Heydər
Əliyev və Azərbaycanda həyat şəraitinin yüksəldilməsi
Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrün I mərhələsi
(1969-1982) respublikamızda nəinki iqtisadi yüksəliş,
eyni zamanda, yaşıllaşdırma və
abadlaşdırılma işləri ilə, yeni
yaşayış məskənlərinin tikilməsi, əhalinin
mənzil şəraitinin
yaxşılaşdırılması və əhalinin məişət
mədəniyyətinin yüksəldilməsi dövrü kimi
də xalqın yaddaşında qalmışdır. Bu ondan irəli
gəlir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi həmin illərdə istər kənd yerlərində,
istərsə də şəhərlərdə əhalinin
xeyli hissəsinin mənzil-məişət şəraiti
yaxşılaşdırılmış, yeni
yaşayış massivləri tikilmiş, fərdi evlərin
sayı çoxalmış, minlərlə insanın maddi
rifahı və məışət mədəniyyəti
yüksəldilmişdir.
1969-1982-ci illər ərzində
Heydər Əliyev tərəfindən Azərbaycanda quruculuq,
abadlaşdırma və sosial-ekoloji problemlərin həlli
istiqamətində həyata keçirilən kompleks tədbirlər
yaşıllaşdırma və abadlaşdırma, atmosfer, su
və torpağın ekoloji cəhətdən qorunması, əhalinin
içməli su ilə təmin edilməsi, mənzil tikintisi,
şəhərsalma və s. ilə bağlı həyata
keçirilən çoxcəhətli tədbirlər son nəticədə
əhalinin məişət mədəniyyətinin yüksəldilməsində
öz əksini tapmışdır. Yəni sosioloji baxımdan
yaşayış məskənlərində ekoloji problemlərin
həll edilməsi əhalinin güzəranı, mənzil-məişət
şəraiti ilə qarşılıqlı təsir və əlaqədədir.
Buna görə də ekoloji problemlərin həlli ilə əlaqədar
Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən müxtəlif tədbirləri şərh
etməzdən əvvəl, əhalinin məişət
ekologiyasının və bütövlükdə məişət
mədəniyyətinin yüksəldilməsi istiqamətində
görülən işlərin miqyasını tarixi-sosioloji
aspektdə araşdırmaq bugünkü həyatımız
üçün mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, məişət
mədəniyyəti insan həyatında mühüm əhəmiyyət
kəsb edir. Birincisi, məişət mədəniyyəti demək
olar ki, insanın həyat və fəaliyyətinin
bütün tərəflərini əhatə edir. İkincisi
isə, məişət mədəniyyəti ekoloji problemlərin
məhək daşı funksiyasını yerinə yetirən
sosial məkan rolu oynayır.
Sosioloji baxımdan məişət
mədəniyyəti dedikdə əhalinin
sağlamlığından tutmuş onların
yaşayış tərzi, mədəni səviyyəsi,
davranışı, adət- ənənəsi, kənd, qəsəbə
və şəhərlərin abadlığı,
yaşayış məskənlərinin yaşıllıq dərəcəsi,
şəhərsalma mədəniyyəti, mənzil şəraiti,
yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni
körpülərin və yol ötürücülərinin
tikilməsi, əhaliyə məişət xidmətinin səviyyəsi,
kommunal rahatlığı, istirahət zonalarının
yaradılması və yaşayış yerlərinin ekoloji təmizliyinədək
geniş bir anlayış başa düşülür.
