Dünya siyasətinin
Heydər Əliyev zirvəsi
Böyük şəxsiyyətləri,
müdrik insanları, məğrur, əyilməz kişiləri
çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər:
“Dağ boyda kişi”, “dag cüssəli igid”, “dağ
vüqarlı oğul” və sair və ilaxır. Belə el
deyimlərinin, bədii təşbeh və oxşatmaların təsirindəndirmi,
yaxud nədəndirsə, harada əzəmətli dağ,
başı qarlı uca zirvə görürəmsə, ilk
növbədə gözlərim önünə
xalqımızın qəhrəman oğulları, müdrik rəhbərləri,
igid sərkərdələri, korifey sənətkarları, ən
məşhur elm və mədəniyyət xadimləri... gəlir,
özlüyümdə bənzətmə aparıram. Kimisini
Azərbaycanımızın güneyindəki Savalana, kimisini
qüzeyindəki Bazar düzünə, Baba dağına,
kimisini Türkiyədəki Ağrı dağına, kimisini
Avropadakı Alp dağının, Asiyadakı Pamir və
Himalay dağlarının... zirvələrinə bənzədirəm.
Mənim zənnimdə ümummilli liderimiz Heydər Əliyev
Himalayın ən uca zirvəsi olan Everestlə (onu Comolunqma
zirvəsi də adlandırırlar) eyniyyət təşkil
edir. Yaşadığımız planetdə Everestdən uca
zirvə olmadığı kimi, dünya siyasətində Heydər
Əliyevə tay tutulası, onun səviyyəsində
durası şəxsiyyət yoxdur.
Uca dağların əzəməti,
möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın
göründüyü kimi, adını tarixə həkk
etdirmiş şəxsiyyətlərin də
böyüklüyü, əlçatmazlığı
onların cismani yoxluğundan müəyyən vaxt
keçdikdən sonra, ideyalarının, əməllərinin
təntənəsini zaman təsdiqlədikcə üzə
çıxır və hamı tərəfindən qəbul
edilir.
Dünya miqyasında
tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər,
müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər,
minilliklər bundan əvvəl yaşadıqları
üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər
həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar,
yoxsa insanların arzularının, ideallarının “məhsulu”
kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə
təqdim edilirlər. Heydər Əliyev isə bizim
müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı
hələ özünün sağlığında
dünyanın böyük siyasətçiləri, dövlət
xadimləri, müdrik insanları tərəfindən etiraf
olunmuşdur. Onlardan bəzilərini, yeri gəlmişkən,
yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli
liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev
bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”.
Zəmanəmizin
tanınmış dövlət xadimlərindən olan Eduard
Şevardnadze isə bu fikri bir qədər də qüvvətləndirmişdir:
“XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər
Əliyevdir”.
Ulu öndərimiz
haqqında bu deyilənlərin heç birində zərrə
qədər də olsun şişirtmə yoxdur. Bunu mən gəlişigözəl
söz kimi yox, sinni yetmişi haqlamış, bunun təqribən
50 ilini mühacirət ömrü yaşamış,
Böyük Britaniyanın dünya şöhrətli ali təhsil
ocaqlarından birində – Edinburq Universitetində doktorluq
dissertasiyası müdafiə edərək, həmin
universitetin professoru kimi 40 ilədək pedaqoji stajı olan,
otuzdan çox ölkənin – ABŞ-ın, Kanadanın,
Almaniyanın, Hollandiyanın, Misirin, Rusiyanın, Türkiyənin,
