilə çıxsınlar”. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib istədiyinə nail olacaqdır”. Son illərdə Azərbaycanda aparılan geniş miqyaslı islahatlar və həm siyasi, həm də sosial-iqtisadi sahələrdə qazanılan böyük uğurlar Prezidentin bu sahədə dediklərinin reallığını əyani surətdə sübut edir.

Bütün bu nailliyətlər ölkəmizin dünya miqyasında ən yüksək inkişaf tempindən xəbər verir. Həm də bütün bu iqtisadi uğurların məhz xalqın maraqlarına, əhalinin güzəranının yaxşılaşmasına yönəldilməsi nəzərdə tutulmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinə həsr olunmuş konfransda İlham Əliyev demişdir: “Bütün bu planların təməlində bir məqsəd dayanır: ölkəmiz daha da möhkəmlənsin, daha da zənginləşsin, Azərbaycan hərtərəfli inkişaf etsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın, daha da yaxşı maaş alsın, pensiya alsın və Azərbaycan bölgədə öz mövqelərini daha da möhkəmləndirsin”.

Əlamətdar haldır ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilir. Son illərdə elm, təhsil və təsərrüfat sahələrinin kompyuterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Bütün bunlar Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.

Prezident İlham Əliyev Azərbaycan ərazisində iqtisadiyyatın mütənasib inkişafını təmin etmək üçün bütün bölgələrin iqtisadi dirçəlişini diqqət mərkəzinə çəkmişdir: “Azərbaycanın hərtərəfli inkişafına nail olmaq üçün regional proqramlar həyata keçirilməlidir. Sizə bildirməliyəm ki, Azərbaycanın iqtisadi potensialının üçdə iki hissəsi Bakıda və Abşeron yarımadasında formalaşıbdır. Bu onu göstərir ki, regionlarda iqtisadi inkişaf ləng gedir. Əlbəttə, bunun da obyektiv səbəbləri vardır. Amma bu istiqamətlərdə dönüş yaratmaq üçün regional proqramlara böyük diqqət göstərilməlidir”. Az müddət sonra, 2004-cü ilin fevral ayında Azərbaycan Republikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı qəbul edildi uğurla həyata keçirildi. Bu müddət ərzində qeyri-neft sektorunun inkişafı üçün xüsusi tədbirlər görülmüş, sahibkarlığın inkişafında maneələrin aradan qaldırılması istiqamətində bir sıra ciddi addımlar atılmışdır. Keçən altı il ərzində ölkəmizdə ictimai həyatın bütün sahələrində böyük uğurlar əldə edilmişdir. Bu uğurlar planlı mütəşəkkil surətdə həyata keçirilir uzun müddətə hesablanmış fəaliyyət proqramının tərkib hissələridir. İndi bütün dünyanı bürüyən maliyyə böhranı şəraitində ölkəmizin bu sınaqlardan da çox az itki ilə çıxmaq əzmi hətta böhran dövründə iqtisadi inkişafın davam etməsi ölkəmizdə sükanın etibarlı əllərdə olduğunu bir daha sübut edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə reallaşdırılan bu proqramlar Azərbaycanın istər qonşu dövlətlərlə, istərsə də qabaqcıl Avropa dövlətləri və ABŞ-la iqtisadi əlaqələrini əhatə edir. İlk növbədə, ölkəmizin milli maraqlarını rəhbər tutan genişmiqyaslı fəaliyyət proqramı Azərbaycan təsərrüfat sisteminin özəlliklərini nəzərə almaqla bərabər, onun dünya iqtisadiyyatına inteqrasiya olunması üçün də lazım olan bütün parametrləri ehtiva edir.

Yeni mərhələdə Heydər Əliyev ideyalarının Azərbaycanda daha intensiv surətdə həyata keçirilməsi təkcə dövlət quruculuğunu, dövlətin sosial-iqtisadi siyasətini əhatə etməyərək, həm də bütün ictimai resursların vahid mərama xidmət etməsi sayəsində mümkün olmuşdur. Bu sahədə ən mütəşəkkil və ardıcıl fəaliyyəti Heydər Əliyev Fondu göstərir. Məlum olduğu kimi, Heydər Əliyevin son sərəncamlarından biri yeni orta məktəb binalarının tikilməsi və təhsilin maddi-texniki bazasının möhməkləndirilməsi haqqında olmuşdur. Bu sərəncam indi müvafiq dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən icraata götürülmüşdür. Qısa bir müddət ərzində yüzlərlə ən müasir standartlara uyğun məktəb binalarının inşası, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının həyata keçirilməsi Azərbaycan təhsilinə ən böyük hədiyyədir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoş məramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təhsil və mədəniyyətimizin inkişafı naminə göstərdiyi hərtərəfli fəaliyyət də Azərbaycanın yeniləşməsinə və qabaqcıl dövlətlər sırasına çıxmasına xidmət edir.