Buradan
göründüyü kimi məişət mədəniyyəti
insan həyatında mühüm əhəmiyyət kəsb
edir və ictimai həyatın digər sahələrində də
özünü göstərir. Məhz buna görə də
Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi
ilk gündən respublikanın iqtisadiyyatının inkişaf
etdirilməsi ilə bərabər, əhalinin məişət
şəraitinin yüksəldilməsinin də vacib
olduğunu həmişə ön plana çəkirdi. Belə
ki, 1971-ci il 5 fevral tarixdə Bakı Şəhər Partiya
Komitəsinin 40-cı konfransındakı
çıxışında Heydər Əliyev demişdir:
“Respublikanın və Bakı şəhərinin
iqtisadiyyatını inkişaf etdirərkən biz zəhmətkeşlərin
rifahının yaxşılaşdırıması, onlar
üçün ən əlverişli məişət şəraitinin
yaradılması ilə əlaqədar içtimai problemin həlli
ilə çox fəal məşğul olmalıyıq”.
Əhalinin məişət
şəraitinin yaxşılaşdırımasını
mühüm ictimai problem hesab edən Heydər Əliyev
özünün bütün fəaliyyəti dövründə
həmişə bu problemi diqqət mərkəzində
saxlamış və onun həll edilməsi üçün
çalışmışdır. Bütün dövlət əhəmiyyətli
tədbirlərdə xalqın məişət şəraitinin
yüksəldilməsi, bütövlükdə məişət
mədəniyyətinin inkişaf etdirilməsi müzakirə
obyekti olmuş və bu sahədə müəyyən irəliləyişlər
əldə edilmişdir.
Heydər Əliyev
başa düşürdü ki, respublikada sosial-iqtisadi vəziyyəti
yaxşılaşdırmaıq hər bir fərdin sosial fəallığından
asılıdır. Adamların sosial fəallığı isə
onların güzəranı, gündəlik həyatının
təşkil olunmasından, insanların gündəlik tələbat
və ehtiyaclarının ödənilməsindən, onlara
göstərilən qayğıdan, ümumiyyətlə əhalinin
məişət mədəniyyətinin yüksəldilməsindən
asılıdır.
Bunları nəzərə
alan Heydər Əliyev Azərbaycan KP-nin XXVIII
qurultayındakı məruzəsində demişdir: “Zəhmətkeşlərin
maddi rifahını daha da yüksəltməyə,
adamların əmək və məişət şəraitini
daha da yaxşılaşdırmağa daim qayğı göstərmək
bizim ən doğma işimizdir. Bu iş partiya təşkilatının
bütün fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Partiya, Sovet, Həmkarlar İttiifaqları və təsərrüfat
orqanlarının vəzifəsi zəhmətkeşlərin
güzəranının yaxşılaşdırması ilə
əlaqədar olan bütün beşillik
tapşırqların danışıqsız yerinə yetirilməsini
təmin etməkdən, onların ehtiyac və tələbatlarının
hər vasitə ilə ödənilməsinə nail olmaqdan
ibarətdir. Yadda saxlamaq lazımdır ki, biz hər bir adama nə
qədər çox qayğı göstərsək təsərrüfat
quruculuğunun və mədəni quruculuğun bütün
sahələrində müvəffəqiyyətimiz bir o qədər
artıq olar”. Buradan göründüyü kimi əhalinin məişət
şəraitinin yaxşılaşdırımasına diqqət
və qayğı göstərilməsini əlaqədar
orqanların əsas vəzifəsi hesab edən ulu öndər
bunu ölkənin təsərrüfat və mədəni
quruculuğunun vacib şərti kimi dəyərləndirmişdir.
Məhz 1960-1983-cü illərdə Azərbaycan
Respublikasında içtimai həyatın bütün sahələrində
quruculuq işlərinin vüsətini Heydər Əliyevin
xalqın məişət şəraitinin yaxşılaşdırılmasına
göstərdiyi qayğı və diqqətin nəticəsi
kimi qiymətləndirmək olar.
