Heydər Əliyev
Azərbaycanı davamlı
iqtisadi inkişafa aparan strategiyanın banisidir
Bu gün Azərbaycan
beynəlxalq aləmə sürətlə inteqrasiya edən,
dinamik iqtisadi inkişafını və etibarlı siyasi
sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq
dünya birliyi Azərbaycanı mötəbər
kürsülərdən öz sözünü deməyə,
öz haqlı mövqeyini bildirməyə və qorumağa
qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi
tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən
bərbad hala düşmüş Azərbaycan
iqtisadiyyatında tərəqqiyə nail olunmasında,
çox kövrək və zəif dövlət siyasətinin
güclü və aparıcı mövqeyə yüksəlməsində,
gənc dövlətimizin dünya miqyasında
tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin
müstəsna xidmətləri olmuşdur.
Dünya təcrübəsindən
məlumdur ki, dövlət başçısı ölkənin
inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə
qiymətləndirməyə qadir, ölkənin mədəni,
iqtisadi və təbii resurslarını, potensialını əhalinin
rifah halının yaxşılaşdırılmasına və
dövlətçiliyin inkişafına yönəltməyi
bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan
xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev
kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də
xalqımızın və dövlətimizin
qarşısında duran çətinlikləri aradan
qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda
hüquqi, dünyəvi, demokratik inkişaf yoluna
çıxarmağa qadir olan dövlət
başçısı bəxş etmişdir.
Xalqımızın son
otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir
şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin I katibi seçilmiş Heydər Əliyev tez bir
zamanda öz gərgin əməyi sayəsində Azərbaycan
Respublikasını digər SSRİ respublikaları arasında
önə çıxarmışdır. Ulu öndərimiz fəaliyyətinin
ilk illərindən etibarən daim öz
qayğısını xalqdan əsirgəməmiş, istər
I katib işləyərkən, istərsə də
keçmiş ittifaqda rəhbər vəzifələrdə
çalışarkən hər zaman Azərbaycan
xalqını, onun maraq və mənafeyini bütün
maraqlardan üstün tutmuşdur. O, dəfələrlə
xalqımızın və dövlətimizin əleyhinə qərar
qəbul edilməsinə mane olmuş, mötəbər
tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri
ilə əleyhdarlarını yerində oturtmuşdur.
Bir məsələni də
qeyd etmək yerinə düşərdi ki, 70 il böyük
qardaş hesab etdiyimiz rus ordusu yerli rəhbərlərin səriştəsizliyindən
istifadə edərək Bakı şəhərində 20
Yanvar qırğınını törətdiyi zaman Moskvada fəaliyyət
göstərən Azərbaycan nümayəndəliyinə ilk
gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə
keçirilən iclasda heç nədən çəkinmədən
hələ o zaman SSRİ-yə rəhbərlik edən
yüksək mənsəbli şəxsləri kəskin tənqid
etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin
məsuliyyət daşıdığını
açıqca bildirmişdir. Ümumiyyətlə, ulu öndər
Heydər Əliyevin xalqımız, müstəqilliyimiz
üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri
minlərlədir. Bütün bunlar isə Heydər Əliyevin
xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən
deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə,
polad iradəyə, zəngin dünya görüşünə,
hərtərəfli dərin savada malik, millətini və
dövlətini hər şeydən uca tutmağı bacaran bir
insanın vətəninə və millətinə olan sevgisindən
irəli gələn bir tələbat idi.
Yuxarıda qeyd
olunduğu kimi, müstəqillik illərində ümummilli
liderin hakimiyyətə dönüşü təlatümlü,
xalqımız üçün taleyüklü bir dövrə
təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər
Əliyevin qarşısında müstəqil Azərbaycanı
dünya xəritəsindən silinmək təhlükəsindən,
ölkədə hər an baş verə biləcək vətəndaş
müharibəsindən xilas etmək kimi məsuliyyətli və
tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl
bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin
siyasi-iqtisadi və idarəçilik təcrübəsinə
malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər.
