Heydər
Əliyev irsi uğurlu islahatların leytmotividir
Tarixin müxtəlif mərhələlərinə
nəzər salsaq, milyonların içərisində öz
uzaqgörənliyi, qətiyyəti və iradəsi ilə
seçilən liderlərin və fenomenal şəxsiyyətlərin
baş verən hadisələrə təsir imkanları, bu
hadisələrin istiqamətini düzgün məcraya yönəltmək
bacarığı səhifə-səhifə göz
önündə canlanar.
Tale həm də bəzən
xalqları, ölkələri sərt sınaqlara çəkir,
üzücü müharibələr, sosial kataklizmlər, tənəzzül
və böhran minilliklərin nailiyyətlərini təhlükə
altına alır, tarixi tərəqqi məhvə
sürüklənir. Belə hallarda cəmiyyət bəşəri
bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət
öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra
tarixdə əbədi iz qoyur...
Ümummilli lider Heydər
Əliyev də Azərbaycan xalqının tarixinə və
taleyinə parlaq və silinməz iz qoymuş böyük
şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi,
müdrik dövlət xadimi kimi düşmüşdür.
Böyük öndər Azərbaycanın tərəqqi və
inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş,
milli-mənəvi dəyərlərimizin, müstəqil
dövlətçiliyimizin konseptual əsaslarını
işləyib hazırlamış, ehkamlaşmış
köhnə stereotiplər çərçivəsini
dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə
təkan vermişdir.
Azərbaycanın
müasir siyasi tarixinin və çağdaş həyatının
təxminən son 35 ili ulu öndərimiz Heydər Əliyevlə,
onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri
və siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu
dövrdə ulu öndərin rəhbərliyi altında Azərbaycan
xalqı tarixi baxımdan bir əsrdən digər əsrə,
bir ictimai-siyasi quruluşdan digərinə,
asılılıqdan müstəqilliyə, bir ideoloji müstəvidən
digər ideoloji mühitə qədəm qoymuşdur. Bu
dövrə nəzər salarkən ölkəmizin nə qədər
dəyişib inkişaf etdiyinin real mənzərəsini
görürsən. Bu illər ərzində Azərbaycan
xalqı, sözün həqiqi mənasında, misilsiz
inkişaf yolu keçmişdir. Ən başlıcası,
demokratik, müstəqil, dünyəvi və hüquqi Azərbaycan
dövləti bərqərar olmuşdur. Bu,
xalqımızın həm iqtisadi, həm siyasi, həm də
mənəvi sərvətidir. Bu tarixi qələbəni
lazımınca qiymətləndirmək, qorumaq, möhkəmlətmək
və ona dönməz xarakter vermək Azərbaycan milli
ideologiyasının mahiyyət və məzmununu təşkil
edir.
Danılmaz faktdır ki,
müstəqil Azərbaycan dövlətçiliyinin təməlini
qoymuş ümummilli liderimiz Heydər Əliyev həm də
müstəqillik ideologiyasının banisi və müəllifidir.
Ulu öndərimiz Heydər Əliyev mahir dövlətşünas
və rəhbər kimi xalqı üçün nə
mümkündürsə onu etmiş və həm də
özünün davamçsı və siyasi varisi
üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji
kapital qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində
milli müstəqillik, müasirlik və azərbaycançılıq
ideologiyası mühüm yer tutur. Ulu öndərimiz bu haqda
demişdir: “... Bütün həyatımı təhlil edəndə
görürəm ki, hər halda bir başlıca hadisə
var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin
edə bilmişəm. Onu daxili çəkişmələr
alovunda, dağıntılar və qan içində olmağa
qoymamışam”.
Ümummilli liderimiz Heydər
Əliyevin tarixin ən çətin, məsuliyyətli
dövrlərində Azərbaycanın milli mövcudluğunu
yaşatmaq kimi ağır yükün altına girən
fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu
öndər siyasi və dövlətçilik fəaliyyətinin
bütün mərhələlərində vətənə,
xalqa, torpağa sonsuz məhəbbət hissi ilə,
qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara
bağlı olmuşdur. Ümummilli lider bütün zəngin
və mənalı həyatı boyu həmişə
xalqını, vətənini düşünmüş, Azərbaycanın
ən çətin məqamlarında onu üzləşdiyi
faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar
göstərmişdir.
