Əbədiyaşarlıq rəmzi

 

“Dahilik dahiyanə bir işi görməyi, həlli qeyri-mümkün görünən vəzifənin öhdəsindən gəlməyi bacarmaqdır”. –Böyük alman mütəfəkkir şairi Höteyə məxsus bu meyarla yanaşsaq, müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu və xilaskarı olan ümummilli liderimiz Heydər Əliyev dahiliyin ən yüksək zirvəsində qərar tutmuşdur.

Ulu öndər böyük iradə və qətiyyət sahibi, müdrik insan idi. Ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.

Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman, özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda kasıb bir daxmada yaşadığı yerdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi. Bundan heç vaxt yorulub-usanmadı, bədxahlarının əməllərinə, böhtanlarına əhəmiyyət vermədi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.

1969-cu ilin ortalarında Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. O vaxta qədər Azərbaycan geridə qalmış aqrar respublika idi. Zəngin təbii sərvətləri olan xalq ehtiyac içində yaşayırdı. Odur ki, respublikanın yeni rəhbəri rayonlara səfər edir, adamlarla görüşür, onların problemlərini, aqrar sahənin geridə qalmasının səbəblərini öyrənir, onu inkişaf etdirməyin yollarını araşdırırdı. Tezliklə respublikada çox böyük islahatlar həyata keçirilməyə başlandı. Qısa müddətdə hər şey dəyişdi. Hara baxırdınsa, həyat qaynayırdı. Bir neçə ilə bölgələrdə insanların yaşayış şəraiti yaxşılaşdı, rayonların büdcələrinə xeyli vəsait toplandı. Və bu vəsaitlər rayonların inkişafına və sosial problemlərin həllinə yönəldilirdi. O illər uzaq tariximiz deyil. Həmin islahatları həyata keçirən insanlar müasirlərimizdir. Azərbaycanın elə bir şəhəri, qəsəbəsi, kəndi yox idi ki, orada tikinti-quruculuq işləri aparılmasın, yollar çəkilməsin, məktəblər, xəstəxanalar, yaşayış binaları tikilməsin. Elə paytaxtımız da görkəmini Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə dəyişdi. Yüzlərlə “göydələn”lər tikildi və həmin evlərdə uzun illərdən bəri mənzil növbəsində dayanmış insanlar yaşamağa başladılar.
O illərdə respublikamızda inşa edilən nəhəng obyektlərin əksəriyyəti ümumittifaq büdcəsindən maliyyələşirdi. Bu, yalnız Heydər Əliyevin gücü, qətiyyəti, təkzibolunmaz dəlilləri sayəsində reallaşırdı. Həmin illərdə ümummilli liderimiz respublikamız üçün mümkün olan nə vardısa, onu etdi. Qurdu, yaratdı, elmi inkişaf etdirdi, bütün sahələr üzrə milli kadrlar yetişdirdi.

Müstəqilliyimizi qazananda məlum oldu ki, o illərdə həyata keçirilən ən adi iş də bu gün üçün çox gərəklidir. Deməli, Heydər Əliyev Azərbaycanın müstəqilliyini 30 il əvvəl görürmüş.
1969-cu ilədək Azərbaycan hansı vəziyyətdəydi, bunu orta və yaşlı nəsil yaxşı xatırlayır. Bakıda əhalinin, demək olar ki, xeyli hissəsi başqa millətlərin nümayəndələrindən ibarət idi. Dövlət strukturlarında, inzibati və partiya- sovet orqanlarında işləyənlərin də əksəriyyəti qeyri-azərbaycanlılar idi.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycan Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildi. kənd təsərrüfatı ilə yanaşı, sənaye də inkişaf etməyə başladı. Bakı kondisioneri zavodunu Yaponiyadan gəlmiş mütəxəssislər inşa edirdilər. Halbuki, bu zavod Ukraynanın Zaporojye şəhərində tikilməli imiş, lakin Heydər Əliyevin təkidi ilə həmin müəssisəni Azərbaycanda tikməli oldular. O dövrlərdə çox adam bunun əhəmiyyətini o qədər də dərk etmirdi. Ancaq zavodun tikintisi, orada minlərlə insanın, hətta müttəfiq respublikalardan nümayəndələrin gəlib işləməsi və sonralar böyük istehsal sahəsinə çevrilməsi Azərbaycana şöhrət gətirdi. Azərbaycanın o dövrdə bütün şəhərlərində — Sumqayıtda, Əli Bayramlıda, Mingəçevirdə və başqa şəhər və rayonlarında inkişaf geniş vüsət aldı. Yetmişinci illərdən etibarən respublikada tikinti-quruculuq işləri yeni mərhələyə qədəm qoydu. Bu gün ümummilli liderimizin adını daşıyan Respublika Sarayının tikintisi başlanmışdı, lakin yarımçıq qalmışdı. Heydər Əliyev respublika rəhbərliyinə gələndən bir neçə li sonra bu möhtəşəm sarayın tənətənəli açılışı oldu. Bundan sonra Gülüstan Sarayı tikildi. Əhmədli qəsəbəsinin yaranması, bugünkü Bakıxanov qəsəbəsi, Yeni Günəşli və mikrorayonların tikilib istifadəyə verilməsi də həmin dövrün yadigarlarıdır. Paytaxtda azərbaycanlıların xüsusi çəkisi 80 faizi ötdu. Rayonlardan adamlar gəldi, Bakıda mənzil aldılar. Bu, həmin dövrlərdə Heydər Əliyevin uzaqgörən siyasəti idi.

