Milli iqtisadi inkişaf modelinin banisi
Ümummilli lider Heydər
Əliyevin elmi təməl üzərində müəyyənləşdirdiyi
iqtisadi strategiya respublikamızın davamlı və tarazlı
inkişafına ən etibarlı təminatdır
Dərin zəka sahibi
olan ümummilli lider Heydər Əliyevin bacarıqlı
dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan
dövlətçiliyinin möhkəm təməlini yaradan və
onu möhkəmləndirən, davamlı inkişaf yoluna
çıxaran qüdrətli şəxsiyyət kimi həyat
və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini
təşkil edir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik
ənənələrini, milli dəyərləri, nailiyyətləri,
ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
dayanıqlı müstəqil dövlətini qurmuş, millət
kimi mövcudluğunu, özünü idarə etmək
bacarığını yüksək səviyyədə
nümayiş etdirmişdir. Böyük öndər ictimai
fikri hər zaman dövrün keyfiyyətcə yeni və
pozitiv dəyişikliklərinə hazırlamaq,
yaranmış tarixi şəraitə uyğun strateji qərarlar
qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış inkişaf
strategiyası həyata keçirmişdir. Heydər Əliyev
böyük strateq kimi bir-birilə ziddiyət təşkil edən
iki müxtəlif ictimai-iqtisadi sistemdə ölkəyə
inamla rəhbərlik etmiş, hər iki mərhələdə
Azərbaycan dövlətinin möhkəmlənməsinə,
tərəqqisinə çalışmış, xalqın mənafeyini
hər zaman üstün tutmuşdur.
1969-cu ilin 14 iyulunda Azərbaycanda
siyasi rəhbərliyə irəli çəkilən Heydər
Əliyev keçmiş İttifaqın iqtisadiyyatı
üçün əlverişli xammal bazasına
çevrilmiş Azərbaycanın yeni inkişaf
strategiyasını işləyib həyata keçirmişdir.
Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər
üzrə geridə qalmış Azərbaycan qısa müddətdə
inkişafının yeni mərhələsinə qədəm
qoyaraq tez bir zamanda keçmiş İttifaqın qabaqcıl
respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsinin
əhəmiyyətli dərəcədə artıra
bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin
iqtisadi- siyasi əsaslarının, milli kadr potensialının
formalaşması, respublikamızda strateji əhəmiyyətli
sənaye və istehsal müəssisələrinin
açılması da məhz ötən əsrin 70-80-cı
illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin
qətiyyəti, iradəsi və təşəbbüskarlığı
ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli
müəssisələri məhz Azərbaycanda inşa
olunmuş, bununla da respublikamızın gələcək
müstəqilliyinin iqtisadi əsası
formalaşdırılmışdır. Böyük strateqin təkidi
ilə keçmiş İttifaq rəhbərliyi
respublikamızda bir sıra iri müasir maşınqayırma,
kimya, neft- kimyası elektron sənayesi, əlvan və qara
metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin
tikintisinə razılıq vermiş, paralel olaraq energetika və
nəqliyyat kompleksi inkişaf etmişdir. Həmin illərdə
Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə
inşa olunan iri müəssisələr bugünün
özündə də iqtisadiyyatın güclü sənaye
kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.
Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider
Heydər Əliyev o dövrün ən ağır şərtləri,
məhdudiyyətləri çərçivəsində
xalqının gələcək rifahı üçün əlindən
gələni əsirgəməmiş, bəzən
mümkün görünməyəni belə reallığa
çevirmişdir.