Hələ Azərbaycana
ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə,
təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər
Əliyev dühası heç bir çətinlikdən
qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti,
milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər
formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev
fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən
sanballı göstəricisi də məhz azərbaycançılıq
ideyasının, milli özünüdərkin inkişafı,
xalqın tarixi yaddaşının özünə
qaytarılması prinsipləri əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsi, real
siyasi faktlara çevrilməsidir.
Tarixi təcrübə
ulu öndərimiz Heydər Əliyevin böyük uzaqgörənliklə
söylədiyi bu fikirləri bir daha təsdiq etdi ki,
“hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik
arasında çox böyük məsafə və olduqca ciddi
maneələr var”. Elan olunmuş dövlət müstəqilliyini
qorumaq, möhkəmləndirmək və ona dönməz, əbədi
xarakter vermək üçün olduqca böyük işlər
görülməlidir. Təəssüf ki, suverenliyin
siyasi-iqtisadi, mənəvi-psixoloji, hərbi-hüquqi,
ictimai-siyasi təməli qoyulan ilk illərdə Azərbaycanda
hakimiyyət naşı əllərə düşdü,
çox böyük imkanlardan istifadə edilmədi. Halbuki
İttifaqın dağılması ərəfəsində bir
çox mütəxəssislərin apardığı təhlillər
göstərirdi ki, keçmiş SSRİ-də cəmi bir
neçə respublika tam müstəqil olaraq öz
iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan
biri də məhz Azərbaycan idi. Hələ sovet
dövründə, ulu öndərimiz Heydər Əliyevin rəhbər
olduğu dövrdə respublikamızın tam müstəqil
dövlət kimi fəaliyyət göstərməsi
üçün möhkəm zəmin yaranmışdı. Çox
təəssüf ki, dövlət müstəqilliyinin ilk
dövrlərində Azərbaycana rəhbərlik edən
şəxslər dünyanın çox sürətlə dəyişən
siyasi mənzərəsini nəzərə almağa qadir
deyildilər. Ulu öndərimiz Heydər Əliyevin sonralar
qeyd etdiyi kimi, mövcud geosiyasi vəziyyət yeni strategiyanın
formalaşmasını tələb edirdi.
1992-ci ildə hakimiyyətə
normal siyasi mübarizə nəticəsində yox, güc yolu
ilə gələn AXC-Müsavat təmsilçiləri
artıq 1993-cü ilin əvvəllərində xalqın
etimadını tamamilə itirdiklərini görürdülər.
Sivil dünyada belədir ki, xalqın etibarını itirdiyini
və ölkəni idarə edə bilmədiyini görən
iqtidar vəziyyətin böhranlı həddə
çatmasını gözləmədən istefa verir. Amma təəssüflər
olsun ki, həmin şəxslər hakimiyyətdən sivil yolla
getmək üçün özlərində siyasi iradə və
mədəniyyət tapmaqda da aciz idilər. Yenicə müstəqil
olmuş ölkə isə dərin xaos, anarxiya, hakimiyyətsizlik
ucbatından parçalanmaq, suverenliyini itirmək üzrə
idi.
Nəhayət, 1993-cü ilin iyun hadisələri artıq uzun müddət idi ki, xalqın israrla dövlət idarəçiliyinə çağırdığı ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə dönüşünü sürətləndirdi. Məhz belə bir taleyüklü məqamda xalq unikal siyasi və şəxsi keyfiyyətləri ilə bütün azərbaycanlıların hər zaman qürur mənbəyi olmuş Heydər Əliyevi hakimiyyətə çağıraraq ölkəyə rəhbərliyi ona etibar etdi. 1993-cü il prezident seçkiləri ərəfəsində Milli Məclisin sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən ulu öndərimiz Heydər Əliyev öz proqramını belə bəyan etdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı – bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”.
