Mingəçevirlilərin
sonsuz məhəbbəti
Mingəçevirdə
ulu öndər Heydər Əliyevin anadan olmasının 86
illiyi ilə bağlı tədbirlər silsiləsinə
şəhər icra hakimiyyəti
başçısının sərəncamı ilə aprelin
13-də start verilmişdi. Ötən vaxt ərzində
Kür üstündəki şəhərdə bayram əhval-ruhiyyəsi
hökm sürmüşdür. Keçirilən iməciliklərdə
bağ və xiyabanlara minlərlə ağac və gül
kolları əkilmiş, dörd küçə
başdan-başa asfaltlanmış, yaşıllıq zolaqları
salınmışdır.
Məktəblərdə
xüsusi dərslər, ali və orta ixtisas təhsili
ocaqlarında elmi-praktik konfranslar, idman yarışları
keçirilmişdir. Ulu
öndərin örnək həyatının parlaq
palitrası foto-stendlərdə, Heydər Əliyev guşələrində,
rəsm qalereyalarında, kitabxana şəbəkələrində
nümayiş etdirilmişdir. Bütün bunlar şəhər
televiziyası və mətbuat vasitəsilə geniş
işıqlandırılmışdır. Ümummilli lider
Heydər Əliyev hakimiyyətdə olduğu bütün
dövrlərdə Mingəçevirin inkişafına
xüsusi diqqət və qayğı göstərmişdir.
“Mingəçevirin işığı zülmət gecələri
gündüzə çevirir. Şəhərlərimizin, kəndlərimizin,
qəsəbələrimizin üstünə nur ələyir,
burada halal əməklə məşğul olan insanlar
yaşayır” – deyən Heydər Əliyev qadir insanların zəhməti
ilə yaranan nur çeşməsinin əhəmiyyətini
yüksək dəyərləndirmişdir. Mingəçevirin
respublikanın coğrafi mərkəzində sənaye
qovşağı kimi formalaşması məhz rəhbərin
adı ilə bağlıdır.
Mingəçevirin
inkişafında və tərəqqisində ümummilli
liderimiz Heydər Əliyevin xidmətləri ölçüyəgəlməz
olmuşdur. Onun diqqəti, qayğısı və şəxsi
nəzarəti altında tikilib istifadəyə verilmiş
Zaqafqaziyada ən nəhəng enerji müəssisəsi olan Azərbaycan
İstilik Elektrik Stansiyası indi müstəqil dövlətimizin
istifadəsindədir.
Hələ 1981-ci il
oktyabr ayının 20-də Mingəçevirdə olarkən
Yol maşınları və “Azərkabel” zavodlarının,
Toxuculuq Kombinatının, Su Elektrik Stansiyasının,
“Kür” Avarçəkmə Bazasının kollektivləri və
şəhər ictimaiyyəti nümayəndələri ilə
görüşlərində Heydər Əliyev
respublikamızın 4-cü sənaye mərkəzinin gələcək
inkişaf perspektivlərindən danışmış,
qarşıya mühüm vəzifələr qoymuşdu. Ulu
öndərin 1970 – 80-ci illərdə respublikaya rəhbərlik
etdiyi birinci dövrdə Mingəçevirdə texniki rezin məmulatları,
şüşə lifi, yol tikinti maşınları təmiri,
“Aqrar sənaye” DBM, çörək zavodları, poliqrafiya
müəssisəsi, evtikmə kombinatları inşa
olunmuşdu. O dövrdə “Azərkabel”, “Yol
maşınları” və “İzolit” zavodlarının ikinci
növbələri, “Kür” olimpiya təlim mərkəzinin
yeni korpusları istifadəyə verilmişdi. Toxuculuq
kombinatının bütün əsas istehsal sahələri
başdan-başa yeni texnika hesabına təzədən
qurulmuşdu. Həmin illər Mingəçevirin quruculuq,
inkişaf və tərəqqi dövrü kimi tarixə
düşmüşdür. Şəhərdə 8130
şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2240 yerlik 8
məktəbəqədər uşaq müəssisəsi, 1848
çarpayılıq xəstəxana, poliklinika, şahmat məktəbi,
gənc texniklər stansiyası və digər obyektlər
tikilmişdi.
Sosial həyatın ən mühüm göstəricisi kimi dəyərləndirilən
mənzil tikintisinin həcmi 1969–81-ci illərdə əvvəlki
10 illə müqayisədə 8 dəfədən çox
artmışdı. Hər il Mingəçevirdə təqribən
35-40 min kvadratmetrdən çox yeni mənzil sahəsi tikilib
istifadəyə verilirdi.
Energetiklər qəsəbəsini
bu gün Mingəçevirdən ayrı təsəvvür
etmək mümkün deyildir. Cəmisi bir neçə ildə
Heydər Əliyev dühasının işığıyla
şəhərimizin bu yeni yaşayış məntəqəsində
20 minə yaxın əhali məskunlaşmışdır. Qəsəbədə cərgələnən
çoxmərtəbəli yaşayış evləri, 2
ümumtəhsil ocağı, tibb məktəbi, doğum evi,
poliklinika və digər tikililər Heydər Əliyevin
qüdrətindən, xalqımızın qurub-yaratmaq
amalından soraq verir.
