Heydər
Əliyev həyatının mənasını xalqına sədaqətlə
xidmətdə görürdü
İş adamı Məhəmməd
İsmayılovla bu dəfəki söhbətim dahi öndərimizin
doğum günü ərəfəsində olduğu
üçün ona ilk sualım belə oldu:
–– Ümummilli liderimiz
Heydər Əliyevin Moskvadan Naxçıvana gəldiyi vaxt siz
muxtar respublikada yaşayırdınız. O dövrü necə
xatırlayırsınız?
— Ulu öndərimiz
1987-ci ilin oktyabrında Sov.İKP Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən baş katib
M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq tutduğu vəzifədən — SSRİ Nazirlər Soveti sədrinin
Birinci müavinliyindən istefa verdi... 1990-cı ilin iyulunda Azərbaycana
qayıtmaq qərarına gəldi. Ancaq vəzifə hərisləri
dahi şəxsiyyətin tikib-qurduğu paytaxtda — Bakıda
yaşamasına imkan vermədilər, hər vasitə ilə
yolunu kəsməyə cəhd göstərdilər. Belədə isə
Naxçıvana pənah apardı. Həmin il xalqın təşəbbüsü
və dəstəyi ilə Azərbaycan Ali Sovetinə deputat
seçildi. 1991-1993-cü illərdə Naxçıvan MR Ali
Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini oldu. Heydər Əliyev 1992-ci ildə YAP-ın
Naxçıvan şəhərində keçirilmiş təsis
qurultayında partiyanın sədri seçildi. Bu, o vaxtlar idi
ki, Naxçıvan ən ağır, dəhşətli
günlərini yaşayırdı, blokada vəziyyətində
idi... Enerji yox idi, yanacaq çatışmazlığı
özünü göstərirdi. Ümummilli liderimiz belə
bir şəraitdə, soyuq otaqda şam işığında
işləyir, qərarlar qəbul edir, muxtar respublikanın
taleyini düşünür, Azərbaycanın gələcəyi
ilə bağlı narahatlıq hissi keçirirdi. Lakin bunu da
ona, necə deyərlər, çox görənlər
vardı. Bakıdan–paytaxtdan təzyiqlər göstərilirdi,
təqib edilirdi... Bütün maneələrə, çətinliklərə
baxmayaraq, ulu öndər Ali Məclisin sədri kimi çox
işlər gördü. Əvvəla, ulu öndərimiz
Naxçıvanda fəaliyyət göstərdiyi qısa zaman
kəsiyində Azərbaycanın imperiya
asılılığından tamamilə xilas olması,
müstəqil, demokratik və dünyəvi dövlət kimi
inkişaf etməsi üçün mühüm siyasi və
ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi.
Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin
bir sıra konseptual istiqamətləri məhz bu dövrdə
işlənib hazırlandı.
Naxçıvan Muxtar
Respublikasının adından “Sovet Sosialist” sözləri
çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli
bayrağı dövlət bayrağı kimi qəbul olundu. 20
Yanvar faciəsinə siyasi qiymət verildi. 31 Dekabrın
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan edilməsi, ilk demokratik islahatların
keçirilməsi, muxtar respublikanın sərhədləri
boyu atəşkəs rejiminin tətbiq olunması, dinclik, əmin-amanlıq
yaradılması, bütövlükdə, doğma Azərbaycanımız
üçün taleyüklü məsələlər idi.
— Naxçıvan,
naxçıvanlılar o vaxt tarixin ağır bir
sınağından ulu öndərin uzaqgörənliyi,
sabahı, gələcəyi aydın görə bilməsi ilə
üzüağ çıxdılar.
— Mən dəfələrlə
söhbətlərimdə, müsahibələrimdə
demişəm, indi də təkrar edirəm: Heydər Əliyev
ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən
baş çıxaran, ən çətin vəziyyətdə
də təmkinini itirməyən və dünyadakı
geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib
mənsub olduğu xalqın, ölkəsinin, necə deyərlər,
çıxarlarını praqmatik ağılla və dəqiq
hesablayan bir lider idi. Məhz
elə buna görə də ulu öndər 1990-cı ilin
iyulunda Moskvadan Azərbaycana qayıdanda, doğma
respublikasında, özü də canı, qanı ilə
inkişaf etdirdiyi bir respublikada qısqanclıqla
qarşılanmasaydı, layiq olduğu postu — dövlət rəhbəri
vəzifəsini tutsaydı, ermənilər bir qarış da
olsun belə, torpağımızı zəbt edə bilməyəcəkdilər.
Özbaşınalıq, xaos Azərbaycanda tüğyan etməyəcəkdi.
