Azərbaycandünyam mənimÜmumbakı müsabiqəsi böyük uğurla başa çatdı

 

“Təhsil millətin gələcəyidir” — deyən sosial həyatın bu mühüm sahəsinə daim böyük önəm verən ulu öndər Heydər Əliyev milli təhsilimizin inkişaf etdirilməsi üçün möhtəşəm tarixi layihələr reallışdırmışdır. Onun həm 1969- 82-ci illərdəki, həm də 1993-2003-cü illərdəki gündəlik iş qrafikinə nəzər salan tədqiqatçılar çox qətiyyətli bir ifadə işlədirlər: “Heydər Əliyev Azərbaycan xalqının və dövlətimizin dünəninin dəqiq öyrənilməsi, bu gününün müasir inkişaf prinsipləri üzərində qurulması, sabahı üçün isə böyük zəmin yaradılması məqsədiylə daim milli təhsilin sürətli inkişafına çalışıbdır”. Hətta, bəzi tarixçilər açıq şəkildə etiraf edirlər ki, zamanın müəyyən dönəmlərində öz elmi və təhsili ilə Azərbaycan xalqını üstələməyə çalışan bəzi qonşular Heydər Əliyevin təhsil siyasətinin nəticələrini ölçüyəgəlməz bir qısqanclıqla qarşılayırdılar. Bunun əsas səbəbi o idi ki, Heydər Əliyev Azərbaycan təhsil sisteminin region ölkələrinin təhsil sistemləri arasında ən yüksək səviyyəyə qaldırılmasına nail olmuşdur.
Bu fikirlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə təşkil etdiyi “Azərbaycan-dünyam mənim” yaradıcılıq müsabiqəsinin yekun tədbirində səsləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş müsabiqənin mayın 7-də keçirilmiş yekun konfransı bir daha sübut etdi ki, ölkə gəncliyi böyük tarixi şəxsiyyət, ölməz lider və uzaqgörən dövlət xadimi olan ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsinə böyük maraq, vətəndaş təəssübkeşliyi nümayiş etdirir.

Konfransdan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, respublikanın Əməkdar müəllimi Nailə xanım Rzaquliyevaya müraciət edərək bu tarixi hadisəyə həsr edilmiş müsabiqənin keçirilməsi və nəticələri barədə fikirlərini öyrəndik.

— Nailə xanım, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı gündən bəri uğurları çox olub. Rəhbərlik etdiyiniz qurum paytaxt təhsil sistemində məhz bu şəkildə struktur islahatı aparılmasının nə qədər məqsədəuyğun addım olduğunu dönə-dönə sübut edib. Ancaq bizim fikrimizcə, ulu öndərin anadan olmasının növbəti ildönümü münasibəti ilə təşkil etdiyiniz paytaxt miqyaslı bu müsabiqə və yekun konfransı daha möhtəşəm bir tədbir oldu.

— Biz bu müsabiqəyə başlayanda cəmi iki məqsədimiz var idi: Birinci: orta məktəb şagirdlərinin Heydər Əliyev siyasi irsinin öyrənilməsinə göstərdiyi marağı stimullaşdırmaq. İkinci: istedadlı uşaqların araşdırılıb üzə çıxarılması. Birinci məsələni hər bir azərbaycanlının vəzifə borcu kimi qəbul edirik. Hamımız xalqımıza nicat, dövlətimizə qurtuluş gətirmiş böyük liderin siyasi irsinin məhz gənclər tərəfindən öyrənilməsinə yardımçı olmalıyıq. İkinci məsələni — istedadlı uşaqların üzə çıxarılması, onların inkişafının dəstəklənməsi isə ulu öndərin bizim üzərimizə qoyduğu ən mühüm vəzifələrdən biridir. Yəni bu müsabiqənin təməlində böyük dövlət xadiminin siyasi irsinə ehtiram və onun göstərdiyi yola sədaqət hissləri dururdu.

