Ulu öndər
Heydər Əliyev qaçqın və məcburi köçkünlərin
əsl himayədarı
idi
Azərbaycan
Respublikası müstəqillik yolunda inamla addımlayır. Müstəqilliyimizin
möhkəmləndirilməsində, ölkəmizin
günü-gündən inkişaf etməsində ulu öndər
Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Azərbaycanı
dağılmaq təhlükəsindən məhz ulu öndərin
hakimiyyətə gəlişi xilas etdi. Ümummilli liderin ən
böyük xidmətlərindən biri bundan ibarət oldu ki,
Azərbaycanda qanlı müharibəni dayandırdı,
1994-cü ildə atəşkəs elan olundu. Azərbaycan
“azad nəfəs” aldı.
Ölkədə
quruculuq işlərinə başlanılması
üçün imkanlar yarandı. Elə həmin il
dünyanın iri neft şirkətlərinin iştirakı ilə
“əsrin müqaviləsi” imzalandı. Bakı–Tbilisi–Ceyhan kəmərinin
çəkilişi ölkəmizin ilk uğurlu iqtisadi nailiyyəti
oldu. Azərbaycanımız dünyada tanınmağa
başladı, çox uğurlu xarici siyasət nəticəsində
Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların
üzvü oldu. Aparılan davamlı islahatlar Azərbaycanda
iqtisadi sabitlik yaradılmasına imkan verdi, sosial sahələrdə
islahatlara başlanıldı.
Ancaq
torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan
çox qaçqın və məcburi
köçkünün problemləri hələ də öz
həllini gözləyirdi. Heydər Əliyev hakimiyyətə
gəldiyi ilk vaxtlardan bu problemlərlə ciddi məşğul
olurdu. Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar
dövlət kimi tanıdılması, BMT-nin işğal
olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə
bağlı qətnamələrinə əməl olunması,
qaçqınların sosial problemlərinin həlli və s.
istiqamətlərdə davamlı siyasət həyata
keçirən ümummilli lider bunu özünün bir
nömrəli problemi adlandırırdı.
Qaçqın və məcburi
köçkünlərin sosial problemləri Heydər Əliyevi
daim narahat edirdi. Ulu öndər dəfələrlə
çadır şəhərciklərində olmuş,
qaçqın və məcburi köçkünlərin
yaşayış şəraiti ilə tanış olmuşdu.
Onun bu şəhərciklərə hər gəlişi əsl
bayram olardı. Heydər Əliyevin hakimiyyəti illərində
qaçqın və məcburi köçkünlər beynəlxalq
humanitar yardım alır, onların məişət şəraitinin
yaxşılaşdırılması üçün dövlət
səviyyəsində tədbirlər həyata keçirilirdi.
Çıxışlarının birində ulu öndər
demişdi: “Bu insanların məskunlaşdıqları yerlərdə
yaşamaları, əmək fəaliyyəti ilə məşğul
olmaları üçün bütün imkanlardan istifadə
edirik. Biz əlimizdən gələni edirik ki, sizin
yaşayışınız müəyyən qədər
normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş
insanların yaşayışı çətindir. Bu, sizi də,
bizi də incidir”. Göründüyü kimi, bu dahi şəxsiyyət
insanların ağrılarını dərindən duyur,
onların xilası yollarını axtarırdı. Heydər Əliyev
işğal altında olan torpaqların azad edilməsi
üçün bütün imkanlardan istifadə edirdi.
Azərbaycanlı
qaçqın və məcburi köçkünlər
ölkənin, demək olar ki, əksər bölgələrində
məskunlaşmışlar. Bu cür məskunlaşma
onların idarə edilməsində də problemlər
yaradırdı. Ancaq məcburi köçkünlərin bu
problemləri də tədricən həll olunmaqdadır. Ulu öndərin
siyasi kursunun uğurlu davamçısı
möhtərəm Prezidentimiz
İlham Əliyev hakimiyyətdə olduğu
illərdə bu problemə xüsusi önəm vermiş, bir neçə dövlət proqramı imzalamışdır. 2004-cü il iyulun 1-də
möhtərəm Prezidentimizin
imzaladığı “Qaçqın
və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı”
2005- 2007-ci illəri əhatə
edirdi. O, reallaşandan
sonra, 2007-ci il oktyabrın 31-də həmin proqrama əlavələr edilməsi
ilə bağlı cənab Prezidentin xüsusi sərəncamı
oldu. Fəxrlə deyə bilərik
ki, möhtərəm
Prezidentimizin səyi nəticəsində artıq
Azərbaycanda bir çadır şəhərciyi
belə qalmamışdır.
