Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin milli iqtisadiyyatımızın qurucusudur

 

AMEA-nın İqtisadiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “dəyirmi masa” ətrafında söhbət

 

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə güclü elmi, intellektual, kadr, sənaye, kənd təsərrüfatı və enerji potensialının yaradılmasına nail olmuş, respublikamızın bu gün müstəqil yaşamasının möhkəm təməlini qoymuşdur. Dahi öndər hələ ötən əsrin 70-ci illərində Azərbaycan Respublikası iqtisadiyyatının inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları müəyyənləşdirmiş, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmasına, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodların tətbiqinə qərar vermişdir. Nəticədə ötən əsrin 70-ci və 80-ci illərində iqtisadi və sosial sahələrdə mühüm uğurlar əldə edilmiş, əhalinin rifah halı yaxşılaşmışdır. Ulu öndər ikinci dəfə respublikamıza rəhbərliyi dövründə Azərbaycanı vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsindən xilas etdi, hərc-mərcliyin, xaosun, separatçılığın, etnik münaqişələrin qarşısını aldı, Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminə nail oldu, iqtisadi-sosial sahələrdə böhranı aradan qaldırdı. Tezliklə insanların qırılmış ümidləri bərpa olundu. Ölkəmizin beynəlxalq imici möhkəmləndi. Ümummilli liderimiz Azərbaycanın milli maraqlarını tam təmin edən yeni neft strategiyasını işləyib hazırladı. Bu dahi insanın titanik səyi sayəsindəƏsrin müqaviləsiimzalandı, Azərbaycan neftinin xarici bazarlara çatdırılmasının alternativ marşrutuBakı-Supsa xətti çəkildi, üç dənizi birləşdirən əsas ixrac boru kəməriBakı-Tbilisi-Ceyhan əfsanədən reallığa çevrildi, respublikamız Avropa Şurası digər beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edildi.

Ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin gələcəyi bu gün etibarlı əllərdədir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafına yönəldilib. Ayrı-ayrı sahələri əhatə edən dövlət proqramları inkişafımıza dinamiklik gətirən əsas amilə çevrilib.

Ulu öndərimizin anadan olmasının 86-cı ildönümü münasibətilə AMEA-nın İqtisadiyyat İnstitutunda keçirilən “dəyirmi masa”da bütün bu deyilənlər barədə ətraflı söhbət açıldı.“Dəyirmi masa” ətrafında söhbətdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Ağasəlim Ələsgərov, iqtisad elmləri doktoru, professor Şahbaz Muradov, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru Əli Nuriyev, iqtisad elmləri namizədi Tofiq Hüseynov, iqtisad elmləri namizədi Aqil Əsədov və institutun əməkdaşı İlkin Soltanlı iştirak edirdilər.

 

İSA ALIYEV, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru:

 

— Hörmətli “dəyirmi masa” iştirakçıları! İcazə verin, sizi Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, xalqımızın və müstəqillıyımizin xilaskarı, milli iqtisadiyyatımızın qurucusu, Azərbaycan dövlətinin memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 86 illiyinə həsr edilmiş tədbirdə salamlayım. Hamımıza məlumdur ki, ulu öndərin Azərbaycan Respublikası qarşısındakı xidmətlərindən, o cümlədən milli iqtisadiyyatımızın formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlərdən günlərlə, saatlarla danışmaq olar.

Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan xalqı qədim tarixə, dərin milli-mədəni və mənəvi irsə, eləcə də böyük dövlətçilik ənənələrinə malik bir xalqdır. Eyni zamanda, tarix sübut edir ki, yalnız bu keyfiyyətləri özündə cəmləşdirən xalqlar geniş əhali kütləsini öz ardınca aparmağı bacaran şəxslər yetişdirə bilər. Ulu öndər məhz belə tarixi şəxsiyyətlərdən biri və mən deyərdim ki, bir çox yüksək qiymətə layiq xüsusiyyətləri ilə birincisidir. Dahi Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı bütün dövrlər iqtisadi tənəzzüllə xarakterizə edilsə də, məhz dünya şöhrətli siyasətçinin qəbul etdiyi son dərəcə dəqiq qərarlar, həyata keçirilən məqsədyönümlü islahatlar nəticəsində qısa zaman ərzində tənəzzülü sürətli tərəqqi əvəz etmişdir. Mən burada uzaq keçmişi deyil, elə 1990-cı illərin əvvəllərini yada salmağınızı istərdim. Məhz bu illərdə siyasi, iqtisadi, sosial və s. sahələrdə ciddi geriləmə mövcud idi. Yalnız ulu öndərin xalqın təkidi ilə yenidən hakımiyyətə gəlişi doğma vətənimizi parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən və iqtisadi tənəzzüldən xilas etdi.

Artıq bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkışafını və etibarlı siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Müstəqil dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadirdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan uca millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyənləşdirdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil etmişdir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xöşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı, ümummilli lider bəxş etmişdir.

Onu da unutmaq olmaz ki, Azərbaycanın xilaskar oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Təbii ki, ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970 illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə indi də sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.

Qeyd olunduğu kimi, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə olunması və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan ölkəmizin iqtisadi inkişafında “Əsrin müqaviləsi”nin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Daha sonra isə “Üç dənizin əfsanəsi” adlanan BTC-nin reallığa çevrilməsi xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanımızın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları qəbul edilmişdir. Bütün bunların nəticəsində artıq ölkəmiz dünyanın nüfuzlu söz sahibinə, enerji ixracatçısına və dinamik inkişaf edən bir dövlətə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıyıq ki, ulu öndər özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, güclü idarəetmə qabiliyyətinə qadir olan gənc lideri - İlham Əliyevi yetişdirdi. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətini inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkişafa çevirmək istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında hər birimizin öz vəzifəsi və məsuliyyəti vardır. Bu mənada, təbii ki, elm adamlarının, alimlərin də üzərinə müəyyən vəzifələr düşür. Hesab edirəm ki, biz alimlər Heydər Əliyev ideyalarını daha dərindən öyrənməli və təbliğ etməli, müvafiq istiqamətlərdə tədqiqatlar aparmalı və beləliklə, ölkənin iqtisadi inkişafında daha yaxından iştirak etməliyik.

 

Ağasəlim ƏLƏSGƏROV, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru:

 

— Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrınin təşəkkülü və inkişafında müstəsna rol oynamışdır. Aydındır ki, SSRİ dövründə ölkəmiz İttifaqın bir hissəsi idi və o dövrdə müstəqil xarici əlaqələrdən danışmaq qeyri-mümkün idi. Ona görə də mən 1990-cı ildən sonrakı dövrlərə toxunmaq istəyirəm. Belə ki, Sovet İttifaqı dağıldıqdan və respublikamız suverenlik əldə etdikdən sonra ölkəmizin müstəqil olaraq xarici iqtisadi əlaqələrdə iştirak etməsinə zəruri siyasi-iqtisadi zəmin və şərait yarandı. Təbii ki, ilk dövrlər ölkəmiz müəyyən çətinliklərlə üzləşdi. İlk növbədə, müstəqil Azərbaycanda müvafiq iqtisadi islahatların həyata keçirilməsi, ölkəmizin müstəqil xarici iqtisadi əlaqələrə qoşulması, milli iqtisadiyyatın quruluşunun təkmilləşdirilməsi zəruri idi. İstehsalın tələb təklif qanunu nəzərə alınmaqla ixtisaslaşdırılması, xarici iqtisadi əlaqələrin infrastrukturunun formalaşdırılması digər köklü vacib tədbirlərin həyata keçirilməsi əsasında respublikamız beynəlxalq əmək bölgüsündə əlverişli yer tutmağa başladı. Əvvəldə qeyd etdiyimiz kimi, SSRİ-nin süqutu dövrlərində bir çox problemlər baş qaldırmışdı ki, bu da qaçılmaz idi. Həmin dövrdə ictimai-siyasi sabitliyin vaxtaşırı pozulması, ölkə rəhbərliyinin tez-tez dəyişilməsi keçən əsrin 90- illərinin əvvəllərindən etibarən iqtisadiyyatın digər sahələrində istehsalın tənəzzülə uğraması bu prosesin getdikcə dərinləşməsi ilə üzləşirdi.