Müsabiqənin hazırlanması, təşkili və bugünkü konfrans prosesində isə məlum oldu ki, biz öncədən qarşımıza qoyduğumuz həmin iki vəzifə ilə yanaşı daha bir neçə mühüm vəzifəni də yerinə yetirmişik. Əvvəla, paytaxtdakı bütün rayonların rəhbərləri, icra hakimiyyəti aparatları və digər müvafiq qurumlar bu mühüm tədbirin keçirilməsində bizə yaxından kömək etdilər. Hətta Səbail Rayon İcra Hakimiyətinin başçısı Sahib Ələkbərov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev müsabiqənin yekun konfransında iştirak etməklə bizə böyük dəstək verdilər. Məlum həqiqətdir ki, bir neçə qurumun birlikdə reallaşdırdığı tədbir, layihə və ya proqram daha böyük nəticələr verir. İkinci, biz müsabiqəyə start verəndə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə başlamışdıq. Ancaq gördüyünüz kimi yekun konfransında Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili hörmətli Səttar Mehbalıyev də iştirak edirdi. Bu isə o deməkdir ki, gündən-günə inkişaf edən Azərbaycanda istənilən uğurlu addım ən yüksək səviyyələrdə dəstəklənir və təqdir edilir. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının bu mühüm layihədə bizi yüksək səviyyədə dəstəkləməsi şagirdlərimizin və müəllimlərimizin yadından heç zaman çıxmayacaqdır.

Üçüncü, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yarandığı gündən bu qurumun fəaiyyətinə daim yardımçı olan Təhsil Nazirliyi, xüsusən, inkişafa, tərəqqiyə xidmət edən istənilən təklifə dəstək verən cənab nazir Misir Mərdanov bu müsabiqənin təşkilində və konfransın keçirilməsində yenə də bizim ən böyük dayağımız kimi çıxış etdi. Konfransı öz nitqi ilə yekunlaşdıran cənab nazir Heydər Əliyev siyasi irsinin daha dərindən öyrənilməsinin zərurətini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğuladı və qalibləri şəxsən təbrik edərək şagirdlərimizin sabahkı fəaliyyətinə böyük stimul verdi. Elə hörmətli nazirimiz də bizim həm şəhər rayonlarının rəhbərlikləri ilə, həm də sahə həmkarlar təşkilatı ilə birgə fəaliyyətimizin nəticələrini təqdir etdi. Yəni, yuxarıda qeyd etdiyim kimi müsabiqəyə başlayanda ikicə məqsədimiz var idi. Sonda isə məlum oldu ki, daha bir neçə mühüm məqsədə nail olmuşuq.

— Bəs müsabiqənin təşkili və bugünkü konfransa hazırlıq prosesi necə keçdi?

— Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim istedadlı uşaqlara qayğı ilə yanaşmağı, onların gələcək inkişafına diqqət yetirməyi tələb edərdi. Hələ Azərbaycana birinci rəhbərliyi dövründə ulu öndər istedadlı gənclərin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına nail olmaqla bugünkü kadrların yetişməsində əvəzsiz xidmət göstərmişdir. İkinci dəfə hakimiyyətə gəldikdən sonra da ağır iqtisadi, gərgin siyasi vəziyyətə baxmayaraq ilk növbədə istedadların qayğısına qalan, onların yaxşı təhsil alması üçün maddi və mənəvi dəstəyini əsirgəməyən böyük şəxsiyyət bizlərə zəngin bir irs qoymuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı ildə imzaladığı “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” həmin siyasətin davamı kimi böyük əhəmiyyətə malikdir. Bu mühüm sənədin qəbulundan sonra istedadlara qayğı və diqqət daha da artmış, onların gələcək inkişafı üçün tədbirlərin həyata keçirilməsində əsaslı dönüş yaranmışdır. İstedadlar ilk növbədə əlverişli təhsil mühitində yetişir. Dövlətimizin təhsil siyasətinin əsasını da bu mühitin yaradılması təşkil edir.

Artıq ənənə halını almış birgə tədbirlərimiz nəticə etibarilə gənclərimizin istedadını üzə çıxarmaqla yanaşı, həm də onlarda milli vətənpərvərlik hisslərinin, azərbaycançılıq ideyalarının inkişafına imkan yaradır. Bu tədbirlər gənclərimizin Azərbaycan tarixi, musiqisi və ədəbiyyatı, yeni texnologiyaları mənimsəyib tətbiq etmək sahəsində qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyır.

İlk dəfə ulu öndərin 85 illik yubileyinə həsr edilmiş “Biz Heydər Əliyev irsini öyrənirik” müsabiqəsində 60 min müəllim, tərbiyəçi və şagirdin iştirak etməsi, çox yüksək nəticələrin qazanılması bizi sevindirməklə yanaşı, belə tədbirlərin daha geniş formatda təşkilinə inam yaratdı. “Azərbaycan – dünyam mənim” yaradıcılıq müsabiqəsinin keçirilməsi də bu inamın təsdiqi olmaqla bərabər, qazandığımız təcrübənin davam və inkişaf etdirilməsi oldu.