İndi onların yerində gözəl, yaraşıqlı, hər
cür rahatlığı
olan yeni qəsəbələr salınmışdır.
Yaxın gələcəkdə
isə böyük şəhərlərdə məskunlaşan
qaçqın və məcburi köçkünlər
də yeni yaşayış mənzilləri
ilə təmin olunacaqlar. Doğrudan da, Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi
qayğı bu gün Prezidentimiz tərəfindən davam etdirilir, onların yaşayış şəraiti,
məşğulluğu getdikcə
yaxşılaşdırılır. Möhtərəm Prezidentimizin
apardığı uğurlu
xarici siyasət onu deməyə əsas verir ki, yaxın gələcəkdə torpaqlarımız
işğaldan azad ediləcək və doğma yurdlarından didərgin düşmüş
insanlar öz yerlərinə qayıdacaqlar.
Mən Bakının
Nizami rayonunda məskunlaşmış qaçqın və məcburi
köçkünlərin işi üzrə rayon şöbəsinə
rəhbərlik edirəm. Bu rayonda müvəqqəti məskunlaşmış
insanlar demək olar ki, dövlətimizin hər cür
qayğısı ilə əhatə olunmuşlar. Prezidentimizin
qaçqın və məcburi köçkünlərinin həyat
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması ilə bağlı imzaladığı
dövlət proqramının həyata keçirilməsində
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov və Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Mehbalı Əliyevin xüsusi xidmətləri
olmuşdur. Bu vaxta kimi rayonumuzda məskunlaşan insanların
elə problemləri olmamışdır ki, rayonun rəhbərliyi
onları operativ surətdə həll etməsin. Demək olar
ki, icra başçısı hər gün bizim problemlərimizlə
maraqlanır, lazım olan köməkliyi göstərir. Ən
əsası budur ki, Mehbalı müəllim verdiyi
tapşırıqlara özü nəzarət edir. Tez-tez qaçqınların
məskunlaşdıqları yerlərdə olur.
Nizami rayonu ərazisində
7988 qaçqın və məcburi köçkün, o
cümlədən müvəqqəti qeydiyyatda olan 13104 nəfər,
qeydiyyatda olmayan xeyli sayda məcburi köçkün məskunlaşmışdır.
Ərazisi işğal olunmuş 11 rayondan olan bu insanların
1853 nəfəri ictimai binalarda, 4971 nəfəri təhsil
müəssisələrində, 60 nəfəri sanatoriyalarda,
211 nəfəri qohum evində, 2263 nəfəri tikintisi
yarımçıq qalmış binalarda məskunlaşmışdır.
Respublikamızın hər
yerində olduğu kimi, Nizami rayonu ərazisində də
müvəqqəti məskunlaşmış qaçqın və
məcburi köçkünlərin problemləri ilə
bağlı xeyli iş görülmüşdür. Təkcə
2008-ci ildə 201 ailədə 1038 nəfərin yeni ödəniş
əsasında kommunal xərcləri (su, işıq, qaz,
kanalizasiya, rabitə və s.) ödənilmişdir. Ümumilikdə
isə 14500 nəfər məcburi köçkünün
kommunal xərcləri dövlət tərəfindən verilir.
450 nəfər məcburi köçkünün müraciətinə
baxılaraq onların ərizələri Dövlət
Qaçqınkoma təqdim edilməklə onlara status vəsiqəsi
verilmişdir.
Müxtəlif problemlərlə
bağlı respublikanın əlaqədar təşkilatlarına
ünvanlanmış 60 ərizəyə cavab verilmişdir. Şöbəyə
müraciət edən məcburi köçkünlərdən
186 nəfər qeydiyyatdan çıxarılmışdır.
Yeni doğulmuş və yeni ailə quranlar
bütövlükdə qeydiyyata
götürülmüşdür. Ərizə ilə
müraciət edən xeyli məcburi köçkünün
hər nəfərinə 20 manat olmaqla yardım edilmişdir.
Xocalının anım
günü 32 Xocalı ailəsinə “Xudafərin”
şadlıq sarayında süfrə açılıraq
onlara ərzaq yardımı edilmişdir. Humanitar təşkilatlar
da bu insanlara vaxtaşırı öz köməkliklərini
göstərmişlər. Məsələn, “UMCOR” təşkilatı
150 nəfərə pulsuz dərman paylamışdır. Nəsimi
küçəsi, 14 ünvanında yerləşən
yataqxanada məskunlaşmış məcburi
köçkünlərə əl dəsmalı və sabun
paylanmışdır. 124 saylı Şuşa seçki dairəsində
işıqlanma sistemi təmir edilmişdir.
