Qələbədən
64 il sonra ... yeni qələbə həsrətində
Böyük Vətən
müharibəsinin veteranları... Onların sayı gündən-günə
azalır. Adları bu qəhrəmanlarla bir sırada çəkilən,
1941-1945-ci illərin müharibəsi zamanı arxa cəbhədə
fədakar əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərin də sıraları getdikcə
seyrəlir. Ən ülvi, ən böyük ehtirama və
hörmətə layiq bu fədakar insanlar artıq
ömürlərinin elə çağındadırlar ki, bizlərdən
umduqları ancaq diqqət və qayğıdır. Əlimizdən başqa nə gəlir
ki? ... Qələmə aldığımız bir yazı ilə
onlardan heç olmasa bir nəfərinin könlünü
sevindirə bilmək bizim üçün əsl səadətdir.
Müharibənin ilk
günündən başlayaraq neft Bakısı ön cəbhədən
geri qalmırdı. Çünki
döyüşən ordunun yanacaq-sürtkü
materiallarının 75 faizi Bakıdan gedirdi. Mədənlərlə
yanaşı fabrik və zavodlar, neft laboratoriyaları,
neft-kimya və neft emal edən sənaye müəssisələri
cəbhəyə işləyirdi, onların istehsal etdikləri
məhsullar tankların, təyyarələrin, avtomobil və
digər texnikanın işində həlledici rol
oynayırdı. Zavod və fabriklərdə
çalışan kişilər müharibəyə
yollandığından onları əmək cəbhəsində
yeni nəsil əvəz edirdi. Gənc oğlan və qızlar
vətənin ağır günündə özlərini əmək
meydanında— arxa cəbhədə sınadılar. Belə gənclərdən
biri də Sara Vəlixanova idi.
O, Sara Vəlixanova ki,
indiki gənclərə örnək, şərəfli bir həyat
və əmək yolu keçmişdir. Haqqında qələbə
günü münasibətilə bir yazı
hazırlayacağımı bildirdim.
Razılığını alıb ünvanını
soruşdum. “Özüm
gələcəyəm” — dedi və Sara xanımın
böyük şövq və şuxluqla redaksiyada etdiyi
söhbəti, haqqında məqalələr dərc
olunmuş qəzet nümunələrindəki yazıları
dinləyib oxuduqca Azərbaycan qadınının necə fədakar,
mərd, güclü və zəhmətkeş olduğuna bir
daha heyran qalmamaq olmur.
O,1924-cü ildə Azərbaycanın
“mirvarisi”, indi yağı tapdağı altında qalan
Şuşada dünyaya göz açıb. “Atam İbrahim Vəlixanov
görkəmli dövlət xadimi Hüsü Hacıyevin
xalası oğlu, anam Fizzə xanım isə Süleyman Sani
Axundovun bacısı qızı idi. Qardaşım Nadirlə
erkən uşaqlığım səfalı bulaqlar qoynunda
keçsə də, 10 yaşım olanda Bakıya
köçdük. Atam Hacı Zeynalabdin Tağıyevin dəniz
sahilindəki malikanəsində işə başladı. Mən
3 saylı məktəbdə təhsilimə davam etdim”.
Sara xanım orta məktəbi əla qiymətlərlə bitirdi və M.Əzizbəyov adına Sənaye İnstitutunun neftin işlənilməsi texnologiyası fakültəsinə daxil oldu. Böyük Vətən müharibəsinin sərt küləkləri onların ailəsinə də çatdı. Atası kəskin ürək çatışmazlığından dünyasını dəyişdi və ailənin yükü 1941-ci ildən Saranın üstünə düşdü. Bir müddət Ağdama qayıdıb güzəranlarını düzəltmək istədilər. Dayısı Vəli Axundovun tövsiyəsi ilə Sara yenidən Bakıya gəldi və təhsilinə davam etdi.
“Azərneftzavodlar”
idarəsinin rəisi Əliş Ləmbəranski həmin il məzunları
qəbul etdi və söhbətdən sonra Sara 229 saylı
gizli müəssisəyə göndərildi. “Mən sonradan
öyrəndim ki, bu zavod Vano Strua adına neftayırma
zavodudur. Könüllü olaraq isə qurğuda operator
köməkçiliyindən başladım. Qurğudakı
aparatlar böyük təzyiq və yüksək temperatur
altında işləyirdi. Üç illik müharibənin,
gecə növbəsinin əziyyəti insanların xarakterinə
təsir etməmişdi. Böyük həvəslə,
çox çətin şəraitdə işləyirdik.
