Ümummilli
liderin vətənpərvərlik fenomeni
Azərbaycan vətəndaşları
üçün may ayı həm də ümummilli lider Heydər
Əliyevin doğum günü ilə əlamətdardır. Ulu
öndər 86 il əvvəl mayın 10-da dünyaya göz
açmışdır. Bu tarixi gün ərəfəsində
o böyük şəxsiyyətin əziz xatirəsi qədirbilən
xalqımız tərəfindən minnətdarlıq hissi ilə
yad edilir, onun misilsiz xidmətləri göz önünə gəlir,
bütün məsələlər ətrafında
düşünmək ehtiyacı yaranır.
Heydər Əliyev hər
şeydən əvvəl öz xalqını, böyük məhəbbətlə
sevən vətənpərvər bir şəxsiyyət idi. Onun
“Anam məni Azərbaycan üçün dünyaya gətirib”
kəlamında bu hiss səmimi şəkildə ifadə
olunub. Ümummilli liderimizin vətənpərvərliyi
müdafiə ruhlu idi, çünki müharibə gedirdi və
ərazi toxunulmazlığı pozulmuş ölkəni
işğalçılardan qorumaq lazim idi. Eyni zamanda, onun vətənpərvərliyi
müasir elm və mədəniyyətin nailiyyətlərinə
söykənən maarifçilik mahiyyəti
daşıyırdı. Böyük mənada onun vətənpərvərliyi
digər xalqlara və ölkələrə kin-küdurətdən,
ədavətdən uzaq, öz ölkəsinin, dövlətinin
və cəmiyyətinin inkişafına yönəlmiş vətənpərvərlik
idi. Bu yaxınlarda Moskvada REA Fəlsəfə İnstitutunda
keçirilən beynəlxalq konfransda iştirak etdiyim zaman,
aradan uzun illər ötməsinə baxmayaraq, Rusiya
filosoflarının onun xatirəsini necə böyük
hörmətlə yad etdiklərinin şahidi oldum və bundan
sonsuz qürur duydum.
Heydər Əliyev vətənpərvərliyinin
çoxcəhətliliyi onun mənəvi irsini diqqətlə
araşdırmağa cəhd edən, bu irsin bizim gələcək
inkişafımız üçün mahiyyətini
aydınlaşdırmağa çalışan bir sıra tədqiqatçıların
əsərlərində təhlil edilmişdir. Onun irsini, vətənpərvərliyini
təhlil edərkən və dərindən anlamağa
çalışarkən ümummilli liderin gənclərə,
gələcəyimizə göstərdiyi böyük
qayğının şahidi oluruq. Gənclərə diqqət
yalnız gələcəyə məhəbbətlə bitmir,
o, həmçinin ölkənin modernləşməsinə,
formalaşmaqda olan gənclərin şüuruna təsir
göstərir. Ümummilli lider çox gözəl başa
düşürdü ki, şüurda dəyişikliyi
yalnız təhsil, elm vasitəsilə həyata keçirmək
olar. Belə bir fakt da məlumdur ki, hələ sovetlər
dövründə azərbaycanlılar orduda yalnız
inşaat batalyonlarında qulluq edirdilər. Bu ziyanlı
tendensiyanı məhz Heydər Əliyev aradan qaldırdı və
ordunun müxtəlif strukturalarında azərbaycanlı zabitlərin
sayının artırılmasına nail oldu. Eyni zamanda, o,
çalışırdı ki, azərbaycanlı gənclər
sövetlər dövründə Sovet İttifaqının,
müstəqillik əldə etdikdən sonra isə
dünyanın ən yaxşı tədris müəssisələrində
təhsil ala bilsinlər.
