İkinci
Dünya müharibəsi illərində Azərbaycan
övladları böyük qəhrəmanlıq nümunələri
göstərmişlər
Bu il sentyabrın 1-də
İkinci Dünya müharibəsinin başlanmasının
70-ci ildönümü, iyunun 22-də isə Böyük Vətən
müharibəsinin başlanmasının 68-ci
ildönümü tamam olur.
İndiki nəsil o
qanlı-qadalı illərdə baş verən hadisələr
barədə daha dolğun və obyektiv məlumat almağa
ehtiyac duyur. Müharibənin başlıca yekunları və dərsləri
problemini, Azərbaycan xalqının müharibələrdə
iştirakı məsələsini açıqlamaq ciddi elmi-nəzəri,
siyasi və əməli əhəmiyyətə malikdir. İkinci
cahan müharibəsinin tarixinə müraciət etmək
xüsusilə ona görə aktualdır ki, hazırda beynəlxalq
vəziyyət daha da mürəkkəbləşmişdir, həm
də dünyada elə qüvvələr var ki, alman
faşizminin təcavüzünə bəraət
qazandırmağa cəhd göstərirlər.
Bu problemin
aktuallığı bir də ona görə artır ki, alman
faşistləri 12 il ərzində zorakılıq, güc
vasitəsilə öz təcavüzkar siyasətini həyata
keçirməyə çalışırdılarsa, erməni
faşistləri artıq 21 ildir Azərbaycana qarşı hərbi
təcavüzə başlamış və onun
torpaqlarının 20 faizini işğal etmişlər.
Göstərməliyik
ki, II Dünya müharibəsi illəri bəşəriyyətin
XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli
dövr olmuşdur.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev demişdir:
“Azərbaycan xalqı II Dünya müharibəsində həm
döyüş meydanlarında, həm də arxa cəbhədə
əsl şücaət və əzmkarlıq nümunələri
göstərmişdir. Müharibə başlanandan keçən
qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində
87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
təşkil edilmişdir.
1941-1945-ci illərdə respublikanın 600 mindən çox
oğlan və qızları cəbhəyə
getmişdir".
Azərbaycan
xalqının müharibədə fəal
iştirakını və onun qələbə ilə başa
çatması sahəsindəki fəaliyyətini tədqiq
etmək və açıqlamaq mühüm əhəmiyyət
kəsb edir.
Faşizm üzərində
qələbə xalqın qanı və külli miqdarda maddi sərvətlərinin
itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə
edilmişdir. II Dünya müharibəsində həlak olan 57
milyon adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur.
Həlak olan azərbaycanlıların
sayı 300 mindən çoxdur ki, bu da müharibədə
böyük mənfəət əldə edən ABŞ kimi
ölkənin itkisindən artıqdır.
Azərbaycan
Respublikasının ümummilli lideri Heydər Əliyev
müharibə, əmək və silahlı qüvvələr
veteranları ilə görüşdə demişdir: “Azərbaycan
xalqı, ictimaiyyət bu 50 ildə sizi yüksək qiymətləndirdiyi
kimi, sizin fəaliyyətinizi, əməyinizi, xidmətlərinizi,
rəşadətinizi bu gün də qiymətləndirir və
bundan sonra da qiymətləndirəcəkdir”.
1939-cu il sentyabrın 1-də
başlanan İkinci Dünya müharibəsi iki imperialist
ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə
yarandı. İlk gündən alman qoşunlarının
SSRİ sərhədlərinə yaxınlaşması ölkənin
qərb istiqamətində mövqeyini möhkəmlətməyi
tələb etdi. Xüsusilə 1920-ci ildə Polşanın
işğal etdiyi Qərbi Belorusiya və Qərbi Ukrayna
torpaqlarını yenidən öz tərkibinə qatdı. Bununla
qərb sərhədləri bir qədər möhkəmləndirildi.
Hitler 1940-cı ilin
iyulunda SSRİ-yə qarşı müharibənin
qaçılmaz olması və müddəti barədə
demişdi: “Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!”
Bundan sonra
“Barbarossa” adlanan yeni planda müəyyən düzəlişlər
aparıldı. Hitler 17 iyun 1941-ci ildə SSRİ-yə
qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini
verdi.
İyunun 22-də
faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla
da Sovet xalqının Böyük Vətən müharibəsi
başlandı. SSRİ-nin müharibəyə girməsi ilə
II Dünya müharibəsinin gedişində yeni mərhələ
başlandı. Müharibə Sovet xalqları tərəfindən
xilaskar, ədalətli, Vətən müharibəsinə
çevrildi. Müharibə ümumxalq xarakteri
daşıyırdı. Sovet İttifaqının bütün
xalqları, o cümlədən Azərbaycan xalqı Vətən
uğrunda müharibəyə başladı.
Sovet adamları son dərəcə
çətin və məsul vəzifəni – faşizm blokuna
daxil olan ölkələrin hücumunun
qarşısını almaq və onu darmadağın etmək
vəzifəsini yerinə yetirməli idilər. Həmçinin
Avropa ölkələrinə faşizm əsarətindən
xilas olmaqda, habelə dünya sivilizasiyasını faşizm təhlükəsindən
qurtarmaqda yardım etməli idilər.
Qeyd etməliyik ki,
faşist Almaniyasının Şərq siyasətində
Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət
yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil
edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində
olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ
1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən
təsis edilmiş planda Qafqazın, ələlxüsus
Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın
işğalı üçün tərtib edilmiş
planın (Edelveyus planının) həyata keçirilməsi
faşistlərin “A” qrupu ordusuna həvalə edilmişdi. Həmin
planda Qafqaz beş işğal rayonuna bölünməli idi və
onlardan biri Azərbaycan əlahiddə rayonu idi. “Ost” planına
görə, Bakı 1941-ci il sentyabrın axırına qədər
işğal olunmalı idi. Faşistlər Bakını
işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına
verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye
müəssisələrinə rəhbərlər də təyin
etmişdilər.
