Şuşanın işğalından 17 il keçir

 

Ermənistanın işğalçılıq siyasətinin nəticələri

 

XX əsrin 80-ci illərinin ikinci yarısında Sovetlər İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.

Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılırdı. Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə deyil, Yerevanda, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı.

Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.

1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndində və Yerevanda davamlı tətillər keçirilərək, müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.

Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarını pərdələyərək, münaqişənin əsas səbəbinin guya DQMV-nin sosial-iqtisadi problemlərinin olması barədə erməni siyasətçiləri və onların arxasında dayananların bu tezisin əsassızlığını akademik Z.Səmədzadə konkret faktlara və rəqəmlərə istinadən ifşa etmişdir. Azərbaycan SSR Dövlət Statistika İdarəsinin 1988-ci ilin əvvəllərinədək olan vəziyyəti əks etdirən rəqəmlərə nəzər saldıqda, doğrudan da, sosial-iqtisadi inkişafın bir sıra sahələrində DQMV nəinki Azərbaycanı, hətta Ermənistanı da qabaqlayırdı. Eyni zamanda, SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə Bürosunun sədrinin birinci müavini V.P.Laxtin “İzvestiya” qəzetinin 25 mart 1988-ci il tarixli nömrəsində bildirmişdi ki, “Dağlıq Qarabağ Vilayəti mənzillə təminat sahəsində Azərbaycanın digər bölgələrini orta hesabla 1,4 dəfə geridə qoyur. Bir sıra başqa göstəricilər üzrə də vilayətdəki vəziyyət hər iki müttəfiq respublikadakından yaxşıdır”.

Buna baxmayaraq, 1988-ci il martın 24-də “Dağlıq Qarabağ problemi”ni həll etmək üçün Sov. İKP MK və SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.

Münaqişənin başlanğıcında Azərbaycan ümid edirdi ki, məsələ mərkəzi hakimiyyət orqanları tərəfindən ədalətlə həll olunacaq. Lakin təcavüzkarla təcavüzə məruz qalanın eyni tutulması nəticəsində bu günədək həllini tapmayan münaqişənin əsası qoyuldu. Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın ərazi iddialarının əsassız olmasının göstərilməməsi əvvəl Əsgəranda, sonra isə ermənilər tərəfindən xüsusi plan əsasında hazırlanmış Sumqayıtda baş verən faciəli hadisələrə gətirib çıxartdı.

Artıq ilin ikinci yarısında vəziyyət o qədər mürəkkəbləşdi ki, DQMV-nin azərbaycanlı əhalisinə qarşı silahlı təcavüz oldu. Belə ki, avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin kütləvi hücumu baş verdi. Sentyabrın 18-də ermənilər Xankəndində yaşayan 15 minə qədər azərbaycanlını şəhərdən zorakılıqla çıxardılar, onların evləri yandırıldı, özlərini isə Şuşa və ətraf rayonlara köçməyə məcbur etdilər.

1988-ci il sentyabrın 21-də DQMV-də xüsusi vəziyyət elan edildi və qadağan saatı qoyuldu. Lakin xüsusi vəziyyətin tətbiq olunması da DQMV-də və Ermənistanda zorakılığın qarşısını ala bilmədi. Mərkəzi ittifaq orqanlarının hadisələrə birtərəfli yanaşması nəticəsində Dağlıq Qarabağ və Ermənistanda yaşayan azərbaycanlılar hərbi təcavüzə məruz qalmaqla yanaşı, kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldılar.

1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar olaraq və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində Muxtar Vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı.

Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə, gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri” nəticəsində az müddət ərzində vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. Belə ki, o dövrdə SSRİ Plan Komitəsinin hesabat sənədlərində Dağlıq Qarabağ əslində onaltıncı müttəfiq respublika kimi, əlahiddə göstərilirdi. Vilayət İcraiyyə Komitəsinin binasının üzərində dalğalanan Azərbaycan bayrağı çıxarılıb Ermənistanın bayrağı sancılmışdı. Hər gün Xankəndi -Yerevan marşrutu üzrə təyyarələr 22 dəfə reysə çıxırdı.

Bu dövrdə Xankəndindən qovulmuş azərbaycanlıların öz doğma ev-eşiklərinə qayıtmasına nəinki təminat yaradılmadı, əksinə, vilayətin azərbaycanlılar yaşayan kəndləri Xüsusi İdarə Komitəsinin “köməkliyi” ilə məqsədəuyğun şəkildə boşaldıldı. Ümumiyyətlə, A.İ.Volskinin “ciddi qayğısı” sayəsində vilayət demək olar ki, Azərbaycan hökumətinin nəzarətindən çıxmışdı.