Amma onilliklər boyu formalaşmış bir sistemdən demokratik, bazar iqtisadiyyatına əsaslanan cəmiyyətə keçid yolunda mürəkkəb problemlərlə üzləşəcəyimiz də ulu öndərimiz Heydər Əliyevə məlum idi. Xüsusən 1991-1993-cü illərdə ölkədə davam edən hakimiyyət çəkişmələri, iqtisadi potensialın məqsədyönlu şəkildə dağıdılması vəziyyəti bütün sahələrdə bir qədər də gərginləşdirmişdi. Ancaq irəliyə doğru getmək üçün çətinliklərlə dolu yalnız bir yol var idi və Heydər Əliyev bu yolun bütün məsuliyyətini üzərinə götürdü. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil respublikamızın Prezidenti seçildi. Bu, xalqın mütəşəkkilliklə iştirak etdiyi və özünün yeganə namizədinə yekdilliklə səs verdiyi ilk demokratik seçkilər idi.
Xalqın çağırışına əməl edən Böyük azərbaycanlı hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, separatçıları yerində oturtdu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran vəziyyəti aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu.
Böyük dövlətlərin geosiyasi mübarizə meydanı sayılan bir respublikada bunlara nail olmaq asan deyildi. Çoxları Azərbaycanda siyasi sabitliyin yaradılacağına inamını itirmişdi. Lakin ümummilli liderimizin simasında hakimiyyətə inam yarandı, cəmiyyət başa düşdü ki, o, taleyin ümidinə buraxılmamışdır, onu bütün çətinliklərdən qurtarıb inamla gələcəyə aparan müdrik rəhbəri vardır. Qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil Azərbaycan Respublikasının dövrün tələblərinə uyğun dövlət və idarəetmə strukturlarını yaratmaq idi və ulu öndərimiz Heydər Əliyev bu vəzifəni də özünəməxsus ustalıqla həll etdi. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi üçün, hər şeydən əvvəl, yeni konsepsiya işlənib hazırlanmalı idi ki, bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinə və bununla da insan hüquqları və azadlıqlarının müdafiəsinə təminat yaratsın.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə ölkə həm də xaosdan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. 1995-ci ildə qəbul olunmuş konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.
Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə şans qazandı.
Regional layihələrə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün geopolitik mövqeyinə, təbii ehtiyatlarına, iqtisadi potensialına güvənərək bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq zəminində böyük “İpək yolu”nun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini ardıcıl həyata keçirir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi və digər zəruri addımlar isə Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə zəmin formalaşdırdı. Uzun sürən danışıqlardan sonra 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla yanaşı, Xəzər dənizində beynəlxalq əməkdaşlığın da bünövrəsini qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətinin bütün mərhələləri və anları həm də Azərbaycan milli ideologiyasının yaranması, formalaşması, təbliği və təşviqi anları olmuşdur. O, gördüyü hər bir işi ideoloji cəhətdən əsaslandırmağı, onun fəlsəfi, elmi, siyasi mahiyyətini olduqca yığcam və məntiqi arqumentlərlə şərh etməyi dahiyanə bir ustalıqla bacarırdı.
Milli təhlükəsizliyin təmin edilməsinə nail olmaq, onun daxili və xarici parametrlərini dəqiq müəyyənləşdirmək və onları uzlaşdırmaq Heydər Əliyev təliminin təməl prinsiplərindən biridir. Dünyəvi qloballaşma və modernləşmə prosesinin geniş vüsət aldığı bir dövrdə ümumi bəşəri inkişaf dinamikasından kənarda qalmaq olmazdı. Hindistanın görkəmli dövlət xadimi C.Nehrunun yazdığı kimi: “Bizim idealımız və məqsədimiz tarixi meyillərə zidd gedə bilməz”. Dünyadan təcrid olunmaq milli təhlükəsizliyə zəmanət vermir. Odur ki, indiki dövrün qeyri-adiliyi və ondan irəli gələn tələblərlə hesablaşmaq lazım gəlirdi.