Ümummilli lider Heydər
Əliyev həm də müstəqil Azərbaycanın milli
sosial-iqtisadi inkişaf modelinin banisi kimi ehtiramla
xatırlanır. Heydər Əliyev 1993-cü ilin iyununda -respublikamızda
dərin iqtisadi-siyasi və mənəvi böhranın
hökm sürdüyü bir dövrdə xalqın istəyi
ilə ölkə rəhbərliyinə qayıtmış,
qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin
etməklə, ölkə iqtisadiyyatındakı tənəzzül
prosesinin qarşısının alınmasına xidmət edən
bir sıra zəruri tədbirlər həyata
keçirmişdir. Həmin dövrdə bir ictimai-iqtisadi
formasiyadan digərinə keçid dövrünü
yaşayan Azərbaycanın hansı iqtisadi modelə
üstünlük verəcəyi ilə bağlı
çoxlu fikirlər, təkliflər irəli sürülsə
də, böyük strateq Heydər Əliyev hansısa dövlətin
təcrübəsinin olduğu kimi milli iqtisadiyyata
köçürülməsini düzgün
saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin
diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə
sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi
inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır.
Bu zaman böyük öndər respublikanın özünəməxsus
cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii
ehtiyatlarını, intellektual və insan resurslarını
ciddiliklə nəzərə almış, ictimai şüur səviyyəsində
bazar iqtisadiyyatının bütün tələblərini hələlik
tam qəbul olunmadığı faktını diqqətdən
qaçırmamışdır. Böyük strateq Azərbaycanda
bazar iqtisadiyyatı pirinsiplərinin geniş tətbiq
olunması ilə yanaşı, cəmiyyətin aztəminatlı
təbəqəsi üçün sosial yardım sisteminin
formalaşdırılmasına, sosial ədalət prinsipinin
bütün səviyyələrdə bərqərar
olunmasına çalışmışdır.
Ulu öndər Heydər
Əliyevin davamlı inkişafa əsaslanan milli inkişaf
modelinin prioritet istiqamətləri sırasında: 1) sərbəst
bazar münasibətlərinə əsaslanan və
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü bütöv iqtisadi sistemin— müstəqil
milli iqtisadiyyatın formalaşdırılıması; 2)
ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və
elmi-texniki potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması; 3) milli
iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyanın təmini mühüm yer
tutmuşdur.
Azərbaycanın o
zamankı məhdud imkanlarını nəzərə alan Heydər
Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel
inkişafının qeyri-mümkünlüyünü önə
çəkmiş, bu sahədə ciddi dönüşə
nail olmaq üçün respublikanın malik olduğu zəngin
karbohidrogen ehtiyatlarından səmərəli istifadəni
vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin
cəlb edilməsi istiqamətində ciddi addımların
atılmasını təmin etmiş, 1994-cü ilin 20
sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail
olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın
əsasını qoymuş bu müqavilənin imzalanması ilə
respublikamızın gələcək inkişafının
fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin
imzalanması ilə Qərb şirkətlərinin Xəzər
hövzəsində külli miqdarda investisiya yatırması
Azərbaycana ən müasir innovasiya və informasiya
texnologiyalarını gətirməklə yanaşı,
demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə,
vətəndaş cəmiyyətinin formalaşmasına, habelə
Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə
əməkdaşlıq xəttinin güclənməsinə
ciddi təkan vermişdir.
Ümummilli lider Heydər Əliyevin bu mərhələdən etibarən böyük müdrikliklə müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-ci ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. 1996-ci ildə ümumi daxili məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi xırda çatışmazlıqlarına rəğmən uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışlar.
Özəlləşdirmə prosesi ilə paralel respublikamızda həyata keçirilən struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin surətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997- 2002 - ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış , fəaliyyətin bu növü ilə məşğul olanların hərəkətləri stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşkili üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəaliyyəti gücləndirmək üçün kompleks tədbirlər həyata keçirmişdir.
Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, “holland sindromu”na imkan verməməkdən ibarət olmuşdur. “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur” – deyən dahi öndər iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyni daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrmışdır. Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli -fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. 1995-1996-cı illərdə “Aqrar islahatlarının əsasları”, “Sovxoz və kolxozların islahatı”, “Torpaq islahatı haqqında” qanunların və digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açmış, “Torpaq islahatı haqqında” Qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi amillər əksini tapmışdır. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər təsərrüfatlar istisna olmaqla bütün kənd təsərrüfatı müəssisələri, o cümlədən sovxoz və kolxozlar ləğv edilərək onların əmlakı təsərrüfat üzvləri arasında bölüşdürülmüşdür. Kənddə yeni mülkiyyətin — kənd-fermer təsərrüfatlarının formalaşmasının sürətləndirilməsi kənd təsərrüfatında işlərin daha yaxşı təşkili və aqrar bölmənin inkişafı üçün möhkəm zəmin yaratmışdır.
1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktullığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələlərin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsipləri müəyyənləşdirilmişdir. Dövlət Proqramının ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.
Kiçik və orta sahibkarlıq subyektlərin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarlığın təhlükəsizlik və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.
Ümummilli lider Heydər Əliyev daim iş adamlarının mənəvi hamisi kimi çıxış edərək mövcud problemlərin aşkarlanması məqsədilə dövlət—sahibkar dialoqunun genişləndirilməsində də maraqlı olmuşdur. 2002-ci ilin 25 aprel və 15 may tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndərimiz onları üzləşdikləri problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinlənmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyatı dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələri vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələlərin təməlini qoymuşdur. Heydər Əliyevin sərəncamına əsasən Azərbaycanda dövlət—sahibkar münasibtlərini tənzimləyən institusional qurum olan Prezident yanında Sahibkarlar Şurası yaradılmışdır.
Ümummilli lider Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (2002-2005-ci illər) Dövlət Proqramı” özəl sektorun inkişafını stimullaşdıran tədbirlərin davamı kimi mühüm əhəmiyyət kəsb etmiş, dövrün bir sıra reallıqları ilə şərtlənmişdir. Eyni zamanda, sahibkarlığa dövlət maliyyə dəstəyinin hüquqi əsaslarının formalaşdırılması üçün ulu öndərimiz Heydər Əliyevin 27 avqust 2002-ci il tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondunun Əsasnaməsi təsdiqlənmiş, strukturu formalaşdırılmışdır. Fondun vəzifəsi ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi vermək, onlara müvafiq bank vasitəsilə güzəştli kreditlərin verilməsini, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımçı olmaqdır.
Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında “Sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarğılın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqında” fərmanların dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi xeyli artmışdır.
Böyük strateq Heydər Əliyevin müəllifi olduğu milli iqtisadi inkişaf modeli həm də Azərbaycanın demokratikləşmə prosesinin dərinləşməsinə, siyasi- hüquqi islahatların uğurla aparılmasına imkan yaratmışdır. Ümummilli lider müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik deyil, məhz qanunların aliliyinə söykənən idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik ideyaların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik metodu spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcəkdə yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini diqqətə çatdırmışdır.
Ümummilli lider Heydər Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi sazişə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. Keçid dövrünü yaşayan respublikamızda demokratik proseslərin iqtisadiyyata adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən biri olmuşdur. Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir.
Siyasətdə və dövlət idarəçiliyndə mütərəqqi ənənələrin qorunub saxlanılması hər bir xalqın sabit və davamlı inkişafı baxımından vacib əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev böyük müdrikliklə müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirmiş lider kimi xalqının qəlbində yaşayır. Ötən 5 ildə ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev çoxşaxəli fəaliyyəti ilə ona bəslənilən ümidləri tam doğrultmuş, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən qətiyyətli qərarlar qəbul etmişdir. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticədə son beş ildə Azərbaycan iqtisadiyyatı yüksək dinamizmlə inkişaf etmiş, xalqın mənafeyinə cavab verən bir sıra qlobal layihələr uğurla gerçəkləşdirilmiş, infrastrukturun müasirləşdirilməsi, biznes mühitinin daha da sağlamlaşdırılması, iş adamlarının dəstəklənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Nazirlər Kabinetinin 2009-cu ilin I rubünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ötən müddətdə əldə olunan uğurlara bir daha nəzər salmış, habelə maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatının inkişafını mühüm nailliyət kimi dəyərləndirilmişdir: “Son beş il ərzində Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir və Azərbaycan tarixə 2003-2008-ci illərdə iqtisadi cəhətdən ən sürətlə inkişaf etmiş ölkə kimi daxil ediləcəkdir. Bu, böyük nailliyətdir. Ölkəmiz son beş il ərzində böyük yol keçərək böyük uğurlar əldə edə bilmişdir. İqtisadiyyat 2,6 dəfə, sənaye potensial 2,5 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 3-4 dəfə aşağı düşmüş, büdcə xərcləri 10 dəfədən çox artmışdır. Ölkədə böyük sosial proqramlar icra edilməyə başlanmışdır. Bir sözlə, son beş il ərzində Azərbaycan çox böyük addım atmışdır və bu möhkəm zəmin əsasında biz gələcəyə ümidlərlə baxırıq”.
