Ulu
öndərimizin iqtisadi inkişaf strategiyası bu gün də
uğurla həyata keçirilir
Heydər Əliyev şəxsiyyətini,
Heydər Əliyev fenomenini, onun tarixi xidmətlərini
bütün incəliklərinə qədər qiymətləndirmək
çətin məsələdir. Çünki ulu öndərimiz
kimi dahilər min ildə bir dəfə doğulur və
xalqının taleyində, tarixində silinməz izlər
qoyur, məmləkətin, ölkənin ən çətin,
ağır dövründə xilaskar rolunu oynayır...
Bu dahi insanın fəaliyyətinə,
keçdiyi ömür yoluna nəzər salanda aydın
görürük ki, Heydər Əliyev Azərbaycanı
qüdrətli dövlətə çevirməklə
yanaşı, dövlətçilik nəzəriyyə və
praktikasına böyük töhfələr vermiş,
müasir dünyanın ən aktual
çağırışlarına cavab vermək
bacarığı ilə XX və XXI əsrlərin
tanınmış siyasi xadimləri arasında həmişəlik
öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən
olan Heydər Əliyev bütün həyatı boyu hər
zaman xalqını, vətənini
düşünmüşdür. Onun ürəyi Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, doğma
xalqının xoşbəxtliyi üçün
çırpınmışdır. Ulu öndər kimi Azərbaycanın
ən çətin, üzücü anlarında onu xilas etmək
üçün misilsiz fədakarlıqlar göstərmiş,
ölkəsini bəlalardan qurtarmağı
bacarmışdır.
Azərbaycanı
inkişaf etdirmək, şöhrətləndirmək,
xalqın tükənməz potensialını üzə
çıxarmaq Heydər Əliyevin ən böyük
amalı idi. Bu dahi insan tükənməz enerjiyə malik idi.
Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən
üstün cəhət bu idi ki, o, məmləkətin
inkişafı üçün zəruri olan məqamları
görə bilirdi, qarşıya konkret məqsədlər
qoyurdu və insanları bu məqsədlər naminə səfərbər
edirdi, qüvvələri səmərəli şəkildə
istiqamətləndirirdi.
Ümummilli liderimiz Heydər
Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin
ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış,
xalqın müstəqil və güclü dövlətə
sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmişdir.
Xalqımız tarix boyu qazandığı dövlətçilik
ənənələrini, milli dəyərləri, nailiyyətləri,
ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev
epoxasında təkmilləşdirərək dayanıqlı
müstəqil dövlətini qurmuş, millət kimi
mövcudluğunu, özünü idarə etmək
bacarığını ən yüksək səviyyədə
nümayiş etdirmişdir.
Ümummilli liderin 1969-cu
il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi respublikamızın tarixində yeni
siyasi mərhələnin başlanğıcı olmuşdur. Ulu öndər Heydər Əliyev
14 iyun Plenumunda dərin məzmunlu çıxış edərək
qarşıya qoyulmuş vəzifələrin həyata
keçirilməsi üçün əlindən gələni
əsirgəməyəcəyini demişdir. “Mən
bütün büro üzvlərinin köməyinə ümid
edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız
gələcək uğurlarımıza gözəl zəmin
yaradacaqdır”, – deyən dahi öndərimiz ali kürsüyə
yüksəldiyi ilk gündən bütün
varlığı ilə sevdiyi xalqının intibahı və
xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar
göstərmişdir. Çağdaş tariximizin 34 ili
ümummilli liderimizin adı ilə bağlı olmaqla,
xalqın taleyində şanlı və parlaq səhifəyə
çevrilmişdir. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi,
daimi və dönməz xarakter alması, sabit dövlət
quruluşunun yaranması, xalqın özünü təbii və
konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi
yüksəlişə nail olması ilə əlamətdardır.
Azərbaycanı müstəqil dövlət quruculuğuna
aparan keşməkeşli və şərəfli yol da, əslində,
məhz dahi öndərimizin hakimiyyətə birinci rəhbərliyi
dövründən başlayır.