Hitler hələ 1941-ci
il iyulun 16-da hökumət üzvlərinin
yığıncağında bildirmişdi ki, Bakı
alındıqdan sonra o, hərbi məntəqəyə
çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl
“Mənim mübarizəm” adlı kitabında yazırdı ki,
“Müsəlman monqoloidlər dağıdıcı qüvvədir.
Buna görə onlar ali irqin qulları olmalıdırlar”.
Göstərməliyik
ki, son vaxtlar çıxan bir sıra kitablarda faşist
Almaniyasının apardığı müharibəyə xilaskar,
ədalətli müharibə kimi qiymət vermək cəhdləri
göstərilir. Bu, tamamilə səhv və yanlış
fikirdir. Hitlerdən hər hansı mərhəmət gözləmək
tamamilə əbəs idi. İrqçilik, şovinizm təbliğ
edənlər, başqalarının ərazisinə göz dikənlər
bütün hallarda bəşəriyyətin düşməni
olmuşlar və olmaqdadırlar. O, bütün xalqların, o
cümlədən Azərbaycan xalqının qəddar
düşməni idi.
Azərbaycan hərbi əməliyyat
meydanına çevrilməsə də müharibənin əvvəlindən
axırınadək onda fəal iştirak etdi. Azərbaycanın
bütün maddi və mənəvi sərvətləri, insan
qüvvəsi faşizmə qarşı müharibəyə cəlb
edildi.
Müharibənin ilk
günlərində Azərbaycanda 4 mindən çox oğlan
və qız faşizmə qarşı vuruşmaq
üçün könüllü surətdə cəbhəyə
getməkdən ötrü hərbi komissarlıqlara müraciət
etdi. Avqust ayına qədər təxminən 123 min nəfər
xalq qoşunu dəstələrinə yazıldı.
1941-ci ilin sonunda xalq
qoşunu dəstələrində 187 min nəfər
döyüşçü vardı. Onlardan 30 min nəfərdən
çoxu qadınlar idi.
1941-1945-ci illərdə
Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədək
səfərbər edilib cəbhəyə göndərildi. Onlar
da sabiq SSRİ məkanında yaşayan digər xalqların
nümayəndələri ilə çiyin-çiyinə
faşizmə qarşı savaşda iştirak etdilər.
Onlardan biri də
faşizmə qarşı müharibədə rəşadətlə
vuruşmuş və öz canını Vətən
uğrunda fəda etmiş Hətəmov Pirqələm Abdulkərim
oğlu olmuşdur.
Hətəmov Pirqələm
1906-cı ildə Qərbi Azərbaycanın Krasnoselo rayonunun
Çaykənd kəndində anadan olmuşdur. O, gənc
yaşlarında yaşadığı rayonda seçilən gənclərdən
biri olmuşdur. Daim ürəyində Vətənə olan
sevgisi özünü zaman-zaman göstərmişdir. O,
1941-ci il iyulun 16-da könüllü olaraq cəbhəyə
getmişdir. Pirqələmin döyüş yolu Ukraynadan
başlamışdır. Döyüşlərdə göstərdiyi
şücaəti və bacarığı ilə əsgər
yoldaşları arasında böyük hörmət
qazanmışdır. Tankçı, starşına P.Hətəmov
müxtəlif vaxtlarda yaradılmış Azərbaycan
diviziyaları tərkibində döyüşlərdə
iştirak etmiş, göstərdiyi qəhrəmanlığa
görə həmişə ön sırada olmuşdur. Xüsusilə
1941-1942-ci illərdə Ukraynanın Danlevsk rayonunun Varvarovka kəndi
uğrunda gedən döyüşlərdə böyük
hünər göstərmişdir. Varvarovka kəndi dəfələrlə
əldən-ələ keçsə də, Pirqələm və
döyüşçü yoldaşları tərəfindən
cəsarətlə müdafiə olunmuşdur. Tankçı
Pirqələm Hətəmov 1942-ci ilin dekabrında Rostov
yaxınlığında döyüşlərdə 20
faşisti məhv etmiş, iri alman faşist qruplaşmasının
darmadağın edilməsində əsl qəhrəmanlıq
göstərmişdir. Onun cəbhədəki döyüş
yolu yenidən 1944-cü il martın 14-də Varvarovka kəndində
davam etmişdir. Buradakı ağır döyüşlərdə
Pirqələm Hətəmov əsir düşmüş əsgər
yoldaşlarını xilas edərkən qəhrəmancasına
həlak olmuşdur.
II Dünya müharibəsindən
xeyli zaman ötsə də, onun ağrı-acıları hələ
yaddaşlardan silinməmişdir. Böyük Vətən
müharibəsində göstərdikləri şücaətə
görə Ukrayna dövləti Varvarovka kəndi uğrunda qəhrəmancasına
həlak olan döyüşçülərin xatirəsini əbədiləşdirmək
üçün orada abidə ucaltmışdır. Adı əbədiləşdirilənlər
içərisində Pirqələm Abdulkərim oğlu Hətəmovun
adı ön sıralarda gəlir. Mən Azərbaycan
xalqının belə bir igid oğlunun nəvəsi
olduğum üçün qürur duyuram.
Emil ŞELEMANOV,
tarixçi
Xalq qəzeti.- 2009.- 14 may.- S. 10.