İqtisadiyyat dağılmayacaqdı. Amma əksinə oldu. Dəhşətə
bax ki, ulu öndərə tikib-qurduğu Bakıda
yaşamağa imkan vermədilər, məcburiyyət
üzündən Naxçıvana gəldi.
Naxçıvanlılar
ulu öndəri duz-çörəklə, hərarətlə
qarşıladılar... Xalq Heydər Əliyevin ətrafında sıx birləşdi.
Bu dahi şəxsiyyətin, uzaqgörən insanın hər məsləhəti,
hər tövsiyyəsi Naxçıvanın xilasında, bu
ulu yurdun erməni tapdağı altına keçməməsində
mühüm rol oynadı...
— İstərdik ki, bir məqama
də aydınlıq gətirəsiniz. Ulu öndərimizin muxtar
respublikanın Ali Məclisinə rəhbərlik etdiyi illərdə
siz doğma Naxçıvanın müdafiəsi, qorunması
üçün əlinizdən gələn köməyi əsirgəməmisiniz.
O ağır dövrdə Milli Ordunun inkişafında,
torpaqlarımız uğrunda gedən döyüşlərdə
canlarını qurban vermiş əsgərlərimizin xatirəsinin
əbədiləşdirilməsində, şəhid ailələrinə
maddi-yardım göstərilməsində yaxından
iştirak etmisiniz... Təbii ki, belə bir insanla Heydər Əliyev
maraqlanmamış olmazdı...
— Həmin vaxt, yəni
Heydər Əliyev Naxçıvanda fəaliyyətə
başladığı ilk dövrdə hamıya “bəy”
deyilirdi, hər kəsə “bəy” titulu ilə müraciət
edilirdi. Eyni zamanda “bəy”lərin əksəriyyəti
AXC-Musavat hakimiyyətinin təmsilçiləri idilər. İdarəetmə sahəsində
təcrübəsizlikləri, bacarıqsızlıqları ilə
seçilirdilər. Qeyri-təvazökarlıq kimi
çıxmasın, mən o zaman Naxçıvanın
yaşaması, varlığı üçün əlimdən
gələn səyi əsirgəmirdim, necə deyərlər,
bu yolda varımdan-dövlətimdən keçirdim. Əlbəttə,
mənə də “bəy” deyə müraciət edirdilər...
Bir dəfə Heydər Əliyev ətrafındakı şəxslərin
birindən soruşur ki, bu Məhəmməd bəy kimdir,
adı tez-tez çəkilir... Cavab verirlər ki, bu bəy o bəylərdən
deyil, Məhəmməd, “bəy” titulunu
işgüzarlığı, alicənablığı, saf əməlləri
ilə xalqdan alıb, bu adı ləyaqətlə, şərəflə
doğruldur...
...Sonralar Heydər Əliyevlə
bir neçə dəfə görüşüb söhbət
etmişəm, təyyarə ilə Bakıya gələrkən
yanaşı əyləşmişəm. Bütün bunlardan sonra o vaxt mənim
qəti qənaətim belə olub: Ulu öndərimizin
müdrikliyi, uzaqgörən siyasəti Azərbaycanı və
Azərbaycan xalqını sürətli inkişafa,
firavanlığa gətirib çıxaracaqdır... İllər
ötdü, zaman fikirlərimdə
yanılmadığımı göstərdi.
...Heydər Əliyev xalqa arxalanırdı, xalqla nəfəs
alırdı. Gördüyü saysız-hesabsız işləri
də xalqla bağlayırdı, onu heç vaxt fərdiləşdirmirdi,
öz adına çıxmırdı. Mən fikrimi əsaslandırmaq
üçün hamının bildiyi bir faktı xatırlatmaq
istərdim. Ulu öndərimiz Heydər Əliyev 1998-ci ildə
keçirilən prezident seçkiləri zamanı Mərkəzi
Seçki Komissiyasının ona vəkillərini təyin etmək
müraciətini bildirəndə dahi rəhbər belə
cavab vermişdi: “Mənim vəkilim — xalqımdır”. Bəli,
bu misal Heydər Əliyevin öz xalqına dərin sevgisini,
Azərbaycanına nə qədər ürəkdən
bağlı olduğunu, xalqının ona möhkəm tellərlə
bağlılığını göstərirdi. Bu sevgi, məhəbbət
bu gün də yaşayır, hələ neçə-neçə
illər bundan sonra da davam edəcəkdir. Belə ümumxalq məhəbbəti
təbiidir. Çünki bu fenomen şəxsiyyət, dahi
insan xalqımızın xoşbəxtliyi, onun dövlətçiliyinin
və müstəqilliyinin qorunub saxlanılması və
möhkəmləndirilməsi yolunda gecə-gündüz
çalışaraq, ömrünü şam kimi əritdi,
sözün əsl mnasında, özünü şəhid
etdi...