Heydər Əliyev Azərbaycan
KP MK-nın birinci katibi seçilənə qədər
respublikada gərgin bir vəziyyət hökm
sürürdü. Azərbaycanda
sosial-iqtisadi tənəzzül, durğunluq ağır fəsadlar
vermişdir, rüşvətxorluq və korrupsiya geniş
vüsət almışdı. İqtisadiyyatı
bütövlükdə dərin və uzunmüddətli
böhran mərhələsində olan respublikada
yaranmış bu ağır vəziyyətdən
çıxış yolu tapılmalı idi. Bu zəruri vəzifələri
düzgün dəyərləndirən Heydər Əliyev onu
da yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini
məhz onun iqtisadi azadlığı şərtləndirir.
Ümummilli liderimiz
qısa müddətdə respublika iqtisadiyyatında ciddi
keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı
xammal istehsalçısından qabaqcıl, müasir texnika və
texnologiya ilə təchiz olunmuş sənaye ölkəsinə
çevirə bildi. Keçmiş
Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin
iqtisadi potensialından və geniş imkanlarından istifadə
edərək respublikanı tərəqqi yoluna çıxaran
ulu öndər yeni və mütərəqqi sənaye sahələrinin
yaradılması istiqamətində mühüm tədbirlər
həyata keçirdi.
Ümummilli liderimizin
böyük diqqət və gərgin səylər hesabına
formalaşdırmağa başladığı sənaye
potensialı əsasında respublikamız 70-ci illərdə
neft maşınqayırması, məişət kondisionerləri,
elektrik mühərrikləri, elektromaqnit avadanlığı,
soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə,
şüşə qablar və s. istehsalına görə
ittifaq miqyasında qabaqcıl mövqelərə
çıxmışdır. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə
və digər şəhərlərdə inşa olunan iri
müəssisələr bugünün özündə də
milli iqtisadiyyatımızın güclü sənaye
kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Ümummilli liderimizin təkidi
qarşısında keçmiş İttifaq rəhbərliyi
respublikamızda bir sıra iri müasir maşınqayırma,
kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya,
tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə
razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat
kompleksi sürətlə inkişaf etmişdir. Həmin dövrdə sənayenin
inkişafını müəyyənləşdirən tamamilə
yeni sahələr meydana gəlmiş, müxtəlif elektrik
cihazları istehsal edən zavodlar inşa olunmuşdur.
Ümumilikdə, 1970- 1985-ci illərdə Heydər Əliyevin
təşəbbüsü və ciddi səyləri nəticəsində
Azərbaycanda çoxlu sayda zavod, fabrik, istehsalat sahələri
yaradılmış, 250-dən artıq sənaye müəssisəsi
işə salınmışdır.
Həmin dövrün
bütün statistik məlumatları da təsdiqləyir ki,
Heydər Əliyevin gərgin əməyi, qətiyyəti,
fitri idarəçilik qabiliyyəti sayəsində Azərbaycan
keçmiş İttifaqın geridə qalmış əyalətindən
bütün sahələrdə sürətlə inkişaf edən,
yüksələn, özünü iqtisadi cəhətdən
təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1972-ci illərdə xalq təsərrüfatının
artım sürəti orta ittifaq səviyyəsini xeyli
qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun
həcmi 2,7, kənd təsərrüfatı məhsulları
2,3 dəfə artmışdır. On beş il ərzində
miqyasına görə respublikamızda bütün
keçmiş tarixi boyu yaradılmış potensialla
müqayisə edilə biləcək güclü sənaye
potensialı yaradılmışdır. Eyni zamanda, ittifaq
miqyasında istehsal olunan neft-mədən
avadanlığının 70, elektrik mühərriklərinin
12,2, elektrik-qaynaq avadanlığının 10,5, məişət
kondisionerlərinin 100, soyuducuların 5,7, pambıq ipliyinin 9,6,
ipək xammalının 11,7 faizi məhz Azərbaycanın
payına düşmüşdür.
