Azərbaycanda
ilkin peşə-ixtisas təhsilinin inkişaf istiqamətləri
166 illik tarixə malik olan Azərbaycan ilkin peşə-ixtisas təhsili bu günə qədər çox mürəkkəb, kəşməkeşli, eyni zamanda şərəfli bir yol keçmiş, ölkə iqtisadiyyatnın ilkin peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində mühüm rol oynamışdır. Azərbaycan təhsil sisteminin strukturunda ilkin peşə-ixtisas təhsili xüsusi yer tutur.
Azərbaycanda ilkin peşə-ixtisas təhsilinin həm kəmiyyət və həm də keyfiyyət baxımından sürətli inkişafı, ictimaiyyət arasında nüfuzunun artması ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən başlamışdır.
1970-ci ildə respublikada 76 ilkin peşə-ixtisas məktəbi fəaliyyət göstərir və onlarda 40,9 min şagird təhsil alırdısa, 1982-ci ildə bu rəqəmlər müvafiq olaraq 182-yə və 109,0 min nəfərə çatdırılmışdır.
1988-1993-cü illərdə respublikada yaranmış mürəkkəb iqtisadi-siyası şərait bütün sahələrdə olduğu kimi ilkin peşə təhsilinin inkişafına da öz mənfi təsirini göstərdi.
1993-cü
ildə hakimiyyətə yenidən qayıdan Heydər Əliyevin
səyləri nəticəsində ölkədə ilkin
peşə təhsili sahəsinə diqqət artmış,
onun inkişafı üçün bir sıra qərarlar qəbul
edilmiş, ilkin peşə məktəblərinə peşə
liseyi və peşə məktəbləri statusu verilmiş,
peşə təhsili sahəsində ixtisas və
ixtisaslaşma klassifikatoru təsdiq edilmişdir. Klassifikatora 218 peşə-ixtisas daxil edilmişdir.
Eyni zamanda ilkin peşə təhsilinin məzmununun
yeniləşdirilməsi və təkmilləşdirilməsi
sahəsində də müəyyən işlərin
görülməsinə başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ilkin peşə təhsilinin inkişafı üzrə Dövlət Poqramının (2007-2012-ci illər)” təsdiq edilməsi haqqında 3 iyul 2007-ci ildə imzaladığı sərəncam ölkəmizdə ictimaiyyətin böyük marağına səbəb olmuşdur. Bu dövlət sənədi dinamik inkişaf edən iqtisadiyyatımızın ilkin peşə-ixtisas kadrlarına olan tələbatının daha çevik ödənilməsini və əhalinin müasir ilkin peşə təhsili almaq imkanının günün tələbləri səviyyəsində qurulmasını nəzərdə tutur.
İlkin peşə təhsili Təhsil Nazirliyinin daim diqqət mərkəzindədir. Belə ki, Dövlət Proqramının icrası ilə əlaqədar kadr hazırlığı prosesinin proqnozlaşdırılması, bu təhsil pilləsi üçün yeni standartların hazırlanması, rəhbər və mühəndis-pedoqoji heyətin müasir təlim texnologiyaları barədə məlumatlandırılması, ilkin peşə təhsilinin strukturu və idarə olunması mexanizminin təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması, regionlarda sosial-iqtisadi potensialı nəzərə almaqla yeni tip peşə təhsili müəssisələrınin yaradılması kimi problemlərin həll edilməsi, bu sahədə elmi tədqiqatların aparılması və təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə Təhsil Problemləri İnstitutunda texniki peşə təhsili şöbəsinin bazasında sayca dördüncü mərkəz olan “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi” yaradıldı.
İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi iqtisadiyyatın bütün sahələri üçün kadr hazırlanması sahəsində kurrikulumlar hazırlayır, məlumatlar toplayır, onları təhlil edir və proqnozlaşdırır. Bu təhsil pilləsi üçün normativ-hüquqi sənədləri, dərslikləri və metodiki vəsaitləri, tədris plan və proqramları, didaktik materiallar və digər sənədləri təhlil edir, onların təkmilləşdirilməsi və ya yenilərinin hazırlanması üçün təkliflər hazırlayır.
Hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 60 peşə məktəbi fəaliyyət göstərir ki, onlardan 8-i cəzaçəkmə müəsisələrinin nəzdindədir.
Fəaliyyət göstərən peşə təhsili müəssisələrinin 45-i komplekslərdə, qalanları isə uyğunlaşdırılmış binalarda yerləşmişdir.
2009-cu ilin yanvar ayının 1-nə olan məlumata əsasən, peşə təhsili müəssisələrində işləyən işçilərin ümumi sayı 6473 nəfər olmuşdur. Onlardan 4476 nəfərini mühəndis-pedaqoji işçilər təşkil etmişdir.
İlkin peşə təhsili sisteminə ayrılan dövlət vəsaitlərinin inkişaf dinamikasının təhlili göstərir ki, əgər 2005-ci ildə bu sahəyə 7 mln, 2006-cı ildə 10 mln, 2007-ci ildə 16 mln manat ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 20.5 mln. manata yüksəlmişdir. Bununla yanaşı, bir təhsil alana çəkilən xərc də artmışdır. Belə ki, bir təhsil alana 2007-ci ildə 740 manat xərclənmiş, 2008-ci ildə bu rəqəm 903 manata qədər artmışdır.
İşəgötürənlərin tələbatları və regionun inkişaf xüsusiyyətləri nəzərə alınaraq 2008-ci ildə ötən il Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır. Bu, son 10 ildə respublikada inşa edilən və müasir avadanlıqlarla təchiz edilmiş ilk peşə təhsil müəssisəsidir. Mərkəzin tədris binası, yeməkxanası, laboratoriyaları, emalatxanası, yataqxanası və tibb otaqları vardır.