Əlbəttə, İlham Əliyevin dövlət başçısı olaraq uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm bir zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil də özünü göstərir ki, bu da İlham Əliyevin bir siyasi lider kimi yeni iqtisadi münasibətlər şəraitində yetişmiş olması ilə əlaqədardır. Əgər yeni ictimai inkişaf mərhələsinə keçidin birinci fazası kommunist ideologiyasından imtina edilməsini və sosialist iqtisadi münasibətlərindən qarışıq bazar iqtisadiyyatına keçilməsini nəzərdə tuturdusa, ikinci faza həmin bu sinkretik istimai-iqtisadi sistemin bazasında Qərb standartlarına uyğun islahatların davam etdirilməsini və vətəndaş cəmiyyətinə keçilməsini nəzərdə tutur. Yəni birinci keçid dövründə sosializm cəmiyyətinin, dövlət iqtisadiyyatının, kommunist ideologiyasının xüsusiyyətlərini yaxşı bilmək və yeni iqtisadi münasibətlərə sosializm dönəmində əldə olunmuş nailiyyətlərin dağıdılmasına yol vermədən keçmək tələb olunurdusa, indi bazar iqtisadiyyatının özünü yaxşı mənimsəmək, sahibkarlığın xüsusi çəkisini artırmaq, orta təbəqəni möhkəmləndirmək və vətəndaş cəmiyyətinə keçidi təmin etmək üçün sosial-iqtisadi baza yaratmaq və bütün bu irəliləyişi siyasi və hüquqi müstəvidə təsbit etmək, açılan yeni imkanlardan maksimum səmərəli istifadə etmək tələb olunur. Prezident İlham Əliyev məhz belə bir missiyanı öz üzərinə götürmüşdür və ardıcıl surətdə yerinə yetirməkdədir.

Bunu da qeyd etmək lazımdır ki, İlham Əliyevin mövqeyi, sadəcə, vədlər vermək deyil, real iş görmək mövqeyidir. O, doğrudan da, həyata keçirilməsini planlaşdırdığı, elmi və praktik cəhətdən real olan fəaliyyət proqramları ortaya qoyur ki, bu da əhalidə ona olan inamı daha da gücləndirir. ictimai şüur səviyyəsinin 90-cı illərin əvvəllərinə nisbətən xeyli yüksəlməsi daha vədlərlə spekulyasiyanın baş tutmasına imkan verməz. Azərbaycan xalqının milli mentaliteti elədir ki, onu halal zəhməti ilə pul qazanmaq imkanı daha çox cəlb edir. Bu baxımdan, İlham Əliyevin yeni müəssisələr tikilməsi, xarici investisiyanın daha geniş miqyasda cəlb olunması və yeni-yeni iş yerləri açılması istiqamətində gördüyü tədbirlər əhalidə böyük razılıq hissi ilə qarşılanır. Ötən müddət bu deyilənlərin, sadəcə, vəd deyil, real fəaliyyət proqramı olmasını təsdiq etdi. Qısa bir vaxtda 100 minlərlə iş yerinin açılması rəhbərliyin ən böyük uğurlarından biridir və həm də uğurlar təkcə vədlərin icrasından ibarət deyil. Sosial-iqtisadi inkişaf strategiyası, sahibkarlığın inkişafı, regionlarda yeni infrastruktur layihələrinin həyata keçirilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompyuterləşdirilməsi ilə bağlı addımlar bu sırada xüsusi qeyd edilməlidir.

