Müharibə
veteranları dövlət qayğısından məmnundurlar
Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev
hər il olduğu kimi, bu il də 9 May — Qələbə
günü ərəfəsində 1941-1945-ci illərdə
faşizmə qarşı müharibənin sağ
qalmış iştirakçılarına, cəbhədə
həlak olmuş, yaxud sonradan vəfat etmiş
döyüşçülərin ailə üzvlərinə,
habelə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif olunmuş şəxslərə
birdəfəlik maddi yardım göstərilməsi barədə
sərəncam verməklə bu qəbildən olan xeyli insana
sevinc bəxş etmişdir.
Məlum olduğu kimi,
dövlət başçısının 27 aprel 2009-cu il
tarixli sərəncamı ilə 1941-1945-ci illər müharibəsində
qələbənin 64-cü ildönümü ilə əlaqədar
BVM iştirakçılarına 150 manat, Böyük Vətən
müharibəsində həlak olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin dul arvadlarına,
1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə,
İkinci Dünya müharibəsi dövründə
döyüşən cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
Leninqrad şəhərinin müdafiəsinə görə
müvafiq medal və döş nişanı ilə təltif
edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin
iştirakçılarına 100 manat məbləğində
birdəfəlik yardım edilmişdir. Bu məqsəd
üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait
ayrılmışdır. Bütün müharibə
veteranları və onların ailə üzvləri bu diqqətə
və qayğıya görə sevimli Prezidentimizə dərin
minnətdarlıqlarını bildirirlər.
1941-1945-ci illərin Böyük Vətən müharibəsində
dünyaya ağalıq etmək iddiasında olan Hitlerin
faşist ordusu üzərində cahanşumul qələbədən
keçən 64 il ərzində çox ciddi tarixi hadisələr
olmuşdur. Həmin tarixi gün uzaqlaşdıqca biz
müharibə veteranlarının sıraları da bir o qədər
seyrəlir, cəbhə yoldaşlarımızın
böyük əksəriyyəti artıq xatirələrimizdə
yaşayır.
Şanlı 416-cı Azərbaycan
atıcı diviziyasının tərkibində 12 min nəfər
döyüşmüşdü. Bu gün onların sağ
qalanlarının sayı 100 nəfərdən artıq deyil.
Bakı şəhəri üzrə cəmi 7 nəfər
qalmışıq. Onların ən cavanının
yaşı 83-dür. Qanlı müharibənin od-alovundan
çıxmış bu insanların, demək olar ki,
hamısı xəstədir. Dövlətimiz bizim
üçün nə qədər imtiyazlar yaratsa da, cəbhə
həyatının məşəqqətləri öz təsirini
göstərir.
Qələbə
günü ərəfəsində mən Böyük Vətən
müharibəsində Mozdokdan Berlinə qədər
şanlı döyüş yolu keçən, Azərbaycan
xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə
düşən 416-cı atıcı diviziyasının
Veteranlar Şurasının sədri kimi o qanlı-qadalı
illəri göz önünə gətirib qısa da olsa
oxucularımıza çatdırmaq istəyirəm.
1942-ci ilin fevral
ayında SSRİ Silahlı Qüvvələrinin Ali Baş
Komandanı İ.V.Stalinin əmri ilə təşkil olunan bu
diviziyanın tərkibində 12 mindən çox Azərbaycan
vətəndaşı alman-faşist ordusuna qarşı qəhrəmancasına
döyüşüb. Diviziya 1942-1945-ci illərdə
Şimali Qafqazın, Rostov vilayətinin və Taqanroq şəhərinin
faşist işğalçılarından azad edilməsində
iştirak edib. 416-cı diviziya düşmənə
ağır zərbələr endirərək 1945-ci il aprelin
27-də Berlinə daxil oldu. Mayın 2-də general H.Heybətovun
başçılıq etdiyi 1373-cü alayın
döyüşçüləri Brandenburq darvazası üzərinə
diviziyanın qələbə bayrağını sancdı.
Həmin gün darvazanın yanında mitinq oldu. Mitinqdə alman şairi R.Rexerin “Kim
oldu xalqının xilaskarı” və Səməd Vurğunun
“Azərbaycan” şeirindən parçalar oxundu. Beləliklə, Qafqaz dağlarının ətəklərindən
Berlinədək döyüş yolu keçən
Qırmızı Bayraqlı, 2-ci dərəcəli Suvorov
ordenli 416-cı Azərbaycan atıcı diviziyasının 27
ay fasiləsiz davam edən şərəfli döyüş
yolu başa çatdı. Böyük Vətən
müharibəsində öz qanı və canı bahasına
xalqın şərəfini yüksəldən
döyüşçülərimizin xatirəsini əbədiləşdirmək
üçün dünya şöhrətli ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
416-cı diviziyanın tərkibində döyüşlərdə
həlak olmuş zabit və əsgərlərimizin və
sağ qalanların xatirəsini əbədiləşdirmək
məqsədi ilə 1980-ci ildə Taqanroq şəhərinin
kənarında, Sambeq yüksəkliyində 416-cı və
130-cu diviziyaların şərəfinə abidə kompleksi
ucaldırılmışdır.
Şübhəsiz ki, bu
kompleks yüz illər bundan sonra da Azərbaycan xalqının
oğul və qızlarının qəhrəmanlıqlarından
xəbər verəcəkdir.
416-cı diviziyanın
veteranları kimi, bizim nə qədər ki,
ayağımız yol tuturdu, sağlamlığımız
imkan verirdi, Taqanroq şəhərinin azad edilməsi
uğrunda keçirilən döyüşlərin yubiley tədbirlərinə
qatılır, gedib həmin abidə qarşısında
müharibə xatirələrimizi yada salırdıq. İndi
biz yaşlı nəsillər o imkanlara malik
olmadığımız üçün, arzu edərdik ki, həmin
abidə kompleksinin layihəsi əsasında Bakı şəhərinin
münasib yerində yenisi ucaldılsın.
Biz veteranlar bunu həm də
ona görə istərdik ki, həmin abidə gənclərimizin
hərbi-vətənpərvərlik sahəsində tərbiyə
olunmasında müsbət rol oynaya bilər. Güman edirik ki,
unudulmaz ümummilli liderimiz Heydər Əliyev siyasətini
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev
bu təşəbbüsə müsbət münasibət
göstərər. Böyük Vətən müharibəsində
Berlinin mərkəzinə Qələbə
bayrağını sancan bir xalqın indiki nəsilləri
bundan özləri üçün nəticə
çıxararlar. Bizdən bütün parametrlər üzrə
qat-qat aşağı olan nankor erməni xalqı tərəfindən
torpaqlarımızın 20 faizinin işğal altında
qalması bugünkü gəncliyimizin milli qüruruna
sığmamalıdır. Biz müharibə veteranları Vətənimizin
ərazi bütövlüyü uğrunda şərəfli
müçadiləyə gənclərimizi hər an hazır
olmağa dəvət edirik.
Əmiralı ƏMİRƏLİYEV,
416-cı Azərbaycan atıcı
diviziyasının Veteranlar
Şurasının sədri
Xalq qəzeti.- 2009.- 9 may.- S. 15.