Məişət mədəniyyətinin
yüksəldilməsində əsas şərtlərdən
biri də mənzil tikintisi və şəhərsalmanın
düzgün planlaşdırılmasıdır. Əhalinin məişət
mədəniyyətinin yüksəldilməsində şəhərsalmanın
əhəmiyyətini dəqiq qiymətləndirən Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlarda
Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində
şəhərsalmanın planlı şəkildə və
elmi əsaslarla aparılmasına ciddi fikir vermişdir. 1971-ci
ildə Bakı şəhər 40-cı partiya
konfransındakı çıxışında Heydər Əliyev
şəhərsalma məsələlərindən
danışaraq bu sahədə Bakıda xeyli işlər
görüldüyünü xüsusi qeyd etmişdir:
“Şəhərsalmanın
elmi əsaslarla planlaşdırıması və tikilməsi
işlərinin davam etdirilməsi Bakı şəhəri
üçün mühüm problemdir. Xüsusən, son illərdə
şəhərsalmanın inkişafı cəhətdən
bizim Bakıda az iş görülməmişdir. İndi
şəhərimiz yaraşıqlıdır və buraya gələn
hər kəsin xoşuna gəlir. Bizim hamımız öz
şəhərimizi sevirik və onunla haqlı olaraq fəxr
edirik”.
Respublikada mənzil
tikintisi və şəhərsalma məsələlərinə
qayğı və diqqətlə yanaşan Heydər Əliyev
əhalinin mənzil-məişət şəraitini
yaxşılaşdırmaq və urbanizasiya prosesini məqsədyönlü
şəkildə inkişaf etdirmək üçün əvvəlki
illərdə şəhərsalma ilə bağlı
görülən tədbirlərin həyata keçirilməsində
buraxılmış nöqsanları ciddi tənqid etmişdir.
Şəhərsalma probleminin vacib olduğunu vurğulayan ulu
öndər Azərbaycan KP-nin XXVIII qurultayında demişdir:
“Həyata keçirilən tədbirlər kompleksində şəhərsalma
və əhalini yerləşdirmə məsələlərinin
həllindəki ciddi nöqsanları aradan qaldırmaq
çox vacibdir... Yeni şəhərlər salınması,
köhnə şəhərlərin yenidən qurulması,
inkişaf etmiş maddi-məişət və mədəni
xidmət sisteminə malik olan abad kənd və qəsəbələrin
salınması şəhər və kənd zəhmətkeşlərinin
həyat şəraitinin bir birinə yaxınlaşmasına
kömək edəcəkdir”.
Əhalinin məişət
şəraitinin yüksəldilməsində mənzil
tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini dərindən
bilən Heydər Əliyev hələ 1971-ci ildə
müvafiq təşkilatlar qarşısında bu problemin həll
edilməsi üçün ciddi vəzifələr qoyaraq
demişdir: “Bizim qarşımızda istifadəyə verilən
mənzillərin sayını ən azı iki dəfə
artırmaq, kooperativ tikintilərinin genişlənməsini və
yaxşılaşmasını təmin etmək, yeni mənzil
sahələrinin bölünməsi işində nəzarəti
və məsuliyyəti artırmaq vəzifəsi durur. Bütün
zəhmetkeşləri abad mənzillə təmin etmək
problemi ən mühüm problemlərdən biri olaraq qalır
və bütün partiya, sovet, həmkarlar ittifaqı və təsərrüfat
orqanlarının diqqəti bu problemin həllinə yönəldilməlidir”.
Bu illərdə Bakı şəhərində mənzil
tikintisini sürətləndirmək üçün
görülən tədbirlərdən biri və ən
mühümü Heydər Əliyevin təşəbbüsü
ilə iri panelli ev tikmə kombinatlarının təşkil
edilməsi oldu. Həmin kombinatların qüvvəsi ilə
Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal,
9-cu mikrorayon kimi iri yaşayış massivləri inşa
olunmuş, on minlərlə adam yeni mənzillərə
köçmüş və xeyli adam öz mənzil-məişət
şəraitini yaxşılaşdırmışdır.
Məlumdur ki, əhalinin
məişiət mədəniyyətinin yüksəldilməsində
mənzil problemi mərkəzi yerlərdən birini tutur. Sosioloji
baxımdan mənzil insan həyatında məişət
şəraitinin əsas göstəricisi olan sosial mikroməkandar.