Heydər Əliyev ona məxsus olan qeyri-adi istedad, yeniliyi duymaq, dövrün nəbzini tutmaq kimi keyfiyyətlərə malik olsa da, hər halda əvvəlki dövrdə, əvvəlki idarəetmə sistemində, əvvəlki iqtisadi münasibətlər şəraitində yetişib formalaşmışdı. Yeni dövrün tələblərinə uyğunlaşmaq və dövləti, cəmiyyəti bu istiqamətə yönəltmək üçün Heydər Əliyev keçmiş idarəçilik vərdişləri üzərində qələbə çalmaq, iş təcrübəsini daim yeniləşdirmək sahəsində böyük əzm göstərir və zahirən hiss olunmasa da bu yol böyük daxili dramatizmi olan bir yol idi. Bu qeyri-adi şəxsiyyət həm zaman üzərində, həm uzun müddət sədaqətlə xidmət etdiyi bir ideologiya üzərində qələbə çalmaq üçün böyük intellektual və iradi enerji sərf edirdi.

İlham Əliyevin isə belə bir daxili mübarizəyə, öz üzərində qələbə üçün əlavə enerji məsrəfinə ehtiyacı yoxdur. Çünki o, artıq yeni zamanın, yeni ictimai-siyasi şəraitin yetirməsidir. Onun siyasi fəaliyyət təcrübəsi artıq yeni beynəlxalq münasibətlər və yeni iqtisadi sistem dövrünə təsadüf edir. Və İlham Əliyev bu yeni mühiti daxilən, içəridən mənimsəmək imkanına malikdir. Digər tərəfdən, İlham Əliyevlə bərabər bu yeni dövrün məhsulu olan bütöv bir komanda da yetişir ki, onlara bütün fəaliyyət məqamlarını diktə etməyə, hər böyük və kiçik məsələdə bələdçi olmağa, yuxarıdan tapşırıq verməyə xüsusi ehtiyac olmaya bilər. Yəni, hər kəs öz sahəsində daha çox müstəqillik və yaradıcılıq göstərə bilər ki, bu da yeni idarəçilik sisteminə keçid üçün mühüm şərtdir.

Burada belə bir amil də nəzərə alınmalıdır ki, yeni dəyərlər sisteminə keçidi təmin etməli olan adamlar arasında son illərdə Avropa ölkələrində, ABŞ-da təhsil almış və Qərb dəyərlərini bilavasitə mənimsəmiş gənclərin olması keçid dövrünün ikinci fazasını daha tez həyata keçirmək şansı verir.

Müasirlik dedikdə, Avropa dəyərləri dedikdə demokratikləşmə, plüralizm və s. ilə yanaşı, həm də peşəkarlığın ön plana çəkilməsi, işçilərin siyasi fəallıq görüntüsünə görə yox, məhz peşəkarlıq xüsusiyyətlərinə görə seçilməsi nəzərdə tutulur. Bu baxımdan, Dövlət qulluğu haqqında qəbul edilmiş qanunun səmərəli surətdə həyata keçirilməsinə, işçilərin vahid test sistemi ilə seçilməsinə, kadr siyasətində əldə olunmuş böyük uğur kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin yeritdiyi siyasi kurs milli həmrəylik, milli birlik üçün yaranmış ictimai-siyasi şəraitin, imkanların reallaşdırılması üçün də böyük imkanlar açır ki, bu da daxili siyasət sahəsində ən böyük nailiyyətlərdən biridir. Onun dövlət başçısı kimi qətiyyətli mövqeyi və işə peşəkar münasibəti xarici siyasət sahəsində də özünü göstərir. Bir tərəfdən, ABŞ və Avropa ölkələri ilə, digər tərəfdən də, İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynamasını, mərkəzçi mövqeyini daha da möhkəmləndirir, əlaqələndiricilik missiyasını qaçılmaz edir. Azərbaycan, eyni zamanda, şimalla cənub arasında münasibətlərin mərkəzində dayanır. Həm Rusiya ilə, həm də Türkiyə və İranla iqtisadi əlaqələr getdikcə genişlənir.

İndi regionu nəinki Azərbaycansız təsəvvür etmək mümkün deyil, hətta ölkəmiz bölgənin, bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir. Ötən ilin yayında Rusiya ilə Gürcüstan arasında münasibətin gərginləşdiyi və hətta müharibə həddinə çatdığı bir şəraitdə Azərbaycan Prezidentinin nümayiş etdirdiyi səbatlı mövqe də Heydər Əliyevin “siyasətdə qıl körpüsündən necə keçmək haqqında” tövsiyələrinin necə mükəmməl surətdə mənimsənilməsinə dəlalət edir.

Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Dağlıq Qarabağ probleminin müzakirələrində də sözümüzün daha kəsərli olmasına imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir.

