AzərbaycanTürkiyə qardaşlığı zamanın sınaqlarından uğurla çıxdı

 

Türkiyə Baş nazirinin Bakı səfəri bədxahlarımızın fitnə-fəsadını alt-üst elədi

 

Son iki ildə dünyanın bütün siyasi və coğrafi qütblərini təmsil edən politoloq, ekspert və dövlət xadimləri birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə zəmin yaradır. Bu yüksək qiymətləndirmələrin Ermənistanın beynəlxalq aləmdə təklənməsi fonunda səsləndirilməsi rəsmi Yerevanın yuxusuna haram qatır. Ona görə də erməni başbilənləri düşünüb-daşınıb köhnə peşələrinə — fitnə-fəsad toru qurmaq xəstəliklərinə yenidən müraciət etdilər. Azərbaycanın böyük incəliklə reallaşdırdığı neft diplomatiyasının uğurları Yerevan rəsmilərinin gözünü necə qamaşdırdısa, “futbol diplomatiyası” adlı bir oyun təşkil etdilər. Bu oyunun ssenarisi tərtib ediləndə yazıqcasına güman edirdilər ki, dünyanın bəzi ölkələrindəki havadarlarının dəstəyi ilə Türkiyə rəhbərliyini aldada biləcək, Ermənistan-Türkiyə sərhədlərinin açılmasına nail olmaqla Azərbaycan-Türkiyə münasibətlərini korlaya biləcəklər.

Əslində Azərbaycan-Türkiyə münasibətlərinin normal məcradan çıxarılması, soyuqluq yaranması və nəhayət əməkdaşlığın pozulması təkcə Ermənistan rəhbərliyinin marağında deyildi. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Bakıda nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdən sonra söylədiyi kimi bu qəbildən olan düşüncələr bizə sağdan və soldan gəlirdi. Məhz Ankara-Bakı qardaşlığına qarşı çıxış edən qüvvələrin bir neçə istiqamətdə fəallaşmasını görən Yerevan rəhbərləri ürəkləndilər və daha cəsarətli addımlar atmağa başladılar. Türkiyə dövlət rəsmiləri Yerevana dəvət edildilər, Ermənistan rəsmiləri Ankaraya ayaq açdılar və bu “qarşılıqlı münasibətlər yaradılması”nın nəticəsi kimi sərhədlərin açılması məsələsi gündəliyə gətirildi. Yəni Ermənistanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün ən məqbul variant seçildi. Amma... məhz bu taleyüklü məsələnin müzakirəsi zamanı da ermənilər öz həyasızlığından əl çəkmədilər: “Türkiyə — Ermənistan sərhədləri heç bir ilkin şərtlər irəli sürülmədən açılmalıdır”. Ermənistan prezidenti Avropa səfəri çərçivəsində bir az da irəli gedərək qətiyyətlə dedi ki, Ermənistan–Türkiyə sərhədləri heç bir ilkin şərtlər irəli sürülmədən açılacaqdır. Bir o qaldı ki, “biz Türkiyə rəhbərliyini aldatdıq” — ifadəsini dilə gətirsinlər. Ancaq Atatürk Türkiyəsinin sükanı arxasında dayanan dövlət xadimləri iki müqəddəs dəyəri — türk qürurunu və Mustafa Kamal Paşanın mənəvi irsini uca tutaraq böyük siyasi uzaqgörənlik nümayiş etdirdilər.

Erməni fitnə-fəsadının növbəti mərhələsi Türkiyə və Azərbaycan üçün ciddi bir fəsad və ya narahatlıq törədə bilməsə də hər iki ölkədə üzüntülü günlər, nigarançılıqla keçən həftələr, aylar yaşanmasına səbəb oldu. Sevindirici və bəlkə də fəxrverici bir hal idi ki, erməni siyasətçilərinin söylədiyi “sərhədlər heç bir ilkin şərt irəli sürülmədən açılacaqdır” — cəfəng bəyanatına həm Türkiyədə, həm də Azərbaycanda eyni səviyyədə etiraz edilirdi. Anadolu türkləri Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisini, Azərbaycan türkləri isə böyük Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” — ifadəsini az qala hər saat, hər an yada salaraq sərhədlərin açılması üçün göstərilən təzyiqləri lənətləyirdilər. Əslində üç aydan bir az çox çəkmiş, ancaq on illərdən də uzun kimi görünən bu sınaq dövrü Ankara və Bakının bütün sınaqlardan üzüağ çıxmaq iqtidarında olduğunu sübut etdi. Qardaş ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 12-də və 13-də Bakıda keçirdiyi görüşlər, verdiyi bəyanatlar, KİV təmsilçilərinin suallarını cavablandırması Azərbaycan və Türkiyə ictimaiyyətlərinin bütün nigarançılıqlarını aradan qaldırdı.

Mayın 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan geniş tərkibdə görüşdən sonra mətbuat konfransı keçirdilər. Cənab Baş nazirin həmin konfransda verdiyi bəyanat bəlkə də Türkiyə və Azərbaycandan çox Ermənistanda əks-səda doğurdu. Çünki Ermənistan rəhbərləri ölkə əhalisini növbəti dəfə aldatmaq üçün sərhədlərin tezliklə açılacağı barədə uydurma bəyanartları hər gün dövriyyəyə buraxırdılar. Cənab Ərdoğan Bakıda Ermənistan əhalisinin aldadılmasına son qoydu: “Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb — nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanılması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm”.

Yəni Serj Sarkisyanın “Ermənistan — Türkiyə sərhədləri heç bir ilkin şərt qoyulmadan açılacaqdır” cəfəng bəyanatı artıq öz ilkin şərti ilə üzləşdi: “İşğal etdiyiniz Azərbaycan torpaqlarından çıxın, sonra iqtisadiyyatınızı dirçəltmək, xalqınızı aclıqdan qurtarmaq üçün sərhədlərin açılması barədə danışaq”.

Azərbaycan əhalisi üçün nigarançılıq gətirən məsələnin — Türkiyə — Ermənistan sərhədlərinin açılacağı barədə şayiələrin məhz Bakıda, qardaş ölkənin Baş nazirinin dilindən təkzib edilməsi bizim üçün çox vacib idi. Ancaq Azərbaycanın hər bir fərdi bu məsələ ilə bağlı öz Prezidentindən, öz Ali Baş Komandanından da əminlik yaradan bir ifadə eşitmək istəyirdi. Xalqın bütün arzu və istəklərini dərindən bilən Prezident İlham Əliyev cənab Ərdoğanla görüşdən sonra verdiyi bəyanatda həmin nigarançılıqlara tamamilə son qoydu: “Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi, gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yarandı”. Yəni ilin əvvəlindən bəri dolaşan şübhə və şayiələrin üzərinə bir aydınlıq gətirildi.

Bir sözlə, Ermənistan və erməni lobbisinin, habelə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin korlanmasını istəyən qüvvələrin fitnəkar planları baş tutmadı. Azərbaycan və Türkiyəni bir-birinə sıx bağlayan qardaşlıq və dostluq telləri sınaqdan uğurla çıxdı.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 15 may.- S. 1.