Etiraf edək ki, Heydər Əliyev hakimiyyətə gələnədək Bakı şəhərində hamı rus dilində danışırdı. İdarə və müəssisələrdə Azərbaycan dilində danışmaq və yazmaq, sanki yasaq olunmuşdu. Adamlar öz ana dilində danışmaqdan çəkinirdilər. Belə vəziyyət az müddət ərzində dəyişildi.

Həmin dövrdə Azərbaycanda təhsil sahəsində çox böyük uğurlar qazanıldı. Hər il yüzlərlə azərbaycanlı gənc başqa şəhərlərə oxumağa göndərildi. Azərbaycanda ali təhsil ocaqlarının sayı 12-dən 17-yə çatdırıldı.

Heydər Əliyev birinci dəfə Azərbaycanda rəhbər olduğu illərdə respublikamız hərtərəfli inkişaf etdi, tanındı. Hətta xarici ölkələrlə də əlaqələr quruldu. Azərbaycanda istehsal olunan məhsullar dünyanın onlarca ölkəsinə göndərilirdi.

Hələ də keçmişindən qopub ayrıla bilməyən Azərbaycanda gender siyasəti ümummilli liderimizin xüsusi diqqət yetirdiyi məsələ idi. Qadınlarımız SSRİ və dünya miqyaslı yarışlarda, müsabiqələrdə və digər tədbirlərdə iştirak edir, fəxri yerlər tuturdular. Başqa respublikaların nümayəndələri deyirdilər ki, Heydər Əliyev Azərbaycan qadınının imkanlarını, intellektual səviyyəsinin nəyə qadir olduğunu sübut etdi. Yəni bunları təkcə biz demirdik, bu reallıq kənardan daha yaxşı və aydın görünürdü.

Dövlət müstəqilliyimizi qazananda Heydər Əliyev Azərbaycandan uzaqda — Moskvada xüsusi nəzarət altında yaşayırdı. Ancaq 20 Yanvar faciəsinin ertəsi günü həyatını açıq təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, sərt bəyanatla çıxış etməsi göstərdi ki, bu böyük şəxsiyyət üçün Vətənindən, xalqından əziz heç nə yoxdur.

Xalqın, ziyalıların çağırışı ilə doğma Vətəninə qayıdan Heydər Əliyevə qaragüruhçular, mənsəb və vəzifə düşkünləri Bakıda qalmağa imkan vermədilər. Odur ki, həmin dövr — müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır keçdi. Vaxtı ilə Heydər Əliyevin qurub-yaratdıqlarını dövlət quruculuğunda və idarəçiliyində heç bir səriştəsi, bacarığı olmayanlar talan elədilər. Bu, azmış kimi, cəmiyyətin ayrı-ayrı zümrələrinə də münasibət dəyişdi. İkinci Dünya müharibəsi veteranlarına, az qala, düşmən kimi baxırdılar. Vaxtı ilə respublikamızın inkişafı üçün böyük əmək sərf edən, adlı-sanlı insanlar unuduldu. Hər şeyə, hər kəsə bolşevikcəsinə yanaşılırdı. “Sən sovet hökuməti üçün işləmisən, get köməyi kommunistlərdən istə”— deyirdilər. Daha insanlar cana doymuşdular. Geri çəkilməyə yer yox idi. Uçurumun kənarındaydıq. Xalq ayağa qalxdı, Heydər Əliyevi təkid və tələblə hakimiyyətə gətirdi.

Ölkənin nizamı tamam pozulmuşdu. Heç nə yerində deyildi. İqtisadiyyat tamam dağılmışdı. Xarici siyasət Azərbaycanın əleyhinə aparılırdı. Dostlarımızı itirmişdik.