Məlumdur ki, vətənpərvərlik
dəyişkən fenomendir və bunsuz nə dövlət, nə
də cəmiyyət inkişaf edə bilər. Təbii ki,
modernləşmə və qloballaşma şəraitində vətənpərvərlik
fərqli xüsusiyyətlərə malikdir. Müstəqilliyimizin
ilk illərində vətənpərvərlik bir qədər
başqa mahiyyət daşıyırdı. O zaman ümummilli
liderin zəkası və iradəsi, həmçinin şəxsi
vətənpərvərlk nümunəsi sayəsində vətəndaşları
Vətəni və dövləti qorumaq ideyası ətrafında
birləşdirmək lazım idi. Bu, o dövr
üçün vətəndaşların fikir müxtəlifliyindən
daha vacib idi. Ümummilli liderimizin azərbaycanlı olduğu
ilə fəxr etməsi fikrini yada salaq. Bu gün bir
çoxları bu fikri təkrar edir və azərbaycanlı
olduqları ilə fəxr etdiklərini bildirirlər. Və
yaxud onun bizim üçün mühüm olan “bir millət,
iki dövlət” tezisini götürək. Burada vurğunu
yalnız “millət” ifadəsinin deyil, “dövlət” ifadəsinin
də üzərinə qoymaq olar. Azərbaycan dövlətinin
yaranmasında, bərqərar olmasında, möhkəmlənməsində,
müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul
edilməsində böyük işlər görmüş
Heydər Əliyev, iki dövlət haqqında belə bir
tezisin irəli sürülməsinin məsuliyyətini
yaxşı başa düşürdü.
Azərbaycan vətəndaşları
vətənpərvərdirlər. Sosioloji sorğular sübut
edir ki, bizim üçün ən qiymətli dəyər -
müstəqil dövlətimizdir. Lakin çətinlik törədən
məsələ vətənpərvərliyin müxtəlifliyindədir.
Vətənpərvərlik birləşdirə də bilər,
ayıra da bilər. O, cəmiyyəti, xalqın mədəniyyətini
inkişaf da etdirə bilər, eyni zamanda, mədəniyyəti
qapalı, anklav vəziyyətə sala da bilər və hətta
cırlaşdıra bilər.
Vətənpərvərlik
emosiyalarla, hisslərlə bağlıdır. Emosiya və
hisslərin tərbiyə edilməsi müsbət, xeyirxah
işdir. Lakin vətənpərvərlik yalnız hiss deyil. Bəlkə
də ona görə, cəmiyyətdə milli ideologiya
anlayışına, yəni vətənpərvərliyin
formalaşdırılmasında və tərbiyə edilməsində
bilik və dəyərlərin, davranış
standartlarının və əxlaqın müəyyənləşdirilməsinə
zərurət yaranır.
Təməlində
dövlət, cəmiyyət, ölkənin keçmişi,
bugünü və gələcəyi haqqında biliklər
sistemi olan vətənpərvərlik artıq maarifçi vətənpərvərlikdir,
yəni bu, yalnız hiss deyil, ölkəni inkişaf etdirmək,
ölkədə münasibətləri
yaxşılaşdırmaq imkanları aramaqdır. Burada həm
siyasi, həm iqtisadi, həm də mədəni münasibətlər
nəzərdə tutulur. Bütün bu münasibətlər
biliyin, əxlaqın, insana hörmətin nəticəsində
yüksələ bilir. Bu kontekstdə qeyd etmək yerinə
düşər ki, bir çoxlarından fərqli olaraq,
ümummilli liderimiz cəmiyyətin və dövlətin
inkişafında elmin əhəmiyyətini yaxşı
başa düşürdü. Beləki 1993-cü ildə
hakimiyyətə qayıtdıqdan sonra, hələ ölkənin
müstəqilliyinin mövcudluğu sual altında olan zaman,
Heydər Əliyevin gəldiyi ilk ünvan Azərbaycan Elmlər
Akademiyası olmuşdur. Ulu öndər ölkəmizin
müstəqilliyinin ən çətin ilk illərində
EA-nın fəaliyyətinə böyük diqqət göstərmiş,
onun maliyyələşdirilməsini dəfələrlə
artırmışdır. Heydər Əliyev bir çox alimləri
şəxsən tanıyırdı və onların nailiyyətlərini
diqqətlə izləyirdi. Elmə münasibət onda əvvəllər
də bu şəkildə mövcud olmuşdur və
ömrü boyu dəyişməmişdir.