Çünki ümummilli liderin uzun illər ərzində
qazandığı siyasi təcrübə, idarəçilik
bacarığı və doğma vətəninə olan dərin
məhəbbəti onun bu missiyanın öhdəsindən
şərəflə gələcəyinə heç kimdə
şübhə doğurmurdu.
Ulu öndər Heydər
Əliyev bütün bacarığını səfərbər
edərək tezliklə ölkədə baş alıb gedən
tənəzzülü dayandırdı və tərəqqiyə
nail oldu. Ölkədə mövcud olan problemlər tədricən
həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və
beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi,
ölkəmizin beynəlxalq arenada nüfuzunun
artırılması, Azərbaycan həqiqətlərinin
bütün dünyaya çatdırılması və s.
istiqamətlərdə konkret proqram və layihələrin
işlənib hazırlanmasına başlanıldı.
Başqa sözlə desək,
siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı
dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən
idi. Ona görə də əldə edilmiş nailiyyətlər
ölkə daxilində milli birliyin təmin olunması ilə
yanaşı, həm də dünya azərbaycanlıları
arasında həmrəyliyin güclənməsinə səbəb
oldu. Bu isə öz növbəsində, müxtəlif
ölkələrdə yaşayan soydaşlarımızı
daha da ruhlandıraraq onların ölkəmizin milli
maraqları ətrafında sıx birləşmələri
üçün ciddi zəmin yaratdı.
Təbii ki, xaricdə
yaşayan həmvətənlərimizin bir ideya ətrafında
birləşdirilməsi ölkənin inkişafı
baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu
gün onlar dünyanın harasında yaşamalarından
asılı olmayaraq Azərbaycanla fəxr edir, onun
uğurlarından qürur duyur və fərəh hissi
keçirirlər. Bütün bunlara görə, həm də
milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə
nail olduğumuz üçün ümummilli liderimiz Heydər Əliyevə
borcluyuq.
Unudulmaz şəxsiyyət
olan Heydər Əliyev bütün fəaliyyəti
dövründə xaricdə yaşayan
soydaşlarımızın birliyi və təşkilatlanması
məsələsini daim diqqət mərkəzində saxlayaraq
dünya azərbaycanlılarının vahid məqsəd ətrafında
birləşdirilməsinə səy göstərmiş və
buna nail olmuşdur. Bu baxımdan ümummilli lider Heydər Əliyevin
müvafiq sərəncamı ilə Bakı şəhərində
keçirilmiş Dünya Azərbaycanlılarının I
qurultayı mühüm əhəmiyyət kəsb etdi. Qurultay
xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq
ideyası ətrafında birləşərək təşkilatlanması
istiqamətində yeni mərhələnin
başlanğıcını qoydu.
Qeyd etdiyimiz kimi, təşkilatlanma
prosesi, dünya azərbaycanlılarını bir araya gətirmək
təklifi ulu öndərimiz Heydər Əliyev tərəfindən
irəli sürülmüşdür. Heydər Əliyevin həyat
və fəaliyyəti Azərbaycan xalqına xidmət etməkdən,
Azərbaycanı inkişaf etdirməkdən ibarət
olmuşdur. Bu gün Heydər Əliyev ideyalarına sadiq qalan
Azərbaycan Prezidenti cənab İlham Əliyev də xarici
ölkələrdə yaşayan azərbaycanlıların
problem və qayğılarını daim diqqət mərkəzində
saxlayır. Soydaşlarımızla əlaqələri daha da
möhkəmləndirmək və qarşıda duran vəzifələri
müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının
II qurultayının keçirilməsi bunun bariz nümunəsidir.