Yuxarıda göstərdim
ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə
sosial-iqtisadi həyatın bütün sahələrində
güclü potensialın yaradılmasına nail oldu və
bununla da respublikamızın müstəqil
yaşamasının təməli qoyuldu. Təkcə elə bu amilə görə
xalqımız ulu öndərimizə minnətdardır.
Öz xalqından heç bir təmənna ummayan bu
böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə
qayıdarkən tarixdə indiyədək dünyanın
heç bir ölkə başçısının cəsarət
edib dilinə gətirə bilmədiyi bu sözləri dedi: “Mənim
həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini
də xalq üçün əsirgəməyəcəyəm.
Həyatımın mənasını ancaq xalqa sədaqətlə
xidmət etməkdə görürəm. Mənim
üçün ən böyük mükafat bundan sonra da
xalqın etimadını doğrultmaqdan ibarətdir”.
Heydər Əliyev
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi vəzifəsinə seçildi. Bu da təsadüfi deyildi. Bu,
Kreml tərəfindən ulu öndərimizin liderlik keyfiyyətlərinin,
təşkilatçılıq bacarığının,
intellektual imkanlarının qiymətləndirilməsi idi.
Lakin onu da unutmayaq ki, Heydər Əliyev bu etimadın
müqabilində Moskvanın təlimat və göstərişlərini,
necə deyərlər, can-başla həyata keçirən,
icra edən adi partiya funksionerinə çevrilmədi. Mərkəzdən
verilən bütün qərarları Azərbaycanın,
xalqımızın mənafeyinə
uyğunlaşdırdı, respublikamızın
inkişafı, tərəqqisi naminə bütün potensial
imkanları hərəkətə gətirdi. Bununla əlaqədar
diqqəti iki fakta yönəltmək istərdim. Ötən əsrin
70-ci illərində keçmiş SSRİ rəhbərliyi
Zaporojye şəhərində kondisioner zavodunun inşası
ilə bağlı qərar qəbul etmişdi. Lakin Heydər Əliyev
şəxsi nüfuzu hesabına həmin müəssisənin
Bakıda tikilməsinə nail oldu. Yaxud, başqa bir misal. Ulu
öndərimiz uzaqgörənlik nümayiş etdirərək
şəxsi təşəbbüsü ilə keçmiş
ittifaq rəhbərliyinin müqavimətinə baxmayaraq,
SSRİ-də analoqu olmayan C.Naxçıvanski adına Hərbi
Liseyin yaradılmasını və orada azərbaycanlı
uşaqların təhsil almalarını gerçəkləşdirdi...
Belə misalların sayı çoxdur. Bunlar dahi Heydər Əliyevin
o vaxt totalitar sistemin məhdudiyyətlərinə, əngəllərinə
baxmayaraq, Azərbaycanın gələcəyinə, bu
gününə, inkişafına hesablanmış, uzaqgörənliklə
düşünülmüş qətiyyətli
addımları idi. Bəli, bu gün heç kim inkar edə
bilməz ki, Azərbaycanın zəngin iqtisali potensialı,
intellektual sərvəti üçün əsaslı baza məhz
o illərdə — Heydər Əliyevin Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi
dövrdə yaranmışdı.
Buradan belə bir nəticəyə
gəlmək olar: o vaxt, yəni ötən əsrin 70-ci illərində
Heydər Əliyev keçmiş SSRİ-nin
yaratdığı imkanları Azərbaycanın sənayesinin,
kənd təsərrüfatının, elm və təhsilinin
inkişafına yönəltməklə bu sahələrin tərəqqisi,
bütövlükdə isə respublikamızın ittifaq tərkibində
daha güclü, daha qüdrətli olması reallaşdı. Digər
tərəfdən, Heydər Əliyev elə böyük dahi
idi ki, o vaxt bu nəhəng işləri gerçəkləşdirməklə,
həyata keçirməklə SSRİ-nin nə vaxtsa
süquta uğrayacağını görməsinə qətiyyən
şübhə etmirəm.