XXI əsrdə ölkəmizdə iqtisadi inkişafın yüksək tempi elmi-nəzəri tədqiqatların və onların ideya-siyasi əsaslarının da daha geniş miqyasda təşkil olunması və institutlaşması üçün yeni imkanlar açır. Azərbaycan Respublikası Prezidentinin yanında açılmış Strateji Araşdırmalar Mərkəzinin, Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən strateji araşdırma qurumlarının fəaliyyəti, habelə Milli Elmlər Akademiyasının müvafiq institutlarının fəaliyyətinin yenidən təşkil olunması istiqamətində görülən işlər Heydər Əliyev ideyalarının artıq bir şəxsin fəlsəfi görüşləri və nəzəri düşüncələri çərçivəsindən çıxaraq genişmiqyaslı ictimai prosesə çevrilməsinə, böyük vüsət almasına dəlalət edir. İdeya-siyasi və elmi-nəzəri tədqiqatların Heydər Əliyev irsi əsasında və yeni dövrün elmi nailiyyətlərinə istinadla düzgün yönləndirilməsinə, nəzəri-konseptual sistem halına gətirilməsinə bu irsin nəzəri aspektdə layiqli araşdırıcısı akademik Ramiz Mehdiyev başçılıq edir.

Onun tədqiqatlarında köhnə ideologiyadan imtina edərək yeni iqtisadi münasıbətlərə və demokratik dəyərlər sisteminə keçən Azərbaycanın dövlət quruculuğu praktikası, siyasi və sosial-iqtisadi inkişaf yolu qloballaşma kontekstində nəzərdən keçirilir. Bununla əlaqədar olaraq qarşıya tək bir ölkə miqyasında deyil, bütün MDB məkanında aktual olan bir sıra problemlərin ümumi qanunauyğunluqlarını müəyyənləşdirmək və demokratikləşdirmənin Azərbaycandakı konkret təzahürlərini bu ümumi meyllərlə əlaqəli şəkildə araşdırmaq təşəbbüsü göstərilir.

Əsas vəzifə quruluşların və ideologiyaların əvəzlənməsi ilə sonuclanan keçid dövründə ortaya çıxan daxili və xarisi amilləri vaxtında və düzgün nəzərə almaqdan ibarətdir. Əvvəllər belə bir keçidin praktik nümunəsi olmadığından onun elmi-fəlsəfi araşdırılması istiqamətində də heç bir iş görülməmişdir. Buna görə də, hər bir ölkə quruculuq praktikası ilə yanaşı, nəzəri tədqiqatlara, yaranmış yeni istimai-siyasi situasiyanın elmi əsaslarla dəyərləndirilməsinə böyük ehtiyac hiss edir.

Milli dövlətçilik və ictimai təşkilatlanma strategiyası və onun fəlsəfi əsasları işlənib hazırlanmasa, heç bir fəaliyyət sahəsində uğur qazanmaq mümkün deyil. İctimai inkişafın ikinci fazasına keçid və buna uyğun yeni iqtisadi münasibətlərin qərarlaşması mərhələsində milli dövlət quruculuğu ictimai gerçəkliyin dərin elmi təhlili ilə yanaşı, planetar miqyasda özünü göstərməkdə olan bir sıra tendensiyaların da üzə çıxarılmasını tələb edir. Heç bir ölkədə istimai-siyasi proseslər başqalarını eynilə təkrar edə bilməz. Müxtəlif tarixi mərhələlərin də hərəsinin öz xüsusiyyəti vardır. Bununla belə, elmi idarəetmə və strateji planlaşdırma spesifik xüsusiyyətlərdən abstraksiya olunaraq ictimai inkişafın ümumi inkişaf meyllərinin üzə çıxarılmasını və onların nəzərə alınmasını tələb edir.