Hindistanın, Pakistanın, Malayziyanın, Sinqapurun və s. ali
məktəblərində dərs demiş, mühazirələr
oxumuş, elmi konfrans, konqres və simpoziumlarda müxtəlif
mövzularda məruzələr etmiş, istər elm və mədəniyyət,
istərsə də siyasətçilər və dövlət
xadimləri arasında geniş əlaqələri olan təcrübəli
bir şəxs kimi səmimiyyətlə deyirəm. Gənclik
illərimdə Bi-Bi-Si-də jurnalistlik fəaliyyətim
zamanı və sonrakı dövrlərdə dünya
şöhrətli dövlət xadimləri, elm-mədəniyyət
korifeyləri ilə həmsöhbət olmuş, bir çoxu
ilə dostluq əlaqələri saxlamışam. XX əsrin ən
məşhur siyasətçilərindən olan, İngiltərənin
Baş naziri Uinston Çerçilin həyat və fəaliyyətini
yaxından izləmiş, tədbirlərində iştirak
edib, söhbətlərini, canlı
çıxışlarını dinləmişəm. Pakistan
prezidentləri Zülfüqar Bhuttonun, Ziya-ül Həqqin
şəxsi qonaqları olmuşam, hər ikisindən
müsahibələr almış, onlarla ətraflı söhbətlər
aparmışam, Hindistanın Baş naziri xanım İndira
Qandinin dəvəti ilə keçirdiyi konfransda iştirak
etmişəm. Liviya Prezidenti Müəmmər Qəddafi ilə
həmsöhbət olmuşam. Edinburq Universitetində təhsil
alan və sonradan Böyük Britaniyanın Baş naziri vəzifəsinə
yüksələn Qordan Braunla, habelə həmin ölkənin
sabiq xarici işlər naziri Robin Kukkla sıcaq münasibətlərimiz,
çoxsaylı görüşlərimiz, söhbətlərimiz
olub və bu yaxınlıq indi də davam etməkdədir... Bu
siyahını xeyli uzatmaq və oraya İspaniya kralı
Solazarı, İran şahı Məhəmməd Rza Pəhləvini,
Fransa prezidentləri Mitteranı və Jak Şirakı, Almaniya
kansleri Villi Brantı, İordaniya kralı Hüseyni, Türkiyə
Prezidenti Süleyman Dəmirəli və başqalarını
da əlavə etmək olar. Yəni bu məşhur
insanların bir çoxu ilə şəxsi ünsiyyətim,
bəziləri barədə müxtəlif mənbələrdən
əldə etdiyim geniş və səhih məlumat onları
kifayət qədər yaxından tanımağıma əsas
verir. Ümumiyyətlə, tarixi şəxsiyyətlər, əfsanəvi
sərkərdələr, habelə müasirimiz olan məşhur
siyasətçilər və dövlət xadimləri
haqqında bilgilər əldə etmək, memuarlar oxumaq bir
növ mənim xobbimə çevrilib. Bu, bəlkə də,
onunla əlaqədardır ki, çox erkən
yaşlarımdan “siyasət burulğanına”
düşmüşəm. Uşaqlıq və yeniyetməlik
illərim Seyid Cəfər Pişəvərinin Təbrizdə
yaratdığı Azərbaycan Demokratik Firqəsinin hakimiyyətdə
olduğu dövrə təsadüf edib. Bundan sonra, keçən
əsrin 50-ci illərinin əvvəllərində – Məhəmməd
Müsəddiqin İranda hakimiyyətdə olduğu dövrdə
hökumətdə Azərbaycan üzrə əlaqələndirici
vəzifəsində işləmişəm. Sonrakı
dövrlərdə də jurnalistlik və elmi fəaliyyətimlə
bağlı daim dünyada gedən proseslərin mərkəzində
olmuş, elm, mədəniyyət sahəsində də
böyük simalarla ünsiyyət saxlamışam. Keçən
əsrin 60-70-ci illərində Böyük Britaniyadakı məşhur
“Band-Bomb” hərəkatının (mən də həmin hərəkatın
fəallarından olmuşam) yaradıcısı, görkəmli
filosof Rassel, dünya səviyyəli alim Branovski, böyük
türk yazıçısı Əziz Nesin və
başqaları ilə dostluq etmişəm. Hətta Əziz
Nesin haqqında film də çəkmişəm.