Biz məişət mədəniyyətini fəlsəfi-sosioloji
cəhətdən təhlil etdikdə mənzil probleminin məişət
mədəniyyətinin inkişafındakı mühüm
rolunu bir daha aydın görə bilərik.
Bakının
inkişafına dair Baş planın həyata keçirilməsinə
şəxsən nəzarət edən Heydər Əliyev
şəhərin bəzi yerlərində köhnə,
uçmaq təhlükəsiylə üzləşən,
sanitar-gigiyena tələblərinə cavab verməyən,
kommunal rahatlığı olmayan yaşayış
binalarının, hətta bütöv bir məhəllənin
uçurdulub yerində müasir binalar tikilməsi məsələsinə
də ciddi diqqət yetirirdi.
Qeyd edək ki, zaman Heydər
Əliyevin şəhərsalma ilə bağlı olan
müdrik və uzaqgörən siyasətininin düzgün
perpespektivli olduğunu bir daha sübut etmişdir. Hazırda
Bakının bir çox yerlərində müasir layihələr
əsasında tikilən çoxsaylı hündürmərtəbəli
yaşayış evlərinin və ictimai binaların şəhərimizə
yaraşıq verməsi, bütövlükdə şəhərdə
aparılan abadlıq işlərinin nəticələri dahi rəhbərin
həmin illərdə irəli sürdüyü təşəbüsslərin
uğurla həyata keçdiyini göstərən
faktlardır.
Məlumdur ki, şəhərsalma
məsələlərində arxitektorların rolu
böyükdür. Gözəl memarlıq işlərini
yüksək qiymətləndirən Heydər Əliyev memar və
arxitektorların əməyinə həmişə
qayğı ilə yanaşmış, mənzil tikintisi və
şəhərsalma məsələlərində onların fəaliyyətini
layiqincə qiymətləndirmişdir. Bu baxımdan 1979-cu il
dekabrın 7-də Azərbaycan Arxitektorlar
İttifaqının XII qurultayının nümayəndələrini
qəbul edən Heydər Əliyev cəmiyyət həyatında
arxitektorların rolundan bəhs edərək demişdir:
“Respublika iqtisadiyyatının dinamik inkişafı,
adamların rifahının durmadan yüksəlməsi istehsal
obyektlərinin, mədəniyyət, elm, təhsil müəssisələrinin,
yaşayış evlərinin yüksək sürətlə
tikilməsini, şəhərlərin, qəsəbələrin,
kəndlərin daha tez abadlaşdırılmasını tələb
edir. Bütün bu işlərdə arxitektorların rolu
böyükdür. Bu məsələləri kompleks həll
etmək zərurəti şəhərsalma sahəsində
işin gücləndirilməsini tələb edir... Biz nə
tikiriksə hamısı gözəl, orijinal olmalı,
adamların estetik tələblərinə cavab verməlidir”.
Görüşün
sonunda arxitektorlara öz işlərində uğurlar arzulayan
Heydər Əliyev yeni tikilən binalarda milli arxitektura
formalarına geniş yer verməyi, binaların interyer və
eksteryerlərində milli naxışlardan səmərəli
istifadə etməyi tövsiyyə etmişdir ki, bu da ulu
öndərin milli mədəniyyətimizə dərin məhəbbətini
göstərən amillərdəndir.
Bütün bu faktlardan
aydın olur ki, respublikamızın iri şəhərlərində
şəhərsalma işlərinin elmi əsaslarla və
uzaqgörənliklə planlaşdırılması,
urbanizasiyanın tələblərinə əməl edilməsi,
bacarıqlı və səriştəli rəhbər olan Heydər
Əliyevin təşkilatçılığı ilə əlaqədardır.
Bu baxımdan 30 il bundan əvvəlki uzaqgörənlik
içtimai həyatın başqa sahələrində
olduğu kimi şəhərsalma, urbanizasiya, məişət
mədəniyyəti və sosial-ekologiya sahəsində də
özünü göstərməkdədir.
