Sözü
bütöv, özü qətiyyətli həmkarımız
Bu yay — avqustun 29-da
ölkənin ən qocaman mətbuat orqanlarından olan “Xalq qəzeti”nin
90 yaşını qeyd edəcəyik. Bir müddət əvvəl
görkəmli sənətkarımız, SSRİ xalq artisti
Arif Məlikovla söhbət edərkən bildirdi ki, 90 ilin tən
yarısını, bəlkə də çoxunu “Xalq qəzeti”ndə
çalışmış adamlar var. Onlarla söhbət edib
qəzetimizin yubleyi mövzusunda əhatəli söz aça
bilərsiniz. Ustad haqlı idi və biz 60 ildən çox məhz
bu kollektivdə işləmiş Cahangir İbadov, 50 il “Xalq qəzeti”nin
ən məsul vəzifələrində
çalışmış Telman Heydərov, ondan cəmi iki
il sonra bu redaksiyaya gəlmiş Telman Əliyev və başqa
həmkarlarımız barədə yazı hazırlamaq barədə
fikirləşirdik. O həmkarlarımız ki, bu gün də
bizimlə çiyin-çiyinə çalışırlar. Ancaq
iş elə gətirdi ki, qəzetin yubiley materiallarından
öncə təcrübəli əməkdaşımız
Telman Heydərovun anadan olmasının 70, bu kollektivdə
çalışmasının 50 illiyi barədə qəzet
materialı hazırlamalı olduq. Xoş təsadüfdür.
...Müstəqilliyimizin
ilk illərində ölkəyə rəhbərlik edənlərin
səriştəsizliyi uzündən digər bayram və əlamətdar
günlər kimi 9 may günü də təqvimdəki
bayramlar siyahısından silinmişdi. Ulu öndər Heydər
Əliyev 1994-cü ildə bu bayramın bərpa edilməsi,
xüsusən, fazişm üzərində qələbənin
50 illiyinin qeyd edilməsi barədə müvafiq sənəd
imzaladı. Ölkənin hər yerində həmin tədbirə
ciddi hazırlıq işləri gedirdi. Ən geniş
hazırlıq işlərinə isə Naxçıvanda
start verilmişdi. O zaman mən Dövlət Radiosunun xəbərlər
şöbəsində çalışırdım.
Naxçıvana dəvət edilən jurnalistlər
arasında mən də var idim. Muxtar Respublika Veteranlar
Şurasının üzvləri ilə görüşlərdən
birində mənim qəbələli olduğumu bilən
şura sədri dedi ki, deməli, bizim Telmanın yerlisisən.
Sonra Telman Heydərovun yaradıcılığı və
şəxsiyyəti barədə əhatəli söhbət
açdı. Öz həmyerlim barədə bu səviyyədə
təqdirəlayiq fikirlər eşitməkdən çox məmnun
idim.
...İstanbuldan
Bakıya gəlmək üçün təyyarəyə
minik başlanmasını gözləyirdik. (O zaman artıq
“Xalq qəzeti”ndə işləyirdim). Gözləmə
zalında yaşlı bir gürcü ilə tanış
olduq. Jurnalist idi. Soyadını unutsam da adı
yadımdadır. Zurab. Sözümüz tutdu və xeyli
söhbət etdik. “Sizin “Kommunist” qəzetiniz bütün
Qafqazın nüfuzlu qəzetlərindən idi. Orada işləyən
xeyli əməkdaşı tanıyırdım. Telman Heydərov
adlı bir şöbə müdiri var idi...” Dedim, var idi və
indi də var... Sonra gürcü həmkarımız Bakıya
səfərləri, Moskvada azərbaycanlı jurnalistlərlə
görüşləri və bir çox məqamlar barədə
maraqlı söhbətlər etdi...
Yazının əvvəlində
bu iki xatirəni qeyd etməyim (ancaq yada salıb qeyd etmədiyim
xatirələr daha çox oldu) təsadüfi deyil. Çünki
insan gözü tərəzidir. Yaxşını pisdən
ayıran, həqiqəti olduğu kimi qiymətləndirən
adamlar həmişə, hər yerdə olub və olacaqdır.
Məhz həmin obyektiv adamların qiymətləndirməsi nəticəsində
Telman Heydərov hələ 50 yaşı tamam olmamış
sovet dönəmi üçün ən hörmətli
adlardan olan SSRİ Jurnalistlər İttifaqının
“Qızıl Qələm” mükafatına və əməkdar
fəxri adına layiq görülmüşdü. Müstəqillik
dövründə isə Telman Heydərovun xidmətləri cənab
Prezident İlham Əliyev tərəfindən “Tərəqqi”
medalı ilə qiymətləndirildi. Bir dəfə Telman
müəllimdən soruşdum ki, SSRİ Jurnalistlər
İttifaqından, Azərbaycanın yaradıcı təşkilatlarından
müxtəlif mükafatlar almısınız, fəxri ada
layiq görülmüsünüz, haqınızda ən
yüksək səviyyədə təqdiredici fikirlər səsləndirilib,
qəzetdə kollegiya üzvü vəzifəsinə təsdiq
edilmisiniz. Bu qiymətli tarixçələrin hansı sizin
üçün daha dəyərlidir?
