Azərbaycanın adı II Dünya müharibəsinin qalibləri
sırasındadır
1941—45-ci illər
müharibəsini kimi Böyük Vətən müharibəsi,
kimi də İkinci Dünya müharibəsi adlandırır. Əlbəttə,
bunların hər ikisi düzdür. Sovet İttifaqı
üçün bu savaş doğrudan da, Vətən
müharibəsi idi. Çünki bu misli görünməmiş
müharibədə sovet dövlətinin qalıb-qalmaması
məsələsi həll olunurdu. O biri tərəfdən, 68
ölkənin iştirakı bu qanlı davaya Dünya müharibəsi
deməyə əsas verir. Müharibə hər bir ölkənin
siyasətinin zorakı davamıdır.
Müharibələr həmişə
insanların kütləvi ölümü ilə, illərlə
qurub-yaratdıqları şəhərlərin, kəndlərin,
zavod və fabriklərin məhv edilməsilə nəticələnir.
Müharibə ata-anaları oğulsuz, qız-gəlinləri ərsiz,
qardaşsız, uşaqları atasız qoyur, ailələri
dağıdır.
Mən müharibə
mövzusuna sıx bağlı olan jurnalist kimi Rusiyada,
Ukraynada, Belarusda, Litvada çox ünvanlarda olmuşam. Uzun
müddət Moskvada, dəfələrlə Kiyev, Xarkov,
Leninqrad, Stalinqrad və başqa şəhərlərin arxivlərində
tədqiqat-axtarış işləri aparmışam. Görkəmli
sovet marşalları, generalları və müharibə
veteranları ilə görüşüb söhbətər
etmiş, onların bir çoxu ilə dost-tanış
olmuşam. Bu şəhərlərdə keçirilən
müxtəlif yığıncaqlarda, konfranslarda iştirak və
çıxış etmişəm. Yüksək rütbəli
erməni hərbçiləri ilə, hətta marşal
İ.X.Baqramyanla da görüşlərim olub. Onların
müharibədə Azərbaycanın rolu barədə
suallarıma qısqanc, başdansovdu cavabları, bizə soyuq
münasibətin səbəbi mənə sonradan aydın oldu.
Çox təəssüf ki, Azərbaycanın bu müharibədə
iştirakı və onun əhəmiyyətli rolu barədə
doğru-düzgün məlumat hələ də dünyaya
çatdırılmayıb. SSRİ-də çap olunmuş
6200 səhifəlik müharibəyə aid çoxcildlikdə,
arxiv sənədlərində Azərbaycanın adına
çox az rast gəlmişəm.
1941—45-ci illərdə
qazanılmış qələbədə üç amil həlledici
rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə
köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini
verirdi. Bunu 2002-ci ildə Moskvada keçirilən nüfuzlu
konfransda etdiyim çıxışdan sonra orada işirak edən
görkəmli sərkərdələr, alimlər,
tarixçilər də təsdiq etdilər. Bu artıq
danılmaz faktdır. Bakı şəhəri nə
üçün vaxtında layiq olduğu “Qəhrəman
şəhər” adını almayıb sualı da cavabsız
qalmaqdadır. Əlbəttə öz tarixçilərimizin,
jurnalistlərimizin laqeydliyini, tənbəlliyini də etiraf etməliyik.
Bunların hamısını mən illər boyu ürək
ağrısı ilə hiss etmişəm.
1941-ci ildə müharibənin
ilk dörd ayı ərzində respublikamızın
süqutuna, xalqımızın sürgün edilməsinə
iki dəfə cəhd edilmişdi. Bu müharibədə 700
min soydaşımız iştirak edib, onlardan 350 min nəfəri
Vətənə qayıtmayıb. Öz içərimizdə
bəzi adamlar bu müharibədə bizim millətin
iştirakını, göstərdiyi qəhrəmanlıqları
heçə endirmək istəyirsə, bədxahlarımızı
necə qınamaq olar? 1941—45-ci illər müharibəsi bu
savaşda qalib gəlmiş hər bir millət kimi azərbaycanlıların
da şanlı hərb tarixidir. O qanlı-qadalı illər bir
tarix kimi kitablarda, daş heykəllərdə, yaddaşlarda
yaşayacaq, əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə
bir öyünücü salnamə kimi yadigar qalacaq.