Rayon turunun yekununda müxtəlif tədbirlər keçirildi. Bu tədbirlərdə hər bir rayonun rəhbərliyinin fəal iştirakı, müsabiqənin keçirilməsinə hər cür dəstəyi təqdirəlayiq haldır.

Nəhayət, ən yaxşı işlər şəhər mərhələsinə təqdim edildi. Tərkibində respublikanın tanınmış mütəxəssisləri və görkəmli sənətkarlarımız olan münsiflər heyəti təqdim edilən 594 işi qiymətləndirdi. 7 nominasiya üzrə 74 ən yaxşı iş mükafata təqdim edildi. Bu gün qaliblər elan edildi, mükafatlar təqdim olundu.

Mən bir daha qeyd edirəm ki, gənclərimizdə yaradıcılıq qabiliyyətini inkişaf etdirən, onlarda özlərinə, öz istedadlarına inam hissi aşılayan bu tədbir də tək bizim – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işi olmadı. Sevindirici haldır ki, bizim bu təşəbbüsümüz rayon icra hakimiyyəti başçıları, Həmkarlar İttifaqının rayon komitələri səviyyəsində dəstəkləndi. Bir daha aydın oldu ki, bizim gənclərimiz Vətənə və milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüyürlər. İstər qalib yerlər tutan, istərsə də tutmayan hər bir gəncimizin vətənpərvər ruhda böyüməsi bizi sevindirir. Əlbəttə ki, musiqinin və poeziyanın dili ilə bu hissləri tərənnüm etmək bir qədər asandır. Lakin kimya, kompyuter, coğrafiya, fizika və astronomiya fənləri üzrə elmi-tədqiqat layihələri hazırlamış gənclərimiz öz yaradıcılıq məhsulunu Azərbaycan dövlətinə, onun qurucusu olan böyük tarixi şəxsiyyətə həsr etməklə, gələcəkdə daha böyük tədqiqatlar aparmaq imkanlarını göstərdilər.

Dörd aydan artıq davam edən müsabiqəyə artıq yekun vuruldu. Bu müddətdə həm müsabiqənin təşkilat komitəsinin üzvləri, həm də münsiflər heyətində fəaliyyət göstərən müəllimlər, respublikamızın görkəmli sənətkarları çox böyük bir işin öhdəsindən uğurla gələ bildilər. Yeri gəlmişkən, təşkilat komitəsinin və münsiflər heyətinin bütün üzvlərnə təşəkkür edirəm.

Ən istedadlı, ən qabiliyyətli gənclərimizin əl işləri, kompyuter layihələri, elmi-tədqiqat layihələri, gözəl inşa yazıları, şeirləri və rəsm əsərləri hər birimizin qəlbini fərəhlə doldurur. Biz də bu istedadların həqiqi qiymətini verməli, onların istedadının inkişafı qayğısına qalmalıyıq. İlk dəfə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təsis etdiyi təqaüd bu müsabiqədə birinci yeri tutan uşaqlara verildi. İnanıram ki, öz istedadı ilə seçilən bu gənclər gələcəkdə də bizim fəxrimiz olacaqlar. Ulu öndərimizin arzu etdiyi möhtəşəm və sarsılmaz Azərbaycanın qurulmasında öz səylərini əsirgəməyəcəklər! Əsası ümummilli liderimiz tərəfindən qoyulan, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq ideyasının, dövlətçiliyimizin inkişafına öz töhfələrini verəcəklər!

— Nailə xanım, müsabiqənin əhatə etdiyi konkret sahələri qeyd etmək olarmı?

— Heydər Əliyev siyasi irsindəki bütün sahələr bizim müsabiqənin predmeti idi. Diqqət yetirin, həm ulu öndər özü, həm də cənab Prezident İlham Əliyev Azərabycan elminin inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarının daha geniş öyrənilməsini və əhatəli şəkildə tətbiqini bir vəzifə kimi qarşıya qoyublar. Bizim müsabiqənin əsas istiqamətlərindən biri belə idi: “Kompyuter layihələri üzrə”. Bakı məktəblilərindən iki nəfəri bu layihə üzrə birinci yeri tutmuşdur. Təqdim edilən çoxsaylı işlərdən hər biri ayrı-ayrılıqda yüksək qiymətləndirilirdi. Ancaq mütəxəssislər yaxşıların ən yaxşısını seçməyə nail oldular.