Üç növbəli iş rejimində işləyən
hər bir işçi çalışırdı ki, daha
çox əmək sərf etsin. Çünki cəbhə
neft məhsulları gözləyirdi. Ordunun ağır
texnikası, raket qurğuları, hava donanması
Bakının neft məhsulları ilə işləyirdi. Yüksək
oktanlı benzin ancaq Azərbaycanın paytaxtında istehsal
olunurdu. Solyarka, kerosin, benzin, aviabensin istehsal prosesindən
birbaşa sisternlərə doldurulub cəbhəyə göndərilirdi.
6 aydan sonra məni operator keçirdilər. İşimin məsuliyyəti
birə beş artdı. Xatırlayıram ki, gecə növbəsində
heç vaxt bir dəqiqə belə gözümü
yummazdım, çünki böyük operator Serqey
Petroviç çox yaşlı idi və mən onun istirahət
etməsini daha vacib bildirdim”. Zavodun baş mühəndisi Vahab
Əliyev səhər yoxlamalarından birində Saranın
qurğusundakı göstəriciləri görüb,
“baxın, Vəlixanovanın rejimi necə dəqiq işləyir”
demiş və onun şəklinin “Şərəf lövhəsi”nə
vurulmasını tapşırmışdı. O gündən
Sara xanımın şəkli “Şərəf lövhəsi”ndən
düşmədi.
“Bilirsiniz, necə
ağır şəraitdə işləyirdik. Avtomat sistem yox idi. Belə bir
zavodda, yüksək temperatur və təzyiq altında ani bir səhvin
güclü partlayış, yanğın və qəza ilə
nəticələnəciyini düşünərək, gərgin
vəziyyətdə, yüksək məsuliyyətlə
işləmək, aparatlarda rejimi düzgün saxlamaq
üçün, eyni zamanda on düyməli kranı ani
müddətdə açıb – bağlamaq heç də
asan deyildi. Amma gənc idim, işimə can
yandırırdım, yüksək məsuliyyətlə çalışırdım.
Hər gün haqqımda yeni-yeni təriflərin rəhbərliyə
deyildiyini eşidirdim.
Zavodda müharibədən
ardıcıl olaraq isti xəbərlər eşidirdik.
Ümidimiz qələbəyə köklənmişdi və
bu düyünün tezliklə açılacağına əmin
idik".
1945-ci ilin 9
mayındakı cahanşümul qələbə xəbəri
radioda Levitanın təkrarolunmaz səsi ilə SSRİ-nin hər
nöqtəsinə yayılanda Sara Vəlixanova zavodda növbədə
idi. Gözləri
yaşarmış halda “ura” deyənlərə
qoşulmuşdu. Sevincdən bir-birini qucaqlayıb
bağrına basan kim, öpüşən kim,
qışqıran kim, ... Aləm bir-birinə
qarışmışdı. Onun bu illərdə çəkdiyi
əziyyət hədər getmədi. Sara Vəlixanovanı
arxa cəbhədə göstərdiyi fədakar əməyə
görə qiymətləndirdilər. “Şərəfli əməyə
görə” medalı ilə təltif etdilər.
1946-cı ildə
artıq Sara xanım qurğu rəisi idi. Qəzetlər onun
haqqında yazır, radioya çıxış etməyə
dəvət edirdilər, onu neft sənayesi işçiləri
çox yaxşı tanıyırdı.
1947-ci ildə ilk dəfə
olaraq onu Moskvaya SSRİ Neft sənayesi Nazirliyinin nəzdindəki
6 aylıq təkmilləşdirmə kursuna göndərdilər.