Məhz belə bir məsuliyyətli dövrdə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi hakimiyyətə gətirdi. Beləliklə, respublikamızın siyasi, iqtisadi, sosial, müdafiə və digər sahələrində yeni dövr başlandı. 1994-1995-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildikdən sonra bir sıra təxirəsalınmaz, vacib sosial-iqtisadi problemlərin, o cümlədən xarici iqtısadi əlaqələrin həlli istiqamətində mükəmməl kompleks iş aparılması mümkün oldu. Məhz Heydər Əliyevin rəhbərliyi və uzaqgörənliyi sayəsində bir sıra qanunların, normativ aktların və sənədlərin qəbul edilərək həyata keçirilməsi xarici iqtisadi əlaqələrin də formalaşması və inkişafına ciddi dəstək verdi. Qəbul edilən normativ sənədlərə müvafiq olaraq Azərbaycan Respublikasında xarici vətəndaşların hüquq və mənafelərinin qorunmasına dövlət təminatının verilməsi, xarici iqtisadi fəaliyyətin təşkili, valyuta əməliyyatlarının idarə edilməsi, vergi-gömrük əməliyyatlarına dair müddəalar, idxal-ixracın idarə edilməsi, elmi-texniki əməkdaşlıq məsələləri və digər olduqca vacib sənədlər daxil idi. Bu sənədlərin qəbul edilməsinin və Azərbaycan Respublikasının imkanlarına uyğun olaraq tətbiqinin ölkəmizin xarici iqtisadi əlaqələrinin coğrafiyasının genişlənməsinə, eləcə də səmərəliliyinin artırılmasına çox böyük təsiri oldu. Beləliklə, müstəqil Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinə keçmək məqsədilə islahatların tətbiqinin elmi əsaslandırılmış kursu müəyyənləşdirildi.

Artıq iqtisadiyyatın ayrı-ayrı konkret sahələrində ardıcıl, dinamik və elmi əsaslandırılmış məqsədyönlü islahatlar proqramı işlənərək müvəffəqiyyətlə həyata keçirilirdi. Həmin proqramlarda nəzərdə tutulan istiqamətlərdən biri də ölkənin xarici iqtisadi fəaliyyətinin normal, sabit və geniş miqyasda təmin edilməsindən ibarət idi. Məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü proqram və tədbirlərin nəticəsidir ki, keçən müddət ərzində müstəqil Azərbaycan dövləti MDB respublikaları və uzaq xarici ölkələrlə geniş iqtisadi əlaqələri uğurla təmin etmişdir. Bir məsələni də qeyd etmək istərdim ki, dünya iqtisadiyyatında baş verən qloballaşma və inteqrasiya prosesləri xarici iqtisadi əlaqələrin daha geniş miqyası əhatə etməsini tələb edir. Dünyada baş verən bu proseslər xarici iqtisadi əlaqələrdə, o cümlədən, ilk növbədə, onun aparıcı sahəsi olan əmtəə dövriyyəsində müasir tələblərin nəzərə alınması və idxal-ixrac əməliyyatlarının köklü surətdə yenidən qurulmasını zəruri edir. Məhz həyata keçirilən islahatlar nəticəsində ölkəmizin xarici iqtisadi əlaqələrinin miqyası genişlənir ki, burada da aparıcı rol xarici ticarətə məxsusdur. Eyni zamanda, yaddan çıxarmamalıyıq ki, bütün bu irəliləyişlərin başlıca səbəbi, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın bu gün də uğurla davam etdirilməsidir. Təkcə bir faktı qeyd etməklə fikrimi yekunlaşdırmaq istərdim. Belə ki, statistik məlumatlar göstərir ki, 2008-ci il ərzində Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 140 dövləti ilə ticarət əlaqələri qurmuşdur. Göstərilən dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi ilk dəfə olaraq 54,9 milyard ABŞ dolları, o cümlədən ixrac 47,7 milyard dollar, idxal 7,2 milyard dollar təşkil etmiş, 40,5 milyard dollarlıq müsbət saldo yaranmışdır. Bütün bunlar isə 2007-ci ilin göstəricilərindən xarici ticarət dövriyyəsində 8,7 dəfə, o cümlədən idxalda 21,4 faiz, ixracda isə 16,1 dəfə artım deməkdir ki, bu da respublikamızın tarixində xarici iqtisadi əlaqələrdə əldə edilən ən böyük nəticədir. Sonda bir daha qeyd etmək istəyirəm ki, əldə edilən uğurlar məhz ulu öndərimizin vaxtında və dəqiqliklə qəbul etdiyi qərarların, eləcə də Heydər Əliyev strategiyasının hazırda uğurla davam etdirilməsınin nəticəsidir.