1973-cü ildə II
Dünya müharibəsinin ikiqat qəhrəmanı Həzi
Aslanov barədə film çəkərkən Sovet
İttifaqı marşalı Ç.K.Jukovun evində olduq. Söhbətimizin
axarında görkəmli sərkərdə dedi: “Müharibədəki
misilsiz xidmələrinə görə hər bir sovet vətəndaşı
Bakının qarşısında papağını
çıxartmışdır”. Həzi Aslanova birinci dəfə
Sovet İttifaqı Qəhrəmanı adını təqdim
edən Sovet İttifaqı marşalı A.İ.Yeryemenko isə
görüşümüz zamanı mənə belə dedi:
“Musa, Həzi kimi oğul böyüdən xalqa eşq olsun,
sağ olsun Azərbaycan xalqı”.
Mən iştirak etdiyim
müxtəlif səviyyəli görüşlərdə bir
çox partiya, dövlət xadimlərinin, xarici ölkə rəhbərlərinin,
tarixçilərin, görkəmli sərkərdələrin
müharibə illərində Bakının, Azərbaycanın
cəbhəyə misilsiz köməyi haqqında dedikləri
sözləri, fikirləri xalqa çatdırmaq
üçün xeyli sənət - sübut toplamışam. Bunlar
hamısı millətimizin şan-şöhrətidir.
Bunları unutmaq olmaz. 1941—45-ci illərdə respublikamızda
yüz minlərlə ailənin çəkdiyi əzab-əziyyəti,
bir çoxlarının faciəli həyatını bu
gün unutmaq olarmı? Bütün bunları gələcək
nəsil bilməlidir. Uzun illər öyrənib
topladığım, hadisələrdən birini — bir ailənin
faciəsini bu günün oxucularına
çatdırmağı özümə borc bilirəm.
1944-cü ilin yanar
ayı idi. Əsgər anası Rəna xanım oğlu Eminin ağır yaralanması, Rusiyanın kiçik şəhərlərinin
birində hərbi qospitala düşdüyü
xəbərini aldı.
Emin onun yeganə oğlu idi, 1943-cü ildə müharibəyə
getmişdi. Rəna
xanım çox çətinliklə, kəndləri,
şəhərləri aşdı,
gəlib oğlunu tapdı... Emin yatmışdı. O, gözlərini açanda
anasını yanında
gördü. Təəcüblə onun üzünə baxıb, birtəhər dodaqlarını tərpətdi,
gülümsünən kimi
oldu. Vəziyyəti çox ağır
olduğundan nə danışa bilir, nə də tərpənirdi.
Rəna xanım
qospitalın rəisinə yalvarıb, xahiş etdi ki, mən həkiməm,
icazə verin burda qalım, həm oğluma, həm də
başqa xəstələrə kömək edim. Çox
götür-qoydan sonra ona bir həkim kimi növbətçi
otaqda qalıb oğluna və başqa yaralılara xidmət
etməyə icazə verdilər. O gündən Rəna
xanım gecə-gündüz xəstələrin yanında
oldu, həkim kimi onlara xidmət göstərdi. Az bir vaxtda Rəna
xanım yaralı əsgərlərin, eləcə də
qospitalda çalışan həkim və şəfqət
bacılarının sevimlisinə çevrildi. Hamı ona
“Ana” deyə müraciət edirdi. Hətta şəhərdə
də ondan danışırdılar.
Artıq 20 gün idi ki,
ana oğlunun yanında idi. Lakin nə Rəna xanımın, nə
də başqa həkimlərin qayğısı onun oğluna
kömək edə bildi. Emin şaxtalı bir qış gecəsi
anasının qolları üstə dünyasını dəyişdi.
Onun anasına dediyi son söz bu oldu: “Ana, məni Vətəndə
dəfn elə. Emin hardan biləydi ki, müharibə şəraitində
ölkədəki bütün dəmir yolları çox
ağır şəraitdə işləyir. Tək qadın
oğlunun cənazəsini Vətənə necə apara bilərdi?
Bu hüznlü anlarda Rəna xanımın bir ana kimi qərib
bir şəhərdə keçirdiyi iztirabları təsəvvür
etmək çətindir.
Müharibə
dövründə ölkədəki bütün qospitallarda
ölən əsgərləri elə o şəhərdə
qardaş qəbiristanlığında dəfn edirdilər. Emini
də belə əsgəri qaydada dəfn etməyə
hazırlaşırdılar. Lakin Rəna xanım qəti surətdə
etiraz edib, “Mən balamı aparıb Azərbaycanda torpağa
tapşıracam” deyirdi. Qospitalın rəisi, həkimlər,
hətta şəhərin hərbi komissarı da gəlib,
qışın şaxtasında Eminin cənazəsini Azərbaycana
aparmağın mümkün olmayacağını dedilər. Rəna
xanım isə razılaşmırdı: mən oğlumu vətənə
aparacağam, bu onun son arzusudur...