Bütün bunları
xatırlatmaqda məqsədim müqayisə etmək, paralellər
aparmaqdır. Əslində, hər cür müqayisənin
nöqsanlı olduğunu mən də qəbul edirəm. Yəni
hər bir insanın, eləcə də adlarını çəkdiyim
və çəkmədiyim şəxsiyyətlərin
özünəməxsus keyfiyyətləri var və bunlar
bir-birinə bənzəmirlər. Bəzən dünyaca məşhur
insanların fövqəlüstün keyfiyyətləri ilə
yanaşı, müəyyən çatışmayan cəhətləri
də olur. Lakin Uca Yaradan tərəfindən elə
seçilmişlər də olur ki, onlar hər cür
nöqsanlardan uzaq, əlçatmazdırlar. Mənim
tanıdığım şəxsiyyətlər arasında bu
məqama yalnız Heydər Əliyev yüksəlmişdir.
Heydər Əliyev haqqında
ilk dəfə 1969-cu ilin yayında eşitmişəm. Böyük
Britaniyada yaşasam da, Şimali Azərbaycanda baş verən
hadisələr barədə müxtəlif mənbələrdən
məlumat alırdım. O zaman nəhəng Sovet
İttifaqının tərkibində olan Azərbaycana yeni rəhbər
təyin edildiyi barədə xəbər bütün
Avropanı dolaşdı. Yeni rəhbərin gənc DTK
generalı olması xüsusi vurğulanırdı.
Sonrakı illərdə
Azərbaycanın inkişaf etmiş respublikaya, Bakının
abad, firavan şəhərə çevrildiyi barədə
xoş xəbərləri eşitdikcə, xalqımın dəyərli
oğlu, hələ üzünü görüb
tanımadığım Heydər Əliyevə qəlbimdə
dərin rəğbət hissi baş qaldırmağa
başladı. Yetmişinci illərin axırlarına yaxın
onu Siyasi Büro üzvlüyünə namizəd, səksəninci
illərin əvvəllərində isə Siyasi Büronun
üzvü seçərək, nəhəng SSRİ hökuməti
sədrinin birinci müavini vəzifəsinə təyin edib
Kremlə apardılar.
O illərdə Qərbi
Avropa dövlətlərinin siyasi dairələrində Heydər
Əliyevin vəzifə pillələri ilə belə yüksək
sürətlə irəliləməsi əsas müzakirə
mövzularından idi. Milliyyətcə azərbaycanlı olan
bir müsəlmanın əsasən şovinist əhval-ruhiyyəli
xristianların toplaşdığı Kremldə böyük
səlahiyyət və söz sahibinə çevrilməsi
çoxları üçün anlaşılan deyildi. Qərbdə
bunu birmənalı qarşılamadılar. Heydər Əliyev
kimi bacarıqlı və enerjili bir kadrın SSRİ rəhbərliyinə
gətirilməsi “qocalar və pensiyaçılar
yığnağı” olan Siyasi Büronun fəallığının
artması faktı diqqətdən yayınmır, Sovet
İttifaqını düşmən hesab edənlərin buna
təəssüflənməkdən başqa çarəsi
qalmırdı. Hətta, Avropada belə söz-söhbət də
gəzirdi ki, SSRİ-ni Heydər Əliyev idarə edir, təkbaşına
Siyasi Büronun qalan bütün üzvləri qədər
iş görür. Heydər Əliyevin rəhbərliyi
altında SSRİ nümayəndə heyətinin xaricə –
Hindistana, Meksikaya, Almaniyaya, İtaliyaya, Misirə, Vyetnama,
Suriyaya və başqa ölkələrə uğurlu səfərlərini,
SSRİ-də keçirilən ən mötəbər tədbirlərin
onun sədrliyi ilə aparılmasını görmək,
şəxsən mənim üçün, eləcə də
mühacirətdə yaşayan digər azərbaycanlılar,
geniş mənada bütün türklər və müsəlmanlar
üçün nə qədər də xoş, fərəhləndirici
idi. Necə deyərlər,
sevincdən uçmağa
qanadımız yox idi.
O dövrdə Avropada
Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi
görür və ehtiyat edirdilər ki, o, çökməkdə
olan imperiyanı öz ağlı, müstəsna qabiliyyəti
sayəsində yenidən dirçəldəcək və
dünyanın ən güclü dövlətinə
çevirəcəkdir.