Xalqımız fəxr
edir ki, müasir Azərbaycan dövlətinin
yaradıcısı və qurucusu Heydər Əliyevin axıra
çatdıra bilmədiyi taleyüklü məsələləri,
planları, işləri xalqın köməyi ilə Prezident
İlham Əliyev uğurla davam etdirir. Azərbaycan bu gün
özünün yeni inkişaf mərhələsini
yaşayır, həyatın bütün sahələrində
parlaq nailiyyətlər qazanılır. Əhalinin rifahı günbəgün
yaxşılaşır. Söz yox ki, bütün bunların əsasında
ulu öndər Heydər Əliyevin yaxın və uzaq
perspektiv üçün müəyyən etdiyi strategiya
durur. Xalqımız öz böyük övladı ilə fəxr
edir, onun doğum gününü hər il ümumxalq
bayramı kimi qeyd edir. Bu münasibətlə keçirilən
tədbirlər Mingəçevirin ictimai-siyasi həyatını
daha da zənginləşdirir.
Mayın 10-da Mingəçevir
Şəhər İcra Hakimiyyəti və YAP şəhər
təşkilatının birgə keçirdikləri elmi-nəzəri
konfransda ulu öndərin nəsillərə örnək həyat
yolu barəsində ətraflı danışıldı. Şəhər icra hakimiyyətinin
başçısı Mübariz Ağayev və digər məruzəçilər
Azərbaycanın dahi liderinin müstəqil dövlət
quruculuğu sahəsində titanik fəaliyyətinin unudulmaz məqamlarını
xatırlayaraq qeyd etdilər ki, Heydər Əliyev misilsiz
dövlət xadimi, zəmanəmizin böyük siyasət
adamı, xalqımızın xilaskarı, müstəqil Azərbaycan
dövlətinin qurucusu kimi əbədi yaşamaq haqqı
qazanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan yeni bir inkişaf dövrünə qədəm
qoymuşdur. Son beş ildə möhtəşəm layihələr
həyata keçirilib, ölkə başdan-başa
simasını dəyişib. Kənd təsərrüfatının
və sənayenin rəqabətə davamlı strukturları
formalaşır, əhalinin sosial təminatına ayrılan
dövlət xərclərinin, əmək haqlarının və
yardımların həcmi artırılır. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında işlənib
hazırlanmış regionların sosial-iqtisadi inkişaf
proqramının ikinci mərhələsinin həyata
keçirilməsi ilə ölkəmiz müasir
dünyanın ən inkişaf etmiş dövlətləri
sırasında layiq olduğu yeri tutacaqdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin bu il mart ayının 3-də Mingəçevirə
gəlişi zamanı keçirdiyi görüşlərdə
şəhərin gələcək inkişafına xüsusi
önəm veriləcəyini bəyan etməsinin təsdiqi
yeni dövlət proqramında öz əksini
tapmışdır. 2009–2013-cü
illərdə sosial-iqtisadi inkişaf proqramına onilliklərdən
bəri mingəçevirliləri narahat edən ən vacib
problemlərin daxil edilməsi ölkə
başçısının diqqət və
qayğısının göstəricisidir. Elektrik enerjisi, su,
qaz və kanalizasiya sistemlərinin yenidən qurulması, nəhəng
avarçəkmə kompleksinin istifadəyə verilməsi,
turizmin müasir xidmət şəbəkələrinin
yaradılması, təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin tikintisi, onların təmiri və texniki bazalarının
möhkəmləndirilməsi Mingəçevirin regional mərkəz
kimi formalaşmasına, yeni iş yerlərinin
açılmasına, xidmət mədəniyyətinin
yüksəldilməsinə, əhalinin güzəranının
yaxşılaşdırılmasına real zəmin yaradır.
Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümünə həsr
olunmuş el şənliyi ümummilli liderin adını
daşıyan meydanda başa çatmışdır. İlk öncə tarixi gün
şərəfinə Heydər Əliyev prospektində səhiyyə
işçilərinin dəstəyi ilə yaradılan yeni
parkın açılış mərasimi
keçirilmişdir. Sonra minlərlə mingəçevirli Heydər
Əliyevin adını daşıyan park kompleksinə gəlmiş,
şəhər rəhbərliyi ilə birgə ulu öndərin
abidəsi önünə təzə gül-çiçək
dəstələri qoymuşdur. Heydər Əliyev muzeyinin yeni
tərtibatına baxış olmuşdur. İki mindən
çox mingəçevirli muzeyin zəngin eksponatları ilə
tanış olmuş, ulu öndərimizin keçdiyi həyat
yolunun tarixi məqamlarını bir daha
xatırlamışdır.
Heydər Əliyev
meydanında şəhər məktəblilərinin əl
işlərindən ibarət sərgi nümayiş
etdirilmişdir. Mindən
çox əl işində Vətənə, milli mənəvi
dəyərlərə, azərbaycançılıq məfkurəsinə
məhəbbət ifadə olunmuşdur. Şagirdlərin
toxuduqları kiçik xalçalarda, rəsmlərdə, kətan
üzərindəki əl işlərində ümummilli lider
Heydər Əliyevin parlaq siması öz əksini
tapmışdır... Bəli, nə qədər ki, Azərbaycan
var, Azərbaycan xalqı var, Heydər Əliyev yaşayacaq,
millətimiz və məmləkətimiz işıqlı gələcəyə
doğru inamla addımlayacaqdır.
Naib RÜSTƏMOV,
“Mingəçevir” qəzetinin baş redaktoru,
əməkdar mədəniyyət işçisi
Xalq qəzeti.- 2009.- 14 may.- S. 9.