Dinamik inkişaf və tərəqqiyə yol açan islahatlar kursu 2009-cu ilin I rübündə də davam etdirilimiş, əvvəlcədən planlaşdırılmış bütün layihələr uğurla həyata keçirilmişdir. Birinci rübdə Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz artmış, qeyri-neft sektorunda artım 14 faiz təşkil etmişdir. İxrac 20 faiz, respublika iqtisadiyyatına qoyulan investisiyaların həcmi 19,6 faiz, orta aylıq əməkhaqqı 26,5 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalında artım 4,3 faiz, ümumi yük daşımalarının həcmində 5 faiz təşkil etmiş, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz çoxalmışdır. Yanvar -fevral aylarında xarici ticarət dövriyyəsi 13,3 faiz artaraq 2 milyard 418 milyon dollar təşkil etmişdir.
Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, habelə maliyyə sektorununun böhranı əzmlə dəf etdiyini göstərmişdir. Nüfuzlu “Fitçh Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini, yalnız Azərbaycanda iqtisadi artımın olacağını bildirmişdir. Asiya İnkişaf Bankı isə bu artımı 8 faiz civarında proqnozlaşdırmışdır. Azərbaycan dünyanın azsaylı dövlətlərindən biridir ki, milli valyutası devalvasiyaya məruz qalmamış, həyata keçirilən antiinflyasiya tədbirləri səmərəli nəticələr vermişdir.
Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarxli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə regionların tarazlı və davamlı inkişafı sahəsində ötən beş ildə əldə olunmuş nəticələrin uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Proqrama əsasən qarşıdakı 5 il müddətində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması; əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması; əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi; yoxsulluğun səviyyəsinin azaldılması nəzərdə tutulur. Eyni zamanda, sahibkarların ictimai təşkilatlanması istiqamətində də müəyyən işlər görülür. Ümummilli lider Heydər Əliyev əgər Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyinin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxarmışdısa, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi keyfiyyətcə yeni mərhələdə dünyanın ən sürətli inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevirməyə nail olmuşdur. Azərbaycan Prezidentinin bu gün də inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin, mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər. Ölkənin bütün problemlərinə milli dövlətçilik prinsipləri kontekstindən yanaşan, cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın müxtəlif sahələrindəki çətinliklər və nöqsanlar haqqında aydın təsəvvürə malik olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində hər bir dövr üçün həllivacib vəzifələri dəqiq şəkildə müəyyənləşdirməyə müvəffəq olmuşdur. Elmi əsaslara söykənən iqtisadi islahatların uğurlu nəticələri isə getdikcə hər bir vətəndaşın maddi rifah halında özünü daha qabarıq göstərir. Odur ki, bu gün ulu öndərə məhəbbətimizin bariz ifadəsi olaraq hamımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək bu siyasətin daha səmərəli və daha uğurlu reallaşmasında fəal iştirak etməliyik.
Qüdrət KƏRİMOV,
“Xəzər” Səhmdar Cəmiyyətinin
sədri, iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2009.- 13 may.- S.
10.