Beləliklə, vətənpərvərlik
hissinin vətənpərvərlik bilgisi, xüsusi vətənpərvərlik
şüuru ilə birləşməsi kimi əlahiddə,
xüsusiyyəti aşkar olunur. Hissə və emosiyaya əsaslanan
vətənpərvərlik təhrifedici effekt yarada bilər və
ayrıca bir insanda öz yaxınına olan məhəbbət
əks- təsirə, yəni digər insanlara qarşı mənfi
münasibətə səbəb ola bilər. Digər
xalqların tarixində dəfələrlə müşahidə
olunub ki, onların vətənlərinə olan məhəbbətləri,
öz xalqlarına, mədəniyyətlərinə, dillərinə
heyranlığı sonradan özgəsinə qarşı nifrətə
çevrilmiş, onun boğulmasına, məhv edilməsinə
səbəb olmuşdur. Bununla belə, qeyd etmək
lazımdır ki, vətənpərvərlik bu qiyafədə
ənənəvi xarakter daşıyır və müəyyən
mənada, müdafiə, hərbi münasibətlər
kontekstində yetərli ola bilir. Bu mənada vətənpərvərlik
bizə 90-cı illərin əvvəllərində lazım
idi. Dövlətçilik nöqteyi-nəzərindən o
dövrdə əhalinin vəzifəsi düşmənə
nifrət hissini gücləndirməkdən,
işğalçının ərazimizə, mədəniyyətimizə,
tarixi abidələrimizə təcavüzünü dəf etməyə
hazır olmaqdan ibarət idi. Və bu gün də bu cür vətənpərvərliyin
bizim üçün əhəmiyyətinin
azaldığından danışmaq tezdir. Çünki
işğal altında olan torpaqlarımızı azad etmək,
qaçqın və məcburi köçkünlərimizi
ata-baba yurdlarına qaytarmaq üçün bizim hələ də
hərbi-müdafiə vətənpərvərliyinə
ehtiyacımız var. Lakin nəzərə almaq lazımdır
ki, düşmənə nifrət hissi ölçüdən
kənara çıxmamalıdır, müəyyən çərçivə
daxilində olmalıdır. Bu sərhədlərin təyin
olunmasında isə bilik və mədəniyyət
mühüm rol oynayır.
Vətənpərvərliyin
ikinci dərki, onun maarifçiliklə, elmlə, mədəniyyətlə
birləşməsi bir sıra ölkələrdə XIX əsrdə
baş vermişdir. Məsələn, məşhur fransız
yazıçısı Emil Zolya antisemitizmə qarşı
çıxaraq Dreyfusu müdafiəyə qalxmışdı.
Lakin əksər ölkələrdə belə vətənpərvərlik
XX əsrdən formalaşmağa başlamışdır. Bir
qayda olaraq, bu, izolyasiyanizmin başa çatması, qlobal
proseslərə qoşulma, vətənpərvərliyin
müharibə dili ilə yazılmasının bitməsi, elm
və mədəniyyətin inkişafının yüksəlişi,
təhsil sistemində ciddi dəyişikliklərin həyata
keçirilməsi və s. ilə bağlıdır. Son illər
elmdə millətlərin mədəniyyətlərindəki fərqliliyə
müxtəlifliyi aşkar etmək məqsədi
daşıyan müqayisəli-sosioloji tədqiqatların
sürətlə inkişaf etməsi diqqəti çəkir.