Neft sənayesinin iqtisadi
inkişafdakı rolunu müdrikliklə nəzərə alan
Heydər Əliyev ötən əsrin 70-ci illərində bu
sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin
tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin
dövrdə neft sənayesinin inkişafında tamamilə yeni
mərhələ başlanmış, bu zəngin milli sərvətin
Azərbaycanın rifahına xidmət edən vasitəyə
çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni
yataqların kəşfiyyatı, qazılması, işlənməsi,
mütərəqqi texnologiyalardan və üsullardan istifadədə
yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı
nəticəsində mümkün olmuşdur. Ümummilli
liderimizin qətiyyətli addımları nəticəsində
ölkədə neft sənayesi konsepsiyasının nəzəri
inkişafını təmin edən elmi-tədqiqat
institutları, istehsalat birlikləri və digər müəssisələr
yaradılmışdır. Heydər Əliyevin müəllifliyi
ilə tərtib olunan “Azərbaycanda neftayırma sənayesinin
yenidən qurulması” planı əsasında bu tipli müəssisələrin,
iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə
keçməsi prosesi sürətlə başa
çatdırılmışdır.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmışdır. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyt kəsb edən atəşkəsə nail olunmuşdur.
Azərbaycan
daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə
edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”
adlandırılan ilk neft müqaviləsinin imzalanması və
onun gerçəkləşdirilməsi Heydlər Əliyev tərəfindən
işlənib hazırlanmış və müstəqil Azərbaycanın
iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsini təşkil
edən neft strategiyasının həyata keçirilməsinin
parlaq təzahürüdür.
Ulu öndərimizin səyi
və təşəbbüsü ilə həyata keçirilən
iqtisadi islahatlar nəticəsində 1996-cı ildə
respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən
sosial-iqtisadi inkişafda müsbət meyillər
özünü göstərməyə
başlamışdır. Dövlət mülkiyyətinin xalqın mənafeyinə
uyğun formada özəlləşdirilməsi sərbəst
bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin
bərqərar olmasına, habelə milli iqtisadiyyatın
dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların
şüurunda, həyat tərzində əsaslı dəyişikliklərin
baş verməsinə səbəb olmuşdur. Ölkədə
həyata keçirilmiş özəlləşdirmə
prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda
şəxsi marağını təmin etmək, əhalinin həyat
səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə
əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə
xidmət etmişdir. İqtisadiyyatın bütün sahələrini
əhatə edən özəlləşdirmə prosesi
müstəqil respublikamızda bazar iqtisadiyyatı
meyarlarının sürətlə formalaşmasına,
ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə,
dünya təsərrüfat sisteminə inteqrasiyasına
etibarlı zəmin yaratmışdır.
Ümummilli liderimizin rəhbərliyi
altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda
iqtisadiyyatın bütün sahələrinin sürətli
inkişafına, o cümlədən yerli və xarici
investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi
cəlb etməklə, rəqabət qabiliyyətli məhsul
istehsal edən müəssisələrin yaradılmasına,
infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin
açılmasına imkan vermişdir. Ümummilli liderimiz
respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində
özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı
kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin
formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin
mütəmadi güclənməsinə
çalışmışdır. 1997-2002-ci illərdə
respublikada sahibkarlığın inkişafı üçün
zəruri maliyyə təminatı yaradılmış,
süni maneələrin aradan qaldırılması
üçün mükəmməl qanunvericilik bazası
formalaşdırılmış, fəaliyyətin bu
növü ilə məşğul olanların hərtərəfli
stimullaşdırılması məsələsi diqqət mərkəzində
saxlanılmışdır. İnvestisiyaların təşviqi
üçün respublikada daha münbit şərait yaratmaq,
daxili və xarici sərmayəni stimullaşdıran səmərəli
metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun
başlıca istiqamətini regionların, qeyri-neft sektorunun
inkişafına yönəltmək, habelə maddiləşən
işgüzar fəallığı gücləndirmək
üçün kompleks tədbirlər həyata
keçirilmişdir.