Naxçıvanski
küçəsi, 78 ünvanında 10 və 15 saylı
yataqxanaların kabel xətti dəyişdirilmişdir.
Bununla yanaşı, M.
Abbasov küçəsi, 23 ünvanında yerləşən
uşaq bağçasında məskunlaşmış məcburi
köçkünlərin yaşadığı
bağça binasının dam örtüyü təmir
edilmiş, həmçinin 105 şəhid ailəsinə
Dövlət Qaçqınkomdan yataq dəsti alınıb
verilmişdir. B. Nuriyev küçəsi, 77 və Şərifli
küçəsi, 3 ünvanlarında məskunlaşmış
məcburi köçkünlərin yaşadıqları əraziyə
asfalt örtüyü çəkilmiş, E.Süleymanov
küçəsi, 139 ünvanında 4 köçkün ailəsi
yaşadıqları qeyri-münasib yerdən
köçürülərək daha münasib mənzillə
təmin edilmişdir.
Ailə
başçılarını itirmiş 146 nəfər məcburi
köçkünə İran İslam Respublikasının
İmam Xomeyni adına “İmdad” komitəsi tərəfindən
ərzaq yardımı edilmişdir. Rayon ərazisində məskunlaşan
məcburi köçkün və şəhid ailələrindən
34 nəfəri Prezident təqaüdü, 200 ailədə 800
nəfərdən çox məcburi köçkün
ünvanlı sosial yardım və 2200 nəfərdən
çox məcburi köçkün yaş və xəstəliklə
bağlı təqaüd alır.
Rayonda 9 məcburi
köçkün məktəbi fəaliyyət göstərir
ki, bunlardan 2 məktəb Laçın, 3 məktəb Zəngilan,
2 məktəb Ağdam, 1 məktəb Cəbrayıl və 1
məktəb Qubadlı rayonuna məxsusdur.
Məcburi köçkünlər kompakt şəkildə, əsasən,
Şərifli küçəsi, 3 ünvanında yerləşən
lal-kar uşaqlar üçün məktəbdə və
yataqxanalarda, Şərifli küçəsi, 139 və 148
ünvanlarında yerləşən tikintisi yarımçıq
qalmış binalarda, Naxçıvanski küçəsi,
100 ünvanında olan 8, 10, 15 saylı yataqxanalarda, Babək
prospekti 79, 86, 87 saylı yataqxanalarda, 4, 12 və 14 saylı
peşə liseylərində, R. Teymurov küçəsi, 28
və 30 ünvanlarında və K. Balakişiyev küçəsi,
6\10 ünvanında yerləşən yataqxanalarda məskunlaşmışlar.
Məcburi
köçkünlər ümumilikdə kommunal xərclərindən
azaddırlar, rabitə haqqı ödəmirlər, hər ailə
üzvünə 9 manat yemək xərci ödənilir. İşləməyən,
yəni özündən asılı olmayaraq iş yerini
itirmiş köçkünlərə aylıq orta əməkhaqqı
ödənilir. Müalicə və ev alqı-satqısı
zamanı bütün güzəştlər həyata
keçirilir, əməkhaqqı alarkən gəlir vergisindən
azaddırlar.
Bu il rayon rəhbərliyinin
təşəbbüsü ilə rayonun Şərifli
küçəsi, 1 b ünvanında yerləşən
yataqxanada məskunlaşmış 411 nəfər məcburi
köçkünün məskunlaşdığı yataqxana
təmir edilmişdir. Eyni zamanda, E.Süleymanov küçəsi,
148 ünvanında məskunlaşmış 395 nəfər məcburi
köçkün üçün yeni transformator
qoyulmuşdur. Babək prospekti, 87 ünvanında yerləşən
yataqxana təmir edilərək 67 köçkün ailəsinin
istifadəsinə verilmişdir. İcra
başçısının təşəbbüsü ilə
bu yaxınlarda Ş. Mirzəyev, 68v ünvanında yerləşən
yataqxananın təmiri həyata keçiriləcək.
Bütün Azərbaycan
xalqı inanır ki, Heydər Əliyev ideyalarından güc
alan çox hörmətli Prezidentimiz İlham Əliyevin
apardığı məqsədyönlü siyasət nəticəsində
torpaqlarımız işğaldan azad olunacaq və məcburi
köçkünlər öz ata-baba yurdlarına
qayıdacaqlar.
Rafiq KAZIMOV,
Nizami Rayon İcra Hakimiyyətinin
qaçqın və məcburi köçkünlərlə
iş şöbəsinin müdiri
Xalq qəzeti.- 2009.- 14 may.- S. 8.