Məhz bu tədqiqatlar mədəniyyətin bir neçə
növünü aşkar edib. Lakin daha çox
yayılmış iki növü mövcuddur: bəzi mədəniyyətlər
üçün sabitlik, təhlükəsizlik, vəziyyəti
əvvəlcədən müəyyənləşdirmə,
digərləri üçün isə risk əhəmiyyətlidir.
Cəmiyyətdə vətənpərvərliyə münasibəti
bir çox hallarda üstün mədəniyyətin tipi
müəyyənləşdirir. Eyni zamanda, qeyd etmək
lazımdır ki, qloballaşma bizdən bu məsələlərin
dərk edilməsini və nəzərə
alınmasını tələb edir.
Bəli, hərdən vətənpərvərlik
təhlükəli də ola bilir. Bob Fossun “Kabare” filmini
yada salaq. Bəzən o, millətçiliyə, ksenofobiyaya,
faşizmə də keçə bilir. Lakin vətənpərvərlik
hissi tərbiyə etmədən pozitiv heç bir şey əldə
etmək olmaz. Dünyanın ən inkişaf etmiş ölkəsi
olan ABŞ-ın əldə etdiyi uğurlu nəticələr
özünəməxsus amerikan vətənpərvərliyinə
söykənir. Məşhur amerikalı alimlərdən biri
hesab edir ki, Amerika millətçiliyi və vətənpərvərliyi
əsrlər boyu ən mükəmməl şəkildə
özünü öz ölkəsilə eyniləşdirmək
deməkdir. Bu vətənpərvərliyin məğzində
şüurlu milli siyasət, cəmiyyətin bütün etnos
və qruplarına qarşı dözümlülük,
tolerantlıq hər bir vətəndaş üçün
sonsuz imkanlar (xüsusilə sahibkarlar üçün), elmin
inkişafına münasib şərait yaratmaq durur, yəni
orada vətənpərvərlik fərdi azadlıqla,
ağılla və nailiyyətin əldə edilməsində
imkanlarla bağlıdır.
Ölkə Prezidenti
İlham Əliyev ümummilli liderin ideyalarını
böyük uğurla, yaradıcı surətdə davam etdirir
(əbəs yerə xalq içində İlham Əliyevi Heydər
Əliyevin “şah əsəri” adlandırmırlar) və bu
gün Azərbaycan iqtisadiyyatı geniş şəkildə
modernləşmə və liberallaşma istiqamətində
inkişaf edir. İlham Əliyevin iradəsi və zəkası,
müasir dövr iqtisadiyyatının və siyasətinin
gerçəkliklərinə dərindən bələd olma
bu proseslərə təkan verdi. Bu işlərdə
keçmiş və yeni dəyərlərin şüurlu
şəkildə əlaqələndirilməsi mühüm
şərtdir.
“İlham Əliyev: mən
öz Azərbaycanıma inanıram” kitabında dövlət
başçımız qeyd edir ki, “Mən həyatımızın
məğzini layiqli davranışda görürəm”. Bu illər
ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə çox ciddi iqtisadi, siyasi və mədəni
nailiyyətlər əldə edilmişdir. Güclü, sabit
iqtisadi inkişafa malik olmaq, vətəndaşların
rifahını yüksəltmək üçün dövlət
başçısı çox qüvvə sərf
etmişdir. Tədqiqatçılar İlham Əliyev tərəfindən
aparılan modernləşmənin xüsusiyyətlərini
ifadə etmək üçün “dinamik reformasiya” məfhumunu
seçmişlər. Lakin, məlumdur ki, məsələ
yalnız məfhumlarda deyil, islahatlar, transformasiyalar bir-birini əvəz
etməli, bir-birini tamamlamalı, dövlətin və cəmiyyətin
inkişafına impuls verməlidir. Bunlar ölkə vətəndaşları
üçün nəzərdə tutulur və perspektivdə
onların aktiv iştirakı ilə həyata keçirilməlidir.
