LerikdəHeydər Əliyev müasir Azərbaycan dövlətçiliyimövzusunda elmi-praktik konfrans

 

Mayın 7-də Lerik Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda elmi-praktik konfrans ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Böyük ömrün anları” sənədli filminin nümayişi ilə başladı.

Sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov “Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda geniş məruzə ilə çıxış etdi. Natiq Azərbaycan tarixində özünəməxsus yeri olan, müasir dövlətçiliyin banisi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin müstəqillik mübarizəsində göstərdiyi misilsiz xidmətlərə toxunaraq qeyd etdi ki, ulu öndərin bu şərəfli missiyası hələ onun təhlükəsizlik orqanlarında çalışdığı dövrlərdən başlamışdır.

Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlərdən onun iqtisadi potensialını artırmaq, sənaye infrastrukturunu modernləşdirmək, kənd təsərrüfatını inkişaf etdirməklə yanaşı, ən qiymətli sərvəti olan intellektual kapitalının artırılması istiqamətində misilsiz işlər görmüşdür. Bu gün onun 1969- 82-ci illərdə həyata keçirdiyi əzəmətli işləri təhlil edəndə bir daha əmin olursan ki, bu dahi özünün fəhmi, uzaqgörənliyi və iti zəkası sayəsində Azərbaycanın bugünkü müstəqilliyini görmüş və ölkəni ona hazırlamışdır.

Natiq XX əsrin sonunda yenidən müstəqillik qazanmış, ancaq idarəçiliyi naşı əllərdə olan Azərbaycanın məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın yenidən bu böyük Vətəndaşa üz tutduğunu və Heydər Əliyevin 1993-cü ildən başlayan xilaskarlıq missiyasının müxtəlif məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırdı və bildirdi ki, bu şərəfli missiya Vətənimizi dünya dövlətlərinin sırasına çıxarmağa xidmətin misilsiz nümunəsidir. Ulu öndər Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan regionda öz geosiyasi mövqeyini nəinki qorudu, hətta bu bölgədə liderə çevrildi. Ulu öndərin neft strategiyası və onunla bağlı olan bir çox layihələr ölkəmizin istər siyasi, istər sosial-iqtisadi inkişafında, tərəqqisində müstəsna rol oynadı.

R.Bağırov məruzəsinin sonunda bildirdi ki, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik siyasətini çox böyük uğurla davam etdirən və onu keyfiyyətcə yeni mərhələyə qaldıran möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 6 illik fəaliyyəti əyani şəkildə göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, reallaşır və doğma Vətənimizi onun arzularının ünvanına aparır.

Elmi-praktik konfransda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu” mövzusunda Lerik rayon prokuroru Salman Səmədovun, “Heydər Əliyev və Milli Ordu quruculuğu” mövzusunda rayonun hərbi komissarı, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılovun, “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda rayon gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmovun məruzələri dinlənildi.

Çıxışlarda belə yekdil bir fikir ifadə olundu ki, bütün mənalı ömrünü öz xalqının xoşbəxt və firavan gələcəyinə həsr etmiş Heydər Əliyevin siyasi, iqtisadi, ictimai, sosial və mədəni həyatın bütün sahələrində düşündüyü perspektiv planlar artıq günümüzün reallığına çevrilmişdir. Bu baxımdan qətiyyətlə demək olar ki, hər bir azərbaycanlının taleyində Heydər Əliyev işığının, nurunun bir zərrəsi var və bu zərrə zaman-zaman böyüyür.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2009.- 14 may.- S. 9.