 

Şahbaz MURADOV, AMEA- nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor:

 

— Azərbaycan dövlətinin banisi, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü təkcə Azərbaycanda deyil, bütün türkdilli dövlətlərdə və dünyanın bir sıra ölkələrində də qeyd olunur. Hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış və doğma Azərbaycanımızın şöhrətini bütün dünyaya yaymış bu böyük və dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr ərzindəki xidmətləri çox böyükdür. Bu dahi şəxsiyyətin xidmətlərini düzgün dərk edib qiymətləndirmək üçün ilk öncə onun həm birinci dəfə — 1969-cu il iyul ayının 14-də, həm də ikinci dəfə — 1993-cü il iyun ayının 15-də hakimiyyətə gəldiyi dövrlərdə respublikamızda yaranmış vəziyyətə nəzər salmaq lazımdır. Birinci dövr ərəfəsində Azərbaycan günü-gündən kəskinləşməkdə olan böyük çətinliklərlə üz-üzə qalmış bir sıra mühüm iqtisadi inkişaf göstəricilərinin səviyyəsinə görə keçmiş İttifaq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu.

Heydər Əliyev çox gözəl başa düşürdü ki, millətin siyasi müstəqilliyi onun iqtisadi azadlığından keçir. Ona görə də onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1969-cu il avqust ayından başlayaraq Azərbaycanın tarixində yeni inkişaf dövrünün əsası qoyulmuşdur.

Həmin dövrdə Heydər Əliyevin keçmiş İttifaqda və bütünlükdə dünyada günü-gündən artan nüfuz və hörməti, gələcəyi görmək qabiliyyəti sayəsində SSRİ hökuməti 1970, 1975, 1976 və 1979-cu illərdə Azərbaycanla əlaqədar olaraq respublikada xalq təsərrüfatının hərtərəfli yüksəlişi və intensiv inkişafını nəzərdə tutan və xalqımız üçün həqiqətən böyük tarixi əhəmiyyəti olmuş beş xüsusi qərar qəbul etmişdir.

Bu qərarların müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsində Azərbaycan Respublikası müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, doqquzuncu və onuncu beşilliklərdə nəzərdə tutulmuş bütün xalq təsərrüfatı tapşırıqlarını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmiş və 1970-ci ildən başlayaraq respublikamız 13 il ardıcıl olaraq hər il SSRİ-nin ən yüksək mükafatı olan keçici qırmızı bayraqları ilə təltif olunmuşdur. Bu dövrdə ölkə iqtisadiyyatına yönəldilmiş kapital qoyuluşunun həcmi 1920-1970-ci illəri əhatə edən 50 il ərzindəkinə nisbətən 2,1 dəfə, o cümlədən sənayedə - 2,1 dəfə, kənd təsərrüfatında - 4,2 dəfə, nəqliyyat və rabitədə - 2,2 dəfə, tikintidə - 3,6 dəfə, mənzil tikintisində (fərdi tikintilər) isə 1,5 dəfə çox olmuşdur.