Qurultay Azərbaycanın
sürətli inkişafı və beynəlxalq arenada siyasi
mövqeyinin daha da gücləndirilməsi istiqamətində
tarixi işlərin görülməsinə şərait
yaratmışdır. Məhz dünya azərbaycanlılarının,
ümumilikdə türk diaspor təşkilatlarının bir
amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların
qəbul edilməsinin və bu istiqamətdə görülən
genişmiqyaslı tədbirlərin nəticəsidir ki,
artıq dünyada güclü, öz sözünü deyə
bilən, siyasi proseslərə təsir etmək iqtidarında
olan diaspor təşkilatları
formalaşdırılmışdır. Bir məsələni
qeyd etmək lazımdır ki, 2009-cu ildə Xocalı faciəsinin
qurbanları, demək olar ki, bütün dünya ölkələrində
anıldı, hadisələrin səbəbləri, mənfur
ermənilərin və onların havadarlarının
insanlığa yaraşmayan simaları bütün dünyaya
nümayiş etdirildi. Müstəqilliyimizin ilk illərində
dahi rəhbər Azərbaycan dövlətinin və ölkə
iqtisadiyyatının labüd fəlakətdən, hərc-mərclikdən
xilas edilməsi istiqamətində mühüm addımlar
atdı, ölkənin iqtisadi yüksəlişi
üçün təcili tədbirlər görməyə
başladı. İttifaq səviyyəsində mövcud olan
iqtisadi əlaqələr dağıldıqdan sonra milli
iqtisadiyyatın dirçəldilməsi üçün
ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi
və milli məhsulların xarici bazarlara
çıxışının təmin olunması
mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə
bir dövrdə Azərbaycanın zəngin neft
ehtiyatlarının mövcudluğunu nəzərə alan
ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq
danışıqlar prosesinə ARDNŞ-in birinci
vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb
etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft
strategiyasının hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal
iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin
mərkəzində özünün dəfələrlə
vurğuladığı kimi bir ideya dururdu: “Bizim məqsədimiz
təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait
əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz
neftdən gələn bütün mənfəətləri həm
siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri
Azərbaycan xalqının gələcək mənafeyinə,
rifahına yönəltməkdən ibarətdir”.
20 sentyabr 1994-cü ildə
Bakı şəhərində Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən “Azəri”, “Çıraq” və
“Günəşli” yataqlarının birgə istismarı ilə
bağlı neft hasilatı üzrə ixtisaslaşmış,
yüksək nüfuza malik dünya dövlətlərini təmsil
edən 12 iri neft şirkəti arasında beynəlxalq
müqavilə imzalandı. “Əsrin müqaviləsi”
adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın
“yeni neft strategiyası” uğurla həyata keçirilməyə
başlandı. Müqavilə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən təsdiq
edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi
inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi”
üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə
başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard
kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda
görüləcək işlərə 12-14 milyard ABŞ
dollarına yaxın investisiya qoyuluşu nəzərdə
tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə
etmiş Azərbaycan Respublikası üçün çox
vacib məsələ idi. Təkcə bir faktı qeyd edək
ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında
sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu
sürətlə artaraq 10 milyard dollara
çatmışdır. Bunun da 60 faizdən çoxu (6,1
milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci
illərdə ölkədə fəaliyyət göstərən
xarici investisiyalı müəssisələrin sayı 717-dən
1974-ə, müəssisələrdə çalışanların
sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə
çatmışdır. Göstərilən müddətdə,
eyni zamanda, xarici investisiyalı müəssisələrin
ödədiyi vergilərin payı, cəmi vergi
daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir.
Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin
müəssisələr vergi və sosial ayırma şəklində
büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə
400 milyon dollara yaxın vəsait ödəmişlər.