Axırda ana şəhər
partiya komitəsi katibinin yanına gəlib onlardan acizanə
xahiş etdi ki, köməklik edin, balamı Azərbaycana
aparım. Şəhərin rəhbərləri
yığışıb qərara gəldi ki, anaya kömək
edib cənazəni Azərbaycana yola salsınlar. Şəhərin
komendantı bildirdi ki, iki gündən sonra bir hərbi hissə
qatarla Qafqaz istiqamətinə buradan keçəcək, o
qatarla ana-balanı yola salmaq olar. Emin üçün sink tabut
hazırladılar, ana üçünsə yol tədarükü
gördülər. İki gündən sonra həmin qatar gəldi.
Hərbi hissənin komandiri və qatar rəisinin
razılığından sonra qatara başqa bir vaqon
qoşdular. Əlbəttə, bu qeyri- adi bir hal idi.
Çünki hərbi eşelona heç nə əlavə
etmək olmazdı.
Nəhayət, ananı
və tabutu vaqonda yerləşdirdilər. Qatardakı əsgər
və zabitlər vaqonun ətrafına
yığışıb, həyəcanla bu mənzərəyə
baxırdılar. Komandir əsgərlərin üzünə
baxıb nəisə demək istəyirdi. Bu anda bir nəfər
yaşlı əsgər komandirin fikrini başa
düşüb, irəli çıxdı və
özünü təqdim etdi: “Baş serjant Yefim Abramov. Yoldaş
polkovnik, icazə verin, onları mən müşayiət edim.
Mən Azərbaycanda doğulmuşam, 10 yaşıma kimi orada
yaşamışam. Mən ölmüş əsgərin
anasına anam kimi qulluq edəcəyəm”. Polkovnik serjanta təşəkkür
edib ona icazə verdi.
Şəhər əhli
hadisədən xəbərdar idi. Ananı yola
salmağa xeyli insan gəlmişdi. Kimisi isti paltar, kimisi
yemək, kimisi azacıq çörək
payını gətirmişdi.
Qospitalın rəisi, həkim
və şəfqət
bacıları, hərbi
komissar, uşaq-qoca — hamı hüznlü əsgər anasını
yola salmağa gəlmişdi. Ana vaqonun pəncərəsindən
qəmli-qəmli onlara
baxıb başının
asta hərəkəti
ilə təşəkkürünü
bildirdi. Vaqonun ətrafına yığılanlardan
qoca bir qadın uca səslə əsgərlərə
müraciət etdi: “Mənim əsgər balalarım, bu anadan müğayat olun, onu qoruyun!”
Əsgərlərin səsi
eşidildi: “Arxayın
olun, o bizim hamımızın anasıdır”.
Paravoz uzun fit çaldı. Hərbi xəstəxananın rəisi anaya yaxınlaşdı. “Əlvida” deyib onun əlindən öpdü.
Müharibə illərində dəmir yollarında hərbi texnika və ordu hissələrini daşıyan qatarlar dayanacaqlarda bəzən saatlarla gözləməli olurdu. Rəna xanımı aparan qatar da 4 saat yol gedib, növbəti dayanacaqda dayandı. Əsgərlər vaqonlardan düşüb, ana olan vaqonun qabağına toplaşdılar. Hamıdan tez Yefim yuxarı qalxdı. Rəna xanım tərpənmədən, sakit-sakit oğlunun tabutuna baxırdı. Az bir vaxtda oğul tabutu aparan azərbaycanlı ana barədə xəbər tutan xeyli adam vaqonun qabağına yığışdı. Vaqona qalxanlar anaya və təbuta baxıb kövrəlirdilər. Kimsə qışın şaxtalı günündə kiçik gül dəstəsi gətirmişdi... Qatar gözdən itənə qədər camaat dağılmadı.
Artıq iki gün idi ki,
ana ilə balanı aparan
Yefim ayağa qalxıb
papağını çıxartdı. Vaqonun ətrafına
yığışan insanların hamısı
papaqlarını çıxardıb oğlunun tabutu
üstündə əbədiyyətə qovuşmuş
müqəddəs ana qarşısında baş əydilər.
Musa BAĞIROV,
jurnalist–kinematoqrafçı,
əməkdar incəsənət
xadimi
Xalq qəzeti.- 2009.- 15 may.- S. 4.