Bu mərkəz regionda əmək bazarının araşdırılmasına, digər məktəblərin mühəndis-pedaqoji heyətləri üçün ixtisasartırma kurslarının təşkil edilməsinə, regionda əmək bazarının tələblərinə uyğun olaraq peşələrin müəyyənləşdirilməsinə yardım edəcəkdir. Dövlət Proqramına əsasən daha bir neçə mərkəzin yaradılması nəzərdə tutulmuşdur.
Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın “Hilsferk Avstria” təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılmışdır. 2008-2009-cu tədris ilindən başlayaraq peşə məktəbində kənd təsərrüfatı məhsulları istehsalı ustası (fermer), traktorçu-maşinist və əməliyyatçı mühasib ixtisasları üzrə kadrların hazırlanmasına başlanmışdır.
Təhsil Nazirliyi YUNESKO ilə “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərini başa çatdırmışdır.
Layihənin əsas məqsədi turizm və informasiya-kommunikasiya texnologiyaları üzrə kurrikulumların, dərslik və metodiki vəsaitlərin hazırlanmasıdır. Həmçınin layihə çərçivəsində pilot müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün İKT və xarici dil üzə təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.
Böyük Britaniyanın Britiş Konsul təşkilatı ilə Avropa Komissiyasının “Peşə təhsili və təlimi islahatı strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi” layihəsinin həyata keçirilməsinə də başlanılmışdır. Belə ki, 25 may 2008-ci il tarixində Belçikanın Brüssel şəhərində Qiymətləndirmə Komitəsinin iclasında layihənin icrası ilə əlaqədar Britaniya şurası beynəlxalq məsləhətçi şirkət kimi seçilmişdir.
Layihənin məqsədi (bu kontrakt layihənin bir hissəsini təşkil edəcək) Azərbaycan qeyri-neft sektorlarının rəqabət qabiliyyətinin və peşə təhsili və təlimi (PTT) sisteminin məzunlarının iş tapmaq imkanlarının artırılmasına töhfə verməkdir.
Koreyanın DEU şirkəti ilə birlikdə peşə liseyinin bazasında Bakı 4 nömrəli Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzinin yaradılması ilə əlaqədar müvafiq iqtisadi və maliyyə dəyərləndirilməsi sənədləri hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir. Həmçinin, bu layihənin yerinə yetirilməsi sahəsində Təhsil Nazirliyində müvafiq işlər həyata keçirilir.
Peşə məktəbi və peşə liseylərinin yeni 2008/2009-cu dərs ilindən 5 günlük iş həftəsinə keçməsi şagirdlərin və mühəndis-pedaqoji işçilərin əmək və istirahət rejiminin təkmilləşdirilməsi, nəzəri və istehsalat təliminin təşkili prosesinin tənzimlənməsi məqsədi güdür. Beş günlük iş həftəsi rejimi şagirdlərin dərsdən sonra və məktəbdənkənar mədəni-kütləvi tədbirlərdə, idman bölmələrində öz arzu və istəklərinə uyğun iştirak etmələri üçün faydalı olacaqdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsil sisteminin bütün sahələrində olduğu kimi, bağlanmış sazişlərə uyğun ilkin peşə təhsilinin inkişafı ilə əlaqədar xarici ölkələr və beynəlxalq təşkilatlarla geniş əlaqələr yaradır.
Alman Texniki Əməkdaşlıq Cəmiyyətinin xətti ilə ilkin peşə təhsili müəssisələrində təlim metodlarını yeniləşdirmək, beynəlxalq təcrübəni öyrənmək məqsədilə Azərbaycan da daxil olmaqla 7 ölkədə (Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri) 2003-cü ildən başlayaraq mühəndis-pedaqoji işçilərin ixtisasının artırılmasına dair 3 illik layihə həyata keçirilmişdir. Bu layihə üzrə kaskad üsulu ilə 1050 istehsalat təlimi ustası və ixtisas fənn müəllimi öz ixtisasını artırmışdır.Təhsil Nazirliyi texniki-peşə təhsili üzrə bir sıra beynəlxalq təşkilatlarla – YUNESKO, Asiya İnkişaf Bankı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə də əməkdaşlığını davam etdirir. Təhsil Nazirliyi ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı arasında peşə təhsilinin inkişaf layihəsinin hazırlanması üçün 12 avqust 2005-ci il tarixdə pilot tədqiqatının icra protokolu imzalandı.Respublikada texniki-peşə təhsilinin mövcud vəziyyətini öyrənən tədqiqat qrupu tərəfindən hazırlanmış ilkin yekun hesabat Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə təqdim edildi, hazırda bu sahədə respublika hökuməti səviyyəsində xüsusi işlər həyata keçirilir.
Bütün bunlar Azərbaycan Respublikasında ilkin peşə təhsilinin 2009-cu ildə sürətli inkişaf etdirilməsi üçün böyük stimul yaratmışdır. Digər tərəfdən, respublika Prezidentinin sərəncamlari ilə həyata keçirdiyi çoxsahəli islahatlar ilkin peşə təhsilinin də gələcəkdə daha sürətlə inkişafına təkan verəcək və bazar iqtisadiyyatının tələblərinə müvafiq ilkin peşə-ixtisas təhsilli kadrların hazırlanması sahəsində problemlərin həllinə səmərəli şərait yaradacaqdır.
Abdulla MEHRABOV,
Təhsil Problemləri
İnstitutunun direktoru,
professor, Rusiya Təhsil
Akademiyasının akademiki
Xalq qəzeti.-
2009.- 16 may.- S. 7.