Əbəs yerə deyildir ki, İlham Əliyevin prezidentliyi
dövründə “sosial və insan kapitalı” ideyası, “bizə
aktiv orta təbəqə lazımdır” və s. kimi fikirlər
tez-tez səslənir. Eyni zamanda, islahatların gedişatı
göstərir ki, təşəbbüskarlığı,
aşkarlığı milli ideologiya ilə, başqa sözlə,
vətənpərvərlik ideologiyası ilə bağlamaq
lazımdır. Əks- təqdirdə özünəaludəlilik,
proteksionizm, korrupsiya, eqoizm təhlükəsi yarana bilər.
Akademik, Prezident
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev konseptual
baxımdan böyük əhəmiyyətə malik, “Zaman
haqqında düşünərkən və elitanı transformasiya
edərkən: varislik və innovasiyalıq” əsərində
yazır: “ Demək lazımdır ki, reallığın və
praktikanın göstərdiyi kimi, çox vaxt peşəkarlıq,
intellekt və kreativlik daha az tələb edilən keyfiyyətlərə
çevrilir, çünki dövlət müəssisələrində
— nazirliklərdə, komitələrdə, regional strukturlarda
şəxsi sədaqət prinsipi hələ də
üstündür və bu, xidməti vəzifələrdə
irəliləmək üçün əsas
götürülür.» Müəllif Prezident İlham Əliyevin
kadr siyasətinin fəlsəfəsini belə təqdim edir:
”Kadrları rəhbərlərə münasibətdə
yarınma, yaltaqlıq səviyyəsinə görə qiymətləndirmək
qətiyyən yolverilməzdir. Ölkənin gələcəyi
haqqında, onun perspektivləri barədə düşünən,
Azərbaycanı insanların yaşayışı
üçün əlverişli ölkəyə çevirməyə
çalışanlar arasında belələrinə yer yoxdur
və olmamalıdır”. Bu əsərdə, demək olar ki,
bizim modernləşmənin bütün strukturu və mahiyyəti
təqdim edilmişdir.
Yeri gəlmişkən,
qeyd etmək lazımdır ki, bazar, qloballaşma və
inteqrasiya vətənpərvərliyi inkar etmir, yalnız onu
öz zamanına adekvat edir. Avropa İttifaqı, Avropa
identikliyi alman və ya fransız vətənpərvərliyini
inkar etmir. Avropa İttifaqı konkret olaraq Avropa dövlətlərinin
və cəmiyyətlərinin ittifaqıdır. Əlbəttə,
tədqiqatçılar son vaxtlar tez-tez Avropada cövlan edən
böhran, onu təhdid edən radikalizm, ekstremizm, milli ədavət
və s. haqqında danışırlar. Dünyada hamı
yaxşı başa düşür ki, Avropa dövlətləri
arasında təzadlar mövcuddur, vəziyyət müəyyən
qədər gərginləşə bilər. Lakin bu, konfliktlər
nə qədər dərin olsa da müharibəyə səbəb
ola bilməz, çünki onlar öz milli və Avropa vətənpərvərliklərini
barışdıra bilmişlər. Onlar bunu edə bilmişlər,
biz də bunu bacarmalıyıq.
Prezident İlham Əliyev
2008-ci ildə sosiomədəni modernləşmə kursunu elan
etdi. Belə düşünürük ki, bu modernləşmənin
mənası, bir tərəfdən modernləşmə
proseslərinə əhalinin daha çox hissəsini cəlb
etməkdən, digər tərəfdən isə yeni
maarifçilik vətənpərvərliyini
formalaşdırmaqdan ibarətdir. Bu vətənpərvərliyi
həyata keçirənlər isə siyasi hakimiyyət və
ölkənin intellektual elitası ola bilər və olmalıdır.