Heydər Əliyevin nəzəri irsini araşdıran tədqiqatlarda keçid cəmiyyətlərınin, həmçınin modernləşmə yoluna qədəm qoyan dövlətlərin nə kimi problemlərlə üzləşdiyi açılıb göstərilir. Şərqi Avropa ölkələri ilə yanaşı, bir sıra kapitalist ölkələrinin praktikası da nəzərdən keçirilir. Klassik ənənəvi cəmiyyətin, habelə qərarlaşmış ideoloji sistemin tədricən dağılması və yeni sosial-iqtisadi münasibətlər sisteminə demokratik yolla keçidin qanunauyğunluqlarının öyrənilməsi müəllifin əsas məqsədlərindən biridir. Burada o, ümumi qanunauyğunluqların təhlilindən konkret bir ölkədə — Azərbaycanda onların təzahür xüsusiyyətlərınin öyrənilməsinə keçir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilən demokratik dövlət quruculuğunun ideoloji və siyasi rakursu ön plana çəkilir. Xüsusi təzahürə ümumi tendensiya kontekstində baxılır və praktikada həyata keçirilənlərin hansı nəzəri modelə uyğun olduğu müəyyənləşdirilir. Daha sonra müəllif müasir ideoloji sistemlərin müqayisəli təhlilini verərək, hansı isə bir modelin xalis şəkildə gerçəkləşməsinin qeyri-mümkün olduğunu göstərir. O, liberalizmin də sosial-fəlsəfi köklərini açaraq, iqtisadi münasibətlərdə onun rəhbər tutulmasını qanunauyğun hesab edir. Liberalizm, şəxsiyyətin müstəqilliyini, cəmiyyətə və dövlətə münasibətdə onun ilkinliyi ideyasını ön plana çəkir ki, bu da Azərbaycanda dövlət quruculuğu praktikasında istıfadə olunan məqamlardan biridir. Müəllif belə bir qənaətə gəlir ki, liberalizmlə konservatizmin sintezi olan, sosialist və demokratik ideyalarla tamamlanan neokonservatizm indi ölkəmiz üçün daha məqbul bir ideoloji konstruksiyadır.

Uğurlu xarisi siyasət səmərəli iqtisadi siyasətlə tamamlanır. Liberallaşma və bazar iqtısadiyyatına əsaslanan keçid prosesi müxtəlif ölkələr üçün müxtəlif formalarda reallaşdırılır. Demokratik dövlət quruculuğunun, doğrudan da, böyük üstünlükləri vardır, lakin o, kor-korana surətdə deyil, elmi-nəzəri səviyyədə dərk edilməklə tətbiq olunmalıdır. Bunun üçün ictimai şüurun da tədrisən inkişaf etməsinə nail olmaq lazımdır.

Azərbaycan yeni inkişaf mərhələsinə Prezident İlham Əliyevin rəhbərliyi ilə öz siyasi kursunu, demokratik dövlət quruculuğu modelini, öz iqtisadi inkişaf strategiyasını və mədəni-mənəvi dəyərlərini düşünülmüş surətdə həyata keçirmək əzmi ilə qədəm qoymuşdur və bu sahədə əməli fəaliyyətlə yanaşı, ona işıq salan və elmi-nəzəri əsaslara söykənən ardıcıl ideoloji və siyasi kurs mövcuddur. Və bu kursun gələcəkdə də davam etdirilməsinə böyük ehtiyac vardır.

Bir sözlə, bütün tədqiqatlar Prezident İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin orijinallığını və məhz Azərbaycanın müasir dövrdəki gerçəkliyindən intixab edildiyini göstərir. Yəni söhbət Avropada formalaşmış təlimlərin sadəcə mənimsənilməsindən və Azərbaycan gerçəkliyinə tətbiqindən deyil, Şərqi Avropa da daxil olmaqla böyük bir region üçün optimal sayıla biləsək yeni konsepsiyanın yaradılmasından gedir.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin yaradıcı surətdə inkişaf etdirdiyi ideya-nəzəri platforma və onun elmi-fəlsəfi araşdırılması sayəsində əldə olunan yeni biliklərin və tövsiyələrin geniş ictimaiyyətə çatdırılması işində Yeni Azərbaycan Partiyasının ideoloji fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunda və digər təşkilatlarda fəaliyyət göstərən elmi və elmi-praktik yönlü əliyevşünaslıq mərkəzlərinin də böyük rolu vardır.

Nəzəriyyə ilə praktikanın vəhdətini təmin etmək üçün bundan sonra da ictimai elmlər sahəsində beynəlxalq miqyasda əldə edilmiş nailiyyətlərlə yanaşı, məhz Azərbaycanın istimai-siyasi və iqtisadi gerçəkliyindən, konkret daxili və xarici vəziyyətdən çıxış edən konsepsiyaların formalaşdırılmasına böyük ehtiyac vardır. Və bu işin həyata keçirilməsinə bundan sonra da, heç şübhəsiz, Heydər Əliyev dühası işıq saçasaqdır.

 

 

Səlahəddin XƏLİLOV,

Azərbaycan Universitetinin

professoru

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 2.