Lakin sonrakı hadisələr,
daha doğrusu, Mixail Qorbaçov kimi bir xain və kütbeyinin
rəhbər seçilməsi nəticəsində vəziyyət
dəyişdi. Heydər Əliyevin yanında hər cəhətdən
miskinliyini və cılızlığını hiss edən
Qorbaçov, necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər
Soveti sədrinin birinci müavini vəzifəsindən
uzaqlaşdırmağı qarşısına məqsəd
qoydu və buna nail oldu.
Heydər Əliyev
1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi səhv xəttə,
onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq
tutduğu vəzifələrdən istefa verdi və əslində,
mövcud rejimə qarşı müxalif mövqeyə
keçdi. SSRİ rəhbərliyi Heydər Əliyevin
gücünə bələd olduğu üçün onu ev
dustağı kimi nəzarətdə saxladı.
Sovet
qoşunlarının 1990-cı il yanvarın 20-də
Bakıda törətdiyi qanlı qırğının ertəsi
günü Heydər Əliyev təqiblərə və səhhətinin
ağır olmasına baxmayaraq, özünün və ailə
üzvlərinin həyatını təhlükə
qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı
nümayəndəliyinə gəldi və orada, jurnalistlər
qarşısında Kremlin bu cinayətkar addımını
pisləyən kəskin bəyanatla çıxış etdi.
Dağlıq Qarabağ münaqişəsinin yaranmasında
Kremlin ikiüzlü mövqe tutmasını ifşa etdi.
Qanlı Sovet rejiminin vaxtında belə risk etmək hər
kişinin işi deyildi. Heydər Əliyev dəfələrlə
əməli ilə sübut edib ki, doğma xalqının
taleyi onun üçün öz həyatından da irəlidir.
Bu mənada uzun illər SSRİ Plan Komitəsinə rəhbərlik
etmiş Nikolay Baybakov “mən Azərbaycanı və Azərbaycan
xalqını Heydər Əliyev qədər sevən ikinci
adam tanımıram” – deyərkən necə də
haqlıdır.
“Vətəndən kənarda
yaşayan soydaşlarımızın ürəkləri gərək
daim Azərbaycanın nəbzi ilə bir vursun. Harada
yaşamasından, vəziyyətin ağır və çətinliyindən
asılı olmayaraq, gərək hər bir kəs Ana Vətən
haqqında düşünsün. Azərbaycanlılar
artıq bilirlər və daha çox bilməlidirlər ki,
indi bizim, nəhayət, müstəqil dövlətimiz, Azərbaycan
Respublikamız var, azərbaycanlılar üçün Ana Vətən
var. Bu, müqəddəs Azərbaycan torpağıdır. Deməli,
harada olursan-ol, hansı ölkədə
yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycan
xalqının bu günü və gələcəyi
haqqında düşünməlisən”.
Bütün azərbaycanlıların
ümummilli lideri, müasir dünya siyasətinin ən öndə
gedən simalarından da bir boy yuxarıda dayanmağa mənəvi
haqqı olan Heydər Əliyevin 1994-cü il fevral
ayının 23-də Londondakı “Hilton” otelində söylədiyi
bu fikirlər heç vaxt hafizəmdən silinməyəcək.
Həmin gün ulu öndər Britaniya paytaxtında yaşayan
azərbaycanlılarla görüş keçirirdi. Doğrudur,
ümummilli liderimizin dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızla görüşləri
çox olmuşdur (Təkcə Britaniyadakı Azərbaycan
diasporu ilə – 1994-cü il 22-25 fevral və 1998-ci il 19-24 iyul
tarixlərdə iki dəfə
görüşmüşdü. Hər iki görüşdə
çıxış etmək səadəti mənim də
üzümə gülmüşdü). Ancaq Heydər Əliyevin
23 fevral 1994-cü il tarixli görüşdəki
çıxışı, sözün həqiqi mənasında,
böyük bir tarixi hadisə idi. Çünki...