Bunları deyirəm və
birdən-birə yadıma ulu öndərimiz Moskvada işlədiyi
dövrdə onu mühafizə edən SSRİ DTK-nın
generalı Vladimir Medvedyevin mətbuata verdiyi bir xatirəsi
düşür. Medvedyev yazır ki, Heydər Əliyev
SSRİ Nazirlər Sovetində təxirəsalınmaz məsələlər
üzrə komissiyaya başçılıq edərkən qaz
sənayesinin inkişafı, nəhəng qaz kəmərlərinin
tikintisi onun xüsusi nəzarətində idi. Bu işlərdə
böyük təcrübə əldə etmişdi. Sonralar həmin
təcrübə Heydər Əliyevin Azərbaycanda həyata
keçirməyə başladığı iri layihələrin
konsepsiyası üçün əsas oldu. Azərbaycan
üçün taleyüklü məsələ sayılan
Şimal-Cənub, Qərb-Şərq kimi yeni strateji nəqliyyat
dəhlizləri və Bakı-Tbilisi-Ceyhan neft kəməri,
ola bilsin, məhz onda düşünülmüşdü. Yeri
gəlmişkən, Xəzərin neft ehtiyatları vaxtilə
sovet mütəxəssisləri tərəfindən kəşf
edilmişdi, Heydər Əliyev onlara yaxşı bələd
idi.
...Hərdən mənə
elə gəlir ki, artıq onda o, özünün bəzi arzularında
Azərbaycanın müstəqil inkişafının
mümkünlüyünü nəinki istisna etmir, onu hətta
müəyyən şəkildə
planlaşdırırdı.
— Heydər Əliyev
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi,
Azərbaycanın haqq səsinin bütün dünyada
eşidilməsi naminə gecəli-gündüzlü səy
göstərirdi.
— Əvvəla onu deyim
ki, Dağlıq Qarabağ münaqişəsinin gerçək
mahiyyətini, beynəlxalq-siyasi özəlliklərini və nəhayət,
bu münaqişədə hansı güclərin üz-üzə
gəldiyini dərk edə bilən hər kəs
üçün onun ağırlığı bəllidir. Ulu
öndərimiz müdrikliklə, təmkinlə və hər
addımı ölçüb-biçməklə bu
müşkülün həllinə
çalışırdı. Bu siyasətin bu gün də
davam etdirildiyi və sonda Azərbaycan torpaqlarının
mütləq azad ediləcəyi bir kimsədə şübhə
doğurmasın.
...Ermənilər Azərbaycana
qarşı həmişə torpaq iddialarında olmuşlar. Zaman-zaman
ərazilərimizi işğal etmişlər. Təkcə
Heydər Əliyev müdrikliyindən çəkinmiş,
susmuş, gözləmə mövqeyi tutmuşlar. Lakin dahi
öndərimiz 1987-ci ilin oktyabrında Siyasi Bürodan
uzaqlaşdırılandan sonra xalqımıza qarşı
hazırlanmış “məkr mexanizmi” işə
düşdü. Mixail
Qorbaçovun iqtisadi məsələlər üzrə
müşaviri Aqanbekyan bir ay sonra – noyabrda Fransadakı erməni
icmasının yığıncağında bildirmişdi ki,
SSRİ rəhbərliyi Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsini məqbul hesab edir və bu fikirdədir
ki, həmin birləşmə regionun iqtisadi inkişafına təkan
verər. Bu xəbəri fransız kommunistlərinin orqanı
olan “Humanite” qəzeti yaydı. Məkrli planın
qarşısını ala biləcək bircə şəxs –
dahi şəxsiyyət Heydər Əliyev vardı ki, onun da
hadisələrə təsir etmək imkanlarını tam məhdudlaşdırmışdılar.
Onu da xatırladım ki, hələ neçə illər
qabaq Ermənistan KP MK-nın keçmiş birinci katibi
A.Koçinyan yazırdı: “Mənim rəhbərliyim
dövründə Qarabağ məsələsi neçə dəfə
qaldırılmış, lakin Heydər Əliyevin nüfuzu,
ötkəmliyi, mərkəzdə sözünün keçərliyi
bu məsələnin həllinə imkan verməmişdi”.
Mən bir daha
yuxarıda qeyd etdiyim fikrin üzərinə qayıtmaq istərdim.
Dahi öndərimizin müstəqilliyimizin ilk illərində
Azərbaycanda rəhbərliyinə şərait
yaradılsaydı, Bakıda yaşamağına imkan verilsəydi,
ermənilər bir qarış da olsun belə
torpağımızı zəbt edə bilməyəcəkdilər.
Ulubəy şirkətlər
qrupunun prezidenti Məhəmməd İsmayılova söhbətimizin
sonunda ulu öndərlə bağlı bir fikri də diqqəti
çəkdi: “...Heydər Əliyev yaşadığı
ömürdə çox zirvələr fəth edib. Amma onun fəth
etdiyi ən böyük zirvə xalqın qəlbindədir.
Ondan yüksək, uca zirvə yoxdur. Heydər Əliyevin fəaliyyətini,
etdiklərini anlayıb nəticə çıxarmaq
üçün öncə o zirvənin möhtəşəmliyini
dərk etmək gərəkdir...”.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 9 may.- S. 12.