Torpaqlarımız işğal olunurdu. Dövlətçilik əldən gedirdi. Belə bir vaxtda Heydər Əliyev xilaskar kimi Vətəninin və xalqının dadına yetişdi. Ölkəni fəlakətdən xilas etdi, 10 ildə, az qala, 30-40 ilə mümkün olan inkişafa nail ola bildi.

Ümummilli liderimiz hakimiyyətə qayıdan kimi, həyatımızın bütün sahələrində dönüş yaratdı. İstər insan haqlarının qorunması, istər cinayətkarlığa qarşı mübarizə, istər iqtisadiyyatın inkişaf etdirilməsi, istərsə də ordu quruculuğu sahəsində böyük islahatlar apardı. İqtisadi inkişafa əngəl olan məsələləri yoluna qoydu, ciddi tədbirlər həyata keçirdi. 1994-cü il 9 avqust tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanı ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkənin strateji kursunun əsaslarını müəyyənləşdirdi. 2000-ci ilin 8 iyununda “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” fərmanı ilə ümummilli liderimiz korrupsiya ilə mübarizədə dövlətin dəyişməz və qətiyyətli mövqeyini nümayiş etdirdi. “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin qaldırılması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanları işgüzar insanların, xüsusi ilə sahibkarların böyük sevincinə və məhəbbətinə səbəb oldu.

1993-cü ilə qədər iqtisadiyyat iflic olmuşdu. Müəssisələr fəaliyyətini dayandırmışdı, iqtisadi əlaqələr qırılmışdı. Ölkə vətəndaş müharibəsi ilə üz-üzəydi. Yanlış xarici siyasət nəticəsində bir sıra ölkələr Azərbaycana düşmən kəsilmişdi.

Təcrübəli siyasətçi və dövlət xadimi Heydər Əliyev öz nüfuzuna, bacarığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib, yeni dövlət quruculuğuna başladı.

Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoylmuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi, Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır. 1993-cü ilin ortalarında xalqın təkidi ilə xilaskar missiyası ilə hakimiyyətə qayıdarkən də belə olmuşdur. Vəziyyəti nəzarətdə saxlamaq üçün ilk növbədə ölkədə sabitlik lazım idi. Sabitliyə nail olunmasaydı, heç bir işə başlamaq mümkün deyildi. Heydər Əliyev özünün humanizm və ədalət prinsiplərinə, qanunçuluğa söykənən ardıcıl və qətiyyətli siyasəti ilə bu sahədə böyük işlər həyata keçirdi. Artıq 1996-cı ilin ortalarında ölkədə dönməz sabitliyə nail olundu. Onu da qeyd edək ki, bu humanizm və ədalət prinsipləri tədricən dövlətin prinsiplərinə çevrildi.

İkincisi, ölkədə müharibə gedirdi. Ordu yox idi. Belə bir vaxtda dövlətçiliyi, müstəqilliyi qoruyub saxlamaq üçün müharibəni dayandırmaq zəruri idi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs haqqında saziş imzaladı.

Mühüm məsələlərdən biri də ölkənin sərvətlərinin başlı-başına qalması, talanması idi. Digər tərəfdən, dənizin və yerin təkindəki sərvətlərdən səmərəli istifadə edilməli, xalqın sərvətinə çevrilməliydi ki, inkişafa, rifaha nail olunsun. Bunun üçün böyük öndər çox ciddi müqavimətləri sındıraraq, “Əsrin müqaviləsi”ni reallaşdırdı. Əfsanə sayılan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin tam reallığa çevrilməsi ümummilli liderimizin uzaqgörənliyinin, qətiyyətinin, zəkasının, müdrikliyinin və böyük siyasətinin nəticəsi idi. Danılmaz faktdır ki, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını sürətlə irəli apardı və bu inkişaf indi də geniş qol-budaq atmaqdadır.

Azərbaycanın düşmənləri ölkəmizin iqtisadiyyatına ciddi zərbələr vurmaq üçün dəridən-qabıqdan çıxdıqları bir vaxtda böyük siyasi xadim Tarixi İpək yolunun bərpası məsələsini qaldırdı. Və subut etdi ki, ulularımız müdrik olublar, dünyada Şərqlə Qərbi birləşdirən ən səmərəli yol elə Tarixi İpək yoludur. O, dünya dövlətlərini məntiqlə inandırdı. Onların elmi institutlarının on illərlə işləyib bir nəticəyə gələ bilmədiyi problemin Heydər Əliyev Bakıda keçirilən bir beynəlxalq konfransda söylədiyi çıxışında elmi əsaslarla şərhini verdi.

Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə yaxşı nəticələr verməyəcəyini bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirmək, infrastruktur layihələrin reallaşdırılmasına çalışmağın vacib olduğunu qeyd edir və buna səy göstərirdi. Keçmiş postsovet məkanında ilk dəfə Azərbaycanda dövlət başçısı Heydər Əliyevin göstərişi ilə torpaq islahatına start verildi. Aqrar islahatın bu fazası ilə bərabər kolxoz və sovxozların şəxsi və fermer təsərrüfatalrına keçməsi kənd təsərrüfatına yeni həyat verdi. Onun təşəbbüskarlığı, qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəldir, ona yeni nəfəs verirdi. Az bir zaman içində bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşmağa, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti yaranmağa başladı. Kommunist rejimindən yenicə ayrılmış Azərbaycanda sahibkarlığın inkişafına bööyük maneələrin olacağını çox dəqiq bilən Heydər Əliyev, onları şəxsən himayə edir, vaxtaşırı görüşlər keçirir, problemlərini öyrənir və onlara dəstək olurdu. Məhz bu baxımdan bu gün Azərbaycan iqtisadiyyatının böyük bir yükünü çiynində aparan sahibkarlarımızı tərəddüd etmədən Heydər Əliyev siyasətinin yetirmələri adlandıra bilərik.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya aktı qəbul edildi. Bilavasitə ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu.

Azərbaycan xalqının taleyi ilə aparılan pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə Heydər Əliyevin rəhbərliyi altında son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. Ümumiyyətlə ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Ulu öndərin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara ıə üzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalarından bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Şübhəsiz, bir yazıda bu siyasət nəhənginin gördüyü misilsiz və hüdudsuz xidmətləri sadalamaqda və onların qiymətini verməkdə çox acizik. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində, azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu və bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda öz real əksini tapdı.

2003-cü ildə böyük dahinin qurduğu bu Azərbaycan tərəqqiyə və inkişafa istiqamət götürüb irəliləyirdi. Böyük realist və praqmatik siyasətçi olan Heydər Əliyev isə insan üçün əbədi olmayan dünyanın təbii qanunlarına bələd idi. Elə bu səbəbdən də müstəqilliyinin ən məsul dövründə olan Azərbaycanı xoşbəxt gələcəyə aparacaq liderin kim olacağı sualı onu çox düşündürür və narahat edirdi. O, bu məsələni həll etməli idi. Onun sözü hər şey idi. Bu, Vətənə xidmətin ən ali nümunəsi idi və Heydər Əliyev bunu özünə son müqəddəs borc bilirdi.

Onun analitik düşüncələrində bütün xırdalıqlara, qaranlıqlara və sual doğuran problemlərə aydınlıq gələndən sonra Heydər Əliyev o vaxtlar hökumətə uğurla rəhbərlik edən İlham Əliyevin üzərində dayandı və uzaq Klivlenddən doğma xalqına müraciət ünvanladı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıran ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Tarix bu böyük dahinin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun təsdiqi üçün elə də böyük bir vaxt lazım gəlmədi. Çünki siyasi varis İlham Əliyev millət atasının missiyasını davam etdirməyin sirrini çox gözəl bilirdi. Ümummilli lider Heydər Əliyevin siyasi orientirlərinə, daxili və xarici siyasət prinsiplərinə, idarəçilik ənənələrinə sədaqət — müstəqil Azərbaycanın uğurlu idarəçiliyi və inkişafının əsas təminatları bunlar idi. Prezident İlham Əliyev beləcə başladı, uğurlara imza atdı və xalqın sonsuz rəğbət və hörmətini qazandı. O uğurlar böyük qələbələrin estafeti kimi bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçən Nazirlər Kabinetinin 2009-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarını müzakirə edən iclasında dövlət başçısının dediyi kimi, son beş il ərzində iqtisadiyyatımız çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailiyyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçə, böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensialı 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq.

Bir sözlə, bu nailiyyətlər bir daha göstərir ki, Heydər Əliyevin siyasi kursu alternativi olmayan yeganə düzgün siyasətdir. Bu siyasət Azərbaycanı qoruyur, Azərbaycan xalqına xeyir gətirir, Azərbaycan dövlətini, onun müstəqilliyini daha da möhkəmləndirir.

 

 

Niyazi İSMAYILOV,

 

Teymur ZEYNALOV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin iqtisadi təhlil

və audit kafedrasının dosentləri

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 8.