Bu sualı mən Telman
müəllimə verəndə onun 70 illik yubileyinə hələ
il yarım var idi. Ona görə də ürəklə cavab
vermişdi (yubileylə bağlı yazı hazırlamaq istəyimizi
isə müsbət qarşılamadı və “nə
etmişik ki, nə yazasınız?” — deyə imtina etməyə
çalışdı):
— İki məqamı
heç zaman unuda bilməyəcəyəm. Birinci, ulu öndər
Heydər Əliyevin MK-da keçirilən iclasda mənim
kollegiya üzvü vəzifəsinə təsdiq edilməyimə
razılıq verməsini unutmaq mümkün deyil. Adım
çəkiləndə ayağa qalxdım. Cəmi 30
yaşım var idi. Bu vəzifəyə təsdiq edilməyimə
ölkə rəhbərliyi icazə verirdi. Həmin məqamı
unutmaq olarmı? İkinci, 20 yanvar hadisələrindən,
çoxsaylı qan- qadadan, ağır mübarizələrdən
sonra dünya xəritəsinə yeni müstəqil dövlətin
adı düşmüşdü. Bu, hər bir azərbaycanlının
yüz illərdən bəri qəlbində yaşatdığı
arzunun çin olması demək idi. Məhz həmin müstəqil
dövlətin prezidentinin imzası ilə “Tərəqqi”
medalına layiq görülmək də heç zaman
unudulması mümkün olmayacaq faktdır.
Telman Əziz oğlu
Heydərov 1939-cu il may ayının 15-də Qutqaşen (indiki
Qəbələ) rayonunun Çarxana kəndində ziyalı
ailəsində dünyaya göz açmışdır. Azərbaycan
Dövlət Universiteti Jurnalistika fakültəsinin məzunudur.
Atası Əziz müəllim təkcə respublikamızda
deyil, bütün SSRİ-də tanınan maarif işçilərindən
idi. “SSRİ maarif əlaçısı”, əməkdar
müəllim fəxri adlarına layiq
görülmüşdü. Rayonun geridə qalan məktəblərini
vəziyyətdən çıxarmaq üçün Əziz
müəllimi həmin məktəbə direktor göndərirdilər.
Təcrübəli müəllim kimi ən yadda qalan keyfiyyətlərindən
biri ölkənin hər yerində çoxsaylı
dostlarının olması idi. Həmin keyfiyyəti Telman
müəllimdə də görürük. Çoxlu, lap
çoxlu dostları var. Ancaq Əziz müəllim kimi onun da
dostlarının böyük əksəriyyəti
ziyalılardan ibarətdir. Vəzifə sahibləri
arasındakı dostları çox cüzidir.
Aqillərin fikrincə,
insanın çoxlu dostunun olması onun
sözübütövlüyünün, qətiyyətinin və
digər müsbət keyfiyyətlərinin göstəricisidir.
Akademiklər Budaq Budaqov və Yaqub Mahmudovla dostluğu isə
daha uzunömürlüdür. Bir dəfə Budaq müəllim
dedi ki, Telmanın səsi onun pasportudur. Yüz səsin
arasından onun səsini seçmək olar və olur.
Burada bir məqamı
xüsusilə qeyd etmək zərurəti var. Belə ki, Telman
Hedyərovun dostlarının hamısının alim və ya
tanınmış adam olması barədə fikir yaranması
da yanlış olardı. Bu gün 70 nəfərlik redaksiyada
elə bir adam olmaz ki, özü ilə bağlı hansısa
məsələnin həllində Telman müəllimlə məsləhətləşməsin.
Yerliləri, tanışları, əvvəllər qəzetimizlə
əməkdaşlıq etmiş adamlar da uzun illərdən
sonra yenə də Telman müəllimə zəng edib nə
isə məsləhət alırlar. Elə bu yazının sərlövhəsi
də məhz belə məqamları görəndə (biz
artıq 14-cü ildir ki, bir otaqda əyləşirik)
yaranmışdı: Sözü bütöv, özü qətiyyətli
həmkarımız. Onu hansısa israrla yolundan döndərmək
qətiyyən mümkün deyil. Sözü deyəndən
sonra peşman olmamaq, xəcalət çəkməmək
üçün həmişə ölçü-biçini
gözləməyi bacarır. Ona görə də qətiyyətlə
deyirəm ki, Telman Heydərovdan hər gun öyrənirik. 70
yaşlı həmkarımıza uğurlar, can
sağlığı arzulayırıq.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 15 may.- S. 6.