Azərbaycanın dinamik
sosial-iqtisadi inkişafına təkan verən islahatlar
2003-cü ilin 15 oktyabrından ümummilli liderimizin layiqli
siyasi davamçısı –Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. Dövlət başçısının
böyük əzmkarlıqla davam etdirdiyi çoxşaxəli
islahatlar kursu respublikamızın yeni sosial-iqtisadi təmayüllərini
dəqiq şəkildə müəyyənləşdirməklə
yanaşı, böyük uğurlara zəmin yaratmış,
hər bir vətəndaşın həyatında nəzərəçarpacaq
irəliləyişlərə səbəb olmuşdur. Cənab İlham Əliyevin
prezidentlik fəaliyyətinin təhlili göstərir ki,
ötən müddətdə konturları hələ Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
bütün konsepsiyalar uğurla davam etdirilmişdir.
Artıq bu gün qlobal
enerji layihələrinin mərkəzinə çevrilmiş
Azərbaycan təkcə özünün deyil, həm də
Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına
mühüm töhfələr verir. Son illər neft gəlirlərinin əhəmiyyətli
dərəcədə artması Azərbaycanda qeyri-neft
sektorunun inkişaf etdirilməsi üçün çox
yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə
ölkəmizdə qeyri-neft sektorunun inkişaf sürətinin
16 faizə çataraq neft sektorunu (7 faiz) üstələməsi
də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın
valyuta ehtiyatlarının 18 milyard dolları ötməsi və
bu məbləğin getdikcə artması belə deməyə
əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı,
rifahlı cəmiyyətin möhkəmlənməsi
tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.
Sosial-iqtisadi
inkişafın sürətlənməsi naminə
ardıcıl və sistemli şəkildə atılan
bütün addımlar, reallaşdırılan tədbirlər
güclü iqtisadi potensialın yaradılmasına, dövlətin
möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik
və sabitlik şəraitində yaşamasına müsbət
təsir göstərmişdir. Regionların tarazlı inkişafı, yoxsulluğun
azaldılması, işsizliyin aradan qaldırılması
istiqamətində mühüm uğurlar
qazanılmışdır. Son beş ildə dünyada analoqu
olmayan nəticələr əldə edilmiş,
iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan
ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
Son illərin müsbət
göstəriciləri, fikrimcə, qəbul olunmuş
ümummilli proqramların uğurla
reallaşdırılmasının məntiqi nəticəsidir.
Təkcə onu qeyd etmək
kifayətdir ki, 2004-2008-ci illərdə ölkə həyatının
bir çox sahələrinin inkişafını əhatə
edən 70-dən artıq dövlət proqramı qəbul
edilmiş, onların bir çoxu yüksək səviyyədə
icra olunmuş, digərləri isə tamamlanmaq üzrədir.
Məhz bütün
bunların nəticəsidir ki, 2006-2007-ci illərdə Azərbaycanda
iqtisadi artım müvafiq olaraq 34,5 faiz və 25 faiz təşkil
etmişdir.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin ulu öndərimizin
sosial-iqtisadi strategiyasını uğurla davam etdirməsinin nəticəsidir
ki, təkcə ötən il ümumi daxili məhsulun həcmi
38 milyard manat olmuş, əvvəlki ilə nisbətən real
artım 10,8 faiz təşkil etmişdir. Qeyri-neft
sektorundakı 16 faiz artım isə ölkə
iqtisadiyyatının inkişafının və onun neft
sektorundan asılılığının
azaldılmasının parlaq göstəricisidir.
Cənab İlham Əliyev
qeyri-neft sektorunun, özəl bölmənin,
sahibkarlığın inkişafına prioritet məsələ
kimi yanaşır. Bu
sahəyə daim diqqət yetirməklə yeni istehsalların
qurulmasına, genişlənməsinə əlverişli şərait
yaradır, iqtisadiyyatın sənayeləşməsində
qarşıya çıxan problemlərin həlli istiqamətində
geniş miqyaslı tədbirlər həyata keçirir.