Yaxud, ulu öndər Heydər Əliyev dönə-dönə vurğulayırdı ki, gənclər bütün digər sahələrdən fərqli olaraq elmi-tədqiqat işlərinə daha erkən yaşlarından cəlb edilməlidirlər. Çünki elmi tədqiqat işi fərdi yaradıcılığın çox ciddi bir sahəsidir. Ona görə də biz müsabiqəni təşkil edəndə “Elmi-tədqiqat layihələri üzrə” adlı ayrıca bir bölmə yaratdıq. Həmin bölmənin tərkibinə isə “Fizika və astronomiya üzrə”, “Coğrafiya və iqtisadiyyat üzrə”, “Kimya üzrə”, “Tarix üzrə”, “Biologiya və ekologiya üzrə”, “Ədəbiyyat üzrə” və nəhayət “Azərbaycan dili üzrə” adlı yeddi yarımbölmə müəyyənləşdirdik. Nəticələri nəzərdən keçirəndə yarımbölmələr üzrə qaliblər müəyyən edilsə də, şagirdlərin hansı sahə üzrə elmi tədqiqata daha çox meyl etdiyini müəyyən etmək o qədər də asan olmadı. Fikrimizcə, bu, çox müsbət haldır. Yəni o deməkdir ki, paytaxt şagirdləri arasında bütün elm sahələrinə böyük maraq göstərilir.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimizin, xüsusən, muğamlarımızın daha geniş şəkildə qorunması istiqamətində həyata keçirilən tədbirlər şagirdlərimiz tərəfindən də yüksək qiymətləndirilir. Ona görə də biz müsabiqəyə “Ədəbi-bədii layihələr” adlı bölmə daxil etmişdik. Orada muğam və vokal, musiqi (çalğı alətləri), bədii qiraət və müəlif şeiri, rəsm və nəhayət, inşa yazı üzrə beş yarımbölmə var idi. Bu layihələr bizim şagirdlərimizin nə qədər istedadlı olduğunu, ədəbi-bədii yaradıcılığa necə böyük həvəslə və məsuliyyətlə yanaşdıqlarını sübut etdi. Təbii ki, bütün bunlar uşaqların istedadını üzə çıxartdı. Amma unutmayaq ki, bu istedadların inkişaf etdirilərək üzə çıxarılması üçün aylarla, illərlə çalışmış müəllimlərimiz də var. Biz istənilən uğurlarımıza görə müəllimlərimizə minnətdar olmalıyıq.

— İcazənizlə bir az qeyri-ənənəvi sual verim. “Kompyuter layihələri”ndən və ya uşaqların elmi-tədqiqat işlərindən olmasa da ədəbi-bədii layihələrdən hansısa sizin yadınızda qalıbmı?

— Nə üçün qeyri-ənənəvi olur? Mən elə bu sualı gözləyirdim. “Bədii qiraət və müəllif şeiri” üzrə nominasiyanın qalibi, 276 saylı məktəbin X sinif şagirdi Məhəmməd İsmayılzadənin “Azərbaycan” şeirinin sonuncu misrası çox təsirli idi:

 

“Ey doğma Vətənim, nə qədər sağam,

Mən sənin uğrunda vuruşacağam!”

 

Bu fikiri 17 yaşlı bir yeniyetmə söyləyir.

Yaxud rəsm üzrə nominasiyada yüksək yerlərdən birini tutmuş Rəfiqə Quliyevanın (5 saylı məktəb, IX sinif) çəkdiyi şəkildə milli ornamentimiz olan buta, Qız qalası, neft buruqları, çağlayan dəniz, aydın səma və onların önündə ulu öndərimizin abidəsi təsvir edilir. Ən maraqlısı isə odur ki, bütün bu elementləri üç rəngli Azərbaycan bayrağı bir-birinə qovuşdurur. Uğurlu iş idi.

— Nəhayət, sonuncu sual. Bu qəbildən olan müsabiqələr ənənəvi xarakter alacaqmı?

— Əlbəttə, bu ənənə davam etdiriləcəkdir. Bunu həm də zaman tələb edəcəkdir. Çünki bizi qabaqda müstəqil Azərbaycanın daha böyük sosial-iqtisadi uğurları və Heydər Əliyev siyasi irsinin qat-qat geniş miqyaslı təntənələri gözləyir. Odur ki, daha əhatəli və daha möhtəşəm müsabiqələr təşkil edəcəyik. Elə uğurlarımız da getdikcə daha böyük olacaqdır.

— Maraqlı müsahibəyə görə təşəkkür edirik!

    Sağ olun.

 

 

İttifaq MİRZƏBƏYLİ,

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 13.