...Azərbaycan
torpaqlarının işğalı davam edirdi. Hər gün, ən
azı, bir kənd əldən gedirdi. Ölkə daxilində
sabitlik sıfıra bərabər idi. İnsanların rifah
halından danışmaq belə mümkün deyildi. Belə
bir zamanda prezident seçilməsindən hələ yarım
il belə keçməyən bir dövlət
başçısı bizi – Avropanın ən güclü, ən
inkişaf etmiş ölkələrindən birində
yaşayan soydaşlarını Azərbaycana dəvət
edirdi. Üstəlik, təkcə bizi yox, Britaniya hökumətini,
İngiltərənin iş adamlarını da Azərbaycana
çağırırdı. Bu, sadəcə dövlət
başçısının göstərdiyi qətiyyət və
iradə nümayişi deyildi, siyasətçi uzaqgörənliyinin,
müdrikliyinin təzahürü idi. Avropada isə şəxsiyyətin
bu qəbildən olan keyfiyyətləri çox yüksək
qiymətləndirilir. Necə ki, yuxarıda qeyd etdiyimiz
böhran vəziyyətindən xəbərdar ola-ola həm
Britaniya hökuməti Azərbaycana gəldi, həm də həmin
ölkənin iş adamları.
Hamı bilir ki, belə
söhbətləri indi eləmək, britaniyalı iş
adamlarını Azərbaycana indi dəvət etmək
çox asan bir məsələdir. Ancaq o vaxtlar, Azərbaycanın
ağır günlərində Avropa ölkələrini əməkdaşlığa
çağırmaq kimi bir siyasi qətiyyət nümayiş
etdirmək siyasətçidən cəsarət tələb
edirdi. Çünki Azərbaycanın əməkdaşlığa
dəvət etdiyi ölkənin beynəlxalq aləmdəki
xüsusi çəkisini izah etməyə ehtiyac yoxdur.
Mən çox xoşbəxtəm
ki, belə bir siyasətçinin soydaşıyam, müasiriyəm
və bir neçə dəfə onunla tədbirlərdə
iştirak etmək, həmsöhbət olmaq səadətinə
qovuşmuşam.
Heydər Əliyevin
Britaniyada necə qarşılanmasının və necə
yola salınmasının şahidi olmuşam. Səfərlər
gözümün qarşısında başlanıb və
yekunlaşıb. Onun Fransa, Almaniya, Norveç və başqa
Avropa dövlətlərində qarşılanmasını və
həmin ölkələrdə keçirdiyi görüşləri
televiziya vasitəsilə izləmişəm. Allaha
şükür ki, indi dünyanın ən uzaq ölkələrində
də baş verən prosesləri dərhal izləmək
imkanımız var. O səbəbdən də Heydər Əliyevin
istənilən səfəri barədə xırda detallara qədər
məlumat almışıq. Yəni, o böyük insanın
Avropa siyasətçiləri ilə görüşləri,
diplomatik gedişləri, siyasətçi məharəti,
insani keyfiyyətləri barədə kifayət qədər təsəvvürümüz
var. Ona görə də qətiyyətlə deyə bilərəm:
Heydər Əliyev istənilən Avropa siyasətçisinin
fövqündə dayanırdı, bir neçə bal yüksək
qiymətləndirilirdi. O, siyasətçi kimi nəyi nə
zaman deməyi, hansı addımı haçan atmağı
bir zərgər dəqiqliyi ilə bacarırdı. Avropa siyasətçiləri
ilə danışıqlar zamanı “Bəli, biz Avropaya
inteqrasiya edəcəyik, yolumuz Avropaya, üzümüz Qərbədir”
– deyən Heydər Əliyev 2001-ci ilin yanvarında Azərbaycan
bayrağının Avropa Şurasının iqamətgahı
qarşısında qaldırılması zamanı
bütün azərbaycanlıların fəxr etdiyi, istənilən
soydaşımızın hələ on illər bundan sonra da
qürurla xatırlayacağı bir ifadə işlətdi: “Azərbaycana
Avropa Şurası nə qədər lazımdırsa, Avropa
Şurasına da Azərbaycan bir o qədər
lazımdır”. Tam cəsarətlə deyirəm, bu ifadəni
ancaq “Həmişə fəxr etmişəm və bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən
kişi söyləyə bilərdi. Onu ancaq Heydər Əliyev
bacarardı. Necə ki, bacardı.
