Metro
tikintisi ilə bağlı proqram uğurla həyata
keçirilir
Səbuhi Tağıyev
ilk əmək fəaliyyətinə 1976-cı ildə “Azərtunelmetrotikinti”
Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat müəssisəsində
yanacaq və sürtkü materialları üzrə mühəndis
kimi başlamışdır. Sonrakı illərdə həmin idarədə müxtəlif
vəzifələrdə çalışmışdır.
Artıq 17 ildir ki, Avtonəqliyyat müəssisəsinə rəhbərlik
edir.
Xatırladaq ki, adı
çəkilən müəssisənin əsas fəaliyyəti
yeni tikilməkdə olan metro tunellərinin inşası, yenidən
qurulması, bərpası və tunellərdə təmir
işlərinin aparılması zamanı nəqliyyat xidməti
göstərilməsi ilə bağlıdır.
Səbuhi müəllim
bu müəssisədə çalışdığı illərdə
Bakı Metropoliteninin “İnşaatçılar”, “Elmlər
Akademiyası”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Həzi
Aslanov”, “Nəsimi” stansiyalarının tikintisində
yaxından iştirak etmişdir.
Müsahibim söhbət
zamanı qeyd etdi ki, digər inşaat işlərindən fərqli
olaraq metro tikintisinin özünəməxsus çətinlikləri,
incəlikləri var. Konkret bizim sahəyə gəldikdə,
bildirim ki, sürücülərimiz tikilən metro obyektlərinin
şaxtalarından çıxarılan torpaq və torpaq
süxurlarının daşınması, habelə
şaxtalara tubiq həlqələrini, hazır beton və beton
məmulatlarını, avadanlıqları, qurğuları, digər
inşaat materiallarını daşımaqla məşğuldurlar.
S.Tağıyev daha sonra
əlavə etdi: — Paytaxtımızın genişləndirilməsində,
əhalinin nəqliyyat xidmətinə olan tələbatının
tam ödənilməsində metronun fəaliyyəti əvəzsizdir.
Bu sahənin inkişafı ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Metropolitenə və metro
işçilərinə, metro tikintisini həyata keçirən
inşaatçılara qayğı və diqqət bu gün də
cənab İlham Əliyevin timsalında davam edir. Fikrimi əsaslandırmaq
üçün mən metropoliten tarixinin bəzi məqamlarına
diqqət yetirmək istərdim.
Bakı Metropoliteninin istismar tarixi 1967-ci il noyabr ayının 6-dan başlanır. Həmin vaxtda paytaxtımızda metropolitenin Bakı Soveti (indiki İçərişəhər) — Nərimanov sahəsində 5 stansiyalıq 1-ci növbəsi istismara verildi. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi. 1969-cu ildə ulu öndərimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. Metro tikintisinə dahi öndərimiz daim diqqət və qayğı göstərdi. Onun respublikamıza birinci rəhbərliyi dövründə neçə-neçə metro stansiyası tikilib istismara verildi. Lakin ümummilli liderimiz Heydər Əliyev M.Qorbaçovun qısqanclığı üzündən Siyasi Bürodan və tutduğu vəzifədən uzaqlaşdırılandan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, metro tikintisində də bir durğunluq yarandı. Ümummilli liderimizin hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə metropolitenin həyatında növbəti mərhələ — inkişaf, tərəqqi dövrü başlandı.
Bu yerdə bir faktı xatırlatmaq istərdim. Bakı Metropolitenində beş stansiya istisna olmaqla, qalan stansiyaların tikintisi, istismara verilməsi məhz ulu öndərin adı, təşəbbüsü ilə bağlıdır. Təkrar edirəm, ümummilli liderimiz metro stansiyalarının sayının artırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi, tikinti prosesində qarşıya çıxan çətinliklərin operativ şəkildə aradan qaldırılması üçün daim tövsiyyə və tapşırıqlarını verir, sahənin işçilərinin rifah halının yaxşılaşmasına qayğı ilə yanaşırdı.
Səbuhi müəllim söhbət zamanı metro tikintisinin bugünkü vəziyyətinə də toxundu: — Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahəyə diqqəti nəticəsində burada işlər sürətlə gedir. Yeni stansiyaların inşasında cədvələ tam əməl olunur... Ötən ilin oktyabr ayının 9-da hörmətli dövlət başçımız metronun “Nəsimi” stansiyasının açılış mərasimində iştirak etdi, metro inşaatçıları ilə görüşüb onların işləri, qayğıları ilə maraqlandı. Möhtərəm Prezidentimiz dedi ki, metro tikintisi ilə bağlı çox böyük bir proqram icra olunur. Mən hesab edirəm ki, bir neçə il ərzində Bakının nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün bir neçə yeni stansiya tikiləcəkdir. Bu proqram var, maliyyə vəsaiti də ayrılacaq və əminəm ki, siz gələcəkdə yeni stansiyaların tikintisində fəal iştirak edəcəksiniz.