1989-cu ilin axırlarında Qarabağda vəziyyət olduqca acınacaqlı idi. Xüsusi İdarə Komitəsi A.Volski başda olmaqla Moskvanın göstərişi əsasında, Ermənistanın iradəsi ilə antiazərbaycan fəaliyyətini davam etdirirdi. Azərbaycanlıların ermənilər tərəfindən vilayətdən çıxarılması və təcavüzə məruz qalması respublikada Xüsusi İdarə Komitəsinin fəaliyyətinə qarşı böyük narazılıq yaratmışdı. Sovet rəhbərliyinin baş verən hadisələrə laqeyd münasibəti, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbinin vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi yaranmış vəziyyəti daha da ağırlaşdırdı.

Dağlıq Qarabağda vəziyyətin belə bir gərgin anında Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa Sovet rəhbərliyinin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılması və Ermənistana birləşdirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistan KP-nın tərkibinə daxil oldu. Azərbaycanın bütün dövlət atributları (bayrağı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistanın bayrağı və gerbi qaldırıldı. Ermənistan rəhbərliyi və erməni separatçıları mərkəzin bəzi dairələrinin köməkliyi ilə vilayətdə əsl mənada Dağlıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar.

1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəbər verirdi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.

Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdı. Dekabrın 2-nə keçən gecə əsasən rus hərbçilərinin idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək, oranı işğal etdi. Şuşadan isə əlavə kömək göndərmək qeyri-mümkün idi. Çünki rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda, Şuşa şəhərinin özü də hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu.

Ümumiyyətlə, 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınmışdır ki, bunların da nəticəsində 514 nəfər həlak olmuş, 1318 nəfər yaralanmışdır.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Hücum zamanı 100-dən çox azərbaycanlı öldürülmüş, 140-dan çoxu yaralanmış və əsir götürülmüşdür. Bu qanlı hadisələr Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmişdir. Fevralın 13-dən 17-dək isə ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumu nəticəsində 92 nəfər öldürülərək silos quyusuna atılmış, 117 nəfər kənd əhalisi girov götürülmüş və sonradan onların 77 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının 180 nəfər hərbi mütəxəssisi və ağır texnikanın iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Bu soyqırım nəticəsində 613 nəfər öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürüldü və 150 nəfər itkin düşdü.

Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda 50-dən çox erməni zabiti və giziri iştirak etmişdir. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də ruslara məxsus olan 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürüldü, martın 10-da isə marşal Şapoşnikovun əmri ilə həmin alay ləğv edilərək tərkibi başqa alaylara paylandı. Xocalı erməni-rus birləşmiş qüvvələri tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq. Ermənilər bunu gizlətmir, şəhərin hücumla alınmasına və dəhliz açmaq üçün Laçının tutulmasına açıq-aşkar hazırlıq görürdülər. Şuşanın strateji mövqeyi Azərbaycanın bu qədim şəhərinin qısa müddətdə asanlıqla ələ keçirilməsi ehtimalını heçə endirirdi. Lakin Şuşanı ələ keçirmək üçün ermənilər ən qatı cinayətlərə əl ataraq torpaqlarımızı kənd-kənd işğal edir, Şuşaya doğru irəliləyirdilər. Şuşanın itirilməsi Azərbaycan üçün nə demək idi? Tarixə nəzər salsaq, Şuşanın nə qədər siyasi və hərbi-strateji əhəmiyyətə malik olmasının bir daha şahidi oluruq.

Mart ayı da Şuşa ətrafında gedən ağır döyüşlərlə müşahidə olundu. Aprelin ortalarından başlayaraq, Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 24-də ermənilərin Şuşaya hücumu gözlənilirdi. Belə ki, ermənilər aprelin 29-da Şuşa ətrafında Hacı talası və Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. Bütün bu hücumlar ermənilərin artıq mühasirə vəziyyətində olan Şuşaya doğru irəliləməsindən xəbər verirdi. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutuldu. Atəş səhərə qədər davam etdi. Səhər tezdən ermənilər Xankəndi, Şuşikənd və Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək, yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Vaxtilə 33 gün mühasirədə qalan, lakin təslim olmayan Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiə qabiliyyətinin zəif olması idi. Şuşadakı mövcud qüvvələr və onların hərbi hazırlığı ermənilərlə müqayisədə çox zəif idi. Doğrudur, Şuşada müəyyən qədər hərbi texnika və canlı qüvvə var idi. Şuşaya hücum ərəfəsində şəhərdə 2 ədəd tank, 3 ədəd PDM, 4 ədəd ZDM, 1 ədəd qrad raket qurğusu, 3 tabor və 700 döyüşçü olsa da, onlardan 400 nəfəri ezamiyyətə buraxılmışdı. Ermənilərin öz məlumatlarına görə isə Şuşaya hücumda 100-ə qədər zirehli maşın və tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 000 nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər isə yaralandı. Ermənilər tərəfindən əsir götürülmüş və Şuşa türməsində saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

