Lənkəranlılar ulu öndərin xatirəsini ehtiramla yad etmişlər

 

Azərbaycan xalqının ümummili lideri, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar Lənkəranda keçirilən silsilə tədbirlərə ayın əvvəlindən start verilib.

Şəhər icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının N.B.Vəzirov adına Dövlət Dram Teatrında keçirdikləri “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və YAP-ın yaradıcısıdır” mövzusunda konfrans böyük maraqla qarşılanıb. İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, ziyalılar ulu öndərin tarixi xidmətlərindən bəhs ediblər.

Ertəsi gün keçirilən daha bir konfrans isə “Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli-mənəvi dəyərlərimiz” mövzusuna həsr olunub. Tədbiri RİH başçısı Suleyman Mikayılov açıb. Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, professorlar Şahlar Əsgərov, Südeyif İmamverdiyev, Adil Babayev və DQİDK aparatının rəhbəri Səfalı Nəzərlinin məruzələri dinlənilib.

Tanınmış publisist, Milli Məclisin üzvü Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” dördcildliyinin təqdimat mərasimi də yaddaqalan olub. Müəllif ulu öndərin xarici səfərləri zamanı çəkilmiş nadir foto-şəkillər barədə, əsər üzərində yaradıcılıq prosesi haqqında məlumat verib, sualları cavablandırıb. Mərasimdə çıxış edənlər ümummilli liderin xalq qarşısında xidmətlərinin böyük məhəbbətlə qələmə alındığını vurğulayıblar. Təqdimat mərasimləri Biləsuvar, Cəlilabad, Masallı və cənub bölgəsinin digər rayonlarında da keçirilib.

Lənkəranın Kərgəlan kəndində 760 nömrə tutumlu elektron ATS-in açılışı olub. Bu, son üç ildə rayonda istifadəyə verilən 15-ci müasir stansiyadır. Artıq rayonda telefon stansiyalarının elektronlaşdırılması 88 faizə çatıb. Yeni binaların hamısını Lənkəran Şəhər İcra Hakimiyyəti tikdirib, stansiyaların avadanlıq təminatını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirib. Tədbirdə çıxış edənlər ölkə rəhbərliyinin bu sahənin inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıblar.

Rayonun Gərmətük qəsəbəsində isə yeni həkim ambulatoriyası açılıb. RİH başçısı Süleyman Mikayılov, tibb işçiləri və qəsəbə sakinləri çıxış ediblər. Qeyd olunub ki, bu ambulatoriya son illərdə Lənkəranın yaşayış məntəqələrində daxili imkanlar hesabına tikilən 15-ci səhiyyə obyektidir. Bütün tibb ocaqları müasir avadanlıqla təchiz edilib.

Lənkəran şəhərində yeni məişət xidməti mərkəzi də istifadəyə verilib. Burada camaşırxana, kimyəvi təmizləmə məntəqəsi və sair xidmətlər göstəriləcək. İctimaiyyət nümayəndələri sosial sahəyə göstərilən qayğıya görə şəhər rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ulu öndərin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş futbol və basketbol yarışları maraqlı mübarizə şəraitində keçib. Turnirlərdə rayon məktəblərinin onlarca komandası iştirak edib, qaliblər mükafatlandırılıb.

Doqquz may — Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi qarşısında maraqlı tədbir keçirilib. Faşizmə qarşı mübarizədə mərdliklə həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb. Veteranlar təbrik edilib və qeyd olunub ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra BVM veteranları layiq olduqları qiyməti alıb və hərtərəfli qayğı ilə əhatə ediliblər.

Heydər Əliyev Fondunun yaradılmasının beş illiyinin qeyd olunmasının bayram tədbirləri sırasında özünəməxsus yeri olub. Ulu öndərin zəngin irsinin öyrənilib təbliğ edilməsində, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafında, humanitar aksiyaların təşkilində beynəlxalq miqyasda tanınan fondun və onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri yüksək qiymətləndirilib. Fondun təşəbbüsü ilə Lənkəranda və digər bölgələrdə görülmüş möhtəşəm işlər diqqətə çatdırılıb.

Bayram tədbirləri mayın 10-da şəhərin mərkəzində Heydər Əliyevin adını daşıyan Xatirə parkında ulu öndəri ümumrayon anma mərasimi ilə yekunlaşıb. Həmin gün Lənkəranın Qala xiyabanında ümummilli liderin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş rəsm əsərlərinin sərgisi də təşkil olunub.

Lənkəranda keçirilmiş bütün tədbirlər ulu öndərin ölməz ruhuna böyük ehtiramın daha bir ifadəsinə çevrilib.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 14 may.- S. 9.