Azərbaycan iqtisadi artım sürətinə görə orta İttifaq səviyyəsini xeyli ötüb keçmiş və burada istehsal edilən milli gəlirin həcmi 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə və burada əmək məhsuldarlığının səviyyəsi 2,2 dəfə artmışdır.

Çox təəssüflər olsun ki, 1988-1989-cu illərdən başlayaraq ölkəmizə rəhbərlik etmiş səriştəsiz adamların təqsiri üzündən keçən əsrin 70-80-ci illərində respublikamızda yaradılmış böyük iqtisadi potensial ilbəil dağıldı və müstəqilliyimizin ilk illərini əhatə edən 1991-1993-cü illərdə Azərbaycan “Ölüm, ya olum” dilemması qarşısında qaldı. Belə bir çətin vaxtda xalqımızın təkidli tələbi ilə Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanı və bütünlükdə xalqımızı çıxılmaz vəziyyətdən xilas etdi və onun qurtuluş günü oldu. Onun təşəbbüsü və rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Sonrakı 5-6 il ərzində dünyanın bir çox dövlətləri ilə 21 neft müqaviləsi bağlandı və 14 ölkənin 32 böyük şirkəti və 400-ə qədər servis xidməti göstərən müxtəlif xarici şirkət burada fəaliyyət göstərməyə başladı.

Heydər Əliyevin apardığı ağıllı, səriştəli, təmkinli, planlı və məqsədəuyğun radikal iqtisadi islahatlar nəticəsində 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş verdi və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələdi. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ÜDM istehsalı 22,3 dəfə artaraq 157,1 milyard manatdan 35,1 trilyon manata, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artaraq 21,3 min manatdan 4 milyon 320 min manata çatdı. 1993-2003-cü illərdə respublikamızda 3 minə qədər yeni sənaye müəssisəsi açıldı və 2003-cü ilin əvvəlində onların ümumi sayı 5202 oldu.

Bu da bir həqiqətdir ki, 2003-cü il 15 oktyabr prezident seçkilərində xalqımızın tam əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev atasının yolunu davam etdirərək ölkəmizə rəhbərlik etdiyi qısa zaman kəsiyində idarəçilikdə və xalqa xidmətdə əsl Heydər Əliyev nümunəsi göstərmiş, onun layiqli davamçısı olduğunu nümayiş etdirərək ölkə iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Onun həyata keçirdiyi iqtisadi və sosial siyasət nəticəsində son 5 il ərzində ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmışdır. 2003-2008-ci illər ərzində iqtisadiyyatın bütün sahələri üzrə mal və xidmətlər buraxılışında əlavə dəyərin xüsusi çəkisinin 55,9 faizdən 68,9 faizə çatması və ya 13 faiz artması ölkə iqtisadiyyatının səmərəliliyinin xeyli yüksəldiyini sübut edir. 2008-ci ildə ölkəmizdə istehsal olunmuş ÜDM-in 57,4 faizi sənayenin payına düşmüşdür.

Ölkə iqtisadiyyatının son 5 il ərzindəki belə sürətli inkişafı burada yaşayan əhalinin rifahının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, adambaşına düşən ÜDM-in həcmi 6,5 dəfə artaraq 2003-cü ildəki 896,7 ABŞ dollarından 2008-ci ildə 5800 ABŞ dollarına çatmışdır.

Ölkəmizdə son beş ildə əldə edilmiş uğurlar Prezident İlham Əliyevin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirib daha da irəli aparması, bütün sahələrdə həyata keçirdiyi məqsədyönlü, düşünülmüş siyasət yetirmək bacarığı və təfəkkürünün nəticəsidir. Heç şübhəsiz ki, ölkəmizin inkişaf tarixinə yeni mərhələ - İlham Əliyev mərhələsi kimi daxil olmuş 2003-2008-ci illər həm də Azərbaycanı tarixə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil edəcəkdir.

 

 

Əlipənah Bayramov,

 

Vaqif Bayramov,

 

Rafiq Salmanov

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 6-7.