Bütün bunlar barədə möhtərəm Prezidentimiz
İlham Əliyev demişdir: “...Qeyri-neft sektorunun
inkişafı üçün gələcəkdə nə
lazımdırsa, biz onu edəcəyik. Güzəştli
kreditlər davam etdiriləcəkdir... Biz bunu ona görə
vermirik ki, dövlət pul qazansın. Ona görə veririk ki,
iş görülsün. Ancaq bir neçə ildən sonra,
–indi bunu yəqin ki, hesablayacaqlar, –bu kreditlər tam şəkildə
qayıdandan sonra hər il dövlət büdcəsindən əlavə
vəsaitin ayrılmasına ehtiyac qalmayacaqdır. Bu
böyük məbləğ, 300-500 milyon dollar hər il yeni sənaye
sahələrinin yaradılmasına, biznes şəraitinin
yaxşılaşmasına kömək göstərəcəkdir”.
Yuxarıda qeyd etdiyim
kimi, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi
özəl bölməyə, sahibkarlığa dəstək
konsepsiyası cənab İlham Əliyev tərəfindən
bu gün uğurla davam etdirilir. Bunu rəhbəri olduğum EMBAWOOD şirkətinin
timsalında aydın görmək mümkündür. Belə
ki, 1996-cı ildən öz işini dünya standartlarına
uyğun quran bu özəl qurum respublikada əlverişli
sahibkarlıq mühitində dinamik inkişaf yolu
keçmiş, öz üzərində dövlət dəstəyini
daim hiss etmişdir. Sevindirici haldır ki, artıq bu gün
yüksək texnologiya əsasında fəaliyyət göstərən
EMBAWOOD şirkətinin adı Cənubi Qafqazın mebel sənayesində
hörmətlə çəkilir. Bəli, dövlət
başçımız biznesin inkişafına xüsusi
önəm verir. Cənab İlham Əliyevin
çıxışlarının birində dediyi sözlər
də bu fikri təsdiqləyir: “... Azərbaycanda güclü
biznes qurumları yaranır və mən də bunu çox
alqışlayıram. İstəyirəm ki, ölkəmizdə
bizneslə məşğul olan bir çox güclü
şirkətlər olsun. Onlar həm ölkəmizin iqtisadi potensialına
öz töhfəsini versinlər, həm də dünya
bazarlarına çıxsınlar, başqa ölkələrdə
layihələrdə iştirak etsinlər. Əlbəttə
ki, biz dövlət tərəfindən gələcəkdə
də bunu təşviq edəcəyik”.
Bütün bunlar bir
daha deməyə əsas verir ki, əsası 1969-cu ildə
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş milli iqtisadi inkişaf konsepsiyası bu gün
uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsuliyyətli
vəzifəni daşıdığı müddətdə
bütün fəaliyyətini insana qayğı və diqqət
prinsipi üzərində qurmuş, sosialyönümlü
siyasət strategiyası həyata keçirmişdir. Azərbaycan
Prezidentinin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf
strategiyası, həyata keçirdiyi islahatlar həm də
onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl
iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə
bilər. Ölkənin bütün problemlərinə milli
dövlətçilik prinsipləri kontekstindən yanaşan,
cəmiyyətin ümumi inkişaf
qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi
bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki
çətinliklər haqqında aydın təsəvvürə
malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri
sayəsində qarşıdakı dövr üçün həlli
vacib vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə
müvəffəq olmuşdur. Elmi əsaslara söykənən
iqtisadi islahatların uğurlu nəticələri isə getdikcə
hər bir vətəndaşın maddi-rifah halında
özünü daha qabarıq göstərir.
Elşad ABBASOV,
EMBAWOOD şirkətinin
prezidenti
Xalq qəzeti.- 2009.- 9 may.- S. 5.