“Əsrin müqaviləsi”
üzrə hasil edilən Azərbaycan neftinin dünya
bazarlarına ixracı üçün ilkin dövrlərdə
Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən
istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə
daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona
çatdırılacağını nəzərə alan Azərbaycan
Prezidenti ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə daha böyük nəqletmə imkanına malik ixrac
marşrutları araşdırıldı və optimal variant
kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
seçildi. Məhz buna görə də layihənin həyata
keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin
əvəzsiz xidmətlərini nəzərə alan layihə
iştirakçıları 2004-cü ildə BTC əsas ixrac
boru kəmərinə Heydər Əliyevin adının verilməsi
barədə qərar qəbul etdilər. Beləliklə də,
“Üç dənizin əfsanəsi” adlanan BTC layihəsi
reallığa çevrilərək xalqımızın
maddi-rifah halının yaxşılaşdırılması və
doğma Azərbaycanın qüdrətli dövlət
olmasına öz töhfəsini verməkdədir.
Ümumilikdə neft
strategiyası ilə sürət götürən Azərbaycan
iqtisadiyyatının inkişaf dinamikası sonrakı illərdə
daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən
müvafiq normativ hüquqi bazanın yaradılması ilə
yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin
özəlləşdirilməsi, kiçik və orta
sahibkarlığın dəstəklənməsi və s.
istiqamətlərdə Dövlət Proqramları da qəbul
edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın
əsas amilinin özəl mülkiyyət və
sahibkarlığın müxtəlif formalarının təşəkkül
tapması olduğunu çox düzgün qiymətləndirən
dahi şəxsiyyət Heydər Əliyev ölkədə
sabitliyə nail olunan kimi sahibkarlığın inkişaf
etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu
sahədə görülən işlərin əsl mahiyyətini
qiymətləndirmək üçün ümummilli lider Heydər
Əliyevin hələ 1996-cı ildə söylədiyi bir
fikri yada salmaq məqsədəuyğun olardı: “Bir Prezident
kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq
müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar
vasitəsilə istehsalın artırılması, inkişaf
etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi,
özəl bölmənin inkişafına geniş yer verilməsi,
bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi,
sahibkarlığa, təşəbbüskarlığa şərait
yaradılması zəruridir. Bu, dövlət siyasətimizin
əsas prinsipləri olur”.
Məhz bu diqqət və
qayğının nəticəsidir ki, ölkədə yerli
sahibkarlıq fəaliyyəti ilbəil genişlənir,
möhkəmlənir və dövlət büdcəsinin əsas
gəlir mənbələrindən birinə çevrilir. Artıq
başlıca məqsəd bu mühüm sahənin
inkişafını genişləndirməklə ölkənin
sosial-iqtisadi inkişafında əhəmiyyətini
artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq
üçün dövlət başçısı möhtərəm
Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr
aylarında altı mühüm fərman imzalamışdır.
Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət
etibarı ilə, ilk növbədə ölkəmizin
sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə
qalxmasında böyük potensiala malik milli
sahibkarlığın qarşısında konkret vəzifələr
qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin
dövrdə məqsədyönlü formada həyata
keçirilən ardıcıl tədbirlərin nəticəsidir
ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən
birinə çevrilərək istər məşğulluğun
təmin olunması, istərsə də büdcə gəlirlərinin
artırılması istiqamətində öz bəhrəsini
verməkdədir.
Aydındır ki, istənilən sahədə görülən
işlərin nəticəsi icraçı kadrların təcrübə
və dünya görüşündən çox
asılıdır. “Hər şeyi kadrlar həll edir” prinsipinə
əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi,
eləcə də bir komanda halında səfərbər edilməsi
xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hazırda
Azərbaycan dövlətinin möhkəmlənməsi,
inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə
çevrilməsi istiqamətində ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında fəaliyyət göstərən, hökumətin
müxtəlif strukturlarına rəhbərlik edən
insanların əksəriyyəti 1960-70-ci illərdə, məhz
Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət
Heydər Əliyevin qayğısı sayəsində
dünyanın aparıcı universitetlərində dərin
biliyə, geniş dünyagörüşünə və zəngin
idarəçilik qabiliyyətinə yiyələnmiş
insanlardır.