Avropa qəzetlərinin
birində oxumuşam ki, Heydər Əliyev həm SSRİ rəhbərliyində
təmsil olunanda çox siyasətçilərə doğru
yol göstərib, həm də müstəqil Azərbaycanın
Prezidenti olduğu müddətdə. Həmin qəzet
yazırdı ki, Heydər Əliyevlə görüşən
siyasətçilər təkcə onunla danışmır və
ya söhbətinə qulaq asmırlar, üstəlik ondan
mütləq nəyi isə öyrənirlər. Hər kəs
ondan nəyisə öyrənir – siyasi davranış,
diplomatik etiket incəliklərini, tərəf-müqabilini
sonadək dinləmək mədəniyyətini və s.
Avropalı ekspertin Şərq
müdriklərindən olan Heydər Əliyev barədə (hərçənd
Azərbaycan eyni zamanda həm də sırf Avropadır) dediklərini
Rusiya Federasiyasının sabiq Prezidenti Vladimir Putin onunla
görüşəndən sonra demişdi ki, mən bu
görüşdən çox şey öyrəndim və
hiss etdim ki, Azərbaycan Prezidenti ilə görüşə həqiqətən
ehtiyac var idi. Yəqin ki, hörmətli oxucu diqqət yetirdi,
Vladimir Putin Heydər Əliyevdən öyrəndiyini, Azərbaycan
Prezidenti ilə görüşə ehtiyac duyduğunu etiraf
edir.
Heydər Əliyevin
heç kəslə müqayisə edilməz güclü məntiqi
var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb
deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz
qalırdı. Avropa Şurasının rəsmiləri Azərbaycandakı
hansısa məsələnin həlli barədə
danışıqlar zamanı Heydər Əliyevə konkret
tövsiyə vermək istəmişdilər. O zaman ulu öndərimiz
vəziyyətdən çox incə bir yumorla
çıxmışdı: “Siz xəstə yanına gələn
həkim kimi resept yazmaq istəyirsiniz. Ancaq siyasi məsələlər
reseptlə həll olunmur”. Bilərəkdən adını
çəkmədiyim həmin siyasətçi sadəcə
gülümsünməkdən başqa çıxış
yolu tapmamışdı. Yəni Heydər Əliyev ona başa
salmışdı ki, məsələ sən deyən kimi yox,
mən deyən kimi həll olunacaq. Ancaq təkcə bu fakt
deyildi. Bütün beynəlxalq tədbirlərdən əvvəl,
yaxud fasilələrdə kuluar söhbətlərində siyasətçilər
Heydər Əliyevə göz qoyur, onun hansısa zarafat və
ya jest edəcəyini gözləyirdilər. Hamı onun
böyüklüyünü qəbul edir, ona baxıb “düzlənirdi”.
Başqa bir fakt. Mən
nəinki Azərbaycanda, heç dünya miqyasında ikinci bir
siyasətçi tanımıram ki, Heydər Əliyev qədər
öz xalqının xaricdəki diasporuna maraq və
qayğı göstərsin. O, bütün xarici səfərlərinin
proqramına həmin ölkədə yaşayan Azərbaycan
icması ilə görüşləri daxil edirdi. Britaniyada
bizimlə keçirdiyi görüşlər barədə
yuxarıda qeyd etdim. Ancaq diaspor nümayəndəsi kimi, mənim
üçün daha maraqlı məqamlardan biri də Heydər
Əliyevin 1994-cü ilin sentyabrında Nyu-Yorkdakı “Türk
evi”ndə Amerikada yaşayan türk və azərbaycanlı
icmalarının nümayəndələri ilə
görüşü idi ( o zaman müstəqil Azərbaycanın
Prezidenti ilk dəfə idi ki, BMT Baş Məclisinin
sessiyasında iştirak edirdi). Heydər Əliyev türk və
Azərbaycan icmalarının nümayəndələrinə
dedi: “Hamınızı Azərbaycana dəvət edirəm. Qonaq
gəlin, Azərbaycanın bugünkü vəziyyəti ilə
tanış olun. Əmin ola bilərsiniz ki, Azərbaycanın
müstəqilliyi möhkəmləndikcə, biz müharibədən
çıxandan sonra suveren dövlət kimi Azərbaycan
Respublikası xaricdəki dostlarına, həmvətənlərinə
daim qayğı göstərməyə, bu əlaqələri
daha da möhkəmlətməyə və inkişaf etdirməyə
çalışacaqdır”.