Əlbəttə, siyasi hakimiyyətdən və ölkənin
intellektual elitasından, onun bacarığından da çox
şey asılıdır. İlham Əliyev hesab edir ki, vətəndaşa
qoyulan investisiya, onun qabiliyyət və əxlaqi keyfiyyətlərinin
inkişaf etdirilməsi yeni idarəçilər elitasının
yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə
ki, belə bir elitanın yaradılması ölkə Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə xaricdə
təhsil almaq üçün göndərilən 5000 gənc
azərbaycanlıdan çox asılıdır. Lakin
onların fəaliyyəti Azərbaycanın perspektivləri ilə
bağlıdır, bugünkü milli elita isə elə nəticələr
ortaya qoymalıdır ki, təhsil almağa, işləməyə
gedən, yeni bilik və qabiliyyətlərlə zənginləşmiş
vətəndaşlarımız qayıdıb gəlsin,
ölkəmiz onlar üçün cəlbedici olsun.
Belə
düşünürük ki, bu şəraitin yaradılması
maarifçilik vətənpərvərliyinə istiqamətlənmədən,
cəmiyyətdə sağlam mənəvi ab-havanın
yaradılmasından çox asılıdır. Bu istiqaməti
hökumət müəyyən edir, lakin
reallaşdırılması isə Azərbaycan Elmlər
Akademiyası tərəfindən həyata keçirilməlidir.
Bəzi dairələrdə heç bir əsası olmayan belə
fikir də formalaşıb ki, guya Azərbaycana elm lazım
deyil, madam ki, ölkənin alimləri Nobel mükafatı ala
bilmirlər, deməli onlara ehtiyac da yoxdur və s. Belə bir səhv
tezis də səslənir ki, başqa ölkələrdə
akademiya yoxdur və deməli, bizə də lazım deyil, o,
dövlətin boynunda artıq yükdür və s. Həqiqətdə
isə, elmin inkişafı ölkəni qabaqcıl dövlətlərin
sırasına qatır, sivil dünyaya qovuşdurur. Ona
lazımi diqqət göstərildikdə yüksək səviyyəli
milli elitanın formalaşması işi asanlaşa bilər. Elmə
diqqətin artırılması həmçinin ölkədə
pozitiv əxlaqi mühitin formalaşmasına, maarifçilik vətənpərvərliyi
mədəniyyətinin tərbiyə olunmasına şərait
yaradır. Məşhur fransız yazıçısı
Jermena De Stal demişdir ki, əxlaqsızlıq
düşüncənin məhdudluğunun nəticəsidir.
Prezident İlham Əliyevin
“Azərbaycan elmində islahatların aparılması ilə
bağlı Dövlət Komissiyasının yaradılması
haqqında" 2008-ci il 10 aprel tarixli sərəncamı,
sübut edir ki, respublikamızda elmin cəmiyyətin
inkişafındakı roluna böyük diqqət yetirilir. Sərəncamda
elmə münasibətdə ciddi dəyişiklikdən
söhbət gedir. Həmin sənədin məntiqi davamı
kimi, ölkə rəhbəri bu günlərdə —
2009-cü il mayın 4-də “Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli
Strategiya”nın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında yeni bir sərəncam imzaladı.
Ümumiyyətlə,
bütün inkişaf etmiş ölkələrdə elmin
maliyyələşdirilməsi stabil şəkildə
artırılır və bu artım hətta dərin
böhranların baş alıb getdiyi zamanlarda da davam edir. Məsələn,
ABŞ-da fundamental elmlərin inkişafı üçün əlavə
olaraq 18 milyard dollar ayrılmışdır. Avropada elmdə
“yaşıl iqtisadiyyat”, sosial texnologiyalar, mədəniyyətlərin
müqayisəli tədqiqatı, bioetika və sosial əxlaq
konsepsiyalarının inkişafına hazırlaşırlar. Bir
çox ölkələrdə innovasiyon fəaliyyət
haqqında qanunlar qəbul edilib. Bu da, ilk növbədə
elmin maliyyələşdirilməsi deməkdir. Lakin əgər
XX əsrdə elm haqqında söhbət gedərkən ilk
növbədə təbiət elmləri nəzərdə
tutulurdusa, bu gün innovasiyalar bütün elmləri əhatə
edir. İnkişaf etmiş ölkələrdə artıq
aydın başa düşürlər ki, elmi
bütövlükdə inkişaf etdirmək lazımdır. Əksər
alimlər əmindir ki, cəmiyyətin inkişafının
qanunauyğunluqlarını peşəkar səviyyədə
öyrənən sahələr– fəlsəfə, sosiologiya,
iqtisadiyyat və tarix– ekspert birliyinin əsasını təşkil
etməlidir, çünki müasir dövrdə elmlərarası
tədqiqatlara ehtiyac var. İnnovasiyon fəaliyyət elmə
ekspert münasibəti olmadan həyata keçirilə bilməz.