Hörmətli
akademikimiz Ramiz Mehdiyevin dərin məzmunu ilə elmi ictimaiyyətin
geniş müzakirəsinə səbəb olmuş “ZAMAN
HAQQINDA DÜŞÜNƏRKƏN və ELİTANI
TRANSFORMASİYA EDƏRKƏN: VARİSLİK VƏ
İNNOVASİYALILIQ” adlı məqaləsində qeyd
olunduğu kimi: “Müasir Azərbaycanın milli
elitasının formalaşması ümumən bir neçə
mərhələdən ibarət olmuş və ötən əsrin
70-ci illərində, Heydər Əliyevin göstərişinə
əsasən, minlərlə gənc azərbaycanlı təhsil
almaq üçün Sovet İttifaqının müxtəlif
şəhərlərinə göndəriləndə, o
dövrdə hələ Sovet Azərbaycanı adlanan ölkəmizin
təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi,
siyasi elitasının formalaşmasına böyük diqqət
yetirilməyə başladığı dövrdə
xüsusilə nəzərəçarpan xarakter
almışdı. Həmin qərarların qəbul edilməsi
ilə əlaqədar siyasi çətinliklərə
baxmayaraq, məhz onlar kadrların regenerasiyası,
rotasiyası, əvəzlənməsi və dövlət
qulluğunda işə yeni, intellektual və zirək gənclərin
cəlb olunması prosesinin başlanmasına kömək
etmişdir”.
Göründüyü kimi, Azərbaycan xalqı ümummilli
lider Heydər Əliyevə həm də ona görə minnətdar
olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı
təsadüflərin ixtiyarına buraxmadı, xalqı və
dövləti güclü idarəetmə qabiliyyətinə
malik gənc liderə – İlham Əliyevə etibar etdi. Məhz
ulu öndərin böyük uzaqgörənliyi sayəsində
bu gün ölkə Prezidenti İlham Əliyev öz
komandası ilə Azərbaycan dövlətini inkişaf
etmiş ölkələrin səviyyəsinə
çatdırmaq və bu inkişafı davamlı inkişafa
çevirmək istiqamətində kompleks tədbirlər həyata
keçirir. Bu bir həqiqətdir ki, aparılan
islahatların, həyata keçirilən daxili və xarici
siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi
inkişafında dövlət idarəçiliyində
çalışan kadrların hər birinin öz xidmətləri
və məsuliyyəti vardır. Eyni zamanda, onu da qeyd etmək
lazımdır ki, belə idarəetməni və onu həyata
keçirmək üçün komandanı, təbii ki,
yalnız dahi Heydər Əliyev məktəbini
keçmiş, ondan tərbiyə almış və zəngin
idarəetmə qabiliyyətinə malik olan möhtərəm
İlham Əliyev formalaşdıra bilərdi.
Hazırda dövlətimizin
sosial-iqtisadi və digər istiqamətlərdə əldə
etdiyi uğurlar dünya siyasətçisi, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi
şəxsiyyətdən idarəetmə sahəsində zəngin
təcrübə toplamış cənab İlham Əliyevin
yüksək idarəçilik keyfiyyətləri ilə
bağlıdır. Bütün bunları 2003-2008-ci illərin
statistik göstəriciləri də təsdiq edir. Belə ki,
möhtərəm İlham Əliyevin ilk prezidentlik
dövrünü əhatə edən 2003-2008-ci illərin
yekununun statistik mənzərədən başqa simvolik mənası
da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər
bir söz layihə və dövlət proqramları kimi praktik
fəaliyyətdə həyata keçirilmiş, həm də
son dərəcə qısa müddətdə gerçəkliyə
çevrilmişdir.