O, 1950-ci ildə SSRİ Ali Sovetinə
deputat seçilir. Sara xanım Neft sənayesi sahəsindən
o vaxtın ən ali orqanına nümayəndə seçilən
ilk qadın idi. “Zavodda böyük və zəngin həyat məktəbi
keçmişdim. Orta məktəbdə və institutda bir yerdə
oxuduğum rəfiqəm Yaqut Bağırzadə ilə həm
də qonşu qurğuları paylaşırdıq. Hər
ikimiz qurğu rəisi idik və haqqımızda ”İki rəfiqənin
yarışı" sənədli filmi çəkildi. Daha
sonra “Sovet Azərbaycanı” filmində mənim haqqımda
süjet verildi. 1952-ci ildə tanınmış tarixçi
arxeoloq, sonralar AMEA-nın müxbir üzvü İdeal Nərimanovla
ailə qurdum və əsl xoşbəxtlik
yaşadım..."
1953-cü ildə Əliş
Ləmbəranski L.Şmidt (indiki R.Behbudov) küçəsində
neftçilər üçün tikilən binadan
üçotaqlı mənzilin orderini ona hədiyyə edir. Tezliklə Nazirlər Sovetində
neft, neft emalı, neft kimyası və kimya sənayesi
şöbəsinə əvvəl məsləhətçi,
sonra referent təyin edilir. S.Vəlixanova düz 33 il neft
emalı müəssisələrinin və neft məhsullarının
təyinatı üzrə paylanması məsələlərinin
kuratoru olur.
“Əməyimin hər
zaman dövlət tərəfindən qiymətləndirilməsi
məni sevindirib. Zəhmətimin
bəhrəsini görmüşəm. Bu günlərə
şükür etmək və onun hər anının qədrini
bilmək lazımdır. O vaxt mənim evim köhnə Sovet məhəllələrinin
birində, A.Şaiq küçəsində idi. İşlədiyim
zavod isə Qara şəhərdə idi. Saat 8-də işdə
olmaq üçün o başdan saat 6-da evdən tramvayla
Bakı Sovetinə gəlir, oradan 2-ci tramvayla dəmiryolu
vağzalına, 3-cü marşrutla isə işə gedirdim.
Avtomatlaşmanın olmadığı bir şəraitdə
üçnövbəli iş rejimində mənim
gücümə, qüvvəmə və işə olan
sönməz həvəsimə hamı həsəd
aparırdı”.
SSRİ Ali Sovetinin
sessiyasında iştirak etmək üçün Moskvaya
getdiyi günü xatırlayır. Xalq şairi Səməd Vurğunla yol
yoldaşlığını, söhbətlərini
danışır. Stalinin təşəbbüsü ilə
M.C.Bağırovun təşkil etdiyi Azərbaycan fəallarından
ibarət qrupun tərkibində Bolqarıstanda iki ay qalaraq Sovet
dövlətinin xeyrinə təbliğat apardığı
günləri göz önünə gətirir. O vaxtın
Sosialist Əməyi qəhrəmanları, dövlət xadimləri
ilə birlikdə təntənəli, möhtəşəm tədbirlərdə
çəkdirdiyi şəkilləri həyatının ən
əziz yadigarı kimi qoruyub saxlayır. 85 yaşlı Sara
xanım bu gün də şuxdur, təravətlidir və ən
başlıcası həyatı, insanları,
yaşamağı sevir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin veteranlara daimi göstərdiyi mənəvi
və maddi dəstəyindən söz açır, “Azərneftyağ”
neft emalı zavodunun rəhbərliyindən razılıq edir.
“Uzun illərdir ki, qələbə günündə məni
zavoda dəvət edir, müharibə veteranları ilə bir
yerdə məni də təbrik edir, hədiyyələr verirlər.
Nazirlər Kabineti də məni unutmur 80 illiyimdə
şöbə müdirləri evimə gəlib ad
günümü təbrik etdilər. Məni yaşadan da bu
diqqət və qayğıdır”.
Sara xanımın bir qızı,
2 nəvəsi var. Özünü xoşbəxt hesab edir. Ən
böyük arzusu doğma Şuşanı azad görməkdir,
onun Cıdır düzündə gəzmək, Xarı
bülbüldən dəstə bağlayıb, İsa bulağından
su içməkdir. Alman faşizmi üzərindəki qələbə
sevincini doya-doya yaşayan Sara Vəlixanova erməni
faşizminin süqutunu, bədnam
işğalçıların geri çəkiləcəyi
günü səbirsizliklə gözləyir.
— Qadir Allah sizin bu arzunuzu
tezliklə yerinə yetirsin, Sara xanım! O gün uzaqda deyil!
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 9 may.- S. 12.