1992-ci il mayın 8-də İranın təşəbbüsü ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirildi. Sonralar aydın oldu ki, görüş zamanı Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılmasından erməni tərəfi əslində başqa məqsəd güdürmüş. Məhz bu görüş Ermənistana beynəlxalq ictimaiyyətdən öz niyyətlərini gizlətmək üçün lazım idi. Heç şübhəsiz ki, Ermənistan rəhbərliyi hazırlanmış hücum əməliyyatından əvvəlcədən xəbərdar olmuşdur. Çünki Şuşanın işğalı Ermənistan rəhbərliyinin Tehranda danışıqlar apardığı, atəşi dayandırmağı tələb etdiyi vaxtla üst-üstə düşür və bağlanan sülh müqaviləsi mürəkkəbin quruduğu ana qədər qüvvədə qalmışdır. Bununla yanaşı, ermənilər həmişə olduğu kimi, hücum ərəfəsində bütün dünyaya Şuşadan Xankəndinə güclü hücumlar edilməsi barədə dezinformasiya yaymışdılar.

Bu hadisə BMT Nizamnaməsini və ATƏT-in prinsiplərini mütəmadi şəkildə kobud şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla Ermənistana ilhaq etməyə çalışan Ermənistan hökumətinin beynəlxalq hüquq normaları ilə bir araya sığmayan və təcavüzkar siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Şuşanı ələ keçirməklə Ermənistan bu problemi yalnız hərbi-taktiki baxımdan həll etmiş oldu. Problemin siyasi həlli isə getdikcə dərinləşərək çətin məcraya salındı. Məhz Şuşanın işğalı sonralar digər Azərbaycan ərazilərinin itirilməsində əsas rol oynadı.

Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərinin işğalından sonra erməni hərbi qüvvələri Şuşa-Laçın yolunu bağlayaraq birbaşa Ermənistan Respublikası ərazisindən Laçın şəhərini güclü top atəşinə tutdular. Erməni hərbi qüvvələrinin məqsədi işğal etdikləri Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan Respublikasına birləşdirmək üçün onların arasında dəhliz açmaq idi. Bu yolda iki respublikanın arasında yerləşən Azərbaycan şəhəri – Laçın əsas maneə idi. Şuşa işğal edildikdən az sonra, ermənilər qısa müddət ərzində, yəni mayın 18-də Laçın şəhərini də zəbt etdilər. Nəticədə 1385 kvadratkilometr ərazisi, 71 000 nəfər əhalisi və 120 kəndi olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Beləliklə, “öz müqəddəratını təyin etmək” ideyasını reallaşdırmaq adı altında Azərbaycanın Dağlıq Qarabağ bölgəsıni Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ hüdudlarından çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin “humanitar dəhliz” adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətırildi.

Nəticədə 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min kvadratkilometr) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan sılahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycanın işğal olunmuş ərazılərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşdü, 900-ə yaxın yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min kvadratkilometr) hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olmuş, 100 000 nəfərdən çoxu yaralanmış, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Münaqişə dövründə 4853 nəfər itkin düşmüş, onlardan 1357 nəfəri əsirlikdən azad edilmiş, 783 nəfəri isə hələ də Ermənistanda əsirlikdədir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə 439 nəfər əsirlikdə ölmüşdür.

Torpaqlarına təcavüz olduqdan sonra da, Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirdi. 1992-ci il mayın 31-də Romada ATƏT-in Minsk qrupunun danışıqları seriyasından ilkin mərhələ başlandı. Romada 11 ölkənin – ABŞ, Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveç, Çexiya, Slovakiya, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilən görüş bir növ Dağlıq Qarabağa dair Minsk konfransına hazırlıq məqsədi daşıyırdı. Lakin Ermənistan ordusunun Şuşa və Laçını işğal etməsi sülh missiyasını öz üzərinə götürmüş Minsk konfransının keçirilməsi yolunda maneəyə çevrildi.

Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Lakin münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan öz qeyri-konstruktiv mövqeyindən geri çəkilmir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək 2003-cü ildə Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda, hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Eyni zamanda, dövlət başçısı cənab İlham Əliyev münaqişənin yalnız beynəlxalq hüquq normaları əsasında respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərtilə dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirməklə yanaşı, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyası

Beynəlxalq münasibətlər və xarici siyasət

kafedrasının dosenti, siyasi elmlər namizədi

 

Xalq qəzeti.- 2009.- 9 may.- S. 15