2003-cü ilin avqust
ayından keçən beş il ərzində ölkənin əsas
makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi
2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard
manata çatmışdır ki, bu da müqayisəli qiymətlərlə
2,7 dəfə artım deməkdir. İqtisadiyyatın
dınamik inkişafında mühüm rol oynayan uğurlu fiskal
siyasətin həyata keçirilməsi nəticəsində
ötən beş il ərzində qeyri-neft sektoru üzrə
büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili
məhsulda xüsusi çəkisi isə 7,7 faiz
artmışdır. Bu illər ərzində ölkədə
vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə,
onların ticarət dövriyyəsi isə 4,7 dəfə
artaraq 16 milyard manata çatmışdır. Bu müddətdə
Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə
inteqrasiyası daha da sürətlənmiş, ticarət əlaqələri
genişlənmişdir ki, bunun nəticəsində xarici ticarət
dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə
artmışdır.
Son 5 ildə əhalinin
sosial rifahını xarakterizə edən göstəricilərdə
də yüksək artım dinamikası müşahidə
edilmişdir. Belə ki, 2003-2008-ci illərdə orta aylıq əmək
haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin
olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə
artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə
artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri
isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata
çatmışdır. Eyni zamanda, bu illər ərzində
ölkədə minimum əmək haqqı 10,9 dəfə
artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin
təqaüdləri 10 dəfə artmış, dövlət
büdcəsi üzrə əməyin ödənişi
fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan
741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən
vəsaitlərin məbləği isə 1,6 dəfə
artaraq 76,2 milyon manatdan 128 milyon manata
çatdırılmışdır.
Son beş il ərzində
Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən
ölkə imicini qazanmış, intensiv və səmərəli
inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər
ərzində dövlət başçısının
tapşırıqlarına uyğun olaraq, ölkənin
iqtisadi inkişafında ayrı-ayrı sahələrin
tarazlı inkişafının təmin edilməsi ilə
yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli
istifadə edilməsini təmin etmək üçün
çox böyük işlər
görülmüşdür. Buna misal olaraq, bünövrəsi
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
“İpək yolu” layihəsinin reallaşması istiqamətində
görülən işləri, yol-nəqliyyat
infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki
quruculuq işlərini, nəqliyyat qovşaqlarının
(vağzallar, liman və s.) müasir standartlar səviyyəsinə
çatdırılması tədbirlərini və digər
yüzlərlə belə nümunələri sadalamaq olar. Eyni
zamanda, araşdırmalar göstərir ki, Azərbaycan
Respublikasının həm respublikadaxili, həm də tranzit
daşımalardan maksimum səmərəli istifadəsini təmin
etmək məqsədilə ölkəmizin yol-nəqliyyat
infrastrukturlarının təkmilləşdirilməsi,
onların müasir standartlara və yerli tələblərə
uyğun yenidən qurulması istiqamətində mühüm
işlər görülmüş və davamlı olaraq
müvafiq tədbirlər həyata keçirilməkdədir.
Təbii ki, Azərbaycan
xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi
Heydər Əliyevin ölkəmizin və xalqımızın
inkişafına xidmət edən fəaliyyətini nəinki
bir məqalədə, hətta cild-cild kitablarda belə tam əhatə
etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər
isə ümummilli liderin xidmətləri qarşısında
“dəryadan bir damla” kimi qiymətləndirilə bilər. Azərbaycan
Respublikasında istər ayrı-ayrı elm sahələrinin,
istər təhsil, səhiyyə kimi sosial sferaların, istər
kənd təsərrüfatı və sənayenin
inkişafı məhz ümummilli liderin adı ilə
bağlıdır. Bütün bunlar isə Heydər Əliyev
ideyalarının daha dərindən öyrənilməsini zəruri
edir. Çünki dahi Heydər Əliyev Azərbaycan
xalqının xilaskarı olmaqla yanaşı, həm də Azərbaycan
dövlətini davamlı iqtisadi inkişafa aparan
düşünülmüş strategiyanın banisidir.
İSA ALIYEV,
AMEA İqtisadiyyat
İnstitutunun direktoru,
iqtisad elmləri doktoru,
AQİL ƏSƏDOV,
İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2009.- 14 may.- S. 7.