Elmə olan münasibət dəyişikliyi
kontekstində bir çox alimlər sosial texnologiyalar, elm və
hakimiyyət arasında qarşılıqlı münasibətlərin
texnologiyasını yenidən formalaşdırmaq və qurmaq
haqqında danışırlar. Bir çox Rusiya və Qərb
alimləri bildirirlər ki, innovasiyon inkişafa keçidi
saxlayan əsas problem elmin idarə sisteminin
desentralizasiyasıdır. Məsələn, ABŞ-da elm
nazirliyi, akademiya yoxdur, lakin ölkənin elm siyasətini
formalaşdıran ABŞ Prezidenti yanında Elmi Şura fəaliyyət
göstərir. Orada elmə dövlət resurslarının
paylanmasını təmin edən mərkəzləşdirilmiş
sistem mövcuddur. Rusiya Elmlər Akademiyasında ciddi dəyişikliklər
baş vermişdir. O əvvəllər də mərkəzləşdirilmişdi,
lakin indi elmin idarə olunmasına ekspert şəklində
alimlərin özləri cəlb edilib, onlar bunu
Elmşünaslıq Birliyi adlandırırlar. Rusiyada, ilk
növbədə, elmdə vəziyyəti
aydınlaşdırmaq məqsədi ilə elmşünaslar
arasında sosioloji sorğular keçirildi. Göründüyü
kimi, ABŞ-da mərkəzləşmə tendensiyaları
aşkar olunur, Rusiyada isə bu mərkəzləşmə
ekspertlərin cəlb edilməsi ilə tamamlanır. Belə
bir təşəbbüs reformaların həyata keçirilməsi
üçün onların fikirlərini öyrənmək məqsədi
güdür. Azərbaycanda bu siyasət Elmlər Akademiyası
tərəfindən həyata keçirilə bilər və
keçirilməlidir. Və qeyd etmək lazımdır ki,
akademiyanın alimləri elmdə islahatların
aparılmasına dair layihənin hazırlanmasında aktiv fəaliyyət
göstərmişlər. Azərbaycan Elmlər
Akademiyasının prezidenti dəfələrlə
islahatların həyata keçirilməsi qaydaları
haqqında məlumat vermişdir. Bunun üçün gənc
mütəxəssislərə bu sahəni cəlbedici etmək
məqsədilə elmin “qocalmasının” qarşısı
alınmalıdır, tez-tez özlərini müstəqil
adlandıran kiçik tədqiqat mərkəzləri ixtisar
edilməli, müxtəlif, necə deyərlər, “elmətrafı
fəaliyyət” dayandırılmalıdır. Bu sahədə
islahatların səmərəli və ardıcıl surətdə
aparılması şübhəsiz, elmin cəmiyyətin
şüuruna, təhsil və mədəniyyət sferasına
təsirinin artmasına, ümummilli lider Heydər Əliyevin
arzularının reallaşmasına səbəb olacaqdır.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru,
fəlsəfə elmləri doktoru
Xalq qəzeti.- 2009.- 9 may.- S. 3.