Ulu öndərimiz Heydər Əliyev müstəqilliyimizin, Azərbaycan dövlətçiliyinin təhlükə mənbələrini və ona qarşı mübarizə metodlarını müasirləri arasında daha aydın görürdü. Heydər Əliyev bütün fəaliyyəti boyu ideoloji mübarizə cəbhəsində bir anlıq fasiləyə, istirahətə yol vermədən daim döyüş və müdafiə mövqeyində sərvaxt dayanmışdı. Naşı adamlara elə gəlir ki, əgər düşmənin odlu silahları atəş açmırsa, deməli, onlar artıq susmuşdu. Xeyr, ideoloji cəbhənin döyüşçüləri gözə görünməsə də, onların təxribatçı silahı heç vaxt susmur. Əksinə, müstəqilliyimizi möhkəmləndirmək uğrunda xalqımızın hər bir uğuru düşməni daha da quduzlaşdırır, onları yeni-yeni ağlagəlməz vasitələrə əl atmağa sövq edir. Mürtəce dairələrin müstəqil Azərbaycanın nəinki yanacaq resurslarında, hətta onun ən adi nemətlərində belə maraqları var. Odur ki, ulu öndərimiz təkrar-təkrar deyirdi: “Dövlət – dövlətçiliyi qorumalıdır!”
Ulu öndərimiz Heydər Əliyevin bütün fəaliyyətinin başlıca qayəsini məhz bu ideya təşkil edir. Ölkənin hər bir vətəndaşı müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi üçün şəxsi məsuliyyət daşıyır. Bunun üçün ilk növbədə hər kəsdən milli həmrəylik tələb olunur. Ulu öndərin tövsiyəsi belə idi: “Azərbaycan xalqının gücü bir yerə toplanmalıdır, hamı bir hədəfə vurmalıdır...”. Təsadüfü deyil ki, Azərbaycan dövləti müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub və ulu öndərimiz haqlı olaraq deyirdi: “Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir”. Təsadüfü deyil ki, Dünya azərbaycanlılarının I qurultayında da ulu öndərimiz Heydər Əliyev ona məxsus müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyasının konturlarını bir daha dəqiqləşdirdi. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” fikrini söylədi və açıq bəyan etdi ki, “bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".
Dahi liderimiz bütün sahələrdə davamlı islahatların əsasını qoymaqla yanaşı insan hüquq və azadlıqlarına da böyük önəm verirdi. Təsadüfi deyil ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyəti illərində insan hüquqları və azadlıqlarının təmini məqsədilə həyata keçirdiyi hüquqi islahatların ən mühümü məhz yaşamaq hüququnun təmin edilməsi oldu. Ali insanpərvərlik prinsiplərini rəhbər tutan ümummilli liderimizin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqinə moratorium qoyulması oldu. Daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırıldı və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edildi. Bu tarixi addım insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan rəhbərimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu və bütün dünyaya göstərdi ki, Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir. Ulu öndərimizin bu münasibətlə 1998-ci il 3 fevral tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”.
Ulu öndərimiz Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində 1995-ci ildən etibarən verilmiş əfv və amnistiya aktları ilə minlərlə məhkum azadlıqdan məhrumetmə yerlərindən buraxılaraq öz ailələrinə qovuşmuşdur. Cəmiyyətin inkişafı, insan hüquqları və azadlıqlarının təmin edilməsi üçün tamamilə yeni hüquq və məhkəmə sisteminin qurulması zəruri idi. Buna görə də dahi şəxsiyyətin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanmış və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir.
Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə ulu öndərimiz tərəfindən bir sıra mühüm fərman və sərəncamlar imzalandı, hüquqi islahatların həyata keçirilməsi üçün “Azərbaycan Respublikası Prezidentinin yanında hüquqi islahat komissiyasının yaradılması haqqında” sərəncam verildi. Həmin komissiya “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar hazırladı. Beləliklə, ölkəmizdə məhkəmə-hüquq sistemində köklü islahatların aparılmasına imkan açıldı.