O, həqiqətən
böyük ürək sahibi idi. Belə ki, Azərbaycanın
həmin illərdə hansı vəziyyətdə olduğu
heç kəsə sirr deyil. Yəni ölkə ağır
gündə idi. Ancaq Heydər Əliyev xaricdə yaşayan
soydaşlarına da qayğı göstərməkdən
danışırdı. Bunu ancaq Heydər Əliyev kimi
böyük ürək sahibi deyə bilərdi. O,
özünün çoxsaylı əfv və amnistiya fərmanları
ilə də çox geniş bir ürəyə sahib
olduğunu sübut etmişdi. Bir şəxs ki, özü barədə
şantaj, böhtan, təhqir yazan qəzetlərin
bağışlanması haqqında göstəriş verə...
Tarixdə belə keyfiyyətlər ancaq seçilmiş
insanlara xasdır. Hamıya qarşı diqqətli olmaq, ən
xırda məsələyə belə əhəmiyyət vermək
kimi alicənablıq hissləri ona çox böyük
nüfuz və etimad qazandırmışdı. Məhz həmin
nüfuz və etimad nəticəsində o, Azərbaycanı bəlalardan
xilas etdi.
Bəzi siyasətçilər
yazırlar ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyini
uçurumun bir addımlığından xilas etdi. Əslində,
o, Azərbaycan dövlətini quyunun dibindən
çıxardıb. Çünki Azərbaycanı artıq
itələyib quyunun dibinə salmışdılar. Allahın
qisməti, xalqın istəyi və o zamankı Azərbaycan rəhbərlərinin
çağırışı ilə Naxçıvandan
Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətini
quyunun dibindən çıxarmaq və möhkəmləndirmək
üçün beş il sərasər çox ağır zəhmətlər
çəkdi. Sonrakı illərdə isə inkişaf yoluna
çıxmış Azərbaycanın tərəqqisi
başlandı. Azərbaycan 10 ildə 20-30 illik inkişaf yolu
keçdi ki, bütün bunların kökundə Heydər Əliyevin
qətiyyəti, siyasi iradəsi, diplomatik məharəti
dururdu.
Heydər Əliyev “Əsrin
müqaviləsi”nin imzalanmasına, bundan sonra 20-dən
çox neft sazişinin ərsəyə gəlməsinə,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əfsanədən
reallığa çevrilməsinə nail olmaqla bütün
dünyanın diqqətini Azərbaycana cəlb edə
bilmişdi. Bu isə o deməkdir ki, artıq Azərbaycanın
problemləri təkcə bu ölkəninki deyil,
hamının problemidir.
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının
86-cı ildönümünü qeyd etdiyimiz bu günlərdə
mənim qəlbimdən rahatlıq gətirən bir neçə
hiss keçir. Ən böyük rahatlıq gətirən, məmnunluq
doğuran odur ki, o dahi insanın qurduğu dövlət
böyük inkişaf yolundadır. Sonra o məsələdən
arxayınıq ki, cənab Prezident İlham Əliyev Heydər
Əliyevin siyasi kursunu məhz ümummilli liderin adına və
əməllərinə layiq davam etdirir. Məni xoşhal edən
başqa məsələ isə ondan ibarətdir ki, ulu öndərin
tapşırığını – dünya azərbaycanlılarının
bir araya gəlməsi, xaricdə yaşayan
soydaşlarımızın fəaliyyətlərinin əlaqələndirilməsi
kimi şərəfli bir vəzifəni can-başla yerinə
yetirirəm. Ən sonda isə o böyük şəxsiyyətin
bütün soydaşlarımızın ürəyinə
yazılan səsini (bu məqamda sözünü yox, məhz
səsini ) yada salmaq istəyirəm: “Həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam
”.
Qulamrza Səbri TƏBRİZİ,
Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri,
Edinburq Universitetinin professoru
Xalq qəzeti.- 2009.- 16 may.- S. 4.