Məişət mədəniyyətinin
inkişaf göstəricilərindən biri də şəhər,
kənd və qəsəbələrdə əhaliyə
göstərilən məişət xidmətinin səviyyəsindən
ibarətdir. Qeyd edək ki, əhaliyə məişət xidmətinin
yaxşılaşdırılması, yeni xidmət növlərinin
yaradılması və xidmət səviyyəsinin yüksəldilməsi
Heydər Əliyevin həmişə diqqət mərkəzində
olmuşdur.
Əhaliyə göstərilən
ticarət və məişət xidmətinin vəziyyəti
həmişə yüksək səviyyəli partiya və təsərrüfat
yığıncaqlarında müzakirə obyektinə
çevrilmişdir. Həmin yığıncaqlarda əhaliyə
göstərilən məişət xidmətlərinin vəziyyətinin
mütəmadi müzakirə olunmasına baxmayaraq bu məsələyə
ayrıca müşavirələr də həsr edilirdi. Belə
tədbirlərdən biri də Heydər Əliyevin təşəbbüsü
ilə 1979-cu ilin aprel ayında keçirilmişdir. Şəhər
əhalisinə göstərilən məişət xidmətinin
vəziyyəti və onun daha da
yaxşılaşdırılması problemlərini müzakirə
edən müşavirə iştirakçıları qeyd
etmişlər ki, hazırda (1979-cu il nəzərdə tutulur-
S.H.) Bakı şəhərinin əhalisinə 300 növdən
artıq məişət xidməti göstərilir.
Respublikanın o dövrdəki partiya və sovet rəhbərlərinin
iştirak etdiyi bu yığıncaqda göstərilmişdir
ki, son illərdə əhaliyə göstərilən məişət
xidmətinin həcmi xeyli artmış, məişət xidməti
şəbəkələri genişlənmiş, yeni xidmət
növləri həyata keçirilmiş, bəzi məişət
xidmətləri obyektlərində təzə texnoloji
avadanlıqlar qurulmuşdur. Şəhərin 160-dan çox
müəssisə və təşkilatında əhaliyə məişət
xidmətinin göstərilidiyi qeyd olunmuşdur. Bununla
yanaşı, yığıncaq iştirakçıları əhaliyə
göstərilən məişət xidməti sahəsində
hələ də nöqsanlar olduğunu qeyd etməklə bəzi
məişət xidməti təşkilatlarının əhaliyə
yüksək xidmət göstərə bilmədiklərini,
ayrı-ayrı müəssisələrdə bu işin tələbata
cavab vermədiyini də qeyd etmişlər. Sonra respublika
partiya rəhbərliyinin tapşırığı ilə
yığıncaq iştirakçıları müzakirə
olunan məsələ barəsində qətnamə qəbul
edərək məişət xidməti sahəsində
çalışanlara öz işlərində
dönüş yaratmağı və Bakı şəhərini
nümunəvi məişət mədəniyyəti şəhərinə
çevirməyi tövsiyə etmişlər.
Məlumdur ki, əhaliyə
göstərilən məişət xidməti işində
iaşə və ticarət təşkilatları da müəyyən
rol oynayır. İaşə və ticarət təşkilatları
əhaliyə göstərilən xidmət işində tələbata
cavab vermədiyinə görə ciddi tənqid olunmuşdur. Belə
ki, Heydər Əliyevin göstərişi ilə Azərbaycan
KP MK “Ticarəti və respublika əhalisinə xidməti
inkişaf etdirmək sahəsində” məsələ
müzakirə edərək Ticarət Nazirliyinin yarıtmaz
işi haqqında qərar qəbul etmişdir.