Ulu öndərimizin 2002-ci il 22 iyun tarixli fərmanı ilə Konstitusiyada dəyişikliklər edilməsi üçün referendum təyin olundu. Fərmanda göstərilirdi ki, respublikamızın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulması, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsi, seçki sisteminin təkmilləşdirilməsi və digər hallarla əlaqədar yeni müddəaların Azərbaycan Respublikası Konstitusiyasında əks etdirilməsi zəruridir. Referendumun nəticələrinə müvafiq olaraq Konstitusiyaya edilən düzəlişlər insan hüquqları və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara məhkəmələrə, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Sözsüz ki, bütün bunlar ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu böyük islahatlardır.
Lakin bu illər ərzində əldə olunan uğurlarla yanaşı, Azərbaycan cəmiyyətini narahat edən əsas məsələlərdən biri də məhz hakimiyyət sükanının yenidən təsadüfi şəxslərin, meydan eyforiyasından ayıla bilməyən diletantların əlinə düşməsi qorxusu olmuşdur. Ötən illərin acı reallıqları yaddaşlarda neqativ assosiasiya doğuraraq cəmiyyətin hər bir üzvünün vətəndaşlıq məsuliyyətini artıran, onun ulu öndərimiz Heydər Əliyev siyasi kursuna səmimi inamını təmin edən başlıca amil kimi çıxış etmişdir. Təhtəlşüurda baş qaldıran bu stereotiplər xalqın mövcud siyasi kursun davamlılığının təmin edilməsi naminə ortaya möhkəm siyasi iradə qoymasını da zərurətə çevirmişdir. Bu belə də olmuş, xalqımızın diqqəti birmənalı olaraq cənab İlham Əliyev fenomeninin üzərində dayanmışdır. Cənab İlham Əliyev cəmiyyətdə tərəqqi və inkişafa xidmət edən proqressiv islahatlar kursunu davam etdirmək əzmində olan lider kimi qəbul olunmuşdur. 2003-cü ildə səhətində yaranmış problemlər üzündən prezident seçkilərində iştirak edə bilməyən ümummilli liderimiz Heydər Əliyev də cənab İlham Əliyevi özünün siyasi varisi elan edərkən məhz ictimai rəyə, ümumxalq münasibətinə əsaslanmışdır. Ulu öndərimiz Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmiş, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını ifadə etmişdir: “Üzümü Sizə-həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Son 5-6 ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, cənab İlham Əliyev xalqın ona bəslədiyi ümidləri doğrultmuş, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul etmişdir. Böyük uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləmiş, yüksək intellekti, işgüzarlığı, təvazökarlığı, savadı, səmimiliyi, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etmişdir. Ötən illər ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli fəaliyyətə və praqmatizmə söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını tamamilə təsdiqləmişdir. İlk növbədə bəlli olmuşdur ki, cənab İlham Əliyev hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.
Həm 2003-cü ilin 15 oktyabr, həm də 2008-ci il 15 oktyabr seçkilərinin nəticələri təsdiqlədi ki, Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu bütün varlığı ilə qəbul edir. Hər iki seçkidə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin inamlı qələbəsi göstərdi ki, Azərbaycan cəmiyyəti ölkədə həyata keçirilən siyasətə alternativ görmür. Hələ 2003-cü ildə “Mən bütün azərbaycanlıların Prezidenti olacağam” – deyən cənab İlham Əliyev qısa müddətdə ona bəslənilən etimadı tam doğrultmuş, hər bir vətəndaşın marağına cavab verən ədalətli qərarlar qəbul etməyə qadir olduğunu göstərmişdir. Güclü, mobil və yüksək iş qabiliyyətli komanda yaratmağa nail olan dövlət başçısı sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində, ilk növbədə milli iqtisadiyyatda infrastruktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini ortaya qoymuşdur. Ölkə rəhbəri imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi qərarlarla ölkəmizin dinamik yüksəlişini təmin etmişdir.