Həmin görüşdə dövlət başçımız metro tikintisinin Azərbaycanda bundan sonra da uzun illər aparılacağına əminliyini bildirdi: — Biz elə etməliyik ki, bütün şəhərimizi metro ilə əhatə edək. Çünki metro həm ucuz, həm də ən rahat nəqliyyat vasitəsidir. İndi hamı bilir ki, metro tarifləri dəyişməz olaraq qalır. Yəqin ki, dünyanın ən ucuz tarifləri Azərbaycandadır. Mən onu da demək istəyirəm ki, dəfələrlə müraciətlər olunmuşdu ki, biz tarifləri qaldıraq, bu, rentabelli deyil, yəni metro zərərlə işləyir. Mən demişəm ki, eybi yoxdur, qoy Azərbaycan dövləti metropolitenə dotasiya ayırsın. Amma biz qiymətə baxmayacağıq və nə qədər mümkündür, bu qiymətlər dəyişməyəcəkdir. Çünki bir daha demək istəyirəm ki, bu, ən kütləvi nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin infrastrukturunu müasirləşdirəcəyik və insanların rahatlığı üçün çox mühüm işlər görüləcəkdir.
Səbuhi müəllimin dediklərindən onu da öyrəndik ki, hazırda metronun üçüncü növbəsinin “Şimal” sahəsində “Azadlıq prospekti” stansiyasının inşası davam edir. “28 May” stansiyasının ikinci çıxışının tikintisi də başa çatır. Bundan başqa, yeni avtovağzalın ərazisində metro stansiyasının tikintisi də məqsədəuyğun hesab olunmuşdur. Gələcəkdə Sumqayıt şəhərinə də metro xəttinin çəkilməsi planlaşdırılır. Ümumiyyətlə, 2025-ci ilə qədər metro stansiyalarının sayını 62-yə çatdırmaq nəzərdə tutulur.
S.Tağıyev söhbətimizin sonunda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini də bildirdi: — Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu tərəqqi və inkişaf yolu dahi öndərin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Öz fəaliyyətində ulu öndərin siyasi kursuna daim sadiq qalacağını bəyan edən dövlət başçımız bu siyasətin alternativi olmadığını qətiyyətlə demiş, dövlətimizin yalnız bu siyasət əsasında inkişaf etmiş ən qüdrətli ölkələr sırasına qoşulacağını əminliklə vurğulamışdır.
Azərbaycanın son illərdəki sürətli inkişafı, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşması, əmək haqlarının, sosial müavinətlərin, təqaüdlərin artırılması cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin prioritetini təşkil etmişdir. Son beş ildə 670 min iş yerinin yaradılması, beynəlxalq standartlara uyğun istehsal müəssisələrinin təşkili yoxsulluğun səviyyəsini azaltmış, ölkəmizin iqtisadi qüdrətini artırmışdır. Təkcə bir faktı diqqətə çatdırmaq istərdim. 2003-cü illə müqayisədə dövlət büdcəmiz 10 dəfə artmışdır.
Bu ilin dövlət büdcəsi formalaşdırılarkən artıq dünyada iqtisadi böhran yaranmışdı. Lakin buna baxmayaraq, dünyanı cənginə alan maiyyə çətinliyi bizi qorxutmur. Bu, təsadüfi deyil. Çünki ölkəmizdə sosial-iqtisadi sahələr konkret proqramlar üzrə inkişaf etdirilir. Ümumi daxili məhsul istehsalı ilbəil artır. Dövlət başçımızın düzgün daxili və xarici siyasəti nəticəsində iqtisadi sahədə uğurlarımızın sayı artır, ölkəyə kapital axını güclənir.
Yeri gəlmişkən, mən bir mühüm məqamı da deməyi zəruri bilirəm. Dövlət başçımızın imzaladığı mühüm sənədlərin icrasını bilavasitə daim nəzarətində saxlaması, ortaya çıxan bütün çətinliklərin vaxtında və yerindəcə aradan qaldırılmasını qarşıya əsas vəzifə kimi qoyması iqtisadi inkişafımızın əsas stimullarındandır. Ölkədə davamlı ictimai-siyasi sabitliyin yaradılması insanların gələcəyə olan inamını daha da artırmış, həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Cənab İlham Əliyev bu məsələ ilə bağlı demişdir: “Cəmiyyətə sabitlik lazımdır. İnsanlar iş, yaxşı maaş, uşaqlarını təhlükəsiz böyütmək istəyirlər və bizim vəzifəmiz onlara bu şəraiti təmin etməkdir”.
Səbuhi müəllim söhbətinin sonunda dedi: — Xalqımız fəxr edir, qürur hissi keçirir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət bu gün intellektual səviyyəli, praqmatik düşüncəli, uzaqgörən siyasətçi və ən başlıcası artıq bütün dünyada böyük nüfuz sahibinə çevrilən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz sabaha ümidlə, inamla baxırıq. Çünki xalqımızı öz arxasınca apara biləcək belə bir lideri var. Bu lider Azərbaycanın bütün sahələr üzrə inkişafının əsas qarantı, təminatçısıdır.
V.ƏHMƏDZADƏ
Xalq qəzeti.- 2009.- 9 may.- S. 14.