Əhaliyə göstərilən
ticarət və məişət xidmətinin yaxşı təşkil
olunmasına daim diqqət yetirilməsini tövsiyyə edən
ulu öndər xidmət mədəniyyətinin yüksəldilməsində
içtimaiyyətin qüvvəsindən istifadə edilməsini
irəli sürdü. Məhz Heydər Əliyevin göstərişi
ilə xidmət sahələrinə tez-tez içtimai
baxışlar keçirilir və bu baxışların nəticələri
respublikanın rəhbər orqanlarında müzakirə edilərək
müvafiq qərarlar qəbul olunurdu.
1969-1982-ci illərdə
Heydər Əliyevin səyi və rəhbərliyi nəticəsində
mənzil tikintisi və abadlıq işləri şəhərlərdə
oluduğu kimi, kəndlərdə də böyük vüsət
almışdı. Xüsusən, həmin illərdə kənd
əhalisinin maddi rifahı və pul gəlirləri artdıqca
kəndlərdə yeni müasir tələbata cavab verən mənzillərin
tikilməsi sürətlənməyə başladı,
onların məişət şəraiti
yaxşılaşdı, kəndlərin siması dəyişdi,
kəndlərdə abadlıq işləri genişləndi və
məişət mədəniyyəti inkişaf etdi.
Dahi rəhbər mənzil
tikintisində şərq üslübüna, milli mədəniyyətimizə
sadiq qalmağa üstünlük verir və bunu hamıya
xatırladırdı. 1981-ci ilin aprel ayında keçirilən
ümumrespublika iməciliyi zamanı Heydər Əliyev
Bakıda aparılan yaşıllaşdırma,
abadlaşdırma və şəhərsalma işləri ilə
tanış olmaq üçün şəhəri gəzərkən
demişdir: “Bakının siması keçmişin və
müasir şəhərsalma nailiyyətlərinin təkrarsız
vəhdəti ilə fərqlənməlidir. Arxitektorlar, layihəçilər
öz işlərində Azərbaycan
memarlığının binalara Şərq koloritı verən
ünsürlərdən geniş istifadə etməli,
unutmamalıdırlar ki, hazırda inşa edilən ansambllar və
tikililər Bakının sabahıdır və bunlar gələcək
nəsillərimizi də sevindirməlidir”.
Qeyd edək ki, Heydər
Əliyevin hələ o zaman böyük uzaqgörənliklə
dediyi sözlər sonralar əməli cəhətdən həyata
keçmişdir. Ulu öndərin səyi və şəxsi
fəaliyyəti ilə həmin illərdə şəhərsalma,
mənzil tikintisi və abadlaşdırma ilə bağlı həyata
keçirilən tədbirlərin nəticələri sonralar
xalqın məişət mədəniyyətinin yüksəlməsində
öz ifadəsini tapmışdır.
Heydər Əliyev
1982-ci ilin sonunda (03 noyabr 1982-ci il) Moskvaya yüksək dövlət
vəzifəsinə getməmişdən əvvəl Bakı
şəhərində abadlıq və şəhərsalma
işlərinə diqqət yetirməyi, əhalinin məişət
mədəniyyətinin yüksəlməsinə qayğı
göstərməyi tövsiyə etmiş və bunun
üçün uzunmüddətli kompleks proqram
hazırlamağı şəhər rəhbərliyinə
tapşırmışdır. Bütün bunlar Heydər Əliyevin
respublikamızda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə
respublika əhalisinin məişət mədəniyyətinin
yüksəldilməsinə göstərdiyi qayğı və
diqqətinin parlaq təzahürüdür.
Möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə
hazırda Bakı şəhərində aparılan
abadlıq-quruculuq işləri, müasir binaların tikilməsi,
şəhərimizin gözəlləşdirilməsi və məişət
mədəniyyətimizin yüksəldilməsi ümummilli
liderimiz Heydər Əliyevin 70-ci illərdə həyata
keçirdiyi tədbirlərin davamı kimi qiymətləndirilməlidir.
Sakit HÜSEYNOV,
AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun şöbə müdiri,
fəlsəfə elmləri doktoru
Xalq qəzeti.- 2009.- 9 may.- S. 11.