Bu gün Azərbaycanın sosial-iqtisadi sahələrdə qazandığı uğurlar dövlət başçısının ötən müddətdə qəbul etdiyi fundamental qərarların, dövlət proqramlarının müstəsna əhəmiyyətini aşkara çıxarır. Ölkə rəhbəri hər addımında milli maraq və mənafeləri prioritet hesab edir. Heç də təsadüfi deyil ki, qazanılan nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də təsdiq edilir. Bunun nəticəsidir ki, “Moodys” Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycanın reytinqinin bir pillə artaraq Ba1 səviyyəsinə çatdığı, yəni artıq investisiya kateqoriyasının astanasında olduğu bəyan edilmişdir. Sözsüz ki, bütün bunlar ulu öndərin ideyalarının, arzu və istəklərinin tamamilə reallaşacağından, Azərbaycanın qüdrətli bir dövlət kimi beynəlxalq arenada özünə möhkəm yer tutacağından soraq verir. Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin təhlili həm də göstərir ki, bu müddətdə istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar dövlətçilik və milli maraqların təmini üçün uğurla davam etdirilmiş, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əxz etmişdir.
Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial-iqtisadi inkişaf kimi missiyalarının, azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiq edib. Bütün bunlarla yanaşı bir sıra keyfiyyətlər – qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafının, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir. Heydər Əliyev kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi olan siyasət dühasından bu cür keyfiyyətləri mənimsəyən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir. Bu baxımdan şərəfli bir missiyanı üzərinə götürən cənab İlham Əliyev özünün yüksək keyfiyyətləri, dövlət idarəçiliyi, bacarığı sayəsində bu müddət ərzində siyasi varisliyə alternativsiz lider olduğunu təsdiqləyib.
Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinin parlaq nəticələri göz qabağındadır. Son illərin bütün siyasi və sosial-iqtisadi yekunları təsdiqləyir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa verdiyi vədlər sırf əməli fəaliyyətə söykənərək real həyata vəsiqə almışdır. Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin diqqəti çəkən əsas tərəflərindən biri və başlıcası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılmış ictimai-siyasi sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsidir. Təcrübədən göründüyü kimi, ictimai-siyasi sabitlik hər bir ölkənin inkişafının başlıca şərtidir. Azərbaycanın sosial-iqtisadi sferada qazandığı nailiyyətlər ictimai-siyasi sabitliyin möhkəm və əbədi olduğunu təsdiq edir.
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində əsas prinsipləri təsbit edən Azərbaycan eyni zamanda iqtisadiyyatın inkişafında da misli görünməmiş uğurlara imza atmaqdadır. Cənab İlham Əliyevin fəaliyyəti dövründə Azərbaycanda iqtisadi və sosial sahələrdə köklü islahatların davam etdirilməsi, dövlət proqramlarının icrası, Azərbaycanın iqtisadi cəhətdən qüdrətini şərtləndirən iri enerji layihələrinin – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin işə düşməsi daha böyük uğurlardan xəbər verir. Ümumi daxili məhsulun 35 faizə qədər artması, 2003-cü ildə 1,5 milyard dollar olan Dövlət büdcəsinin artıq 16 milyard dolları ötməsi bu müddətdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafının, qarşıya qoyulmuş məqsədlərə çatmasının göstəricisidir.
Bu illər ərzində həm də Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlətimizin başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu müddətdə Azərbaycan qonşu və uzaq dövlətlərlə mehriban dostluq və beynəlxalq hüquq normalarından irəli gələn şərtlər çərçivəsində münasibətlərini xeyli gücləndirib. Avratlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni-yeni səhifələr açılıb. Əvvəllər münasibətlərimiz ümumiyyətlə mövcud olmayan və ya sadəcə diplomatik əməkdaşlığımız olan ölkələrlə hərtərəfli əlaqələr qurulmuş, münasibətlər daha da dərinləşdirilmişdir.
Beləliklə, əsası ulu öndərimiz, əbədiyaşar liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda siyasi və iqtisadi islahatların keçirilməsi hesabına qazanılan böyük uğurlar parlaq və fərəhlidir. Biz bu gün fəxr edə bilərik ki, biz ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil, demokratik və azad bir ölkənin vətəndaşlarıyıq!!!
Nizami XUDİYEV,
YAP İdarə Heyətinin
üzvü,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.-
2009.- 14 may.- S. 5.